Azərbaycan Dayanıqlı İnkişaf Məqsədləri üzrə proqramın fəal iştirakçısıdır

Mayın 30-da Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun birgə təşkilatçılığı ilə yüksək səviyyəli rəsmi statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair sub-regional seminar öz işinə başladı.

Beynəlxalq tədbirdə BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun, MDB Dövlətlərarası Statistika Komitəsinin, İslam Əməkdaşlıq Təşkilatının, İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzinin, Almaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Monqolustan, Özbəkistan, Rusiya, Tacikistan və Türkiyə statistika qurumlarının rəhbər şəxsləri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvləri və Azərbaycanda akkreditə olunmuş bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Sonra Şəhidlər xiyabanına gedən tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edərək, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular.

Açılış mərasimində çıxış edən Dövlət Statistika Komitəsinin sədri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının üzvü Tahir Budaqov seminar iştirakçılarını salamlayaraq “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə müəyyən edilmiş məqsəd və hədəflər üzrə irəliləyişin milli, regional və qlobal səviyyədə monitorinqinin aparılması üçün tələb olunan yüksək keyfiyyətli məlumatların təmin edilməsi baxımından BMT-nin Statistika Komissiyasının 48-ci sessiyasında təsdiq edilmiş qlobal göstəricilər sisteminin böyük əhəmiyyət daşıdığını, bunun statistiklər üçün yeni vəzifələr baxımından çox ciddi çağırış olduğunu diqqətə çatdırdı. Qeyd olundu ki, iqtisadi, sosial, ekologiya və ətraf mühit statistikası sahələrini əhatə edən qlobal göstəricilər üzrə dezaqreqasiya olunan statistik məlumatların istehsalı milli statistika potensialının gücləndirilməsini, statistika sistemi daxilində milli statistika təşkilatlarının rolunun artırılmasını, əlavə mənbələr kimi inzibati, irihəcmli və geoməkan məlumatlarından geniş istifadəni zəruri etdiyindən milli statistik göstəricilər sistemi və onlara dair məlumat bazalarının kəmiyyət və keyfiyyəti qlobal gündəliyin tələblərinə uyğun təkmilləşdirilməli, statistika potensialının gücləndirilməsi üçün resurslar səfərbər edilməli və səylər əlaqələndirilməlidir. Bu məqsədlə beynəlxalq təcrübə mübadiləsinin aparılmasının və həyata keçirilən təşəbbüslərin dəyərləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan natiq seminar çərçivəsində aparılacaq müzakirələrin ölkələrimizdə statistika potensialının gücləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi.

T. Budaqov bildirdi ki,  Prezident İlham Əliyevin mükəmməl dövlətçilik siyasəti nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq aləmdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında birmənalı olaraq qəbul olunur. Bu reallığın Azərbaycanın geniş geosiyasi məkanda multikultural, sülh, tərəqqi, sabitlik, iqtisadi əməkdaşlıq mərkəzi kimi böyük nüfuz qazanmasını bir daha təsdiqlədiyini diqqətə çatdıran komitə sədri ölkəmizin bir çox nüfuzlu beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini, 12-22 may tarixlərində Bakıda idmançılarımızın qalibiyyəti ilə başa çatmış IV İslam Həmrəyliyi Oyunlarının idmanın geniş təbliğində, eyni zamanda, tolerantlığın və mədəniyyətlərarası dialoqun inkişafında tarix yazdığını bildirdi.

Dövlət başcısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, eyni zamanda, dayanıqlı inkişafın davamlılığının təmin edilməsi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verən natiq qeyd etdi ki, dayanıqlı inkişaf məqsədlərinin ölkə səviyyəsində icrasının təmin edilməsi və bu sahədə səmərəli milli icra mexanizminin formalaşdırılması məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 oktyabr 2016-cı il tarixli fərmanı xüsusi  əhəmiyyət daşıyır. Ölkə rəhbərinin tapşırığına əsasən, şura tərəfindən 2030-cu ilədək qlobal məqsəd və hədəflər üzrə Azərbaycan üçün əhəmiyyət kəsb edən milli prioritetlər və onlara dair göstəricilər müəyyən edilməli, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılması təmin edilməli, buna nail olunması ilə əlaqədar illik hesabatlar hazırlanmalıdır. Qeyd olundu ki, milli prioritetlərə dair göstəricilər üzrə statistik məlumatların toplanmasını təmin etmək məqsədilə onların mənbələri, dövriliyi, əldə edilmə forma və metodları müəyyənləşdirilməli, dövlət orqanlarının reyestrləri və inzibati məlumat bazaları komitənin statistik məlumat bazasına inteqrasiya olunmalı və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasının qiymətləndirilməsində inzibati məlumatlardan istifadə imkanları genişləndirilməlidir. Bütün bunlara nail olmaq üçün BMT-nin ixtisaslaşmış qurumlarının köməyinə böyük ehtiyac duyulduğunu bildirən natiq qeyd etdi ki, hazırda ölkəmizdə UNİCEF-in dəstəyi ilə Çoxgöstəricili Klaster Sorğusunun keçirilməsinə dair hazırlıq işləri aparılır və bir çox göstəricilər üzrə məlumatların bu sorğu vasitəsi ilə əldə olunması gözlənilir.

Baş nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bəşəriyyəti ciddi şəkildə  düşündürən ekoloji problemlərin, ekoloji tarazlığın pozulmasının da  bütövlükdə dünyanın, insanlığın gələcəyi üçün çox ciddi problemlərin yaranmasına səbəb olduğunu diqqətə çatdırdı.  Qeyd olundu ki, bütün bu sadalanan problemlərlə əlaqədar Birləşmiş Millətlər Təşkilatı, həmişə olduğu kimi, yenə də müxtəlif tədbirlər düşünür, onları ardıcıl surətdə həyata keçirir.  2015-ci ilin sentyabr ayında BMT tərəfindən 2030-cu ilə qədər dünyanın dayanıqlı inkişafını təmin etmək məqsədilə “dünyamızı dəyişdirmək” devizi altında qəbul olunmuş Dayanıqlı İnkişaf Gündəliyini bu baxımdan olduqca mükəmməl sənəd kimi xarakterizə edən Ə. Əhmədov sözügedən sənədin, qlobal layihənin qəbul edilməsində əsas məqsədin ümumbəşəri problemlərin BMT-nin təşəbbüsü ilə milli dövlətlər tərəfindən aradan qaldırılması istiqamətində səylərin artırılmasına nail olmaqdan ibarət olduğunu  bildirdi.  17 məqsəd və 169 hədəf şəklində tərtib edilən bu gündəliyin 2030-cu ilə qədər dünyamızın ciddi şəkildə dəyişməsinə gətirib çıxaracağına əminliyini bildirən Baş nazirin müavini bildirdi ki,  əksər ölkələrin,  BMT üzvlərinin 2016-cı ilin yanvarından başlayan bu təşəbbüsə qoşulduğunu diqqətə çatdırdı.  Azərbaycanın da bu təşəbbüsə qoşulduğunu vurğulayan Əli Əhmədov dedi ki, Prezident İlham Əliyevin məlum fərmanı ilə ölkəmizdə Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı Milli Əlaqələndirmə Şurası yaradılıb və ölkəmiz artıq  bu istiqamətdə mühüm səylər həyata keçirməkdədir. Natiq onu da xatırlatdı ki, Azərbaycan bundan öncə, 21-ci yüzilliyin əvvəlində BMT-nin qəbul etdiyi Minilliyin İnkişaf Məqsədləri çərçivəsində bir çox sosial və iqtisadi proqramları uğurla həyata keçirib. Ötən müddətdə ölkəmiz iqtisadiyyatdan tutmuş həyatın digər sahələrində çox böyük dəyişiklikliyə nail ola bilib. İqtisadiyyatımızın inkişafı insanlarımızın həyatında, sosial problemlərin həllində də ciddi dəyişiklikliyə səbəb olub.   

Azərbaycanda qeyri-neft sektorunun və ixracyönümlü iqtisadiyyatın genişləndirilməsi, bütün sahələrdə inkişafın davamlılığını təmin etmək məqsədilə ciddi addımların atıldığını diqqətə çatdıran natiq qeyd etdi ki,  Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Milli Əlaqələndirmə Şurası fəaliyyətə başladığı dövrdən keçən müddət ərzində kifayət qədər iş görülsə də, qarşıda hələ bir çox mühüm vəzifələr    dayanır. Ə. Əhmədov daha sonra qeyd etdi ki, qoşulduğumuz yeni proqramın həyata keçirilməsi ilə əlaqədar əsas hədəflər, məqsədlər ondan ibarətdir ki, qarşımızda duran 15 il ərzində dünyamızı dəyişdirmək istiqamətində gündəlikdə müəyyənləşdirilmiş məqsədlərin və hədəflərin həyata keçirilməsi üçün ciddi səylər göstərək, Azərbaycanın iqtisadi inkişafından tutmuş həyatımızın digər bütün sahələrində çox ciddi uğurların əldə olunmasına nail ola bilək. Eyni zamanda, beynəlxalq birliyin səylərinə qoşularaq bütövlükdə dünyamızın transformasiyası prosesinə ölkəmizin imkanları daxilində səy göstərərək töhfələrimizi verə bilək.

BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun direktoru Aşiş Kumar çıxış edərək bu tədbirin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində gündəlik üçün rəsmi statistikanın transformasiyası məsələlərinə həsr olunduğunu qeyd etdi.  Bildirdi ki, dayanıqlı inkişaf məqsədləri göstəriciləri üzrə beynəlxalq tələblərə cavab verən statistik məlumatların hazırlanmasında milli statistika sistemlərinin yüksək rolu vardır və həmin məlumatların istehsalı milli statistika potensialının gücləndirilməsini, statistika sistemi daxilində milli statistika təşkilatlarının  rolunun artırılmasını, əlavə mənbələr kimi inzibati, irihəcmli və geoməkan məlumatlarından geniş istifadə edilməsini zəruri edir.

Sonra BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirdilər ki, Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli prioritetlərin müəyyən edilməsi, həmçinin milli səviyyədə sənədin təbliği ­olduqca ­vacibdir. Dayanıqlı İnkişaf Məqsədləri fərqli qurumlar – dövlət orqanları, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq baxımından çox səmərəli platformadır.

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsi və BMT-nin Asiya və Sakit okean ölkələri üzrə Statistika İnstitutunun birgə təşkilatçılığı ilə yüksək səviyyəli rəsmi statistiklər üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə məlumat və statistikaya dair sub-regional seminar çərçivəsində keçirilən 6 sessiyada mövcud vəziyyət: qlobal və regional səviyyədə əldə olunan nailiyyətlər, Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli göstəricilər sistemi: cari vəziyyət və ehtiyaclar, milli və qlobal məlumatlar, statistik biznes proseslərin transformasiyası və müasirləşdirilməsi, çağırışlara adekvat cavab: statistik potensialın artırılması üçün imkanlardan istifadə, nəticələr və tövsiyələrə dair mövzular üzrə çıxışlar və iştirakçı ölkələrin təqdimatları nümayiş olunacaq.

Xatırladaq ki, Azərbaycan, BMT-nin digər 193 üzvü kimi, 2015-ci ilin sentyabrında BMT sammitində “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi” imzalayaraq kollektiv təşəbbüsə qoşulub, ölkəmizin gücünü daha da artıracaq təxirəsalınmaz, cəsarətli və transformativ tədbirlərin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürüb.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında