Prezident İlham Əliyev: Azərbaycan dövləti bu gün ərazi bütövlüyünü bərpa etməyə qadirdir

Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edir. Qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün Azərbaycanın sosial-iqtisadi sahələrində mühüm islahatlar həyata keçirilir. Bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində ardıcıl danışıqlar aparılır, sülhün əldə olunmasına, bu yolla Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə çalışılır.

Əlbəttə, münaqişə belə təqdirdə nəticələnməsə, Azərbaycan Respublikası BMT Nizamnaməsinin müvafiq maddələrinə uyğun olaraq öz suveren hüquqlarından istifadə edə bilmək səlahiyyətini özündə saxlayır. Təəssüf ki, işğalçı Ermənistanın rəhbərliyi və havadarları bunu başa düşmək, qeyri-konstruktiv mövqelərinə son qoymaq istəmədiyindən münaqişənin həllində hələ də ciddi irəliləyiş əldə edilməyib. Dövlətimizin başçısının dəfələrlə bəzi dairələrə münaqişənin həlli ilə bağlı BMT-nin müvafiq qətnamələrini xatırlatması da təsadüfi deyil.

Yeri gəlmişkən, bu gün Ermənistanda yaxşı bilirlər ki, Azərbaycan sosial-iqtisadi sahələrdə dinamik inkişaf etdiyi kimi, ordu quruculuğunda da gündən-günə güclənir, qüdrətlənir. Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında”  24 yanvar 2017-ci il tarixli müvafiq sərəncamı məhz elə bunun, bu inamın bariz ifadəsidir.

Həmin sərəncamla adıçəkilən kəndin yenidən qurulması və sakinlərin doğma yurd-yuvalarına qayıtmaları əslində Azərbaycanda Böyük Qayıdış proqramının başlanğıcıdır. Bu, eyni zamanda, bütün məcburi köçkünlərimizdə öz doğma torpaqlarına qayıdacağı günün uzaqda olmaması ilə bağlı inam hissini daha da gücləndirilməsidir. Bununla bağlı sözügedən sənəddə ifadə edilən bir məqamı xatırlatmaq yerinə düşər: “Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurduna qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır”.

Möhtərəm dövlət başçımız iyunun 14-də  “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamın imzalanmasından ötən müddətdə görülən işlərlə tanışlıq məqsədilə həmin yaşayış məntəqəsinə səfər edib. Prezident burada əvvəlcə Şuşa məscidinin bənzəri olan məscidlə tanış olub. Cənab İlham Əliyevə məlumat verilib ki, bu müqəddəs ocağın inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan İslam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək. Məscidin tikilməsi, həmçinin 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi ili” elan edilməsinə dəyərli töhfədir.

Məscidlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verilib ki, 50 sot ərazidə inşa edilən müqəddəs ocağın minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadətgahda dindarlar üçün hər cür şərait yaradılıb. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyev ölkədə milli-mənəvi dəyərlərin qorunub saxlanmasında müstəsna xidmətlər göstərir.

Dövlətimizin başçısı İslam dininin xalqımızın həyatındakı rolunu, onun milli kimliyimizin formalaşmasındakı əhəmiyyətini nəzərə alaraq ölkədəki dini ibadətgahların qorunmasında, onların gələcək nəsillərə çatdırılmasında əsl fədakarlıq nümayiş etdirir.

Azərbaycan Prezidenti İlham Əliyev Cocuq Mərcanlıya səfəri çərçivəsində yeni inşa olunan 96 şagird yerlik məktəblə də tanış olub. Bu tədris ocağında Cəbrayılın işğaldan əvvəlki vəziyyəti, rayonun tanınmış xadimləri, ali məktəblərə yüksək balla qəbul olan məzunları, bu kənddə ermənilərin törətdikləri vandalizm, 23 il doğma kəndini tərk etməyən Həziyevlər ailəsi, Prezident İlham Əliyevin tapşırığı ilə xarici KİV nümayəndələrinin, diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlı kəndinə səfərləri əks olunan fotostendlər kənd haqqında dolğun təəssürat yaradır. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin büstü, dahi rəhbərin məcburi köçkünlərə diqqət və qayğısını əks etdirən fotostend qoyulub. Dəhlizdə rəşadətli Azərbaycan Ordusunun uğurlu aprel döyüşləri, kəndin bərpadan əvvəlki və sonrakı görüntülərinin əks olunduğu stendlər yer alıb. Sinif otaqları, informatika, gənclərin çağırışaqədərki hazırlıq kabinələri, müəllimlər otağından ibarət məktəb binası lazımi inventar və avadanlıqlarla, istilik sistemi və internetlə təchiz edilib.

Prezident İlham Əliyevə kənddə görülən işlər barədə də ətraflı məlumat verilib. Bildirilib ki,  Cocuq Mərcanlının küçələrində işıqlandırma sistemi qurulub, su, qaz, telefon xətləri çəkilib, subartezian quyusu qazılıb, 100 kubmetrlik su anbarı inşa edilib. Yollara və səkilərə asfalt örtüyü salınıb, yaşıllaşdırma işləri aparılıb. Kənddə müasir standartlara cavab verən yeni yarımstansiya inşa edilib. Yeni Komplekt Transformator Məntəqəsi, həmçinin subartezian quyusuna xidmət edəcək transformator quraşdırılıb.

Bununla da Cocuq Mərcanlı qaçqın və məcburi köçkünlər üçün inşa edilən sayca 96-cı, məcburi köçkünlərin öz yurdlarına qaytarıldığı ilk yaşayış məskəni kimi tarixə düşüb. Qeyd edək ki, Cocuq Mərcanlı kəndində hazırda 400 ev təsərrüfatı, 1428 sakin qeydiyyatdadır. Kəndin əhalisinin əksəriyyəti yığcam şəkildə Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində məskunlaşıb. Respublikanın 17 şəhər və rayonunda müvəqqəti yaşayan həmin ailələrdən 250-dən çoxu müraciət edərək öz yurdlarına qayıtmaq arzusunda olduqlarını bildiriblər.

Məktəbdə olarkən Prezident İlham Əliyev hərbi məktəblərin kursantlarının bir qrupu ilə görüşündə deyib: “Bu gün tarixi bir gündür, Cocuq Mərcanlı kəndinin bərpası günüdür və bu, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordu quruculuğu ölkəmizdə uğurla gedir. Ordu quruculuğu Azərbaycan rəhbərliyi üçün bir nömrəli prioritet məsələdir və son illər ərzində bu istiqamətdə böyük uğurlar əldə edilibdir. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir, ordumuza lazım olan bütün ən müasir texnika, silah-sursat alınır, gətirilir, eyni zamanda, Azərbaycanda bir çox hərbi təyinatlı məhsullar istehsal olunur. Ordumuzun döyüş qabiliyyəti artır, nizam-intizam yüksək səviyyədədir və bunun nəticəsidir ki, keçən ilin aprelində erməni silahlı təxribatına Azərbaycan Ordusu layiqli cavab vermişdir. Üç rayonun ərazilərinin bir hissəsi işğalçılardan azad edildi, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı. Bu uğurlu əks-hücum əməliyyatı nəticəsində bu gün Cocuq Mərcanlı kəndinə yeni nəfəs verilir, həyat qayıdır, köçkünlər qayıdır. Onlar 20 ildən çoxdur ki, bu yurdun həsrəti, öz doğma torpağına qayıtmaq arzusu ilə yaşayırlar. Baxmayaraq ki, başqa yerdə doğulmusan, sən də Cocuq Mərcanlı kəndinin sakinisən. Amma əminəm, sənin kimi yüzlərlə gənc var ki, Cocuq Mərcanlını görməyib, ancaq buraya qayıtmaq arzusu ilə yaşayır. Bax, bu gün gəldi, bu, tarixi bir gündür. Bu gün, eyni zamanda, onu göstərir ki, biz hələ də işğal altında olan bütün torpaqlara qayıdacağıq. Bunu deməyə əsas verən bir çox amillər var. Güclü iqtisadiyyat, güclü Azərbaycan, güclü Ordumuz və keçən ilin aprel ayında aparılan döyüşlər Azərbaycan xalqının, Ordusunun gücünü, cəsarətini göstərdi”.

Dövlətimizin başçısı daha sonra bu gün Cocuq Mərcanlıda yeni bir mərhələnin başlanğıcının qeyd edildiyini diqqətə çatdırıb. Xatırladıb ki, burada yeni evlər, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib. Növbəti mərhələdə ən azı 100 əlavə ev inşa olunacaq  və kənd sakinləri doğma yurdlarına qayıdacaqlar. Siz isə gənc zabitlər kimi gələcəkdə ölkəmizin müdafiəsinin keşiyində dayanacaqsınız. Bütün gənclər kimi siz də hər an Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün hazır olmalısınız. Bu gün Azərbaycan gənci vətənpərvərdir, Vətənə bağlıdır, peşəkardır, biliklidir və bizim gücümüz bundan ibarətdir. Sizin kimi gənclər gələcəkdə ölkəmizin inkişafında önəmli rol oynayacaqlar.

Prezident İlham Əliyev Cocuq Mərcanlıya səfəri çərçivəsində kənd sakini Oqtay Həziyevin evi ilə də tanış olub. Xatırladılıb ki, səkkiz nəfərlik bu ailə təhlükəli olmasına baxmayaraq, 1994-cü ilin aprelindən kənddə yaşayır və bütün məcburi köçkünlərə nümunə olmaqla yanaşı, əsl vətənpərvərlik və fədakarlıq göstərir.

Oqtay Həziyevin ailə üzvləri ilə söhbət edən Prezident İlham  Əliyev ailə başçısının “Əmək” ordeni ilə təltif edilməsi ilə bağlı deyib: “Bilirsiniz ki, bir neçə ay bundan əvvəl mənim göstərişimlə Azərbaycanda dövlət ordenləri sırasına yeni orden də əlavə olundu – “Əmək” ordeni. Bu qərar ona görə qəbul edildi ki, bu gün biz zəhmətkeşləri gərək xüsusi fərqləndirək, mükafatlandıraq. “Əmək” ordeninin 3 dərəcəsi var və bu ordeni təsis edərkən mən fikirləşirdim ki, birinci ordeni kimə verim. Amma çox fikirləşmədim və qərara gəldim ki, birinci ordeni Həziyev ailəsinin başçısı olan Oqtay Həziyevə verim. Sən buna layiqsən və hesab edirəm, tam ədalətlidir ki, birinci “Əmək” ordeni və birinci dərəcəli orden Oqtay Həziyevə verilir”.

Cənab İlham Əliyevə, eyni zamanda, məlumat verilib ki,  birinci mərhələdə kənddə 10 hektar ərazidə 50 fərdi evin və müvafiq infrastrukturun tikintisi aparılıb. Tikilmiş evlərə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan və əsasən Bakı şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər köçürüləcək. Ümumi sahəsi 3850 kvadratmetr olan mənzillərin 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır.

Azərbaycan Prezidenti İlham Əliyev Cocuq Mərcanlı kəndinə səfəri çərçivəsində yeni salınmış kənd yolunun açılışını da edib. Mərasimdə dövlətimizin başçısına məlumat verilib ki, yolun ümumi uzunluğu 9 kilometr, eni 12 metrdir. İki hərəkət zolaqlı yolun tikintisi Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama əsasən həyata keçirilib. Strateji əhəmiyyəti ilə seçilən bu yolun inşası zamanı zəruri olan yerlərdə su keçidləri tikilib, uzunluğu 24 metr olan ikiaşırımlı mövcud körpü bərpa edilib. Yol üzərində 76 yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, piyada zolaqları, yol-cizgi və yolgöstərici xətləri çəkilib.

Prezident İlham Əliyevə Cocuq Mərcanlı kəndinə səfəri çərçivəsində Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 23 ildə  görülən işlər barədə də məlumat verilib. Bildirilib ki, bu məqsədlə 6 milyard manatdan çox vəsait sərf olunub. Ümumilikdə indiyədək 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Bunun da 95 faizi son 13 ildə inşa edilib. Görülən işlər nəticəsində 50 min ailənin və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil şəraiti yaxşılaşdırılıb. Hazırda 80 min ailə və ya 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Bu il Tərtər rayonunda 1170 məcburi köçkün ailəsi üçün dördmərtəbəli 34 yaşayış binasının tikintisinin başa çatdırılması nəzərdə tutulur. Artıq Abşeron rayonunun Masazır və Ramana qəsəbələrində yaşayış binalarının tikintisinə başlanılıb, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksinin təməli qoyulub.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında