Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri üzrə hədəflərin təşviq və təmin olunması ilə bağlı mühüm uğurlar əldə edir

Azərbaycan BMT üzvü olan dövlətlərin 17 dayanıqlı inkişaf məqsədi və 169 hədəfi özündə birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) qoşulub. Bu sahədə işlərin əlaqələndirilməsi üçün ölkə Prezidenti cənab İlham Əliyevin 6 oktyabr 2016-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb. Fərmana əsasən, həmin şuranın funksiyalarının reallaşdırılması İqtisadiyyat Nazirliyinə həvalə edilib. Bununla əlaqədar adıçəkilən nazirlikdə şuranın katibliyi fəaliyyətə başlayıb. Eyni zamanda, “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn məsələlərlə bağlı dövlət orqanlarının üzərinə düşən vəzifələrin icrasının yüksək səviyyədə reallaşdırılması məqsədilə şura tərəfindən DİM üzrə sahə işçi qrupları təşkil edilib.

Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Prezident fərmanında bildirilir ki, Minilliyin Bəyannaməsinə qoşulan ölkəmizdə yoxsulluqla mübarizə sahəsində kompleks tədbirlərin həyata keçirilməsi məqsədilə “2003–2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” hazırlanaraq təsdiq edilib və uğurla icra olunub. Azərbaycan ötən illər ərzində Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, xüsusilə insanların sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil səviyyəsinin yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə edib. 

Dayanıqlı İnkişaf Məqsədlərinin icrasının institusional və siyasi baxımdan kompleks yanaşma tələb etdiyini nəzərə alaraq, respublikamızda daha dayanıqlı, əhatəli və şaxələndirilən iqtisadiyyatın inkişafı, sosial sahələrin tərəqqisi üçün səmərəli milli icra mexanizminin formalaşdırılması mühüm önəm daşıyır. Məhz elə buna görə də Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının qarşısında qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlərin, habelə onlara dair göstəricilərin müəyyənləşdirilməsi, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyalarının dayanıqlı inkişaf məqsədləri ilə uzlaşdırılmasının təmin olunması əsas vəzifə kimi durur.  

BMT-nin İnkişaf Proqramı (BMT İP) rezident nümayəndəsi Qulam İshaqzainin bildirdiyinə görə, Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə qlobal təşəbbüsünə fəal qoşulub və ötən müddətdə  bu sahədə mühüm işlər görüb. Hazırda ölkəmiz Dayanıqlı İnkişaf Məqsədlərinə və bu təşəbbüsdə ifadə olunan hədəflərin reallaşdırılmasına böyük önəm verir. BMT Dayanıqlı İnkişaf Məqsədləri sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatlar mühüm rol oynayır.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Milli Əlaqələndirmə Şurasının ikinci iclasında Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli siyasi forum üçün BMT-nin müəyyənləşdirdiyi tematik plana uyğun dayanıqlı inkişaf üçün qlobal tərəfdaşlıq üzrə Azərbaycanın ilkin hesabatının hazırlanması qərara alınıb. Bununla əlaqədar Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov tərəfindən BMT-nin baş katibinə ünvanlanan məktuba əsasən, Azərbaycan hesabat verəcək 44 ölkənin siyahısına daxil edilib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, yüksək səviyyəli siyasi forum üçün Azərbaycanın könüllü milli hesabatı ilə bağlı əsas məqamlar BMT-nin İqtisadi və Sosial Şurasına təqdim olunub və BMT-nin rəsmi internet səhifəsində (www.sustainabledevelopment.un.org) yerləşdirilib. Eyni zamanda, İqtisadiyyat Nazirliyinin rəhbərliyi, yerli ekspert və DİM-lər üzrə yaradılan işçi qrupların iştirakı ilə yüksək səviyyəli siyasi forum üçün Azərbaycanın könüllü milli hesabatının yekun variantı aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla hazırlanıb və BMT-nin müəyyənləşdirdiyi prosedurlara uyğun olaraq Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) təqdim edilib.

Yeri gəlmişkən, Dayanıqlı İnkişaf Məqsədlərinə bir qədər ətraflı nəzər salaq. Xatırladaq ki, 2015-ci ilin sentyabrında dünya liderləri insanları və planeti dayanıqlı inkişaf yoluna aparacaq birgə razılaşdırılan hədəflərdən ibarət olan yeni Dayanıqlı İnkişaf Məqsədlərini qəbul ediblər. Bu məqsədlər aclığa son qoymaq, insan həyatını dəyişmək və planetimizi qorumaq üçün ölkələrin qlobal fəaliyyət istiqamətlərini müəyyənləşdirəcək   yeni inkişaf gündəliyinin əsasını təşkil edir. 

Burada bir məqamı da xatırlatmaq istərdik. Respublikamız Birləşmiş Millətlər Təşkilatının üzvü olan dövlətlərin 2015-ci ilin 25-27 sentyabr tarixlərində keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənən Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Qarşıya qoyulan məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir.

“Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”  də 15 il ərzində həyata keçirilən Minilliyin İnkişaf Məqsədləri (2000-2015-ci illər) əsasında yaradılıb. Milyonlarla insanın həyatı məhz həmin inkişaf gündəliyinin birgə tətbiqi nəticəsində xilas olub.  

Minilliyin İnkişaf Məqsədləri ifrat yoxsulluğun azaldılması, daha yaxşı içməli su mənbələrinə çıxışın təminatı, yoxsul təbəqənin həyat səviyyəsinin yaxşılaşdırılması və ibtidai məktəblərdə gender bərabərliyinin əldə olunması kimi hədəfləri reallaşdırıb. Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinin tətbiqi dövründə ifrat yoxsulluq aradan qaldırılıb, mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə qədər azaldılıb,   məktəblərə qeydiyyat dərəcəsi ibtidai, ümumi və tam orta təhsil səviyyələrində 99,8-100 faizə çatdırılıb, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında tərəqqiyə nail olunub, 1000 yeni doğulan körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28-dən 12,8-ə düşüb. Uşaq və ana ölümü əhəmiyyətli dərəcədə azalıb, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib, malyariyanın qarşısı tamamilə alınıb,   ətraf mühitin mühafizəsi, habelə qorunması üçün qlobal tərəfdaşlığın təmin edilməsində mühüm irəliləyişlər əldə olunub.

Bu gün BMT-nin qarşısında duran əsas məsələlərdən biri 2030-cu ilə qədər dünyamızın bütün simasının dəyişməsinə hədəflənən Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsidir. Bütövlükdə isə dünya bu möhtəşəm proqramın reallaşdırılması sayəsində 15 il ərzində ciddi şəkildə iqtisadi, siyasi və insan üçün ən mühüm önəm kəsb edən ətraf mühitin dəyişdirilməsi sahəsində əhəmiyyətli yeniləşmə mərhələsinə qoşulacaq. 

Minilliyin İnkişaf Proqramı çərçivəsində iqtisadi inkişaf baxımından ən möhtəşəm nailiyyətlər əldə edən ölkələrdən biri məhz Azərbaycandır. Respublikamızın son 10-15 il ərzində öz iqtisadiyyatını 3,5 dəfədən çox artırması məhz bunun bariz ifadəsidir. Ümumiyyətlə, iqtisadiyyatımızın bu inkişafı  Azərbaycanın sosial proqramlarının həyata keçirilməsi üçün yeni və əsaslı imkanlar yaradıb. Ötən illər ərzində insanların işlə təmin olunması sahəsində ölkəmizdə mühüm addımlar atılıb. Təxminən 10 il ərzində Azərbaycanda 1,6 milyon yeni iş yeri açılıb. Bütün bunların sayəsində təbii ki, Azərbaycan əhalisinin həyat səviyyəsinin yüksəldilməsi, insanlarımızın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm uğurlar qazanılıb. 

Cənab İlham Əliyevin rəhbərliyi ilə 2015-ci ildən etibarən Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Qlobal iqtisadi çağırışların milli iqtisadiyyata transformasiyası ilə bağlı yeni iqtisadi islahat istiqamətləri müəyyən edilib. Belə ki, 2016-cı ildən etibarən dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib və sistem xarakterli dərin iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyənləşdirilib.

Hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf edən dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın kökündə sosial problemlərin aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir ölkə vətəndaşının rifahının artırılmasına imkan verən mühitin yaradılması məqsədi dayanır. Belə bir mühitin yaradılması isə dayanıqlı iqtisadi inkişafın reallaşdırılması, maliyyə sisteminin, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilə bilər.

Azərbaycan Respublikası Prezidentinin dərin iqtisadi islahatlar paketi çərçivəsində biznes mühitinin yaxşılaşdırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsi, sahibkarlıq fəaliyyəti növlərinə verilən icazələrin sayının təqribən 4 dəfə azaldılaraq 330-dan 87-yə endirilməsi ilə bağlı mühüm qərarlar qəbul olunub.

Bu işlərin davamı olaraq 2016-cı ildən etibarən dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilib və sistem xarakterli iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyənləşdirilib. Belə ki, cənab Prezidentin 2016-cı ilin əvvəlində imzaladığı müvafiq fərmanlarla ölkədə sahibkarların şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuraları yaradılıb.  

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli sərəncamları ilə sahibkarlıq sahəsində son illər ərzində nail olunmuş sürətli inkişafın davamlılığının təmin edilməsi və rəqabət qabiliyyətinin möhkəmləndirilməsi, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə komissiyanın, habelə makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsi məqsədilə Maliyyə Sabitliyi Şurasının yaradılmasının da əhəmiyyəti böyükdür.

Azərbaycana bu gün inamla rəhbərlik edən Prezident İlham Əliyev ulu öndərin xilas edib inkişaf yoluna çıxardığı dövləti daha da möhkəmləndirib, onun müstəqil siyasət yeritməsini təmin edib. “Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir. Azərbaycan azad ölkədir. Azərbaycan dünyəvi ölkədir. Eyni zamanda, Azərbaycan inkişaf edən ölkədir. İqtisadi cəhətdən əldə edilmiş bütün uğurlara baxmayaraq, biz hələ də inkişaf edən ölkəyik. Bizim məqsədimiz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirməkdir. Mən şübhə etmirəm ki, biz buna nail olacağıq. Biz inkişaf etmiş bütün ölkələrin təcrübəsini bilirik, öyrənirik və biz o istiqamətdə inkişaf edirik. Eyni zamanda, Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəliyə gedir”, – deyən Azərbaycan Prezidenti İlham Əliyevin son illərdəki fəaliyyətinin təhlilinə nəzərən əminliklə demək olar ki, ulu öndər Heydər Əliyev siyasi kursunun davam etdirilməsi ictimai zərurət olmaqla yanaşı, Azərbaycanın dövlət müstəqilliyinə əbədi təminatdır.

Bir sözlə, hazırda Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri üzrə vəzifələrin icrası və bütövlükdə ölkəmizin əhalisinin həyat səviyyəsinin yeni inkişaf pilləsinə qaldırılması üçün iqtisadiyyatımızın əsaslı surətdə islahatlaşdırılması, yeniləşdirilməsi konsepsiyası uğurla həyata keçirilməkdədir. Azərbaycan ixrac edən ölkələrdən biridir. Eyni zamanda, bu gün islahatlar aparılarkən Azərbaycan iqtisadiyyatının və insanların həyat səviyyəsinin neftdən asılılığının əhəmiyyətli dərəcədə azaldılması kimi çox vacib bir hədəf qarşıya mühüm vəzifə kimi qoyulub. İqtisadiyyatın şaxələndirilməsi, yeni istehsal sferalarının yaradılması, tükənməyən resursların axtarılıb tapılması əsasında Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi hazırda ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar konsepsiyasının əsas dayaq sütunlarını təşkil edir.

Bütün bunlara əsaslanıb deyə bilərik ki, 2030-cu ilədək dünyamızın simasının və bütövlükdə həyat tərzinin dəyişdirilməsini nəzərdə tutan BMT proqramının həyata keçirilməsi sayəsində Azərbaycan da öz iqtisadi və sosial həyatında yeni bir pilləyə yüksəlmək vəzifəsinin öhdəsindən uğurla gələcək.

Azərbaycanın ötən illər ərzində Minilliyin İnkişaf Məqsədlərindəki bir çox hədəflər üzrə əldə etdiyi mühüm nailiyyətlər sırasında gender bərabərliyinin təşviq və təmin olunması da diqqət çəkir. Prezident İlham Əliyevin qayğısı nəticəsində Azərbaycan qadınları müxtəlif sahələrdə layiqli şəkildə təmsil olunurlar. Bu gün qadınlarımızın əldə etdikləri yüksək nailiyyətlər görülən işlərin mühüm göstəricisidir. Ölkəmizdə qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.   

Azərbaycanda keçirilən iqtisadi islahatlar, bu istiqamətdə qəbul olunan dövlət proqramları, sahibkarlığın, o cümlədən qadın sahibkarlığının inkişafına gətirib çıxarıb. Statistik rəqəmlər də müsbət dinamikadan xəbər verir. Belə ki, 2012-ci ildə sahibkarlar arasında qadınlar 17 faiz   təşkil edirdisə, 2017-ci ilin əvvəlində bu göstərici 21 faizə çatıb. 78 rayon icra hakimiyyətindən 71-də icra başçılarının müavinləri qadınlardır.

Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxıb və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib. İndi Azərbaycanda 3 mindən çox QHT, yüzlərlə KİV, 55 siyasi partiya, müxtəlif dinlərə mənsub icmalar azad fəaliyyət göstərirlər. İnternetdən istifadə edənlərin xüsusi çəkisi 80 faizdən çoxdur.

Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi ümumdövlət vəzifəsi hesab olunaraq, davamlı inkişaf məqsədlərinin, insan hüquqlarının müdafiəsi və demokratiyanın, qanunun aliliyi sahəsində qabaqcıl beynəlxalq prioritetlər nəzərə alınaraq, insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət planları qəbul olunur və icra edilir. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya edilən dəyişikliklər vətəndaşların hüquqlarının daha da genişlənməsi və etibarlı qorunması üçün əlavə təminatların yaradılmasına xidmət edib.

Azərbaycanda hazırlanan inkişaf konsepsiya və strategiyaları, proqram və layihələr bir qayda olaraq, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğunlaşdırılır. Bu da onu göstərir ki, Azərbaycan dövləti öz siyasətini qlobal çağırışlar və təmayüllər nəzərə alınmaqla qurur.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında