Pambıqçılığın inkişafında yeni mərhələ

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi strategiya və davaml islahatlar ölkəmizin bütün sahələr üzrə inkişafında özünü göstərməkdədir. Dünyanı maliyyə problemləri  və iqtisadi böhranın bürüməsinə baxmayaraq, respublikamızda qarşıya qoyulan vəzifələr uğurla icra olunur, hətta iri layihələrin reallaşdırılması istiqamətində də qətiyyətli addımlar atılır. Son illər xüsuslə qeyri – neft sektorunda müşahidə olunan canlanma, kənd təsərrüfatı və sənaye sahələrində məhsul istehsalının artımı və bunun “Made in Azerbaijan” brendi kimi dünya bazarlarına çıxarılması iqtisadiyyatımızın davamlı inkişafının təmin olunmasında böyük rol oynayır.

Azərbaycanda qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritetini təşkil edir. Bu  istiqamətdə pambıqçılığın inkişafı xüsusi önəm kəsb edir. Çünki pambıqçılıq ən çox gəlir gətirən sahələrdəndir. Bununla yanaşı, pambıqçılığın inkişafı yeni iş yerlərinin yaradılmasına da əlverişli şərait yaradır.

Bu il martın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair Saatlı rayonunda keçirilən ümumrespublika müşavirəsində dövlətimizin başçısı qeyd etmişdir ki, pambıqçılığın inkişafı Azərbaycanda prioritet sahə sayılır. Ümumrespublika müşavirəsinin Saatlı rayonunda keçirilməsi təsadüfi olmamışdır. Ölkə rəhbəri vurğulamışdır ki, son illər Saatlı rayonu respublikada ən çox pambıq istehsal edən rayondur. Dövlətimizin başçısı demişdir ki, bu il də ən çox pambıq tədarükü Saatlı rayonunda gözlənilir.

Hazırda pambıqçılıqda işin qızğın vaxtıdır. Sahələrdə normal çıxış almış fermerlər pambıq kollarının becərilməsinə xüsusi diqqət göstərirlər. Bu barədə daha ətraflı məlumat əldə etmək üçün ­­“CTS Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı rayonundakı pambıq zavodunun direktoru Qismətəli Mirzəyevlə əlaqə saxladıq və hazırda pambıqçılıqda vəziyyətin hansı səviyyədə olması barədə danışmasını xahiş etdik. O dedi:

 – Neftin qiymətinin dünya bazarlarında kəskin şəkildə aşağı düşdüyü bir zamanda qeyri-neft sektorunun inkişafı prioritet sahədir. Bu baxımdan pambıqçılığın inkişafı böyük əhəmiyyət kəsb edir. Çünki bu məhsulun dünya bazarlarında həmişə müştərisi var. Bununla yanaşı,  pambıqçılığın rayonun inkişafında da çox böyük rolu var. Əhalinin gəlirləri çoxalır, yeni iş yerləri açılır, məşğulluq artır. Son illər biz bunu daha yaxından hiss edirik. Çünki əhalinin pambıq əkininə meyli xeyli artıb. Rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğısı özünü əməli işdə də büruzə vermişdir. Saatlının  pambıqçılıqla məşğul olan fermerləri ötən il 8109 hektar sahədə pambıq əkmişdilər ki, bu da 2015-ci illə müqayisədə 2 dəfə çox idi. Gərgin zəhmət hesabına yetişdirilən  12 min 88 ton pambıq toplanaraq emal müəssisələrinə təhvil verildi. Təbii ki, bu göstərici rayonun  “ağ qızıl” ustalarını qane edə bilməzdi. Axı, Saatlıda pambıq istehsalının artırılması, daha çox məhsul yetişdirilməsi üçün hər çür şərait var. Məhz bu baxımdan bu il 17 min 150 hektar sahədə pambıq əkilib. Göründüyü kimi, bu da ötən illə müqayisədə 2 dəfə çoxdur. Halbuki 2015-ci ildə respublika üzrə cəmi 18 min hektarda pambıq əkilmişdi.

Bu il Saatlı pambıqçıları əvvəlki illərə nisbətən daha böyük ruh yüksəkliyi ilə işləyirlər. Bu da səbəbsiz deyil. Bu il martın 28-də rayonumuzda dövlətimizin başçısının sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair ümumrespublika müşavirəsi keçirilən gün cənab Prezidentin iştirakı ilə ölkə ərazisində ilk pambıq əkini məhz Saatlıda keçirilmişdir. İlk toxumun torpağa dövlətimizin başçısı tərəfindən atılması hamımızı ruhlandırmış və pambıqçılar hiss etmişlər ki, onların arxasında dövlətimiz, ölkəmizin başçısı dayanıb. O ki qaldı öz fəaliyyətimizə, deyə bilərəm ki, bu il fermerlərlə bağladığımız müqaviləyə əsasən 4 min hektar sahədə pambıq əkilmişdir. Demək olar ki, tam çıxış almışıq. Becərmə işlərinə 1200 ailə cəlb olunub. Pambıqçılıqla məşğul olanların əmək haqlarının verilməsində  problem yoxdur və bu iş tam şəffaf şəraitdə həyata keçirilir. Bu işə  "Aqrarkredit" QSC-nin sədri Məmməd Musayev şəxsən nəzarət edir. Onun nəzarəti ilə görülən işlər tam yoxlanılır, sonra əmək haqqı hesablanılır və pambıqçıların pulları onların özlərinə verilir. Bu gün heç kəs əmək haqqının verilməsindən və gecikdirilməsindən narazılıq edə bilməz.

Fermerlərin bu sahəyə marağının atrmasının əsas səbəbi isə ölkə Prezidentinin 2016-cı il sentyabrın 22-də imzaladığı “Pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında” sərəncam olmuşdur.  Sərəncama əsasən, hər ton xam pambığa görə istehsalçılara 100 manat subsidiya verilmişdir. Budan sonra fermerlərin marağı daha da artmış və ölkədə pambıqçılıq yüksələn xətlə inkişaf etmişdir. Biz pambıqçıların öz işlərini günün tələbləri səviyyəsində qurmaları üçün bütün imkanlardan istifadə edirik. “ÇTS Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru Zakir Əzimovun bu sahədəki diqqəti xüsusi qeyd edilməlidir. Fermerlərin pambığın becərilməsində istifadə edəcəkləri kimyəvi preparatlar, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə güzəştli qiymətlərlə ammonium-nitrat və fosfor gübrələrinə olan tələbat müəyyənləşdirilərək sifarişlər verilib.

Bundan əlavə, pambıqçıların zəruri texnika ilə  təmin edilməsi, bol məhsul yetişdirmələri üçün hər cür şərait yaradılması MMC rəhbərliyinin diqqətindən bir an da olsun  yayınmır. Bu il qərara almışıq ki, sahələrdə yetişdiriləcək “ağ qızıl”ın toplanılmasının çox hissəsini pambıqyığan maşınlarla həyata keçirək. Bu, həm yığımı sürətləndirir, həm də itkisiz başa çatdırılmasında böyük rol oynayır. Hazırda 10 ədəd “Con dery”  markalı yeni tipli pambıqyığan kombayınımız var. Bu il əkin sahəsi çox olduğundan əlavə texnikaya da ehtiyac yaranıb. “ÇTS Aqro” MMC-nin rəhbərliyi fermerləri əmin edib ki, bu sahədə heç bir narahatlıq ola bilməz. Ehtiyac yaranarsa, əlavə ən müasir tipli  pambıqyığan kombaynlar veriləcək. Hazırda sahələrdə becərmə işləri davam etdirilir. Pambıqçılığın daha da inkişaf etdirilməsi məqsədilə dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkanlardan səmərəli istifadə olunacaq.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında