Donald Tramp Azərbaycanın regionda rolunu yüksək qiymətləndirir

Prezident İlham Əliyev respublikamıza rəhbərlik etdiyi ötən illər ərzində varislik ənənələrinə sadiq qalmaqla Azərbaycanın müstəqil ölkə kimi möhkəmlənməsinə və inkişafına, demokratik, hüquqi dövlət quruculuğuna çalışıb. Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yeri olan, rəyinə hörmətlə yanaşılan ölkə kimi böyük nüfuz qazanıb. Həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan bölgədə tam müstəqil respublika kimi mövcudluğunu sübuta yetirib.  

Rusiya Təbiətşünaslıq Akademiyasının professoru Rahib Abbasov söhbətinə əlavə edərək dedi ki, bu gün müstəqil dövlətimiz özünün ən uğurlu dövrünü yaşayır. Azərbaycan beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən, regionda sərmayədar dövlət və qlobal böhran şəraitində belə davamlı inkişaf edən ölkə kimi dünyanı heyrətləndirir. Aparıcı Qərb dövlətləri tərəfindən Azərbaycanın regiondakı mövqeyi, beynəlxalq enerji məsələlərindəki mühüm rolu yüksək qiymətləndirilir. Xüsusilə enerji məsələlərində uğurlu əməkdaşlığın nəticəsi olaraq bəzi Avropa dövlətləri ilə əlaqələr strateji səviyyədə inkişaf edir. Qərb dünyası Azərbaycan Prezidentinin siyasi-iqtisadi kursunun, beynəlxalq məsələlərə münasibətdə mövqeyinin nə qədər mütərəqqi, düşünülmüş və dəyərli olduğunu görür, buna görə ölkəmizlə əməkdaşlığa önəm verdiyini bəyan edir. ABŞ-ın yeni Prezidenti Donald Trampın XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı münasibətilə Prezident İlham Əliyevə göndərdiyi məktub da bunu bir daha təsdiqləyir.

Xatırladaq ki, bu, Donald Trampın son bir həftə ərzində Prezident İlham Əliyevə göndərdiyi ikinci məktubdur. Bundan əvvəl isə ABŞ rəhbəri 28 May Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı məktubda Azərbaycanın ABŞ-ın dəyərli tərəfdaşı olduğunu bəyan edib.

Ümumiyyətlə, ABŞ Azərbaycanın enerji siyasətini daim dəstəkləyib, ölkəmizin beynəlxalq terrorçuluğa qarşı mübarizədə köməyini yüksək qiymətləndirib. Donald Tramp Respublika Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi məktubda göstərib ki, ABŞ-ın yeni rəhbərliyi Prezident İlham Əliyevlə əməkdaşlığa hazırdır. “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı münasibətilə ünvanladığı məktubunda isə Prezident İlham Əliyevə və xalqımıza ən xoş arzularını çatdıran Donal Tramp ABŞ-Azərbaycan tərəfdaşlığının davamlı olmasını arzulayıb: “Mən son 25 il ərzində Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın birgə qurduğu tərəfdaşlığı yüksək qiymətləndirirəm və bu tərəfdaşlığın davamlı inkişafını arzulayıram”.

Yeri gəlmişkən, burada bir məqamı xüsusilə xatırlatmaq istərdim. Respublika Günü münasibətilə etdiyi çıxışda Prezident İlham Əliyev  TAP layihəsinin reallaşmasına qarşı Avropada süni maneələrin yaradıldığını bildirmişdi. Bununla da dövlətimizin başçısı, əslində, “Cənub” qaz dəhlizinin reallaşmasına qarşı bəzi geosiyasi mərkəzlərin əngəllər yaratdığına açıq işarə vurmuşdu. Lakin belə əngəllər Azərbaycanı heç zaman qarşıya qoyduğu məqsəddən yayındıra bilməz. Bunun bir neçə səbəbi var və onlardan biri də “Cənub” qaz dəhlizinin ABŞ timsalında güclü zəmanətçisinin olmasıdır.  Bu zəmanət, eyni zamanda, ABŞ Prezidenti Donald Trampın XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevə göndərdiyi təbrik məktubunda bir daha əksini tapıb.

Məktubda bildirilir ki, ABŞ “Cənub” qaz dəhlizinin reallaşmasının tərəfdarıdır və Azərbaycanın qlobal təhlükəsizliyin dəstəklənməsində rolunu, iqtisadiyyatın diversifikasiyasına yönələn səylərini yüksək qiymətləndirir. Bundan əlavə, Tramp məktubda qeyd edir ki, ABŞ Azərbaycanla demokratiyanın inkişafı, məhkəmə sisteminin islahatları kimi məsələlərdə əməkdaşlığa da hazırdır. Həmçinin Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin regionda sabitliyə və inkişafa gətirəcək dinc yolla həllinin tərəfdarı olduğu bildirilir.

Buradan aydın görünür ki, bütün respublikaçı prezidentlər kimi, Donald Tramp da geosiyasi maraqları ön plana çəkir. Bu maraqlar baxımından Vaşinqton Azərbaycanın bölgədə oynadığı rola müsbət qiymət verir.

Sonda möhtərəm dövlət başçımızın bir fikrini də xatırlatmaq yerinə düşərdi. Prezident İlham Əliyev deyib ki,  ABŞ hökumətinin Azərbaycanın həyata keçirdiyi qlobal layihələri dəstəkləməkdə davam etməsi böyük əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlığımızın yaxşı tarixə malik olduğunu bildirən cənab İlham Əliyev   vurğulayıb ki, Bakı-Tiflis-Ceyhan layihəsini və ondan sonra icra olunan digər layihələri, o cümlədən “Cənub” qaz dəhlizi layihəsini ABŞ hökuməti həmişə dəstəkləyib və sərgiyə ABŞ prezidentinin ünvanladığı məktubda ifadə olunan fikirlər bir daha göstərir ki, Birləşmiş Ştatların yeni administrasiyası da bu layihəyə sadiqdir. “Biz bunu yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu məktubda səslənən fikirlər Azərbaycana verilən dəstəyin və dostluq münasibətlərimizin daha bir göstəricisidir”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Söhbəti qələmə aldı:
V. Binyatoğlu,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında