Prezident İlham Əliyev: Azərbaycan xalqı öz gələcəyini təhlükəsizlik, əmin-amanlıq şəraitində qurur

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı hesabat dövründə qarşıda duran bütün vəzifələrin uğurla icra olunduğunu, Azərbaycanın daha da gücləndiyini və beynəlxalq əlaqələrimizin getdikcə dərinləşdiyini diqqətə çatdırıb. Ölkə rəhbəri deyib ki, həm bölgəmizdə, həm də  dünyada narahatedici məqamlar kifayət qədər çox olsa da, Azərbaycan uğurla inkişaf edir, respublikada sabitlik möhkəmlənir. Bunun əsas səbəbi isə   xalq-iqtidar birliyidir.

Cənab İlham Əliyev, həmçinin respublikada sosial-iqtisadi məsələlərin uğurla həll edildiyini, ölkəmizdə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu da xatırladıb: “Azərbaycan bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Əlbəttə ki, belə bir şəraitdə həm investisiyaların qoyuluşu üçün maraq göstərilir, həm də xalqımız rahat yaşayır, əhalimizin rifah halı yaxşılaşır. Azərbaycan xalqı öz gələcəyini təhlükəsizlik, əmin-amanlıq şəraitində qurur”.

Dövlətimizin başçısı çıxışında bu ilin altı ayında Azərbaycanın beynəlxalq əlaqələrinin daha da genişlənməsindən, respublikamızın dünyada nüfuzunun getdikcə güclənməsindən, Davos və Münxendə keçirilən iqtisadi, siyasi və təhlükəsizlik konfranslarında ölkəmizin ləyaqətlə təmsil olunmasından, Azərbaycanın mötəbər tədbirlərə ən yüksək səviyyədə evsahibliyi etməsindən ətraflı danışıb.

Prezident İlham Əliyev hesabat dövründə sosial məsələlərin uğurlu həllindən danışarkən diqqətə çatdırıb ki, Azərbaycanda həyata keçirilən   siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Buna görə də sosial məsələlərin həlli daim diqqət mərkəzində saxlanılır. Ötən aylar ərzində bu məsələlərlə bağlı ciddi addımlar atılıb. Hesabat dövründə beş milyondan çox insan pulsuz müayinədən keçib. Sosial infrastruktur obyektlərinin tikintisi aparılıb, 26 tibb müəssisəsi inşa edilib. İyirmidən çox modul tipli məktəb istifadəyə verilib. İlin sonuna qədər onların sayının 100-ə çatması gözlənilir. Bütün bunlar isə sosial infrastruktur məsələlərinin həllinin daim diqqət mərkəzində saxlanılmasının, eyni zamanda, iqtisadi inkişafın dinamik xarakter almasının məntiqi nəticəsidir: “Əlbəttə, sadalanan uğurlara güclü iqtisadi potensialımız hesabına nail olunub. Altı ayın göstəriciləri məni çox qane edir. Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb. Bu, çox yaxşı göstəricidir. Mən xüsusilə qeyri-neft iqtisadiyyatını qeyd edirəm. Çünki ümumi iqtisadi göstərici, yəni, ümumi daxili məhsulun göstəriciləri daha çox neftin hasilatına və neftin qiymətinə bağlıdır. Bu da dəyişir. Ona görə də bu, bizim gördüyümüz işlərə qiymət vermək üçün əsas amil kimi qəbul edilə bilməz.

Qeyri-neft iqtisadiyyatımızda 1,7 faiz artım bizim apardığımız iqtisadi islahatların nəticəsidir. Hesab edirəm ki, bu, xüsusilə indiki şəraitdə çox yaxşı göstəricidir. Qeyri-neft sənayesi daha çox artıb. Burada artım 4,4 faizdir. Hesab edirəm ki, bu da mümkün olan ən gözəl göstəricidir. Bu, onu göstərir ki, islahatlar və apardığımız siyasət öz nəticəsini verir”.

Dövlətimizin başçısı çıxışında hesabat dövründə ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulmasını, valyuta ehtiyatlarımızın  40,6 milyard dollar təşkil etməsini, ilin əvvəlindən indiyədək isə təxminən 3 milyard dollar artmasını, 122 min yeni iş yerinin açılmasını, onlardan 101 mininin daimi iş yeri olmasını vurğulayıb. Eyni zamanda bildirib ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin göstəriciləri də müsbətdir. Bu ilin altı ayı ərzində ixrac 36 faiz, ən önəmli məsələ olan qeyri-neft ixracı isə 27 faiz artıb. 

İqtisadi islahatları uğurla davam etdirmək üçün maliyyə və iqtisadi sabitlik olmalıdır. Azərbaycanda bu, əldə edilib. İlin əvvəlindən makroiqtisadi vəziyyət sabitdir. Düzdür, ilin ilk aylarında qiymət artımı müşahidə olunurdu. Ancaq son aylar ərzində demək olar ki, qiymətlər sabitləşib.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasında bu fikrini davam etdirərək deyib: “İstehlak qiymətlərinə daim nəzarət olmalıdır ki, süni qiymət artımına yol verilməsin. Buna heç bir əsas yoxdur. Çünki makroiqtisadi sabitlik təmin olunur. Manatın məzənnəsi neçə aydır ki, sabitdir. İdxaldan asılılıq azalır və tələbat daha çox yerli istehsal hesabına ödənilir. Bir sözlə, makroiqtisadi sabitlik məsələləri həmişəki kimi diqqətdə olacaq və əminəm ki, ilin sonuna qədər hər hansı bir problem olmayacaq. Mən artıq qeyd etdim, bizim valyuta ehtiyatlarımız artır, xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 ayda təxminən 2 milyard dollara yaxındır. Ona görə, bizim kifayət qədər güclü iqtisadi imkanlarımız və valyuta ehtiyatlarımız var. Azərbaycan adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə qabaqcıl ölkələr sırasındadır. Valyuta ehtiyatlarının dövlət xarici borcuna olan nisbəti də Azərbaycanı dünya miqyasında ön sıralara çıxarır. Bizdə valyuta ehtiyatları dövlət xarici borcundan 4-5 dəfə çoxdur”. 

İclasda, eyni zamanda, xatırladılıb ki, ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatlar nəticəsində digər sahələrdə olduğu kimi, torpaq münasibətlərinin tənzimlənməsi, daşınmaz əmlakın dövlət reyestrinin və kadastrının aparılması, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi sahəsində də müsbət nəticələr qazanılıb. Dövlət başçısının müvafiq tapşırığına əsasən, həmin sahələrdə mövcud dünya təcrübəsinə söykənən yeni texnologiya və idarəetmə üsulları tətbiq edilib və qanunvericilik bazası təkmilləşdirilib.

Azərbaycanda ilk dəfə olaraq Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası hazırlanıb, həmin şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. Hazırda respublika üzrə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin qurulması uğurla həyata keçirilir. 

Hesabat dövründə respublikanın 12 rayonunda elektron kadastr uçotu işləri yekunlaşıb. Layihə çərçivəsində 870 min hektardan çox ərazidə irimiqyaslı çöl torpaq, 700 min hektara yaxın ərazidə isə çöl geobotaniki tədqiqat işləri aparılıb.

Nazirlər Kabinetinin iclasında yuxarıda qeyd edilənlərlə bərabər, o da bildirilib ki, torpaqların kadastr uçotuna alınması işləri yekunlaşdıqca etibarlı kadastr məlumatları əsasında şəhər, qəsəbə, kənd bələdiyyələrinin müasir rəqəmsal xəritələri hazırlanır. Bu işlər Gəncə, Sumqayıt, Şəki şəhərlərinin, Xızı və Salyan rayonlarının inzibati sərhədləri daxilində yerləşən bələdiyyələr üzrə artıq yekunlaşıb. Torpaq uçotu materiallarının təhlili, eyni zamanda, göstərir ki, bir sıra təsərrüfatlarda pay bölgüsünün sona çatdırılmaması halları, pay torpaqlarına dair sənədlərdəki məkan göstəriciləri ilə vətəndaşların torpaqlardan faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluqlar mövcuddur.

Hazırda kadastr uçotu işlərinin nəticələrindən istifadə etməklə torpaq islahatı başa çatmayan təsərrüfatlarda yerquruluşu işləri həyata keçirilir. Bununla bağlı artıq Xaçmaz, Siyəzən, İmişli, Beyləqan rayonlarında yaşayan 1000-dən çox ailənin uzun illərdən bəri mövcud problemi öz müsbət həllini tapıb.

İclasda respublikada iri təsərrüfatların yaradılması məqsədilə aidiyyəti orqanlarla birlikdə 18 rayonun inzibati ərazilərindən yeni əkin dövriyyəsinə cəlb ediləcək 150 min hektara yaxın torpaq massivlərinin   kadastr xəritələrinin hazırlanması, təyinatından, habelə mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların kadastr uçotuna alınması işlərinin 2020-ci ildə yekunlaşacağı və s. barədə də məlumat verilib. 

Nazirlər Kabinetinin iclasında mühüm bir məsələyə də toxunulub. Belə ki, hazırda dövlət başçısının respublikada qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlara müvafiq olaraq ardıcıl tədbirlər həyata keçirilir. Bu gün ölkədə 166 min hektar torpaq sahəsinin kateqoriyası dəyişdirilərək aqroparkların və iri təsərrüfatların yaradılması məqsədi ilə investorların istifadəsinə verilməsi buna misal ola bilər. Bundan əlavə, yerli icra hakimiyyəti orqanları ilə birlikdə görülən tədbirlər nəticəsində 240 min hektar səmərəsiz kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin geri qaytarılması və əkin dövriyyəsinə cəlb olunması da reallaşdırılan tədbirlər sırasındadır. 

Bu gün Azərbaycan Prezidentinin müvafiq tapşırıqlarına əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı prosesinin təkmilləşdirilməsi, bu sahədə şəffaflıq və səmərəliliyin artırılması, vətəndaş məmnunluğuna daha çox nail olunması üçün davamlı tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq sözügedən sahədə göstərilən 35 elektron xidmətlə yanaşı, hazırda dövlət reyestrindən çıxarışların “Elektron hökumət” portalında yerləşdirilməsi və hüquq sahibi tərəfindən çıxarışın elektron üsulla əldə edilməsi prosesinə başlanılıb. Müvafiq ödənişlərin onlayn şəkildə avtomatik hesablanmasını mümkün edən “Əmlakın qeydiyyatı kalkulyatoru” xidməti, eləcə də vətəndaş məmnunluğunun artırılmasına xidmət edən “Kütləvi çıxarış kampaniyası” da uğurla həyata keçirilir. Daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində tətbiq olunan mobil ofis xidmətindən indiyədək 200 mindən çox vətəndaş faydalanıb. Hesabat dövründə ölkə üzrə 90 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çoxdur.

Bütün görülən işlərin nəticəsidir ki, dünyada iqtisadi fəallığın aşağı düşdüyü indiki zamanda Azərbaycanın daşınmaz əmlak bazarında nəzərə çarpan bu canlanma məhz cənab İlham Əliyevin imzaladığı mühüm əhəmiyyətli normativ sənədlərdə verilən tapşırıqların uğurlu icrası nəticəsində reallaşıb. Təsadüf deyil ki, Dünya Bankının dərc etdiyi “Doing Business” illik hesabatlarında Azərbaycan qeydiyyat prosedurlarının sayı, sərf olunan müddət və qeydiyyatın şəffaflığı parametrlərinə görə 190 ölkə arasında əmlakın qeydiyyatı sahəsində 22-ci yeri tutub.

İclasda kənd təsərrüfatı məhsulları istehsalının artırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, sənayenin xammalla təminatının yaxşılaşdırılması, idxal məhsullarının azaldılması, ixracyönümlü məhsulların istehsalının artırılması, yeni iş yerlərinin yaradılması ilə bağlı meliorasiya və su təsərrüfatı işçilərinin üzərinə mühüm vəzifələr düşdüyü də diqqətə çatdırılıb. Bildirilib ki, son illərdə bu sahəyə əsaslı kapital qoyuluşu dəfələrlə artıb, sahənin maddi-texniki bazası xeyli yaxşılaşdırılıb, minlərlə kilometr suvarma kanallarının və kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi aparılıb. Bütün bunlarla yanaşı, 347 min hektar sahədə suvarılan torpaqların su təminatı, 239 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılıb, 55 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, 1804 ədəd subartezian quyusu qazılıb, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında min kilometrdən artıq sahilbərkitmə, habelə  bəndlərin möhkəmləndirilməsi tədbirləri reallaşdırılıb.

Su elektrik stansiyaları, magistral kanallarla birlikdə Taxtakörpü və Şəmkirçay su anbarları kimi XXI əsrin nəhəng layihələri gerçəkləşdirilib. Bununla da 200 min hektar əkin sahəsinin  su təminatı yaxşılaşdırılıb, 50 min hektara yaxın yeni suvarılan sahənin dövriyyəyə cəlb olunması imkanları yaradılıb, Bakı, Sumqayıt, Gəncə və ətraf rayonlar içməli su ilə təmin edilib.

Nazirlər Kabinetinin iclasında Taxtakörpü su anbarı zonasında ilkin mərhələdə suvarma suyu ilə təmin edilən 11 min hektara yaxın yeni suvarılan torpaqların hazırda aqroparklar və iri təsərrüfatlar tərəfindən əkin dövriyyəsinə cəlb edilməsi, Xızı, Siyəzən və Şabran rayonlarında cari ildə daha 21 min hektara yaxın sahənin suvarma suyu ilə təmin olunacağı, Şəmkirçay su anbarında yığılan su hesabına Şəmkir, Samux və Göygöl rayonlarının 35 min hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılması, Şəmkir maşın kanalının ikinci növbəsinin tikintisi nəticəsində su mənbəyi işğal altında olan Goranboy rayonunun 8 min hektar sahəsinə su çatdırılması və s. barədə də ətraflı məlumat verilib.

Azərbaycan Prezidenti İlham Əliyev yekun nitqində qeyri-neft sənayesinin inkişafı istiqamətində tədbirlərin bundan sonra da ardıcıllıqla davam etdiriləcəyini, aqrar sahədə yeni aqroparkların yaradılacağını, pambıqçılığa, baramaçılığa, tütünçülüyə, ümumiyyətlə, kənd təsərrüfatının ayrı-ayrı sahələrinə qayğının daha da artırılacağını, bütün bunlarla bağlı qarşıya çıxan problemlərin diqqətlə araşdırılıb həll olunacağını, infrastruktur layihələrinin icrasının davam etdiriləcəyini, sosial məsələlərə mühüm önəm veriləcəyini də xatırladıb. 

Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında