Azərbaycanın beynəlxalq iqtisadi əlaqələri getdikcə genişlənir

Ölkə  Prezidenti cənab  İlham Əliyevin işləyib hazırladığı uzaqgörən inkişaf strategiyası nəticəsində son illərdə Azərbaycan dayanıqlı və davamlı iqtisadi inkişafını daha da sürətləndirib,  regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Ölkə iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş, bir tərəfdən, respublikamızın geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini qarşıya mühüm vəzifə kimi  qoyur.

Hazırda əsas məqsədlərdən biri yaxın illərdə iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənayenin hesabına reallaşdırmaqdır. Bu sahənin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, eləcə də  “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi”ndə başlıca hədəflər sırasındadır. Həmin hədəflərlə bağlı bəzi məqamlara diqqət yetirək. Azərbaycanda bu gün mövcud qanunvericilik çərçivəsində investorların sərmayələri lazımi səviyyədə qorunur. Vergi və gömrük qanunvericiliyi sahəsində etibarlı hüquqi bazanın yaradılması da xarici investorların ölkəmizə cəlb olunması baxımından əhəmiyyətli rol oynayır. Azərbaycanın enerji sektoru ilə yanaşı, digər sahələr də xarici investorlar üçün cəlbedici olaraq qalır. Potensial investorlar isə Azərbaycanda maliyyə, inşaat (xüsusilə də iri biznes komplekslərinin yaradılması), kənd təsərrüfatı, alternativ enerji, turizm, informasiya texnologiyaları, qida və s. sektorlara böyük maraq göstərirlər.

Dünyanın aparıcı investisiya şirkətləri, maliyyə qurumları ölkəmizə irihəcmli sərmayə yatırır, kreditlər ayırırlar. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən xarici investisiyanın çox hissəsi Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya, Türkiyə və Koreyaya məxsusdur. Azərbaycanda reallaşan strateji əhəmiyyətli infrastruktur layihələrin icrasında türk şirkətləri daha fəal iştirak edirlər. Ölkəmizə qoyulan əsaslı investisiyalar, yerli şirkətlərin fəaliyyətinin genişlənməsi, sahibkarlığın inkişafına ayrılan vəsait, kredit, subsidiyaların artırılması xarici investorların fəaliyyətinə əlverişli şərait yaratmaqla güclü infrastruktur layihələrinin tətbiqini də genişləndirir.

Özəl investisiyalar sahəsində həyata keçirilən siyasətin əsas istiqamətlərini müəssisələrin yenidənqurulması məqsədilə müasir texnoloji avadanlıqların Azərbaycana gətirilməsi və bunun üçün xarici ticarət rejiminin təkmilləşdirilməsi, daxili investisiyalarla yanaşı, birbaşa xarici investisiyaların ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yönəldilməsi kimi məsələlər təşkil edir.

İqtisadiyyatın bir çox sahələrində olduğu kimi, xaricə investisiya ­qoyuluşu sahəsində də ölkəmiz uğurlar qazanır. Azərbaycan şirkətlərinin xarici bazarlara çıxması dövlət siyasətinin əsasını təşkil edir. İqtisadi potensialımızın güclənməsi xarici dövlətlərə investisiya qoyuluşuna əlverişli şərait yaradır. Hazırda Türkiyə, Gürcüstan, Ukrayna, Belarus, Moldova, Polşa kimi ölkələr Azərbaycan investisiyalarının potensial hədəfləri sırasında yer alır.

Respublikamızın güclü maliyyə resurslarına malik olması, bölgədə ən iri kommunikasiya - infrastruktur layihələrinin reallaşmasının təşəbbüskarı kimi iştirak etməsi sayəsində xarici investorlar Azərbaycan iqtisadiyyatına daha böyük maraq göstərirlər. Ölkəyə qoyulan investisiyaların həcminin ildən-ilə artması dövlətimizin bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir. Bütün bu amillər onu deməyə əsas verir ki, dünyada etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanda əlverişli biznes mühiti formalaşıb. Əldə olunan nəticələr iqtisadiyyatın daha da güclənəcəyinə əlverişli zəmin yaradıb.

Son illər Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, “Qoldman Saks” Təşkilatı, Beynəlxalq Maliyyə Korporasiyası, Müstəqil Dövlətlər Birliyinin Statistika Komitəsi və digər qurumların hesabatlarında Azərbaycanda investisiyalar üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin qeydiyyat prosesinin təkmilləşdirilməsi, əcnəbi sərmayəçilər üçün hökumət tərəfindən əlverişli sərmayə imkanlarının reallaşdırılması, eləcə də digər tədbirlərin intensiv xarakter alması əksini tapıb. Ümumdünya İqtisadi Forumunın açıqladığı ənənəvi qlobal rəqabətlilik əmsalında respublikamız əksər MDB və Avropa ölkələrini geridə qoyub. 

“Fitch Ratings” agentliyi tərəfindən ilk dəfə olaraq ölkəmizə investisiya reytinqi verilib. Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatları arasında investisiya reytinqi alan ilk və indiyədək yeganə iqtisadiyyatlı ölkə olaraq qalmaqdadır. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın kredit reytinqinin yaxşılaşlması Avropanın bəzi inkişaf etmiş ölkələrinin suveren reytinqlərinin aşağı salınması fonunda baş verir.

Xarici ticarət dövriyyəsi və idxal-ixrac əməliyyatlarının getdikcə genişləndirilməsi də ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Məhz buna görədir ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.

Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələrində diqqətçəkən mühüm məqamlardan biri də ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisinin artması ilə bağlıdır. Məlumat üçün bildirək ki, son illər ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafı ilə bağlı reallaşdırılan tədbirlər nəticəsində bu səhədə rəqabətqabiliyyətli məhsulların istehsalı xeyli artıb. Artıq həmin məhsullara dünya bazarlarında maraq getdikcə artır. Təsadüfi deyil ki, bu vacib məqama toxunan Prezident İlham Əliyev deyib: “Bir neçə il bundan qabaq mən qarşıya vəzifə qoymuşdum ki, biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Bu istiqamətdə böyük işlər görülmüşdür. Bizim indi satış məntəqələrimizdə satılan məhsulların, yəni, ərzaq məhsullarının böyük əksəriyyəti, mütləq əksəriyyəti Azərbaycanda istehsal olunan məhsullardır. Əgər biz keçmişi yada salsaq görərik ki, o vaxt yerli məhsulları heç tapmaq mümkün deyildi. İndi bizim yerli məhsullarımız heç bir xarici məhsuldan geri qalmır-həm keyfiyyəti, həm onların müasir qablaşdırılması, xarici görünüşü, dadı baxımından... Azərbaycanda indi kənd təsərrüfatı emalı sənayesində elə gözəl məhsullar istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da ixrac edilir”.

Artıq rəqabət indeksi göstəricisini ilbəil yaxşılaşdıran Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin tərkibində mühüm dəyişikliklər baş verib. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarıb, hətta bəzi hallarda ixraca da yönəldilib. Bununla da  daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaranıb.    

Yeri gəlmişkən, xarici ticarət əlaqələrinin genişlənməsi ilə bağlı bəzi göstəricilərə də nəzər salaq. Bu ilin yanvar–mart aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 149 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 84 ölkəyə məhsul ixrac, 143 ölkədən idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilən dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 5090,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 3578,1 milyon dollar, idxalın dəyəri 1512,8 milyon dollar təşkil edib, nəticədə 2065,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 10,6 faiz artıb, real ifadədə isə 16,4 faiz, o cümlədən ixrac 9,2 faiz, idxal 27,3 faiz azalıb. 

Ticarət dövriyyəsinin 39,1 faizi Avropa İttifaqı ölkələri, 11,8 faizi MDB üzvü dövlətləri, 49,1 faizi isə dünyanın digər ölkələrinin payına düşüb. 

İxracın dəyərinin 20,7 faizi İtaliyaya, 11,8 faizi Türkiyəyə, 6,9 faizi Portuqaliyaya, 6,5 faizi Tayvana (Çinin əyaləti), 5,7 faizi İsrailə, 4,8 faizi Çinə, hər biri 4,5 faiz olmaqla Almaniya və Hindistana, 4,1 faizi Gürcüstana, 3,8 faizi Fransaya, 3,6 faizi Kanadaya, qalan 23,1 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb. 

İdxal olunan məhsulların dəyərinin 19,7 faizi Rusiyanın, 16,1 faizi Türkiyənin, 9,8 faizi Çinin, hər biri 4,9 faiz olmaqla Almaniya və ABŞ-ın, 4,4 faizi Ukraynanın, 4,1 faizi İtaliyanın, 3,7 faizi Birləşmiş Krallığın, 3,2 faizi İranın, 2,1 faizi Braziliyanın, 1,9 faizi Hindistanın, 25,2 faizi isə digər ölkələrin payına düşüb. 

2017-ci ilin yanvar–mart aylarında 264,9 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-mart aylarına nisbətən faktiki qiymətlərlə 9,1 faiz, real ifadədə isə 7 faiz çoxdur.

Ölkədə makroiqtisadi sabitliyin təmin olunması, manatın sabitliyinin və etibarının bərpa edilməsi də yerli malların xarici bazarlara çıxarılmasına müsbət təsir göstərib. Bütün bunlar isə cari ilin ilk 4 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunun ÜDM-də 2 faiz artması, qeyri-neft sənayesində 2,8 faiz, kənd təsərrüfatında 3,2 faiz artım qeydə alınması, ixracda 41,1 faiz artımın, idxalda isə 16,5 faiz azalmanın müşahidə edilməsi ilə nəticələnib.

Yuxarıda xatırladılan rəqəmlərlə yanaşı, digər göstəricilər də fərəhlidir. Belə ki, bu ilin ilk 4 ayında avtonəqliyyat vasitələri ilə 200 min tondan çox yük daşınıb. İdxal 400 milyon ABŞ dolları həddində azalıb. Ötən illə müqayisədə qeyri-neft sektoru məhsullarının ixracında artım müşahidə olunub. Ölkədən 150 min tondan artıq əlavə qeyri-neft sektoru malları, əsasən ərzaq və tikinti məhsulları ixrac edilib. Hazırda Azərbaycanın Rusiya, MDB ölkələrinə məhsulların ixracı ilə bağlı mühüm tədbirlər reallaşdırılır, ərəb ölkələri ilə danışıqlar aparılır.

Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrində əməkdaşlığının getdikcə genişlənməsi ilə bağlı  Bakıda keçirilən Avropa İttifaqı–Azərbaycan biznes forumunda da ətraflı danışılıb.  Avropa və Azərbaycanın biznes şirkətlərini və hökumətini təmsil edən 500-dən çox nümayəndənin bir araya gəldiyi həmin forumda Aİ-nin respublikamızdakı  nümayəndəliyinin rəhbəri Malena Mard bildirib ki, bu qurum Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanda xarici investisiyanın 50 faizi Aİ ölkələrinin payına düşür. Aİ Azərbaycanla qeyri-neft sektoru sahəsində tərəfdaş olmaq istəyir. Biz Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün mühüm islahatların aparıldığını görürük.

Hazırda Azərbaycanın əsas xarici ticarət tərəfdaşı Aİ ölkələridir. Ötən il Aİ-nin Azərbaycanın xarici ticarətindəki payı 35 faiz, bu ilin 4 ayında isə 38 faiz təşkil edib.

Bu göstəricilərdən aydın olur ki, ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının reallaşdırılması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. xarici ticarət əlaqələrin həcminin və coğrafiyasının daha da  genişlənməsinə müsbət təsir göstərib. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında