Strateji Yol Xəritəsi informasiya cəmiyyəti quruculuğuna da yeni imkanlar yaradacaq

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi”nin Prezident İlham Əliyev tərəfindən təsdiq edilməsi ilə inkişafımızın əsas hədəfləri müəyyənləşdirmişdir. Dünya bazarında neftin qiymətinin aşağı düşdüyü bir vaxtda ölkəmizdə yeni islahatların aparılmasına böyük ehtiyac yaranmışdır. Həmin islahatların informasiya cəmiyyəti quruculuğu yolunda da əsas addımlardan biri olacağı şübhəsizdir. Bu mənada adıçəkilən yol xəritəsində telekommunikasiya və informasiya texnologiyalarının iqtisadiyyatın əsas sektorlarından biri kimi nəzərdə tutulması təsadüfi deyil.

   Məlum olduğu kimi,  Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” İKT-nin ölkəmizdə gələcək inkişafının yeni konturlarını müəyyənləşdirmişdir. Bu strategiya informasiya cəmiyyətinin əsaslarının yaradılması, vətəndaşlar, cəmiyyət, özəl sektor və dövlət orqanları tərəfindən İKT-dən geniş istifadə növbəti mərhələdə fəaliyyət istiqamətlərinin planlaşdırılması üçün əlverişli şərait yaradır.

Azərbaycanda  informasiya cəmiyyətinin bərqərar olması üçün zəruri struktur islahatları aparılmış, müvafiq qanunvericilik bazası və texniki infrastruktur formalaşdırılmış, əlverişli investisiya mühiti yaradılmışdır. Milli Strategiyanın da hədəfi məhz informasiyalaşdırma, informasiya iqtisadiyyatının formalaşdırılması, yeni e-xidmətlər, dünya bazarına inteqrasiya, rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsidir.

Hazırda inkişafımızın əsas dayaqlarından biri olan informasiya və kommunikasiya texnologiyaları yüksək artım tempinə malik yeni iqtisadi sektor kimi müasir və çoxtəyinatlı infrastruktur, habelə hərtərəfli sosial-iqtisadi tərəqqinin aparıcı qüvvəsinə çevrilməkdədir.

 “2014-2016-cı illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” uğurla həyata keçirilmişdir. Elektron hökumət və onun e-elm, e-təhsil, e-vergi, e-gömrük və s. seqmentləri, eləcə də e-biznes, e-vətəndaş sektorları formalaşdırılmışdır.

Bu gün beynəlxalq təşkilatlar Azərbaycanda İKT-nin inkişaf sürətini yüksək qiymətləndirirlər. Onların illik qiymətləndirmələrinə əsasən, Azərbaycan şəbəkə, e-hökumət , insan inkişafı, internet azadlığı, telekommunikasiya infrastrukturunun inkişaf indeksləri kimi göstəricilərə görə dünyada ­qabaqcıl yerlərdən birini tutur. Bu da İKT sahəsində həyata keçirilən uğurlu siyasətin nəticəsi, sözügedən sektorun milli iqtisadiyyatın aparıcı və dinamik inkişaf edən sektoruna çevrilməsinin bariz ifadəsidir.

Bu sahənin inkişafı üçün, ilk növbədə, müvafiq elmi-tədqiqatların gücləndirilməsinə, yeni iqtisadiyyatın xüsusiyyətlərinin, qanunauyğunluqlarının və beynəlxalq təcrübənin öyrənilməsinə ehtiyac var. Ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunması vəzifələrinə virtual məkanda Azərbaycanın iqtisadi maraqlarının qorunması da daxil edilməli, bu məqsədlə adekvat tədbirlər görülməlidir.

  Son illər ölkəmizdə innovasiyalı iqtisadiyyatın yaradılması, iqtisadiyyatda İKT-nin rolunun artırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilmişdir. Strateji Yol Xəritəsində telekommunikasiya və informasiya texnologiyalarının strategiyanın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi inkişafda olan bu sahənin daha da təkmilləşməsinə imkan yaradacaqdır.

Ölkədə informasiya cəmiyyətinin bərqərar olması onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsindən ibarətdir. Bu gün ölkəmizdə qeyri-neft sektorunun inkişafının prioritetlərindən olan yüksək texnologiyaların tətbiqinə diqqət dövlətimizin iqtisadi qüdrətinin artmasına əhəmiyyətli stimul yaradır.

Son dövrlər Azərbaycanda informasiya texnologiyalarının kütləviləşməsi, bu sahənin inkişafı üçün nəzərəçarpacaq addımlar atılıb, dövlətin ciddi dəstək və qayğısı nəticəsində uğurlar əldə olunub. Xüsusilə, “Elektron hökumət” informasiya portalının formalaşması istiqamətində həyata keçirilən tədbirlər informasiya cəmiyyəti yaradılması yolunda mühüm addım hesab edilməlidir.

Elektron hökumət, elektron dövlət, onun ayrı-ayrı komponentləri olan elektron parlament, elektron məhkəmə, elektron vergi və sairə – bunlar hamısı ümumilikdə bir məzmun kimi elektron Azərbaycanı gündəmə gətirir. Elektron hökumətin yaradılması təbiidir ki, qısa müddətin işi deyil. Bu, informasiya cəmiyyətinin formalaşması prosesinin bir təzahürüdür. Bu proses get-gedə dərinləşir, yeni texnologiyalar ortaya çıxır, informasiya resurslarının sayı da, həcmi də artır. İnsanlar informasiya texnologiyalarına yaxından bələd olur, onun imkanlarından istifadə edirlər. Mobil telefon texnologiyaları kimi artıq onlar özlərini bu texnologiyalardan kənarda hiss etmirlər. Yəni, bu, o deməkdir ki, bütün sosial təbəqələr artıq həmin texnologiyalardan istifadə edəcək hakimiyyət orqanları ilə interaktiv münasibət qurmağa başlayıblar.

Artıq ölkəmizdə İKT-nin imkanlarından geniş şəkildə istifadə olunur. İKT sektoru neftdən sonra ölkə iqtisadiyyatında ikinci prioritet sahə hesab olunur.

Qeyd edək ki, ictimai şüurda İKT-dən biznesdə, siyasətdə, idarəetmədə, səhiyyədə, mədəniyyətdə, elmdə, təhsildə, sənayedə və digər sahələrdə istifadə məsələlərinin aktuallığı və zəruriliyi tam qəbul olunmuşdur. Müasir dövrdə məlumat almaq imkanı güclü olan vətəndaş cəmiyyətinin qurulması gələcək bəşər sivilizasiyasına doğru mühüm addımdır. Hazırda İKT-dən geniş istifadə hər bir ölkənin sosial-iqtisadi inkişafına kömək edir və yoxsulluğun azaldılmasında səmərəli vasitə rolunu oynayır.

Bizdə də bu sahədə çox əhəmiyyətli layihələr reallaşdırılır. Qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (distant təhsil, elektron ticarət, elektron demokratiya, elektron hökumət və s.) meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin ­inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi və sair bu istiqamətdə atılan uğurlu addımlardır.

Cəmiyyətin informasiyalaşdırılması ölkə iqtisadiyyatının bütün sahələrində səmərəliliyin artırılmasına, qiymətlərin endirilməsinə, dövlət orqanlarında elektron sənəd mübadiləsinin, elektron ticarət sistemlərinin tətbiqinə, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə kömək göstərəcəkdir.

İKT-nin qeyri-neft sektorundakı rolunun artması onu deməyə əsas verir ki, Azərbaycanda informasiya cəmiyyəti quruculuğu sürətlə irəliləməkdədir. Yaxın gələcəkdə başqa sahələrdə olduğu kimi, informasiya cəmiyyəti quruculuğu sahəsində də Azərbaycan dünyanın inkişaf etmiş ölkələri ilə rəqabətə girə biləcək.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında