Su təchizatı layihələri uğurla həyata keçirilir

5 iyun su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günüdür

Son illər Azərbaycanda uğurlu sosial siyasət həyata keçirilir, ölkə əhalisinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində mühüm dövlət proqramları icra olunur. Bütün bu tədbirlər kommunal sektorun vacib sahələrindən sayılan su təchizatı və kanalizasiya sektorundan da yan keçməmiş, bu istiqamətdə iri infrastruktur layihələri icra edilmişdir.  Dövlətin birbaşa qayğı və diqqəti nəticəsində paytaxt Bakıda və regionlarda reallaşdırılan həmin layihələr ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatının və kanalizasiya xidmətlərinin yaxşılaşmasına səbəb olmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, görülmüş işlər nəticəsində mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunan əhalinin sayı iki  dəfədən çox artaraq 4 milyon 500 min nəfəri keçmişdir. Hazırda ölkə üzrə xidmət göstərilən əhalinin 65,9 faizi, Bakı şəhərində isə 80,8 faizi fasiləsiz rejimdə içməli su ilə təmin edilir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 14 may 2014-cü il tarixli sərəncamı ilə iyun ayının 5-i ölkəmizdə su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı günü təsis edilmişdir. Su təsərrüfatı işçiləri artıq 4-cü ildir ki, peşə bayramlarını böyük ruh yüksəkliyi, uğurlu göstəricilərlə qeyd edirlər. İstehlakçıların mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilməsində və onların kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasında “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin  kollektivinin böyük əməyi vardır.

 

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda böyük su təsərrüfatı  infrastrukturu yaradılıb

 

Tarix boyu insanların suya olan tələbatının ödənilməsinə yönəlmiş hər bir iş savab əməl sayılıb. Suyun insanlara xoşbəxtlik, sağlamlıq, səadət gətirdiyini xatırladan böyük dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin “Su verən, bulaq yaradan, çay açan hər bir insan həmişə xalqın, millətin, insanların məhəbbətini qazanır” fikirləri su təsərrüfatı işçilərinin əməyinə verilən ən böyük qiymətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Su sağlamlıq deməkdir. Təmiz içməli su insanın sağlamlığına verilən ən böyük töhfədir” sözləri də insan amilinə verilən önəmin təcəssümüdür.

Məhdud şirin su ehtiyatlarına malik Azərbaycanda əhalinin içməli su təminatı həmişə aktual olub. Abşeron yarımadasında içməli su problemini həll etmək üçün bir əsr əvvəl Şollar-Bakı Su Qurğuları Kompleksi tikilib. Sonralar İkinci Bakı su kəməri, Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksi istismara verilib, Bakı şəhərində paylayıcı şəbəkə və digər zəruri infrastrukturlar yaradılıb. 1970-ci ildə böyük dövlət xadimi Heydər Əliyevin  rəhbərliyi ilə Kür su kəmərləri sistemi işə salınıb və Abşeron yarımadasının su təminatında uzunmüddətli sabitlik təmin olunub. 

Bakı şəhərinin tullantı su infrastrukturunun inkişafını  nəzərdə tutan “Böyük kanalizasiya” layihəsinin reallaşdırılması da 1970-80-ci illərə təsadüf edir. Ulu öndərin birbaşa nəzarəti altında həmin dövrdə Azərbaycanın ən böyük tullantı  sutəmizləyici qurğusu olan Hövsan Aerasiya Stansiyası, həmçinin bu gün də paytaxtda tullantı sularının kənarlaşdırmasında arteriya rolunu oynayan “Sənaye zonası”, “Şəhərkənarı” və “Sahil” kollektorları inşa edilib.

Azərbaycanın əksər rayon mərkəzlərində mərkəzləşdirilmiş içməli su və kanalizasiya şəbəkələri də ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə yaradılıb. 1970-80-ci illərdə ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə bölgələrdə yeni su mənbələri yaradılıb, sugötürücü və sutəmizləyici qurğular, su anbarları, nasos stansiyaları, magistral kəmərlər və paylayıcı şəbəkələr tikilib.

Ulu öndər 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra bu sahəni yenə də diqqət mərkəzində saxlayıb. Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildikdən sonra beynəlxalq maliyyə qurumlarından su sektoruna kredit cəlbi ilə bağlı danışıqlara başlanılıb və “Böyük Bakının su təchizatı sisteminin yenidən qurulması layihəsi” üçün güzəştli şərtlərlə 88,7 milyon dollar kredit alınıb. Bu vəsait hesabına Kür və Ceyranbatan sutəmizləyici qurğuları, paytaxt Bakıda mərkəzi və məhəllədaxili nasos stansiyaları yenidən qurulub. Bununla da əhalinin keyfiyyətli və dayanıqlı su təchizatına nail olunub.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə su təsərrüfatı  sektorunda köklü islahatlar aparılıb

 

2003-cü ilin oktyabrında İlham Əliyevin Prezident seçilməsi ilə ölkəmizin həyatında yeni inkişaf mərhələsi başlanıb. Ulu öndərin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Əhalinin içməli su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə bu sektorda struktur islahatları aparılıb. 2004-cü ilin iyununda su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə vahid qurum--“Azərsu” Açıq Səhmdar Cəmiyyəti  yaradılıb. 

Bakı şəhəri və Abşeron yarımadasının içməli su təchizatında müstəsna əhəmiyyət daşıyan və ideya müəllifi ulu öndər Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəməri Prezident İlham Əliyevin rəhbərliyi ilə 2010-cu ildə istismara verilib. Məhz bu kəmərin, eləcə də digər mənbələrin imkanlarından istifadə olunmaqla hazırda Bakı şəhərində xidmət göstərilən əhalinin 80 faizindən çoxu fasiləsiz içməli su ilə təmin edilir.

Abşeron yarımadasında su təchizatı və kanalizasiya sektorunda görüləcək işlərin və dövlət proqramlarının icrasının səmərəliliyini artırmaq məqsədilə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan hazırlanıb. 18 bölmədən ibarət sənədə uyğun olaraq 550 kilometr magistral,  8100 kilometr paylayıcı su xətlərinin, həcmi 1 milyon 150 min kubmetr olan su anbarlarının, 150 kilometri tunel tipli olmaqla 680 kilometr kanalizasiya kollektorlarının, 6400 kilometr kanalizasiya şəbəkəsinin, 900 kilometr yağış kollektorlarının inşası, eləcə də məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğunun tikintisi  və yenidən qurulması layihələndirilib.

Sənədin su təchizatı bölməsinin ən böyük layihəsi olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi 2015-ci ildə istismara verilib. Yeni kompleksdə ultrasüzgəc texnologiyasına əsaslanmaqla  heç bir kimyəvi təmizlənmə aparılmadan qapalı və avtomatik rejimdə təmizlənən suyun keyfiyyət göstəriciləri Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Yeri gəlmişkən, məhsuldarlığı saniyədə 6,6 kubmetr təşkil edən kompleks  Abu Dabi Qlobal Su Sammitində  dünya su sənayesinin ən önəmli layihələrindən biri seçilib. 

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi, 84 kilometr uzunluğunda Ceyranbatan-Zirə magistral su kəməri, eləcə də kəmərin marşrutu boyu yerləşən anbar kompleksləri istehlakçıların dayanıqlı su təchizatı üçün yeni imkanlar açıb. Yeni yaradılmış infrastruktur hesabına Türkan, Zirə, Pirallahı  qəsəbələrinə ilk dəfə mərkəzləşmiş qaydada içməli suyun verilməsi təmin edilib.

Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq 51 qəsəbədə infrastrukturların yaradılması və yenidən qurulması işləri görülüb. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin qrantı hesabına  icra edilmiş layihə çərçivəsində Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemləri yaradılıb və 14 mindən artıq sakin fasiləsiz rejimdə içməli su ilə təmin olunub.  Səudiyyə İnkişaf Fondu ilə birgə maliyyələşdirilən layihə çərçivəsində isə Badamdar qəsəbəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir. 

 2013-cü ildə çoxmənzilli yaşayış binalarının daxili kommunikasiya sistemləri  “Azərsu” ASC-nin balansına verildikdən sonra 1600-dən artıq binanın paylayıcı su şəbəkəsi yenidən qurulub,  1700-dək binanın zirzəmisində kanalizasiya xətləri təmir olunub və bu istiqamətdə işlər davam etdirilir.  

Abşeron yarımadasında kanalizasiya infrastrukturunun inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Ötən müddətdə innovativ texnologiyalardan istifadə edilməklə Bayıl-Bibiheybət-Lökbatan, Xocasən-Binəqədi-Xırdalan, Bilgəh-Pirşağı, Dərnəgül-Balaxanı-Qaraçuxur-Zığ tunel tipli kanalizasiya kollektorlarının tikintisinə başlanılıb. 14 kilometr uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan kollektorunun istismara verilməsi ilə Bayraq meydanından Lökbatan dairəsinə qədər ərazidə Xəzər dənizinə axıdılan tullantı sularının qarşısı tam alınıb. 

Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhərində yağış-kanalizasiya sisteminin, şəhərin ekoloji və sanitar vəziyyətinin yaxşılaşdırılması məqsədilə 13 layihənin reallaşdırılması üçün 14,7 milyon manat vəsait ayrılıb və artıq bu istiqamətdə  işlərə başlanılıb. 

 

İçməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması regionların inkişafına töhfələr verir

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrinin icrası uğurla davam etdirilir. 2017-ci ildə Daşkəsən, Gədəbəy, Ağdaş, Şamaxı, Qobustan, Xaçmaz şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin inşası başa çatdırılacaq. Eyni zamanda, Qazax və Xırdalan şəhərlərində yeni layihələrin, 10 şəhərdə isə tullantı sutəmizləyici qurğuların inşasına başlanılması nəzərdə tutulur.

2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan Şirvan-Muğan kəmərinin 107 kilometr uzunluğunda Hacıqabul-Biləsuvar hissəsi qısa müddətdə tikilərək istismara verilib. İlkin mərhələdə Hacıqabul, Şirvan, Salyan və Biləsuvar şəhərlərinə bu mənbədən suyun verilməsi təmin olunub. Kür sutəmizləyici qurğular kompleksindən Saatlı şəhərinə qədər çəkilmiş 62 kilometr uzunluğunda magistral su kəməri isə hazırda Sabirabad və Saatlı şəhərlərini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edir. Mərkəzi Aran bölgəsinin yaşayış məntəqələrini içməli su ilə təmin etmək məqsədilə Girdmançayın yatağında Külüllü  suqəbuledici qurğuları tikilib, buradan Zərdab, Ucar, Kürdəmir və Ağsu şəhərlərinə ümumi uzunluğu 181 kilometr olan 4 magistral su kəməri çəkilib. Hazırda rayon mərkəzləri və bəzi kəndlər yeni mənbənin suyundan istifadə edir.

Şəmkirçay  su anbarının istismara verilməsi içməli su təchizatı baxımından mühüm əhəmiyyət kəsb edir. Mənbədən Şəmkir şəhərinə 16,5 kilometr, Gəncə şəhərinə  isə 24,5 kilometr uzunluğunda magistral kəmərlər çəkilib. Gəncə şəhərini içməli su ilə təmin edən digər mənbələrdə--Qızılqaya və Göygöldə yeni suqəbuledici qurğular inşa olunub və şəhərə  suyun verilişi təmin edilib. 

Ötən müddətdə istismara verilmiş Xanbulançay, Mingəçevir və Quba sutəmizləyici qurğuları Lənkəran,  Astara, Mingəçevir, Yevlax və Quba şəhərlərinin, həmçinin 50-dən artıq kənd və qəsəbənin  içməli su təchizatının yaxşılaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Bütövlükdə isə son illər su qıtlığı müşahidə olunan 350-dək kənd və qəsəbədə,  xüsusilə cəbhəyanı ərazilərdə, məcburi köçkün şəhərciklərində həyata keçirilən layihələrdən 360 mindən çox insan  faydalanıb.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə  və “Azərsu” ASC-yə bölgələrdən daxil olmuş müraciətlər əsasında 5 rayonun 13 kəndində icra olunmuş layihələr çərçivəsində 10 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb.

Prezident İlham Əliyevin 17 mart 2017-ci il tarixli sərəncamına əsasən 22 rayonun 267 min nəfərdən çox əhalisi olan 170 yaşayış məntəqəsinin  içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələrin icrasına başlanılıb. 

Dövlət başçısının  ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq “Azərsu” ASC Zərdab, Hacıqabul və Şamaxı rayonlarında əkin sahələrinin  suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını uğurla davam etdirilir. Zərdab rayonunda 10 min hektar sahənin suvarılması məqsədilə Kür çayı sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğu, nasos stansiyası tikilib, enerji təchizatı sistemləri yaradılıb, 15 kilometr uzunluğunda magistral su xətti çəkilib və əkin sahələrinə suyun verilməsinə başlanılıb. Padarçöl ərazisində 10 min hektar sahənin suvarılması layihəsi çərçivəsində Kür sutəmizləyici qurğularından 27 kilometr uzunluğunda magistral kəmərin və digər infrastrukturların inşası  davam etdirilir. Bütövlükdə isə “Azərsu” ASC-nin 13 illik fəaliyyəti dövründə 7500 kilometr magistral və paylayıcı su xətti, 2800 kilometr kanalizasiya kollektoru və xətti, 4 sutəmizləyici qurğu, 221 su anbarı, 110 su və kanalizasiya-nasos stansiyası tikilib, 292 artezian və subartezian quyusu qazılıb.

Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsində əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üzrə strateji hədəflər və fəaliyyət istiqamətləri müəyyən olunub. Strateji Yol Xəritəsində göstərilmiş tədbirlərin icrası nəticəsində xidmət səviyyəsi daha da yüksələcək, su itkiləri minimuma endiriləcək, ekoloji sabitliyin təmin olunması  üçün əlavə tədbirlər görüləcək.

 

Keyfiyyətli xidmət yeni texnologiyaların tətbiqini zəruri edir

 

İstehlakçılara verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqi və daim nəzarətdə saxlanılması məqsədilə “Azərsu” ASC-nin nəzdində yeni mərkəzi laboratoriya yaradılıb. Beynəlxalq akkreditasiyadan keçən laboratoriyada içməli suyun 51, tullantı sularının isə 46 parametri üzrə təhlillər və analizlər aparılır. Buradakı səyyar laboratoriyalar istənilən ərazidə və şəraitdə analizlərin aparılmasına, su mənbələrinin ilkin tədqiqinə imkan verir.

İnfrastruktur obyektlərinin və paylayıcı şəbəkələrin yenidən qurulması layihələri çərçivəsində yaradılan SCADA sistemləri infrastrukturun vahid mərkəzdən idarə olunmasını təmin edir. Yeni yaradılmış AzersuCİS  layihəsi isə bütün şəbəkə infrastrukturlarının rəqəmsal xəritələrə köçürülməsinə hesablanıb.  İndiyə qədər bu sistemə 16400 kilometr su, 6600 kilometr kanalizasiya və yağış suları xətti, 70 minə qədər qurğu və  avadanlıq, unikal kod verilmiş 400 mindən çox bina və tikili haqqında məlumatlar daxil edilib. AzersuCİS 2012-ci ildə  nüfuzlu  Bentley müsabiqəsinin, 2013-cü ildə isə Beynəlxalq Coğrafi İnformasiya Sistemləri Forumunun qalibi elan edilib.

İstehlakçılara göstərilən müştəri  xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə 8 elektron xidmət istifadəyə verilib.  Eyni zamanda, “Asan xidmət” və “Asan kommunal” mərkəzlərində bütün növ xidmətlərin göstərilməsi təmin edilib. 2014-cü ildən indiyədək bu mərkəzlərdə vətəndaşlar tərəfindən edilmiş 70 mindən artıq müraciət operativ qaydada həllini tapıb.

 Kadr potensialının gücləndirilməsi, təlim-tədris işinin günün tələbləri səviyyəsində qurulması məqsədilə “Azərsu” ASC-nin Təlim-Tədris Mərkəzi fəaliyyətə başlayıb.  Bu mərkəzdə beynəlxalq və regional təlimlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. “Azərsu” ASC-nin Təhsil Nazirliyi, Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti,  Memarlıq və İnşaat Universitetləri, eləcə də Fransanın Suez Environnement şirkəti ilə əməkdaşlığı kadr potensialının gücləndirilməsinə töhfələr verməkdədir. Təcrübə mübadiləsinin genişləndirilməsi məqsədi ilə mütəxəssislər hər il müxtəlif ölkələrə təlim, treninq və təcrübə kurslarına göndərilir.

Fəaliyyətində ekoloji layihələrin icrasına önəm verən “Azərsu” ASC tərəfindən 445 hektar yaşıllıq sahəsi yaradılıb, 175 minə qədər  müxtəlif növdə ağac və kol bitkiləri, 530 minədək mövsümi gül əkilib.  Ekoloji fəaliyyət çərçivəsində Yasamal rayonunda yerləşən  mərkəzi su anbarının ərazisində 6 hektardan artıq sahədə müasir park yaradılıb.

 

“Azərsu” ASC beynəlxalq əlaqələrini genişləndirir

 

“Azərsu” ASC ölkə daxilində və xaricdə keçirilən sərgi-konfransların, beynəlxalq əhəmiyyətli tədbirlərin fəal iştirakçısına çevrilib. Ötən müddətdə dünyanın su sahəsində ən mötəbər qurumlarından sayılan Dünya Su Şurasının,  Beynəlxalq Su Ehtiyatları Assosiasiyasının üzvlüyünə qəbul edilən “Azərsu” ASC  hazırda bu təşkilatlarda fəal təmsil olunur. 

14-18 mart 2017-ci il tarixlərində Bakı şəhərində “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür”  devizi altında keçirilmiş 1-ci Bakı beynəlxalq su həftəsi  mühüm hadisə kimi tarixə düşüb. Bu tədbir qlobal miqyasda əsas çağırışlardan sayılan insanların keyfiyyətli və davamlı olaraq sudan istifadəsinin təmin edilməsi, su çatışmazlığı ilə bağlı təhdidlərin aradan qaldırılması, ətraf mühit və ekoloji vəziyyətin, iqlim dəyişiklikləri və quraqlıq kimi məsələlərin ətraflı və çoxşaxəli müzakirəsi, çıxış yollarının müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edib. Dünyada 7-ci dəfə keçirilən su həftəsi çərçivəsində “Şollar-Bakı Su Qurğular Kompleksi”nin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans, Dünya Su Şurasının İdarə Heyətinin 61-ci toplantısı, 8-ci Dünya Su Forumunun Beynəlxalq Aparıcı Komitəsinin 4-cü iclası keçirilib. Bu tədbirlərdə 37 ölkədən 200-dən çox qonaq iştirak edib. Həftə çərçivəsində xarici qonaqların Şollar su mənbəyinə, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə, Taxtakörpü su anbarına,  Heydər Əliyev Mərkəzinə səfərləri təşkil olunub. Beynəlxalq su həftəsinin yekununda Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ərazisində ağacəkmə aksiyası keçirilib. 1-ci Bakı beynəlxalq su həftəsinin yekununda Bakı Bəyannaməsi qəbul edilib. Bu sənəd  ətraf mühit, ekologiya, təmiz su və sanitariya sahələrinin qorunması istiqamətində qlobal səviyyədə  birgə  səylərə səsləyən bir çağırışdır.

Prezident İlham Əliyevin su həftəsi ərəfəsində imzaladığı sərəncamlarla cəmiyyətin bir əməkdaşı Azərbaycan Respublikası Prezidentinin  fərdi təqaüdünə, üç əməkdaşı “Əməkdar mühəndis” adına layiq görülüb, 12 nəfər isə “Tərəqqi” medalı ilə mükafatlandırılıb. 

Yeri gəlmişkən, dövlət başçısı su təsərrüfatı işçilərinin əməyini hər zaman yüksək qiymətləndirib. “Azərsu” ASC-nin əməkdaşlarının fəxri ad və medallarla təltif olunması, icrasına başlanan və istismara verilən bir çox layihələrin təməlqoyma  və açılış mərasimlərində Prezident
İlham Əliyevin şəxsən iştirakı, 14 may 2014-cü ildə imzalanmış sərəncamla iyun ayının 5-nin “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramının təsis edilməsi bunun bariz nümunəsidir.

Son illər əksər şəhər və rayon mərkəzləri, həmçinin içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə həyata keçirilən su-kanalizasiya layihələri müstəqil Azərbaycan dövlətinin öz vətəndaşlarının sağlamlığı və sosial rifahının yüksəldilməsinə hesablanmış uğurlu siyasətinin əsas istiqamətini təşkil edir. Bu layihələr ölkə rəhbərliyi tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasətə böyük töhfələr verir. 

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında