Vergi inzibatçılığında yeniliklərə “yaşıl işıq”

Vergilər Nazirliyi tərəfindən vergi inzibatçılığında tətbiq edilən ən son yeniliklərə həsr olunmuş təqdimat mərasimi keçirilib. Tədbirdə Vergilər Nazirliyinin, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin nümayəndələri, vergi sahəsində mütəxəssislər və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan vergilər nazirinin müavini İlkin Vəliyev son illər vergi sistemində aparılan islahatlar, həyata keçirilən çevik vergi siyasəti barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, Azərbaycanın vergi sisteminin və inzibatçılığının rəqabət qabiliyyətliliyinə nail olunması üçün vergi xidmətində mütərəqqi beynəlxalq təcrübənin tətbiqi məsələləri daim diqqətdə saxlanılır. Ölkəmizdə əlverişli biznes mühitinin yaradılması işinin iştirakçısı olan vergi orqanları qarşısında vergi ödəyiciləri ilə konstruktiv dialoq qurmaq, yaranmış problemlərin aradan qaldırılmasına diqqətlə yanaşmaq, vergi məsələlərində və tətbiq olunan innovasiyalarda biznesə və vətəndaşlara yardım etmək vəzifəsi durur.

Vergi inzibatçılığının təkmilləşdirilməsi prosesi çərçivəsində atılan ən mühüm addımlardan birinin də Azərbaycan Prezidentinin 2016-cı il 4 avqust tarixli sərəncamına uyğun olaraq vergi sisteminin ən yaxşı beynəlxalq təcrübələrə uyğunlaşdırılması olduğunu vurğulayan İ. Vəliyev qeyd edib ki, beynəlxalq vergitutma sahəsində son illər ərzində baş verən proses və tendensiyalar, o cümlədən xarici ölkələrin beynəlxalq müqavilələrin tətbiqi təcrübəsi nəzərə alınmaqla, bağlanmış müqavilələrin inzibatçılığının həm rezident, həm də qeyri-rezident şəxslərə münasibətdə asanlaşdırılması, habelə mütərəqqi informasiya texnologiyalarından istifadə edilməsi yolu ilə elektronlaşdırılması nəzərdə tutulur. Bu məqsədlə Vergilər Nazirliyi tərəfindən “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin inzibatçılığı Qaydaları” yeni redaksiyada hazırlanıb və bu Qaydalarda elektron müraciət etmək imkanı və güzəştlərin əvvəlcədən tətbiq edilməsində gəlir növlərinin siyahısının genişləndirilməsi kimi yeniliklər nəzərdə tutulub.

Azərbaycan Prezidentinin 2017-ci il 22 fevral tarixli “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına əsasən xarici ölkələrlə elektron imza, o cümlədən, “ASAN imza” sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Bu yenilik elektron imza, o cümlədən “ASAN imza” vasitəsilə DTA formalarının xarici ölkə ərazilərində də elektron qaydada təsdiq edilməsi imkanını yaratmaqla onlardan daha rahat və geniş şəkildə istifadə edilməsi mümkün olacaqdır.

Vergi sistemi üzrə aparılan kompleks islahatlar çərçivəsində vergi inzibatçılığının sadələşdirilməsinin davamı olaraq xüsusi vergi rejimi tətbiq olunan vergi ödəyicilərinə münasibətdə ƏDV inzibatçılığının elektronlaşdırılması qarşıya hədəf kimi qoyulub. Bu məqsədlə, ƏDV-dən sıfır faiz (0 faiz) dərəcə ilə azad olma sertifikatının alınması məqsədilə Vergilər Nazirliyi tərəfindən nazirliyin İnternet Vergi İdarəsində “e-Sertifikat” modulu yaradılıb.

Sonra tədbir iştirakçıları üçün təqdimatlar keçirilib.

“Xarici investisiyalar üçün əlverişli vergi mühiti” barədə təqdimatla çıxış edən Vergi Siyasəti və Strateji Araşdırmalar Departamentinin baş direktoru Samirə Musayeva ölkəmizdə biznesə başlama prosedurlarının əsaslı şəkildə sadələşdirildiyini, vergi qanunvericiliyində çoxlu güzəştlər müəyyən edildiyini, mövcud vergi sisteminin sahibkarlığı və ixracı təşviq etdiyini bildirib.

Ötən müddət ərzində ölkədə biznesə başlama ilə bağlı proseduralar 15-dən 2-yə, sərf olunan vaxt isə 30 gündən 2 günə endirilib. Fərdi sahibkarlar 2011-ci ildən, yerli investisiyalı müəssisələr isə 2012-ci ildən etibarən elektron qaydada qeydiyyata alınır. “Doing Business 2017” hesabatına görə ölkəmiz “Biznesə başlama” indikatoru üzrə dünyada 5-ci, postsovet ölkələri arasında isə 1-ci yerdədir.

Hazırda ölkəmizin Vergi Məcəlləsində 104 azadolma və 25 güzəşt növü olmaqla, cəmi 129 güzəşt və azadolma mövcuddur. İnvestisiyaların təşviqi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər nəticəsində son dövrlərdə vergi güzəşt və azadolmalarının sayı artıb. Tədbir iştirakçılarına kənd təsərrüfatı məhsullarının istehsalçılarına, sənaye və texnologiyalar parklarının rezidentlərinə, investisiya təşviqi sənədini almış şəxslərə verilən vergi güzəştləri, həmçinin Vergi Məcəlləsində nəzərdə tutulan digər stimullaşdırıcı tədbirlər, həmçinin səmərəli vergi inzibatçılığının qurulması istiqamətində aparılan son vergi islahatları barədə məlumat verilib.

S.Musayeva ölkə Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il tarixli fərmanı və bu xəritələrdə xarici investisiyaların stimullaşdırılması ilə bağlı müəyyən edilmiş hədəflər barədə də məlumat verib.

“Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişlərin (DTA) inzibatçılıq qaydalarının sadələşdirilməsi” mövzusunda təqdimatda ölkəmizin digər dövlətlərlə bağladığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər şəbəkəsi, bu sazişlərin vergi ödəyiciləri üçün yaratdığı imkanlar barədə məlumat verilib. Qeyd edilib ki, DTA formaları sadələşdirilib, elektron müraciət etmək, bütün gəlir növləri üzrə güzəştlərin əvvəlcədən tətbiq edilməsi, formanın təsdiqinin gəlir ödəyən şəxsə birbaşa onlayn göndərilməsi imkanı yaradılıb. Bununla yanaşı, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi nəzərdə tutulur. Xarici ölkələrlə elektron imza, o cümlədən “ASAN imza” sertifikatlarının qarşılıqlı tanınmasının təmin edilməsi istiqamətində intensiv işlər aparılır. Bütün bunlar vergi ödəyicilərinin xərclərinin optimallaşdırılması və biznesin təşviqinə xidmət edir, xarici biznes tərəfdaşları arasında sənədlərin elektron formada tərtibi və imzalanmasına, digər dövlətlərlə elektron məlumat mübadiləsi, transsərhəd elektron xidmətlərin həyata keçirilməsinə, xarici investorlar üzrə vergi və inzibati xərclərin azalmasına imkan verir.

“Sıfır dərəcə ilə ƏDV üzrə elektron sertifikatların tətbiq edilməsi” mövzusunda təqdimatda isə sertifikatın alınması prosesinin elektronlaşdırılması barədə məlumat verilib. Qeyd edilib ki, e-sertifikatın alınması təchizatçının sıfır faiz (0 faiz) dərəcəsi ilə ƏDV tutmağa icazəsi olduğuna qəti sübut hesab ediləcək. Podratçı və subpocratçı şirkətlər tərəfindən sertifikatın alınması prosesnin elektronlaşdırılması vergi ödəyicilərinin vaxt və inzibati xərclərinin əhəmiyyətli şəkildə azalmasına gətirəcək, sertifikatın verilməsi prosesinin sürətləndirilməsi, uçotun asanlıqla təşkil edilməsi, kağız dövriyyəsinin həcminin azaldılması və ƏDV bəyannaməsinin sadələşməsinə imkan verəcək.

Tədbirdə mövzu ilə bağlı ətraflı müzakirələr aparılıb, tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında