İqtisadiyyatımızı islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik

 

 

 

 

 

 

 

 

 

 

 

 


...Biz yeni iqtisadi modelə keçməklə bundan ­sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, ­texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Tarixən Qədim İpək yolunun üstündə yerləşən Azərbaycan dünyanın müxtəlif dövlətləri ilə iqtisadi-ticari  və siyasi əlaqələrə malik olub. Hələ ötən əsrin ikinci yarısından sonra ölkəmizdə yaradılan yeni sənaye və kənd təsərrüfatı müəssisələrinin  məhsulları keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə göndərilirdi.  İyirminci əsrin 80-ci illərində Azərbaycandan ixrac olunan məhsulların 95 faizini neft məhsulları, dəzgahlar, toxuculuq malları və şərab məhsulları təşkil edirdi. Respublikamıza isə əsasən, xam neft, sənaye üçün xammal və materiallar, eləcə də yeyinti məhsulları gətirilirdi. 

Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə ağır sosial-iqtisadi vəziyyətlə üz-üzə qalmışdı. Keçmiş əlaqələrin qırılması, ölkədəki hərc-mərclik vəziyyəti daha da ağırlaşdırır, əhalinin güzəranını çətinləşdirirdi. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra aparılan məqsədyönlü siyasət, həyata keçirilən islahatlar  nəticəsində respublikada siyasi və makroiqtisadi sabitliyə nail olundu. Həmin dövrdə  sahibkarlığın təşəkkülü və inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilsə də, iqtisadiyyatda əsaslı dönüşə 1996-cı ildən etibarən nail olundu.

Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində respublika iqtisadiyyatında qısa zamanda əsaslı keyfiyyət dəyişiklikləri baş verdi. Belə ki, ölkə iqtisadiyyatını çulğalayan inflyasiyanın qarşısı alındı, büdcə kəsiri ÜDM-in 1-2 faizi səviyyəsinə endirildi. Bu dəyişikliklər sayəsində dərin iqtisadi böhran keçirən Azərbaycanda makroiqtisadi sabitliyə nail olundu və dinamik iqtisadi inkişafın təməli qoyuldu. Xatırladaq ki, 1996-cı ildə ÜDM-in artım sürəti 1,3 faiz, 1997-ci ildə 5,8 faiz, 1998-2004-cü illərdə isə orta hesabla 10 faiz təşkil edirdi.

Ümumiyyətlə, o dövrdə neft sektoru ilə yanaşı, qeyri-neft sektoruna olan diqqət, özəl sektorun inkişafına yönələn məqsədyönlü və düzgün düşünülən siyasətin nəticəsi olaraq ölkə iqtisadiyyatının yenidən qurulmasında sahibkarlığın inkişafı mühüm yer tuturdu. Azərbaycanda aparılan dövlət mülkiyyətinin özəlləşdirilməsinə dair dövlət proqramları, həyata keçirilən iqtisadi islahatlar nəticəsində əlverişli biznes mühitinin formalaşdırılması, sosial-iqtisadi inkişafın təmin edilməsi özəl sektorun genişlənməsinə şərait yaratdı və bütün bunlar ölkə iqtisadiyyatına öz müsbət təsirini göstərdi.   

Azərbaycanda yaradılan əlverişli biznes mühitində qısa zamanda bir çox özəl şirkətlər meydana gəldi. 1994-cü ildən fəaliyyətə başlayan “Veysəloğlu” Satış və Distribütor Şirkəti topdansatış mərkəzi kimi ilk illər yalnız Türkiyə Respublikasından qida məhsullarının idxalı ilə məşğul olurdu. Bu özəl qurum rəhbərliyinin yürütdüyü düzgün inkişaf xətti adıçəkilən müəssisənin ildən-ilə uğurlarının artmasını reallaşdırdı.

Peşəkarlardan formalaşan kollektivdə işə məsuliyyətli yanaşma qarşıya qoyulan hədəflərə çatmaqda mühüm rol oynadı. Qısa müddətdə dövrün tələblərinə uyğun müasir texnologiya ilə təchiz olunaraq geniş ticarət şəbəkəsi quran “Veysəloğlu” Satış və Distribütor Şirkəti hazırda yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət holdinqinə çevrilib.

Şirkətin Bakı şəhərində yerləşən mərkəzi anbarı, Cənub bölgəsini əhatə edən Salyan filialı, Qərb bölgəsində Mingəçevir filialı fəaliyyət göstərir. Adları çəkilən hər iki filial mərkəzdən uzaqda yerləşsələr də, dövrün tələblərinə uyğun modern texnoloji avadanlıqlarla təchiz olunub.

“Veysəloğlu”nun qarşısında duran əsas məqsəd Azərbaycan bazarında mövcud olan bütün pərakəndə ticarət nöqtələrinə yüksək keyfiyyətli satış xidməti göstərmək, alıcı rəğbətini qazanmaq, bu yolda ən müasir texnoloji və marketinq siyasətindən səmərəli bəhrələnməkdir. 

Əməkdaşlıq və etibarlı tərəfdaşlıq çərçivəsində şirkət hazırda xarici istehsalçı fabriklərlə uğurlu distribütorluq fəaliyyəti qurub. “Veysəloğlu”nun müasir anbar infrastrukturuna  malik olması və dünyanın 100-dən çox aparıcı istehsalçısının distribütorluğunu reallaşdırması bu qurumun həm ölkə daxilində, həm də xarici tərəfdaşlar arasında qazandığı nüfuzundan xəbər verir.

Son bir ildə şirkətdə çalışanların sayı sürətlə artıb. İşçilərin təqribən 80 faizi gənclərdən ibarətdir.  Maraqlı bir fakt da odur ki,   “Veysəloğlu”nun hazırda bir çox vəzifəli şəxsləri vaxtilə bu şirkətdə sıravi işdə çalışıblar. Bu isə daxili nizam-intizam, motivasiya, ədalətlilik və çalışqanlığın bariz ifadəsidir və bütün bunlar düzgün satış komandasının formalaşmasına, inkişaf etməsinə ciddi təsir göstərən amildir. Baş ofisi, iki filialı və 9 regional ofisləri olan “Veysəloğlu”nun, eyni zamanda, məxsusi dəmir yolu da mövcuddur. Hazırda sözügedən şirkət dünyanın 20-dən artıq ölkəsinin 100-dən çox fabriki ilə sıx əməkdaşlıq edir.

“Veysəloğlu” Şirkətlər Qrupu işçi heyətin bilik və bacarığının, peşəkar səviyyəsinin artırılmasına böyük əhəmiyyət verir. Bunun üçün işçilərin respublikada və xarici ölkələrdə təşkil olunan kurslar, seminarlar və təlimlərdə iştirakı təmin edilir.

“Veysəloğlu” əlverişli iqtisadi mühit şəraitində daha da inkişaf edərək özünün istehsalat sahələrini yaradıb. Şirkət insan amilinə önəm verərək 2001-ci ildən etibarən şokolad və karamel istehsalına başlayıb. “Ulduz” şokolad fabrikinin fəaliyyətə başlaması isə respublikamızın iqtisadiyyatında qənnadı və yeyinti sənayesinin inkişafına güclü təkan verib. Müəssisə ölkəmizin qənnadı sənayesində keçmiş ənənələri bərpa etməklə yanaşı, dünya təcrübəsinə əsaslanaraq istehsal olunan məhsullara yeni keyfiyyət və dad gətirib.

İstehsal prosesində keyfiyyətə daim önəm verən şirkət rəhbərliyi Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınan şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənərək fabrikdə yeni, müasir avadanlıqlar quraşdırıb. Tam avtomatlaşdırılan müasir avadanlıqların istismara verilməsi sayəsində məhsul istehsalı artıb və müəssisədə dünyanın ən qabaqcıl fabrikləri ilə rəqabət apara biləcək modern iş şəraiti yaradılıb. Fabrikin illik istehsal gücü saatda 3200 kiloqramdan çoxdur. Dünyanın 20-yə yaxın olkəsinə ixrac edilir.

“Ulduz” şokolad fabriki peşəkar satış komandasından, təcrübəli marketoloqlardan, yerli və xarici universitetlərdə təhsil alan bilikli, təcrübəli mütəxəssislərdən ibarət bir kollektiv ilə daim inkişafa doğru addımlayır. Bu günlərdə fabrik Bakıda “Ulduz Premium Chocolate” butikini açdı. Fabrik dünya şokolad tarixində ilk dəfə olaraq ənənəvi dadlarla yanaşı, milli dad olan kəklikotulu və darçınlı şokoladları da satışa çıxarıb.

Fabrikin rəhbərliyi respublikamızda həyata keçirilən beynəlxalq tədbirləri və  ölkəyə gələn çoxsaylı qonaqları, o cümlədən turistləri nəzərə alaraq şokolad məhsullarının üst dizaynında və qablaşdırılmasında Azərbaycanın milli ornamentlərinin, tarixi abidələrinin əks etdirilməsinə başlayıb. 

Yeni istifadəyə verilən butik paytaxt sakinləri ilə yanaşı, şəhərimizin çoxsaylı qonaqları üçün yeni dad olan məhsullarını müştərilərin seçiminə uyğun qablaşdıraraq “Made in Azerbaijan” brendi ilə təqdim edəcək.

Müştərilərə keyfiyyətli xidmət göstərmək, həmçinin sahədə olan əməkdaşların müştərilərlə yüksək səviyyədə işini təşkil etmək üçün əl terminalları vasitəsilə “online” məlumatlar mübadiləsi aparılır. Alınan sifarişlər tez bir zamanda müştərilərə çatdırılır.

Yarandığı ilk gündən bu uğurlu və xeyirxah yolda cəsarətli addımlar atan “Veysəloğlu” Şirkətlər Qrupu ölkəmizdə bir çox sosial layihələrin həyata keçirilməsinə də sponsorluq edir. Uşaqların sosial müdafiəsi, ahıl və kimsəsizlərə qayğı, “Qan ver yaşat”, təhsil sahəsində həyata keçirilən bir sıra maraqlı layihələr artıq ənənə halını alıb. Şirkət bundan sonra da qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləyərək Azərbaycan iqtisadiyyatına öz təkrarsız töhfələrini vermək niyyətindədir.

Yeri gəlmişkən, burada bir məqama da toxunmaq istərdim. Azərbaycan iqtisadiyyatı hazırda məhsul ixracında məhdud imkanlara malikdir. Çünki respublikamızın təklif etdiyi məhsulların böyük hissəsi dünya bazarında kifayət qədərdir. Belə halda çevik marketinq taktikasına, aşağı kontrakt qiymətlərinə, dünya standartlarına və yüksək keyfiyyətə malikolma kimi müəyyən şərtlər daxilində ayrı-ayrı məhsulların – maşınqayırma, sənaye, məişət texnikası, eləcə də qida məhsullarının bazara çıxarılmasına çalışılmalıdır. İndiki vəziyyətdə isə hazır məhsul ixracının genişlənməsində əsas maneə sənayedə emal sahəsinin çox zəif olmasıdır. Dövlət başçımızın sahibkarlığın inkişafına göstərdiyi ardıcıl səylərin tezliklə bəhrəsini verəcəyi, respublikamızda istehsal edilən yüksək keyfiyyətli “Made in Azerbaijan” brendi ilə tanınan məhsulların dünya bazarlarında alıcıların rəğbətini qazanacağı da şübhəsizdir. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın hesabatına görə, 2017-ci ilin 5 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 557 milyon ABŞ dolları olmuşdur. Bu ixrac əməliyyatlarında 1021 şirkət iştirak etmişdir. 2017-ci ilin yanvar-may ayları ərzində qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Türkmənistan var.

“İxrac İcmalı”nda qeyd edilir ki, “Azexport.az” portalının qeyri-neft sektoru üzrə daxil olan sifarişlərin ümumi dəyəri may ayında 19 milyon ABŞ dolları olmuşdur. May ayında ilk dəfə portala Slovakiya, Tayvan və Surinam Respublikasından sifarişlər daxil olub. May ayında sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qeyri-neft sektorunda istehsal edilən müxtəlif məhsullar – quru süd, meyvə tamlı süd, qırmızı yumurta, günəbaxan yağı, toyuq əti, armatur, yer kökü, şərab, kərə yağı, pambıq toxumu, alma, kosmetik vasitə, makaron, kərpic, nar, qaya duzu, avtomobil diaqnostika aparatı, çay, yataq dəsti, ipək xalça, mebel dəsti, mühərrik yağı, qənnadı məhsulları, boya, nar şirəsi sifariş olunanlar arasındadır. Ümumilikdə götürdükdə, 2017-ci ilin 5 ayı ərzində Azexport.az portalına 45 ölkədən 130 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.

Hazırda ölkəmizin qeyri-neft sektorunda istehsal edilən məhsulların ixracını artırmaq üçün genişmiqyaslı islahatlar aparılır. Cari il aprelin 17-də Yevlax şəhərində qeyri-neft ixracatçılarının respublika müşavirəsində Prezident İlham Əliyev bu barədə deyib: “Bu ilin üç ayının göstəriciləri bizi çox ruhlandırır. Bu, bir daha göstərir ki, 2016-cı ildə qəbul etdiyimiz qərarlar və başladığımız islahatlar qısa müddət ərzində öz gözəl nəticələrini vermişdir. Bu ilin üç ayında iqtisadiyyatımızın qeyri-neft sektoru 2,4 faiz artmışdır. Bu, çox yaxşı göstəricidir. Qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır.

Azərbaycan brendi dünyada təbliğ edilir. Şirkətlərimiz dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə fəal iştirak edərək öz məhsullarını tanıtdırırlar. “Ulduz” şokolad fabriki də bu istiqamətdə uğurlu addımlar atır, beynəlxalq tədbirlərdə iştirak edir. Sonuncu dəfə may ayının sonlarında Tailandın paytaxtı Banqkokda keçirilən “THAİFEX-WORLD of ASİA” beynəlxalq qida sərgisində müəssisənin nümayəndələri də təmsil olunub.  Dünyanın 150-yə yaxın ölkəsinin iştirak etdiyi Asiyanın ən iri sərgisində ölkəmiz “Made in Azerbaijan” brendi ilə təqdim olunub. Sərgiyə qatılan iştirakçıların əksəriyyəti Azərbaycanın stendinə böyük maraq göstərməklə yanaşı, ölkəmiz haqqında geniş məlumatlar da əldə edib.

Göründüyü kimi, şirkətdə ixrac potensialının reallaşdırılması diqqət mərkəzində saxlanılır. Bunun üçün, ilk növbədə, istehsal olunan məhsulların keyfiyyətinə mühüm önəm verilir, digər tərəfdən, uğurlu reklam kampaniyaları və təqdimatlar da  ixrac potensialının artırılmasına müsbət təsir göstərən amillərdəndir. Təbii ki, belə halda şirkət öz məhsulları ilə “Made in Azerbaijan” brendini dünyaya tanıda bilər.

Sonda Prezident İlham Əliyevin bir fikrini xatırlatmaq istəyirəm “...Biz yeni iqtisadi modelə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirəcəyik”. İnanırıq ki, dövlətin ortaya qoyduğu iradə, həyata keçirilən tədbirlər, sahibkarlığın inkişafına yaradılan munbit şərait sayəsində Azərbaycan tezliklə qeyri-neft məhsullarının ixracatçısına çevriləcək. Bunun üçün ölkəmizdə bütün potensial imkanlar var.

Məqalə Azərbaycan Mətbuat Şurası və “Veysəloğlu” Şirkətlər Qrupunun keçirdiyi “İqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafında yeni hədəflər”  mövzusunda müsabiqəyə təqdim olunur”

Qabil Yusifoğlu,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında