Azərbaycanla ABŞ arasında əməkdaşlıq əlaqələri getdikcə möhkəmlənir

Bu gün dünyanın geosiyasi və geoiqtisadi xəritəsində mühüm önəm daşıyan Azərbaycanın dünya siyasətinin mühüm həlqəsinə, qlobal proseslərdə mühüm aktora çevrilməsi Prezident İlham Əliyevin nüfuzlu dövlət xadimi, qətiyyətli, xalqının mənafeyini hər şeydən uca tutan lider olması ilə şərtlənir. Beynəlxalq ictimaiyyət son illərdə cənab İlham Əliyevin məhz öz sözü, mövqeyi olan, xalqının maraqlarını uca tutan, beynəlxalq münasibətlərdə sivil əməkdaşlığa, etibarlı tərəfdaşlığa yüksək dəyər verən praqmatik təfəkkürlü lider kimi qəbul edir.

Bunu ABŞ Prezidenti Donald Trampın möhtərəm dövlət başçımıza qısa vaxt ərzində ünvanladığı iki təbrik məktubundan da aydın görə bilərik.     

Xatırladaq ki, Ağ evin yeni rəhbərinin ilk məktubu 28 May Respublika Günü,  ikincisi isə bundan bir neçə gün sonra, mayın 31-də Bakıda öz işinə başlayan 24-cü Beynəlxalq “Xəzər Neft və Qaz-2017” ənənəvi sərgi və konfransı ilə əlaqədar idi. Yeri gəlmişkən, hər iki məktub Donald Trampın Cənubi Qafqaz regionunun söz sahibi ölkəsi kimi tanınan Azərbaycanla ABŞ arasında iki və çoxtərəfli yeni əməkdaşlıq əlaqələrinin qurulmasına göstərdiyi böyük maraqdan irəli gəlir. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artması, dünya birliyi üçün mühüm önəm daşıması ilə sıx bağlıdır.

Həmin məktublarda Donald Tramp həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi əməkdaşlıq etməyi səbirsizliklə gözlədiyini bildirib. ABŞ Prezidenti Azərbaycanı ölkəsinin dəyərli tərəfdaşı sayır və son 25 ildə qurulan ikitərəfli münasibətlərin inkişaf etməsi ilə bağlı səylərin daha da gücləndiriləcəyinə əminliyini bildirir.

Donald Tramp cənab İlham Əliyevin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri dəstəkləyir, habelə iki ölkə arasında yeni səmərəli biznes əlaqələrinin qurulmasını və inkişafını arzu edir. ABŞ Prezidenti Azərbaycan və Amerika xalqlarının rifahına xidmət göstərən digər əməkdaşlıq sahələrinin də araşdırılacağına ümidvar olduğunu bildirir, eyni zamanda, qeyd edir ki, hər iki ölkə birgə səylərlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışır: “ABŞ Azərbaycan xalqının yanındadır və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərin daha da möhkəmləndirilməsinə sadiqdir”.

Bundan əlavə, Donald Tramp Prezident İlham Əliyevə ünvanladığı hər iki məktubunda iqtisadi əməkdaşlıq məsələlərinə, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələrinə diqqət çəkib. Xatırladıb ki, ABŞ Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini, o cümlədən, “Cənub” qaz dəhlizini qəti surətdə dəstəkləməkdə davam edir, Azərbaycanın və beynəlxalq tərəfdaşların həmin layihələrin tamamlanmasına yönələn səylərini alqışlayır. Amerika Birləşmiş Ştatları qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən, Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında ölkəmizin oynadığı rolu yüksək dəyərləndirir. Bir sözlə, ABŞ Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab edir.

Prezident Donald Trampın cənab İlham Əliyevə ünvanladığı məktublarda həm də iki ölkə arasında ikitərəfli əməkdaşlığın yeni mərhələsinin başlandığına işarə edilir. Xatırladaq ki, bu mərhələ özündə mühüm bir məqamı ehtiva edir. Bununla bağlı Donald Trampın fikrinə əsaslanıb deyə bilərik ki, ABŞ əvvəlki dövrlərdə olduğu kimi, öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq. Başqa sözlə, ABŞ Prezidenti digər ölkələrlə bərabərhüququlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyi qarşısına əsas məqsəd qoyub. Bu siyasət, eyni zamanda, ABŞ-ın keçmiş prezidenti Barak Obamanın dövründə ABŞ-Azərbaycan əlaqələrində müşahidə olunan neqativ halların və soyuqluğun aradan qaldırılmasını, iki ölkə arasında faydalı və bərəbərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsini nəzərdə tutur.

ABŞ Prezidentinin Respublika Günü münasibətilə dövlət başçımız İlham Əliyevə ünvanladığı məktubda maraqlı bir cəhət də diqqət çəkir. Belə ki, məktubda bildirilir ki, ABŞ Avropa üçün enerji mənbəyi olan Azərbaycanla yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyir: “Uzunmüddətli və uğurlu əməkdaşlığımıza görə Sizə minnətdarıq. ABŞ, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir. Həm ölkələrimiz, həm də dünya üçün daha gözəl gələcək naminə Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbirsizliklə gözləyirəm”.

Onu da deyək ki, Azərbaycanın zəngin təbii ehtiyatları bu gün ölkəmizin daha da qüdrətlənməsi və xalqımızın milli rifahının təmin olunması üçün perspektivlər açır, onu beynəlxalq əhəmiyyətli enerji mənbəyi və təchizatı şəbəkəsinin mühüm tərkib hissəsinə çevirir. Respublikamız qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə malikdir. Enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi məsələsinə mühüm önəm verildiyi indiki şəraitdə ölkəmizin bu sahədə öncül mövqelərə çıxması faktı danılmaz reallıq kimi nəzərə çarpır. Azərbaycanın enerji siyasəti xalqımız və bütöv region üçün böyük faydalar verir. Neft-qaz resurslarımız ölkə iqtisadiyyatını gücləndirir, eyni zamanda, beynəlxalq mövqelərimizi möhkəmləndirir.

Prezident İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız nəinki enerji müstəqilliyini təmin edib, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilib. Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlib. Azərbaycanın neftlə yanaşı, böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixracın artmasına, buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır.

Azərbaycan özünün mürəkkəb coğrafi məkanını öz xeyrinə istifadə edərək müxtəlif layihələrlə Qərblə Şərqi, Şimal ilə Cənubu bağlayan bir məkana çevrilib. Bütün bu nailiyyətlərə Azərbaycan praqmatik siyasəti ilə müvəffəq olub. Respublikamız özünü müstəqil siyasət yeridən etibarlı tərəfdaş kimi təsdiq edib. Bu baxımdan ABŞ-la Azərbaycan arasında əməkdaşlığı da bunun bariz ifadəsi kimi qeyd edə bilərik.

Rəsmi Vaşinqtonun Azərbaycanla əməkdaşlığa marağı təkcə ölkəmizin malik olduğu strateji-coğrafi mövqe və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliklə fəal inteqrasiyaya söykənən dövlətçilik kursunun dönməzliyi ilə şərtlənir. İki dövlətin əməkdaşlığı, bütövlükdə, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin daha da möhkəmləndirilməsi, qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi baxımından vacib əhəmiyyət kəsb edir. Azərbaycan 11 sentyabr terror aktından sonra ABŞ-a terrorizmə qarşı mübarizədə yardım etmək üçün hazır olduğunu bildirən ilk ölkələrdən olub. Eyni zamanda, Azərbaycan Əfqanıstanda sülhməramlı əməliyyatlarda yaxından iştirak etməklə bütün sferalarda etibarlı tərəfdaş olduğunu sübuta yetirib.

Yuxarıda deyilənlərdən belə bir qənaət hasil olur ki, postsovet məkanına münasibətdə daha praqmatik siyasət yürütməyə çalışan Birləşmiş Ştatların Azərbaycana strateji tərəfdaşlıq prizmasından yanaşması ölkəmizin bölgədəki üstün mövqeyini bir daha təsdiq edir. Hazırda iki ölkənin strateji müstəvidə inkişaf edən əlaqələri Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatı, demokratik dəyərlərin daha sürətlə intişar tapması, habelə qlobal enerji-kommunikasiya layihələrinin gerçəkləşməsi baxımından mühüm önəm daşıyır.

Vaqif BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında