Nəqliyyat sektorunun inkişafı daha da sürətlənəcək

 

 

 

 

 

 

 

 

 

 


Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Son illər ölkəmizdə ictimai həyatın bütün sahələrində əldə edilən dinamik inkişaf respublikamızın geosiyasi əhəmiyyətini xeyli artırmışdır. Bütün bunlarla yanaşı, qlobal iqtisadi məkanda cərəyan edən sosial-iqtisadi proseslərdə fəal iştirak etmək, xarici bazarlara səmərəli çıxış, rəqabət qabiliyyətli milli sənayeyə sahib olmaq kimi vacib vəzifələrin icrası zərurətə çevrilmişdir. Müasir dövrdə dünya gündəmini zəbt edən qloballaşma, sürətli inteqrasiya, davamlı inkişaf və s. məsələlər ölkəmiz üçün də xüsusi aktuallıq kəsb edir.

 Bu gün ölkə iqtisadiyyatının sürətli və hərtərəfli inkişafında nəqliyyat sektorunun xüsusi yeri var. Bu sektor məhsul və xidmətlərin istehsalı, paylanması və istehlakı sahəsində fəaliyyət növlərini əhatə edir və bütün iqtisadi fəaliyyətlər məcmusunda inkaredilməz rola malikdir. Dünya Bankının son hesabatlarına əsasən, hazırda məhsulun ilkin qiymətində nəqliyyat xərcinin xüsusi çəkisi inkişaf etmiş ölkələrdə 5 faiz, inkişaf etməkdə olan ölkələrdə 4,25 faiz, bütün dünyada isə, orta hesabla 4,8 faiz təşkil edir. O cümlədən, yalnız Asiya nəqliyyat bazarının illik həcmi 200 milyard dollara yaxındır. Deməli, nəqliyyat xərclərinin azaldılması və onun nəticəsində istehlak bazarlarına istehsal mallarının çatdırılması xərclərinin aşağı salınması rəqabət gücünün artmasına və digər iqtisadi sahələrin, o cümlədən sənayenin və milli iqtisadiyyatın inkişafına gətirib çıxarır.

Dünya ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsi və inteqrativ proseslərin sürətlənməsi nəqliyyat sisteminin hər bir ölkənin milli iqtisadiyyatının əsas sütunlarından olduğunu təsdiqləmişdir. Nəqliyyat xidmətlərinin sosial-iqtisadi mahiyyətini aydınlaşdıran tədqiqatçılar bu sistemin geniş təkrar istehsalın mühüm şərti olduğunu çoxdan sübut ediblər. Bu baxımdan iqtisadiyyatda genişmiqyaslı köklü islahatların aparıldığı indiki şəraitdə nəqliyyatın xüsusiyyətlərini, iqtisadi və sosial proseslərin gedişində onun rolunu dəqiqliklə nəzərə alan siyasətin formalaşdırılması və həyata keçirilməsi çox vacibdir. Ona görə də nəqliyyat sisteminin davamlı inkişafı böyük həcmli kapital qoyuluşunu, çoxlu sayda iri nəqliyyat qovşaqlarının tikintisini və yenidən qurulmasını tələb edir.

Bir faktı da nəzərə almaq lazımdır ki, nəqliyyat yalnız sərnişin və yük daşımalarını həyata keçirmir, eyni zamanda, məhsuldar qüvvələrin inkişafında, təbii ehtiyatların və əmək resurslarının istehsal dövriyyəsinə operativ cəlb olunmasında, əhali məskunlaşmasında və məhsuldar qüvvələrin ərazi üzrə optimal yerləşdirilmə-sində mühüm rol oynayır. Dünya ölkələri arasında iqtisadi əlaqələrin səmərəliliyinin yüksəldilməsi və yük axınlarının əlverişli tənzimlənməsinin həyata keçirilməsi hər bir nəqliyyat sahəsində beynəlxalq normalara uyğun təkmilləşdirmə işlərinin aparılmasını tələb edir. Ölkələr yerləşdikləri coğrafi mövqedən asılı olmayaraq çalışırlar ki, öz məhsullarını daha sərfəli yollarla dünya bazarlarına çıxarsınlar və daha çox səmərə əldə etsinlər. Məhz bu baxımdan beynəlxalq əhəmiyyətli nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan Republikasının əlverişli nəqliyyat sisteminə malik olması dünyanın bir çox ölkələri ilə qarşılıqlı səmərəli iqtisadi əlaqələrin həyata keçirilməsinə münbit şərait yaradır.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında demişdir: “Biz Avropa və Asiya arasında yerləşirik. Bu coğrafi yerləşmə, tarixi irsimiz və siyasi gündəliyimiz həmin layihəni ərsəyə gətirmək üçün bizə çox kömək edir. Biz bu istiqamətə daha çox yükdaşımalarını cəlb etmək üçün tərəfdaş ölkələrlə ikitərəfli formatda işləyirik. Təkcə birbaşa İpək Yolu üzərində yerləşən ölkələr yox, həm də bu yolun yaxınlığında yerləşən ölkələr bu imkandan faydalana bilər”.

Əlverişli şəraitdən maksimum faydalanmaq məqsədilə, eləcə də milli nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasını təmin etmək üçün dəmir yolu, dəniz, avtomobil, hava, boru kəməri, o cümlədən şəhər nəqliyyatı sahələri geniş təhlil edilməli və daha səmərəli istifadə yolları müəyyən olunmalıdır. Eyni zamanda, müasir şəraitdə nəqliyyat qovşaqlarının əmələgəlmə xüsusiyyətləri və buraxılış imkanları dərindən araşdırılmalıdır. Ümumiyyətlə, səmərəli nəqliyyat əlaqələrinin qurulması, nəqliyyatda idarəetmənin təkmilləşdirilməsi, nəqliyyat sektorunun, nəqliyyat-tranzit xidmətlərinin büdcənin əsas gəlir mənbələrindən birinə çevrilməsi üçün ölkənin iqtisadi rayonları üzrə nəqliyyat sistemi, hər bir iqtisadi rayonun spesifik xüsusiyyətləri, daxili və beynəlxalq yükdaşımada iştirak imkanları ətraflı təhlil edilərək qiymətləndirilməsi və perspektiv imkanların aydınlaşdırılması zəruridir. Bu baxımdan “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi” olduqca mühüm əhəmiyyət kəsb edir. Yerli və xarici mütəxəssislərin birgə əməkdaşlığı sayəsində hazırlanmış sənəd istər ölkəmizin potensial imkanlarının aydınlaşdırılması, istərsə də müvafiq qabaqcıl təcrübənin öyrənilməsi və bu təcrübənin tətbiqi yollarının müəyyən edilməsi baxımından xüsusilə diqqəti cəlb edir. 

Təbii ki, hər bir sahədə uğurlu nəticələrin zəruri şərtlərindən biri lazımi investisiya vəsaitlərinin olmasıdır. Logistika və ticarət sahəsində həyata keçirilən tədbirlər nəticəsində dövlət və özəl mənbələrdən istifadə edilməklə, cəmi 3160 milyon manat investisiya qoyuluşu proqnozlaşdırılır ki, bu da hər il ÜDM-in 605 milyon manat artmasına imkan yaradacaqdır.

Xüsusilə, Ələt qəsəbəsində inşa edilən Beynəlxalq limanın və dəmir yolları şəbəkəsinin perspektivlərini əhatə edən Strateji Yol Xəritəsi ölkəmizin bu sahədən gözləntilərinin reallaşmasında təkmil bir proqramdır. Ələt limanında azad ticarət zonasının yaradılması da nəzərdə tutulur ki, bu da ixracyönümlü sənaye sahələrində fəaliyyət göstərən özəl şirkətləri və investorları ünvanlı xidmət və stimullarla təmin edir.

Qeyd olunduğu kimi, qloballaşma və inteqrasiya proseslərinin sürətlənməsi ilə xarakterizə olunan müasir dövrdə dəniz daşımaları ilə yanaşı, dəmir yolu daşımaları da artmaqdadır. Dünya üzrə beynəlxalq əmtəə dövriyyəsində hər iki nəqliyyat növü üstünlüyə malikdir ki, bu da dəmir yolunda özünü daha qabarıq göstərir. Belə ki, dəmir yolu ilə daşımaların illik artımı 2-3 faiz arasında dəyişir. Bu isə daha çox dünya miqyasında ticarət axınlarında konteyner yük daşımalarının həcminin davamlı artımı, liman operatorlarının və dəmir yolu şəbəkələrinin limana çıxışı və terminalların təkmilləşdirilməsinə irihəcmli investisiya qoyuluşları ilə reallaşmışdır. Coğrafi vəziyyətin imkan verdiyi bir çox ölkələr dəniz, quru yolu, dəmir yolu daşımalarında logistika mərkəzləri vasitəsilə əlavə dəyər yaratmaqla, yuxarıda qeyd edilən iqtisadi faydaları əldə etməyə çalışırlar. Ümumilikdə isə Strateji Yol Xəritəsində də göstərildiyi kimi, dünyanın ən qabaqcıl təcrübələrinə əsasən logistika mərkəzləri vasitəsilə əlavə dəyər yaradılmasının bir neçə yolu vardır. İlk növbədə, infrastruktur və xidmətlərin paralel inkişafı, logistika mərkəzlərinə investisiya qoyuluşları üçün aydın strategiyanın və düşünülmüş planlaşdırmanın olması, özəl və dövlət sektorlarının birgə fəaliyyətinə nail olunması zəruridir. 

Son illər Azərbaycanda yükdaşıma xidmətlərinin ixracında təxminən 10 faiz artım əldə olunub. Məlumdur ki, hazırda beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən bir ölkə üçün qeyd edilən göstəricilərlə kifayətlənmək olmaz. Dünyanın əsas yük axınları Çin-Hindistan və Çin-Avropa arasında müşahidə edilir ki, Azərbaycan da bu axından tranzit xidmətlərlə daha böyük həcmdə gəlir əldə etmək imkanına malikdir.

Bunun üçün qarşıdakı illərdə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Heydər Əliyev Beynəlxalq Aeroportuna və ölkənin daxili ticarət şəbəkəsinə çevik inteqrasiyasını təmin etmək zəruridir. Başqa sözlə desək, Liman bir “HUB” (mərkəz) rolu oynayaraq, digər nəqliyyat növləri ilə yaxından inteqrasiya olunmalıdır. O cümlədən, bu əlaqənin bütün ölkəni əhatə etməsi üçün regional nəqliyyat qovşaqlarının təkmilləşdirilməsi, onların bazasında logistik mərkəzlərin yaradılması məqsədəuyğundur. Strateji Yol Xəritəsində nəzərdə tutulan regional logistik mərkəzlərin, məhz regional nəqliyyat qovşaqları bazasında formalaşdırılması da nəzərdən keçirilə bilər. Beləliklə, bu qovşaqların (logistik mərkəzlərin) müasir texnologiya ilə təmin olunması nəticəsində yük sahibi ilə yükdaşıma xidmətinin virtual məkanı (görüş yeri) formalaşacaqdır. Başqa sözlə desək, yükdaşıma şirkətləri ilə yük sahiblərinin virtual məkanının formalaşdırılması, eləcə də bu qovşaqların xarici yük mərkəzləri ilə əlaqələndirilməsi həm milli daşıyıcıların xarici bazarlara çıxışı, həm də milli məhsulların ixracı və tranzit xidmətlərinin artması kimi müsbət təsirlərlə xarakterizə olunur.

Azərbaycanın əlverişli coğrafi mövqeyi bu istiqamətdə müsbət dəyişikliklərin həyata keçirilməsinə təkan verəcəkdir. Burada dəstəkləyici amil kimi biznes mühitinin əlverişliliyini də qeyd etmək lazımdır. Bundan əlavə, kommunal xidmətlərə çıxışın olması, əlverişli biznes mühiti, idxal-ixrac əməliyyatlarının aparılması üzrə əlverişli şərtlərin müəyyənləşdirilməsi və istedadlı kadr bazası beynəlxalq şirkətlərin bu logistika və ticarət mərkəzinə daha çox investisiya qoymasına şərait yaradacaqdır. Ümumiyyətlə, istər logistika, istərsə də konkret daşımaçılıq sahəsində özəl təsərrüfat subyektlərinin formalaşdırılması olduqca vacibdir. Əslində bu istiqamətlərdən gözləntilərin özünü doğrultmasının zəruri şərtlərindən biri də məhz özəl təsərrüfat subyektlərinin fəaliyyətidir.

Heç şübhəsiz, həyata keçirilən tədbirlər, Strateji Yol Xəritəsinin reallaşdırılması, paralel olaraq Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı Kompleksində və digər ərazilərdə yerləşən logistika və ticarət mərkəzləri vasitəsilə aparılan beynəlxalq ticarət yerli bazarların da böyüməsinə, nəqliyyat, xidmət, təchizat və tədarük şirkətlərinin ümumi inkişafına dəstək verəcəkdir.

Azərbaycanın dünyaya çıxışında, milli nəqliyyat sisteminin qlobal məkana inteqrasiyasında önəmli rol oynayan Şərq-Qərb dəhlizi 2015-ci ildə yük dövriyyəsi 150 milyon tona bərabər olan əsas ticarət marşrutudur ki, hazırda bu yük dövriyyəsində Azərbaycanın payı mövcud potensial imkanlarla müqayisədə çox kiçikdir. Şərq-Qərb dəhlizi güclü artım vəd etsə də, Azərbaycan bu marşrutla yükdaşımalar sahəsində Transsibir, Transsibir-Qazaxıstan, Mərkəzi dəhliz və dəniz yolu ilə daşımalar kimi alternativ marşrutlarda güclü rəqabətlə üzləşir. Orta Asiya və Qara dəniz regionunun bu dəhliz vasitəsilə ticarətinin həcmi 2015-ci ildə 9,9 milyon ton olmuşdur və 2020-ci ildə 13,8 milyon tonadək artacağı gözlənilir. 2015-ci ildə Şərq-Qərb dəhlizi boyu Orta Asiya ilə Avropa arasında ticarətin həcmi 38,8 milyon tona çatmış və 2020-ci ildə həmin həcmin 56,8 milyon ton olacağı gözlənilir. Dəhlizboyu Çinlə Avropa arasındakı ticarətin həcmi isə 2015-ci ildə 102 milyon ton olmuşdur və 2020-ci ildə bu göstəricinin 118,7 milyon tona çatacağı proqnozlaşdırılır. Baxmayaraq ki, Şərq-Qərb dəhlizi boyunca Azərbaycan ərazisi Orta Asiyadan Qara dəniz regionuna məsafə baxımından ən qısa marşrutdur, Bakı ilə Tbilisi arasında qoşaxətli dəmir yolu əlaqəsinin, Orta Asiya ilə Azərbaycan arasında dəmir yolu qatarlarının bərə ilə daşınması xəttinin və boru kəmərlərinin mövcudluğu Azərbaycanın bu marşrutda əsas iştirakçı olması üçün bir çox üstünlüklər yaradır. Ancaq bu istiqamət hələlik büdcə gəlirlərində, tranzit daşımalarında nəzərəçarpacaq səviyyədə deyildir. Bu marşrut Çin-Avropa, Çin-Hindistan axınlarından əlavə yüklər cəlb etmək imkanındadır və Strateji Yol Xəritəsində də həmin məsələlər öz geniş əksini tapmışdır.

Ölkəmizin tranzit potensialını artıran Şimal-Cənub nəqliyyat dəhlizi boyunca daşınan yüklərin böyük hissəsini quru yüklər təşkil edir. Rusiya ilə İran arasında və İranla Qara dəniz regionu arasındakı ticarətin 80 faizdən çoxu quru yüklərdən, 20 faizə qədəri isə konteyner daşımalarından ibarətdir. Bakı-Tbilisi-Qars dəmir yolunun tezliklə istifadəyə verilməsi, Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu bağlantısının yaradılması, o cümlədən nəqliyyat sektoru, xüsusilə dəmir yolu nəqliyyatı timsalında iki və çoxtərəfli razılaşmaların imzalanması, ölkəmizdə bərə daşımalarının təkmilləşdirilməsi istiqamətində mühüm addımların atılması nəticəsində tranzit xidmətləri yaxın vaxtlarda büdcənin əsas gəlir mənbələrindən birinə çevriləcək. Ümumilikdə, logistika və ticarət sahəsi bütün sektorların inkişafında bünövrə rolunu oynamaqla, əlavə dəyərin və yeni iş yerlərinin yaradılmasında və gəlirliliyin artırılmasında mühüm rol oynayacaq. Strateji Yol Xəritəsinin reallaşdırılması ilə Azərbaycan logistika və ticarət sahəsində regional və qlobal dəyər zəncirlərinə inteqrasiya olunacaq. Bu da son nəticədə tranzit xidmətlərindən yüksək gəlir əldə etmək üçün geniş imkanlar yaradacaqdır.

Aqil Əsədov,
AMEA İqtisadiyyat İnstitutunun
şöbə müdiri, iqtisad üzrə
fəlsəfə doktoru, dosent


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında