İslamiadadakı uğurlarımızın kökündə ölkəmizin iqtisadi qüdrəti dayanır

Bunun həqiqət olduğunu daha aydın görmək üçün iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin beynəlxalq idman arenalarındakı uğurlarına qısaca nəzər salmaq kifayətdir. Olimpiya oyunlarında və başqa beynəlxalq yarışlarda ən yüksək nəticələr bir qayda olaraq iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələr tərəfindən qazanılır. Bu gün Azərbaycanın idman sahəsində əldə etdiyi uğurları 15-20 il əvvəl qazandığı  nəticələrlə müqayisə etmək mümkün deyil. Hazırda təkcə idman sahəsində yox, həm də hərbi, humanitar və digər sahələrdəki uğurlarımızın kökündə məhz ölkəmizin iqtisadi  yüksəlişi dayanır.

Son illər Azərbaycanda keçirilən beynəlxalq yarışlar və digər mötəbər  tədbirlər təkcə ölkəmizin  beynəlxalq aləmdəki nüfuzunun artmasına xidmət etmir, həm də bu tədbirlər Azərbaycanı bütün dünyada geniş təbliğ edir, ölkəmizə milyardlarla dollar investisiya, milyonlarla turist axınına yol açır. Lakin təəssüf ki, bəziləri belə beynəlxalq yarışlara ölkəmizin ev sahibliyi etməsini artıq xərc kimi dəyərləndirir. Belələri unudurlar ki, dünyanın ən aparıcı istehsal və xidmət kompaniyaları öz məhsullarının reklamı üçün hər il 10 milyardlarla dollar vəsait xərcləyir. “Apple”, “Samsunq” və digər kompaniyalar öz məhsullarının reklamı üçün xəsislik etmirlər. Çünki reklama çəkilən xərc son nəticədə özünü on dəfələrlə artıqlaması ilə doğruldur. 2012-ci il Olimpiya oyunlarına ev sahibliyi etmiş İngiltərənin təcrübəsi dediklərimizə əyani sübutdur. Oyunların təşkilinə İngiltərə hökuməti 18 milyard ABŞ dolları xərcləmişdi. İngiltərənin Ticarət və İnvestisiyalar Nazirliyinin mütəxəssisləri hesablayıblar ki, bu Oyunlardan sonra ticarət dövriyyəsinin genişlənməsi, turizmin inkişafı, xarici investisiyaların cəlb edilməsi hesabına 2020-ci ilədək ölkə iqtisadiyyatı 62 milyard ABŞ dolları həcmində səmərə əldə edəcək.

Təcrübə göstərir ki, inkişaf etmiş ölkələr reklam işlərinə bu gün də milyardlarla dollar vəsait xərcləyirlər. Belə beynəlxalq tədbirlərin keçirilməsi təkcə hər hansı bir kompaniyanın və ya onun istehsal etdiyi məhsulun reklamı demək deyil, bütövlükdə bir ölkənin dünyaya geniş təqdimatıdır. Bu təqdimatın  nəticəsində ölkələr özlərinin gələcək iqtisadi perspektivlərini müəyyənləşdirir, xarici investorların və böyük həcmdə turist ordusunun diqqətini cəlb edə bilirlər. Dünyada təbliğatdan güclü silah yoxdur. Son on ildə  dünya birliyi ölkələri arasında Azərbaycanın öz layiqli yerini tutması istiqamətində aparılan  məqsədyönlü işlər öz bəhrəsini verməkdədir. “Eurovision” mahnı müsabiqəsinə, I Avropa Oyunlarına, “Formula –1” yarışmalarına ev sahibliyi etməklə Azərbaycan həm də  bütün dünyaya təqdim olundu. Milyonlarla insan Azərbaycanı yaxından tanıyıb ölkəmizə turist kimi səfər etdi. İş adamları sivil biznes fəaliyyəti üçün Azərbaycana yatırımlar etdilər. İndi biz ölkəmizin paytaxtı Bakı şəhərində və  bölgələrdə turistlərin sayının qat-qat artdığının  şahidi oluruq. Başqa bir misal: ötən il dünyanı bürüyən ağır iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyyatına 7 milyard dollardan artıq xarici investisiya yatırıldı. Bütün bunlar Azərbaycan iqtisadiyyatının inkişafının sürətlənməsinə təkan verən güclü amillərdir.

Bu günlərdə Azərbaycan daha bir mötəbər beynəlxalq idman tədbirinə – “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdi və bununla da öz tarixinə yeni, daha möhtəşəm bir səhifə  yazdı. On gün ərzində davam edən bu yarışlar, sözün həqiqi mənasında, əsl idman və həmrəylik bayramına çevrildi və idmançılarımızın parlaq qələbələri ilə yadda qaldı. İslamiadada əhalisi bizdən dəfələrlə artıq olan ölkələr arasında 75 qızıl medalla birinci olduq. Bu uğur bir dövlət kimi bizim  gücümüzün, qüdrətimizin nümayişidir. On gün ərzində müxtəlif idman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi və dövlət bayrağımız 162 dəfə yüksəyə qaldırıldı.

Bir milyarddan artıq insanın izlədiyi bu yarışlar, heç şübhəsiz,  Azərbaycana yeni iqtisadi dividendlər gətirəcəkdir. Biz bunu, ilk növbədə, İslam birliyinə daxil olan ölkələrdən Azərbaycana investisiya axınının və səfər edəcək turistlərin sayının bir neçə dəfə artması ilə görəcəyik. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunda ictimai-siyasi sabitliyin hökm sürdüyü yeganə dövlətlərdən biridir. Hər bir investor və hər bir turist üçün isə bundan önəmli digər vacib məsələ yoxdur.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru,
professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında