Azərbaycan dəniz nəqliyyatı sahəsində uğurlar qazanır

172 dəniz dövləti arasında yaxşı təcrübəyə malik olan Azərbaycan uğurlu islahatları ilə bu sahənin qabaqcılları olan Avropa və Skandinaviya dövlətlərini geridə qoyub.

Ölkəmizin yenidən dövlət müstəqilliyinə qovuşduğu ötən 26 il ərzində iqtisadi və demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qazandığı böyük nailiyyətlər ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış möhkəm təmələ əsaslanır. Müstəqilliyimizin ilk illərində bütün ölkə iqtisadiyyatında müşahidə edilən tənəzzül, həmçinin keçmiş sovetlər birliyində donanmaya malik olan respublikalarda onlarca gəmiçilik və donanmaların ardıcıl olaraq dağılması prosesi hər kəsin yaxşı yadındadır.

Azərbaycan dənizçiləri dəniz nəqliyyatının qorunub saxlanması, sonradan daha da inkişaf etdirilməsi üçün məhz ulu öndərə minnətdardırlar. Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi müddət ərzində dəniz nəqliyyatına daim xüsusi diqqət və qayğı göstərib, donanmamızın yenilənməsi prosesinin əsasını qoyub, sonradan isə onların dağıdılmasının qarşısının alınmasında və bu günümüzə gəlib çatmasında müstəsna rol oynayıb.

Son illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində qazanılmış nailiyyətlər daha da möhkəmləndirilmiş, ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla başa çatdırmışdır. Davamlı və dinamik yüksəlişi özündə ehtiva edən özünəməxsus milli inkişaf modeli ilə tanınan Azərbaycan hazırda tərəqqisinin keyfiyyətcə yeni mərhələsini yaşayaraq beynəlxalq aləmdə də ardıcıl uğurlara imza atmaqdadır. İqtisadiyyatımızın bütün sahələri kimi, dəniz nəqliyyatı sektorunun inkişaf etdirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Bu gün inamla deyə bilərik ki, cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dəniz nəqliyyatı sahəsinin dinamik inkişafı üçün böyük imkanlar yaradılmışdır.

Ölkəmiz 1995-ci ildən - BMT–nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatına üzv olduğu tarixdən etibarən “Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiya”, “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya” (SOLAS-74), “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya” (MARPOL), “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya” (STCW), “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya” (COLREG), “Gəmilərin ölçülməsinə dair Beynəlxalq Konvensiya”, “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”,  “Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında Konvensiya” daxil olmaqla dəniz nəqliyyatı sahəsində 20-dən çox beynəlxalq konvensiya və protokola qoşulmuşdur.

Azərbaycan Prezidentinin 6 fevral 2006-cı il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının səlahiyyətlərinə dəniz nəqliyyatı sahəsində aparılan siyasətin, habelə BMT-nin dəniz nəqliyyatı sahəsində ixtisaslaşmış qurumu olan Beynəlxalq Dəniz Təşkilatı və digər təşkilatlarla əməkdaşlığın, Azərbaycanın həmin sahədə tərəfdar çıxdığı beynəlxalq konvensiyaların icrasına nəzarətin həyata keçirilməsi aid edilmişdir.

Məhz dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərindən irəli gələn öhdəliklərin icra vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə Beynəlxalq Dəniz Təşkilatının Üzv Dövlətlərinin Audit Sxemi (IMSAS) üzrə adıçəkilən Təşkilatın 10 dekabr 2013-cü il tarixli A.1070(28) nömrəli və A.1105(29) nömrəli qətnamələrinə əsasən, Audit Ekspert Qrupu cari ilin 28 may-6 iyun tarixlərində Azərbaycan Respublikasında səfərdə olmuşdur.

Keçirilmiş audit yoxlaması zamanı ölkə Prezidentinin rəhbərliyi altında iqtisadiyyatımızın strateji cəhətdən mühüm sahələrindən biri olan dəniz nəqliyyatı sahəsində formalaşdırılmış siyasətə uyğun olaraq həyata keçirilən davamlı islahatlar və bu məqsədlə təsdiq olunmuş mövcud normativ hüquqi aktlar, habelə dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və dəniz mühitinin mühafizəsi sahəsində məqsədyönlü, ciddi tədbirlərin reallaşdırılması Audit Ekspert Qrupu tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır.

Audit yoxlamasının həyata keçirildiyi müddət ərzində Beynəlxalq Dəniz Təşkilatı tərəfindən Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyaların tətbiqi səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikasında fəaliyyət göstərən limanların akvatoriyaları daxil olmaqla bütün ərazi sularında dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, gəmilərə dair tələblərə əməl olunmasına nəzarət mexanizmi, gəmilərin hərəkətinin idarə edilməsi, limanlara daxil olan və limanlardan çıxan gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq yoxlanılması və giriş-çıxışına icazə verilməsi, dəniz ətraf mühitinin mühafizəsi, eləcə də bu sahədə mütəxəssislərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosesi dəqiq şəkildə və incəlikləri ilə araşdırılmışdır.

Keçirilmiş audit yoxlamasının nəticələrinə əsasən, müəyyənləşdirilmişdir ki, respublikamızda dəniz nəqliyyatı sahəsində həyata keçirilən tədbirlər, qəbul edilən normativ hüquqi aktlar Beynəlxalq Dəniz Təşkilatının bütün tələblərinə uyğundur və Audit Ekspert Qrupu tərəfindən gəmilərin standartlarına nəzarət və müfəttişlər tərəfindən yoxlanılması, Dövlət Dəniz Administrasiyasının tabeliyində olan liman kapitanlarının fəaliyyəti, liman akvatoriyalarında, ümumiyyətlə, Azərbaycanın bütün ərazi sularında gəmilərin hərəkətinin idarə edilməsi sisteminin yüksək səviyyədə təşkil olunduğu bildirilmişdir.

Bununla yanaşı, gəmilərin beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq yoxlanılmasını həyata keçirən nəzarət müfəttişlərinin yalnız dənizçilərdən formalaşdırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş ixtisas tələbləri yüksək qiymətləndirilmiş, bu tələblərin və  dəniz nəqliyyatı sahəsində formalaşdırılmış digər bir sıra nəzarət mexanizmlərinin dəniz dövlətləri üçün ən yaxşı təcrübə (“Best practise”) ola biləcəyi xüsusilə vurğulanmışdır. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən limanların akvatoriyalarında gəmilərin yoxlanılmasını reallaşdıran liman nəzarəti müfəttişləri və gəmilərin yoxlanılması prosesi, habelə gəmilərin hərəkətinin idarə edilməsi sisteminin kommersiya sahəsindən tamamilə ayrılması və heç bir sahibkarlıq subyektinin tərkibində olmadan dövlət qurumu olaraq həyata keçirilməsinin Beynəlxalq Dəniz Təşkilatının birbaşa tələbi olduğu və bu sahədə respublikamızda əldə edilmiş nailiyyətlərin təqdirə layiq olduğu Audit Ekspert Qrupu tərəfindən diqqətə çatdırılmışdır.

Həmçinin, Dövlət Dəniz Administrasiyası ilə Müdafiə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər qurumlar arasında formalaşdırılmış əməkdaşlıq mexanizmlərinin, həyata keçirilən tədbirlərin koordinasiyasının təşkilinin Audit Ekspert Qrupu tərəfindən Beynəlxalq Dəniz Təşkilatının bununla bağlı tələb və tövsiyələrinə, habelə dəniz nəqliyyatı sahəsində qabaqcıl beynəlxalq təcrübəyə tam uyğunluğu müəyyənləşdirilmişdir.

Audit yoxlamasının tam obyektivliyə əsaslanan nəticələrinə görə,   respublikamızın 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllardan olması bir daha sübut edir ki, Prezident İlham Əliyev tərəfindən formalaşdırılmış dövlət siyasətinə uyğun olaraq, ölkənin dinamik inkişafı, tranzit potensialının artırılması, regionun ən böyük nəqliyyat mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi ilə bağlıdır.

Cənab İlham Əliyevin rəhbərliyi altında əldə edilmiş nailiyyətlər ölkəmizin beynəlxalq arenadakı nüfuzunun günü-gündən artmasına, dövlətimizin etibarlı tərəfdaş kimi tanınmasına, beynəlxalq təşkilatların fəal və nüfuzlu üzvünə çevrilməsinə, habelə regionumuz və bütövlükdə beynəlxalq ictimaiyyət üçün əhəmiyyət kəsb edən tədbir və layihələrin təşəbbüskarı kimi çıxış etməsinə gətirib çıxaracaqdır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında