İqtisadi islahatlar: yeni iqtisadi modelə keçid

Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Qlobal iqtisadi çağırışların milli iqtisadiyyata transformasiyası ilə bağlı yeni iqtisadi islahat istiqamətləri müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qurulan yeni iqtisadi model Azərbaycanın tarixi inkişafı perspektivindən qiymətləndiriləndə tamamilə elmi əsaslandırılmış və zəruri bir paradiqma olaraq təsbit edilir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli iqtisadiyyatımız, xüsusilə makroiqtisadi sabitlik, inkişaf etmiş infrastruktur və güclü orta təbəqə yeni regional və qlobal çağırışlara cavab verməyə tam hazır vəziyyətdə idi.

Eyni zamanda, karbohidrogen qiymətlərinin kəskin azalması, partnyor ölkələrdə iqtisadi resessiya və dünya iqtisadiyyatında baş verən arxitektura dəyişikliyi yeni modelə keçidi bir çağırış olaraq müəyyənləşdirmişdi. Bu çağırışlara cavab olaraq, 2016-cı ildən etibarən dünyada baş verən iqtisadi proseslər fonunda ölkə iqtisadiyyatının inkişafı, investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın genişləndirilməsi üçün əlverişli imkanların yaradılması, qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi istiqamətində bir sıra mühüm qərarlar qəbul edilmiş və sistem xarakterli dərin iqtisadi islahatların aparılması əsas hədəf kimi müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində qeyd edildiyi kimi, davamlı inkişafı təmin edəcək yeni “avanqard” sektorların üzərində fokuslanmaqla, iqtisadiyyatın strukturu qeyri–ticari bölməyə nisbətən ticari bölmənin, hasilata nisbətən emalın, dövlət sahibkarlığına nisbətən özəl sahibkarlığın, aşağı texnologiya tutumlu sektorlara nisbətən yüksək texnologiyalara əsaslanan sektorların, aşağı ixtisaslı əməyə nisbətən yüksək ixtisaslı əməyə əsaslanan sahələrin, azgəlirli bazarlara nisbətən yüksəkgəlirli bazarların və aşağı dəyər yaradan sektorlara nisbətən yüksək dəyər yaradan sektorların daha üstün artımı hesabına yenidən balanslaşacaqdır. Milli iqtisadiyyatın strukturunun yenilənməsi biznes mühitinin daha da yaxşılaşdırılması, ortamüddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiq edilməsi, maliyyə–bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, habelə xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə mümkün olacaqdır.

Bu gün ölkədə aparılan hər bir iqtisadi islahatın kökündə sosial problemlərin aradan qaldırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və hər bir ölkə vətəndaşının rifahının artırılmasına imkan verən mühitin yaradılması məqsədi dayanır. Belə bir mühitin yaradılması isə dayanıqlı iqtisadi inkişafın reallaşdırılması, maliyyə sisteminin, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, insanların hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi yolu ilə, həmçinin sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilə bilər.

Azərbaycan yeni iqtisadi modelə keçidi təmin etmək üçün əvvəlcədən sistemli bir yanaşmanı ortaya qoydu. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi kursa uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində yaradılan platformada çoxsaylı yerli və xarici ekspertin hazırladığı strateji yol xəritələri faktiki olaraq yeni iqtisadi modelə keçid üçün sistemli bir yanaşmanı təmin etdi.

Azərbaycanda fiskal siyasətdə ekspansiyadan konsolidasiyaya keçid makroiqtisadi sabitliyin qorunması üçün əsas zəmin oldu. Bu kontekstdə dövlət xərcləmələrinin səmərəliliyinin, hesabatlılığının və şəffafığının daha da artırılması xüsusi qeyd olunmalıdır.

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanında qeyd olunur ki, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsi və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni fiskal qaydalar müəyyənləşdirilsin. Həmçinin müəyyən edilmiş iqtisadi və sosial siyasət kursunun qısa və ortamüddətli dövrdə hədəfləri, habelə investisiya layihələrinin həmin hədəflərə uyğun əsas istiqamətlərini özündə aydın şəkildə ehtiva edən, dövlət maliyyə resurslarının nəticəəsaslı bölgüsünü (sektorlararası və sektor daxilində), nəticələrin proq-nozlaşdırıla bilmə imkanlarını, fiskal intizamın gücləndirilməsini, o cümlədən nəticələrə görə məsuliyyət nəzərdə tutan daha təkmil ortamüddətli xərclər çərçivəsinin və nəticə əsaslı büdcə mexanizminin formalaşdırılmalıdır. Bundan başqa dövlət borcunun idarəolunması üzrə orta və uzunmüddətli strategiyanın da işlənilməsi zəruri olacaqdır.

Beləliklə, fiskal siyasətin strateji yol xəritələrində nəzərdə tutulan əsas konturları müəyyənləşdirilib. Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması və özəlləşdirmənin həyata keçirilməsi yolu ilə iqtisadi dinamikliyin təmin edilməsi də mühüm bir islahat istiqamətidir. Bu halda bir tərəfdən dövlət maliyyəsinin rasionallığı artır, digər tərəfdən isə dövlət sahibkarlığı optimallaşdırılır.

Yeni iqtisadi model şəraitində monetar siyasət tam üzən məzənnə rejiminə keçid əsasında yeni dövrün tələblərinə uyğunlaşdırılır. Azərbaycan Respublikası Mərkəzi Bankının 2017-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatına uyğun olaraq hökumətlə sıx koordinasiya şəraitində sərəncamındakı monetar alətlərdən istifadə ediləcək Mərkəzi Bank Maliyyə Sabitliyi Şurasında razılaşdırılmış pul proqramını icra etməklə inflyasiya risklərinə çevik reaksiya verəcəkdir. Bu məcrada pul siyasəti qərarlarının inflyasiyaya təsirinin müəyyən zaman intervalı tələb etdiyini nəzərə alaraq Mərkəzi Bank fəaliyyətini qabaqlayıcı rejimdə həyata keçirməyə çalışacaqdır. 2017-ci ildə də inflyasiyanın məqbul səviyyədə saxlanılması üçün pul təklifi razılaşdırılmış pul proqramı çərçivəsində məqsədyönlü şəkildə tənzimlənəcəkdir. Eyni zamanda pul proqramı pul təklifi kanallarının effektivliyinin nəzarətə götürülməsini təmin edəcəkdir. Mərkəzi Bankda əlaqədar iqtisadi orqanların dəstəyi ilə yaradılacaq likvidliyin monitorinqi və qısamüddətli proqnozlaşdırılması sisteminin tətbiqi pul bazasının məqsədyönlü idarə edilməsində mühüm rol oynayacaqdır. Beləliklə, Azərbaycanda inflyasiyanın birbaşa hədəflənməsi rejiminə keçidi təmin ediləcəkdir. Bir daha xüsusilə qeyd edilməlidir ki, bu ilin birinci rübündə manatın kursunun sabitləşməsi, inflyasiyanın səngiməsi və strateji valyuta ehtiyatlarının artması məhz Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlar kursunun uğurla reallaşdırılması nəticəsində mümkün olmuşdur.

İqtisadi islahatlar nəticəsində artıq bu ilin birinci rübündə qeyri-neft sektorunda real artımın müsbət dinamikası formalaşmışdır. Buna bir zəmin kimi Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli sərəncamı xüsusi qeyd edilməlidir. Sərəncamın icrasını təmin etmək üçün kredit büroları, tikintiyə icazə, elektrik şəbəkəsinə çıxış və digər sahələrdə Doing Business hesabatına uyğun təkmilləşdirmələr həyata keçirilir. Biznes mühitinin yaxşılaşdırılması və sahibkarlıq üçün yaradılan təşviq layihələri (Azexport, investisiya təşviqi, ixrac təşviqi, güzəştli kreditlər və s.) qeyri-neft sektorunun artmasına öz təsirini göstərir.

Məsələn, DSK-nın məlumatına əsasən 2017-ci ilin birinci rübündə ölkədə 15229,7 milyon manat və ya əhalinin hər nəfərinə 1570 manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir. Bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artmışdır. Ümumi daxili məhsulun 7094,3 milyon manatı sənayedə, 1823,1 milyon manatı ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 1187,8 milyon manatı tikintidə, 1006,9 milyon manatı nəqliyyat və anbar təsərrüfatında, 442,1 milyon manatı turistlərin yerləşdirilməsi və ictimai iaşədə, 412,3 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 259,3 milyon manatı informasiya və rabitə sahələrində, 1931,3 milyon manatı digər sahələrdə istehsal edilmiş məhsula görə, 1072,6 milyon manatını isə idxaldan xalis vergilər təşkil etmişdir.

Azərbaycanda turizm, kənd təsərrüfatı və ərzaq sənayesi, İKT, nəqliyyat və logistika, neft-kimya sənayesinin perspektiv inkişaf imkanları var. Məsələn, viza prosedurunun sadələşdirilməsi və manatın məzənnəsinin sabitləşməsi nəticəsində 2016-cı il ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 2.242.783 nəfər olub ki, bu da 2015-ci il illə müqayisədə 11.7 faiz artım olduğunu göstərir. Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırmaqdadır.

Yeni iqtisadi modeldən danışarkən, rəqabətqabiliyyətli və innovativ sənayenin rolu müasir dünya bazarına çıxış üçün həlledici amil kimi dəyərləndirilməlidir. Hazırda sənayenin rəqabətqabiliyyətliliyi artıq investisiyaların həcmi ilə deyil, daha çox innovativliyin səviyyəsi ilə ölçülməkdədir. Bununla bağlı bir məqama da diqqət yetirmək istərdik. Belə ki, rəqabətqabiliyyətli və innovativ sənayeyə mühüm önəm verilməsinin nəticəsidir ki, son illərdə neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə baxmayaraq, sənaye potensialında artım təmin olunmaqla, müsbət meyil saxlanılıb. Ötən il qeyri-neft sənayesi 5 faiz artıb. Eyni zamanda 147 sənaye müəssisəsi istifadəyə verilib, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb. İl ərzində 100 mindən çox daimi iş yeri yaradılıb.

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi”ndə ağır sənaye və maşınqayırmanın inkişafının başlıca istiqamətlərdən biri kimi nəzərdə tutulması bu sahədə Azərbaycanın inkişaf üçün əlverişli imkanlara malik olmasından irəli gəlir. Respublikada sənayenin iqtisadiyyatdakı xüsusi çəkisi dünya üzrə orta göstəricini 30 faiz üstələyir. BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının məlumatına görə, Azərbaycan Avropada sənayenin ümumi daxili məhsuldakı payına görə ilk yerlərdən birini tutur. Əgər respublikada sənaye yüksəlişinin birinci mərhələsi karbohidrogen resurslarına əsaslanırdısa, hazırki mərhələdə isə bu inkişaf şaxələndirmə və iqtisadi səmərəlilik üzərində qurulmaqdadır. Bu mərhələnin əsas xüsusiyyətləri sənayenin regionlarda inkişafı, innovativlik, ətraf mühitin qorunması, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin və sənaye ixracının artırılması əsasında yeni iş yerlərinin açılmasıdır. Bunun üçün əlverişli institusional mühitin və makroiqtisadi şərait davamlı surətdə gündəmdə saxlanılır.

Ölkə Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilən Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin başlıca məqsədi də sənaye sahəsində əlavə dəyərin və məşğulluğun artırılmasına, ətraf mühitin qorunmasına və nəticədə dayanıqlı iqtisadi inkişafa nail olmaqdan və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir. Bu məqsədə çatmaq üçün milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri rəhbər tutulmaqla, 2016–2020-ci illər ərzində respublikada mövcud sənaye müəssisələrin optimallaşdırılması, rəqabətədavamlı sektorun yaradılması, onlara maliyyə dəstəyinin təmin edilməsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi kimi strateji hədəflər müəyyənləşdirilmişdir.

Strateji yol xəritəsinin icrası nəticəsində sənayenin strukturu da təkmilləşdiriləcək, qeyri-neft sənayesində iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək, ağır və maşınqayırma sənayesinin məşğulluqda payı artacaq, ümumi iqtisadi potensial 2020-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması üçün hazır vəziyyətə gətiriləcəkdir. Yəni mövcud resurslardan optimal istifadəyə, habelə müəssisələrdə səmərəli istehsal metodlarının tətbiqinə başlanılacaqdır.

Yeni strategiyalar çərçivəsində yaradılan sənaye parkları, aqroparklar, texnoparklar və sənaye məhəllələri bütövlükdə iqtisadiyyatda klasterial inkişafı təmin edir. Məsələn, Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı Sənaye parklarında müvafiq infrastrukturun qurulması və rezidentlərin cəlb olunması istiqamətində görülən işlər, sənaye məhəllələrinin yaradılması qeyri-neft sənayesinin davamlı inkişafı üçün möhkəm zəmin yaratmaqdadır.

Sumqayıt şəhərində 10 rezidenti olan Kimya Sənaye Parkında bu il 5, gələn il isə 2 müəssisənin istifadəyə verilməsi nəzərdə tutulur. Mövcud layihələr üzrə rezidentlər tərəfindən sənaye parkına 1,2 milyard ABŞ dolları həcmində investisiyanın yatırılması və 2000-ə yaxın daimi iş yerinin açılması planlaşdırılır. Bu sənaye parkında istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixrac ediləcəkdir. Qeyd edək ki, artıq sənaye parkının rezidenti olan “Azertexnolayn” müəssisəsi istehsal etdiyi məhsul ixracını getdikcə artırmqdadır.

Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən ən böyük layihələrdən olan “SOCAR Polimer”in iqtisadi əhəmiyyəti də ölkəmiz üçün mühüm önəm daşıyır. Bu layihə Azərbaycanda sahibkarlığın inkişafında xüsusi əhəmiyyət kəsb edir və burada istehsal olunacaq polipropilen və yüksək sıxlıqlı polietilen materiallarının ixracı ilə yanaşı, yerli müəssisələrin xammala olan tələbatını tam ödəyəcək. Nəticədə hazırda idxal olunan yüzlərlə adda məhsulun ölkə daxilində istehsalı təmin ediləcəkdir.

Qeyd edək ki, gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkına indiyədək 460 milyon dollardan çox investisiya qoyulub. Bu isə 2 min nəfərin daimi işlə təmin olunmasına imkan verir.

Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrikin yaradılması üçün 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dən çox yeni iş yerinin açılması gözlənilir. Parkda yaradılacaq müəssisələr üçün xammal bazası, o cümlədən pambıq mahlıcı yerli istehsal hesabına təmin ediləcəkdir. Bütün bunlar ölkədə ilk dəfə olaraq yüngül sənaye sektorunda klaster yanaşmasının geniş tətbiqi nəticəsində mümkün olacaqdır.

Yeni iqtisadi modelin formalaşmasında aqrar iqtisadiyyat sektorunda aparılacaq dəyişikliklərdə önəmli yer tutur. Kənd təsərrfatı məhsullarının istehsalı və emalı üzrə Strateji Yol Xəritəsinə uyğun olaraq, aqrar sahə qarşısında duran, ölkədə dayanıqlı ərzaq təhlükəsizliyinin təmin olunması, qeyri-neft sektoru üzrə ixrac həcminin artımına mühüm tövhə verilməsi və kənd təsərrüfatı sahəsində çalışanların rifahının yüksəldilməsi vəzifələri mərhələlərlə aparılacaq transformasiyalar yolu ilə bu sektorun tam müasirləşdirilməsi və rəqabətqabiliyyətinin gücləndirilməsi bazasında reallaşdırılacaqdır. Qeyd edilən transformasiyalar aqrar sahənin yeni texnoloji və institutsional simasının yaradımasına yönəldilir.

Belə ki, inkişaf strategiyaları ölkəmizin kənd təsərrüfatında müasir texnologiyaların geniş tətbiqi, elm, təhsil və məsləhət xidmətləri sistemlərinin inkişaf etdirilməsi imkanlarından yararlanmaqla, istehsalçıların bilik və bacarıqlarının artırılması əsasında yüksək məhsuldarlıq göstəricilərinin təmin edildiyi sahəyə çevrilməsinə hesablanmışdır. Bu isə, istehsalın həcminin dinamik artması ilə yanaşı, onun səmərəliliyinin də yüksəlildilməsinə yol açacaqdır. Bu, eyni zamanda kənd təsərrüfatında xammal istehsalında və emal sənayesində rəqabətqabiliyyətliliyin gücləndirilməsinə əsaslı təminat verəcəkdir. Ölkəmiz yüksək əlavə dəyərə malik sənaye məhsullarının (məsələn,  pambıq, çay və tütün məhsullarının) istehsalında və ixracında rəqabət üstünlüyü qazanmaqla, aqrar sahənin inkişafı üçün zəruri investisiya və resurs təminatının formalaşdırılması probleminin həllini də sürətləndirəcəkdir. Strateji hədəf, fermerlərin investisiya yatırmaq potensialını gücləndiməklə yanaşı, bu sahəyə investisiya axınlarının təmin olunması, o cümlədən təşviqin gücləndirilməsi, əlverişli mühitin yaradılması yolu ilə xarici investisiya qoyuluşlarının əsaslı surətdə artırılmasıdır.

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə Strateji Yol Xəritəsində kənd təsərrüfatında və emalı sənayesində fəaliyyət göstərən istehsalçıların maliyyə vəsaitləri ilə təmin olunmasına yönəlik mexanizmlərin qurulması da öz əksini tapmışdır. Bu istiqamətdə nəzərdə tutulmuş prioritetlərin reallaşdırılması ilə bağlı artıq Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı tədbirlər haqqında” 11 aprel 2017-ci il tarixli sərəncamı ilə konkret vəzifələr müəyyən edilmişdir. Sərəncama uyğun olaraq, müvafiq orqanlar tərəfindən kənd təsərrüfatı istehsalçılarının investisiya və maliyyə resurslarına olan ehtiyaclarının müəyyən edilməsi, zəruri mexanizmlərin formalaşdırılması ilə bağlı təfsilatlı və geniş tədbirlər planı hazırlanmalı və həmin tədbirlər planının qanunvericilik və institutsional islahatların həyata keçirilməsini nəzərdə tutan hissəsinin 2017-ci ildə icrasını təmin etmək məqsədilə zəruri tədbirlər görülməkdədir.

Aqrar sahədə fəaliyyət göstərən təsərrüfat formaları səciyyəsində sahənin rəqabətqabiliyyətliliyinin gücləndirilməsinə və uzunmüddətli dövr baxımından davamlı modernləşdirməyə təminat yaradan yeniliklərə artıq başlanılmışdır. Çoxşaxəli dövlət köməyinin göstərilməsi vasitəsi ilə kiçik ailə-kəndli təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsinə paralel olaraq kommersiya əsaslı iri fermer təsərrüfatları, aqrokomplekslər yaradılır. Artıq ölkənin 20 rayonunda 44 min hektaradək sahədə 32 iri fermer təsərrüfatı, 2 aqroparklar fəaliyyət göstərir. İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, hazırda ölkənin 21 rayonunda 124 min hektaradək ərazidə daha 26 aqroparkın yaradılması təşviq olunur. Qabaqcıl aqrotexniki qaydaların, müasir texnologiyaların tətbiqinə əsaslanan belə komplekslər perspektivdə kənd təsərrüfatı sektorunun əsaslı şəkildə dəyişməsində aparıcı qüvvə kimi çıxış edəckdir.

Yeni inkişaf modelində aqrar sahədə qabaqcıl tenologiyalar və aqrotexniki üsullardan istifadə əsasında məhsuladarlığın yüksəldilməsinin dayanıqlı inkişaf tələblərinə ciddi əməl edilməsi ilə uzlaşdırılması vəzifəsi ön plana çəkilir. Eyni zamanda burada ətraf mühitin qorunması, təbii resurslardan dayanıqlı istifadə və bu amillərin kənd təsərrüfatına təsirlərinin idarə olunması əsas strateji hədəflərdən biri kimi qəbul olunur. Bu istiqamətdə su, torpaq və digər təbii resursların mənfi təsirə məruz qalmaması üçün müvafiq nəzarət mexanizmlərinin və standartların da tətbiq edilməsi nəzərdə tutulur. Bütün bunlar kənd təsərrüfatı ilə bərabər, emal sənayesinin gələcək inkişafı üçün nəzərdə tutulmuş strategiyaların “yaşıl” yanaşma əsasında planlaşdırılmasına, iqlim dəyişikliyinin, ətraf mühitə faydalı istehsal və emal metodlarının tətbiqinə ciddi əsas verəcəkdir.

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrində əsaslı dəyişikliklər kənd yerlərinin ardıcıl və dayanıqlı inkişafının təmin edilməsi ilə uzlaşdırılır. Bu istiqamətdə kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının yüksəldilməsi strateji hədəflər sırasına daxil edilmişdir. Bununla əlaqədar reallaşdırılacaq prioritetlərin sırasına kənd yerlərinin sosial-iqtisadi inkişaf siyasəti üzrə potensialın gücləndirilməsi də daxil edilmişdir. Həmin prioritetin həyata keçirilməsi nəticəsində kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində milli səviyyədə planlaşdırma ilə kəndin inkişafı tədbirləri əlaqələndiriləcək, kəndlər üzrə qısa, orta və uzunmüddətli inkişaf planları hazırlanacaq, həyata keçirilən pilot layihələr əsasında təcrübə əldə olunacaqdır.

Qeyd etmək lazımdır ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə Strateji Yol Xəritəsində kənd yerlərinin inkişafı sahəsində müəyyən edilmiş prioritetlərin uğurla reallaşdırılması üçün zəminlərin yaradılması, ilk növbədə, qanunvericilik bazasınıın inkişafı ilə bağlıdır. Bu istiqamətdə, kənd ərazilərinin inkişafına dair qanunun qəbulu məsələsinə baxıla bilər. Bu, qanun əlaqədar qurumların iştirakı ilə kəndlər üzrə qısa, orta və uzunmüddətli inkişaf planlarının hazırlanmasında, kənd yerlərinin inkişafı üzrə proqramların icra mexanizmlərinin hazırlanmasında zəruri hüquqi əsas ola bilər.

Kənd yerlərinin inkişafına məqsədli maliyyə dəstəyinin gücləndirilməsi məqsədilə “Kənd Ərazilərinin İnkişafı Fondu”nun təsis edilməsi məsələsinə də baxıla bilər. Bu fond yalnız dövlət büdcəsindən deyil, həm də digər mənbələrdən vəsait cəlb edilməsi əsasında, o cümlədən beynəlxalq donorların maliyyə dəstəyi ilə fəaliyyət göstərməli, kəndin inkişafına yönəlik sosial və infrastruktur layihələrini dəstəkləməlidir.

Kənd təsərrüfatı sahəsində islahatların uğurla davam etdirilməsi sahənin inkişafı üzrə qəbul olunmuş strategiyaların uğurla reallaşdırılmasına yol açır. 2016-cı ildə həm bitkiçilik və həm də heyvandarlıq məhsullarının istehsalı artmışdır. Aqrar sahənin ixrac potensialının inkişafında əhəmiyyətli irəliləyişlər baş verməkdədir. Ötən il 426,1 milyon dollar ABŞ dolları həcmində kənd təsərrüfatı məsulları ixrac olunmuşdur. İxracın həcmi dəyər ifadəsində 20,7 faiz çoxalmışdır. İxracın artımı tərəvəz üzrə 40,7 faiz, pambıq üzrə 24,3 faiz, gön-dəri xammalı üzrə 22 faiz təşkil etmişdir. Aqrar sahənin məhsul ixracında müsbət artım dinamikası cari ildə də saxlanılmaqdadır. 2017-ci ilin yanvar-fevral aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə ixrac olunan təzə meyvə 44,6 faiz, təzə tərəvəz 2,1 dəfə, meyvə və tərəvəz şirələri 66,1 faiz, meyvə və tərəvəz konservləri 3,4 faiz, pambıq lifi 7 dəfə artmışdır.

Yeni iqtisadi model Azərbaycanın rəqabət qabiliyyətinin daha da artırılmasını və beynəlxalq əmək bölgüsündə layiqli yer tutmasını  gücləndirəcəkdir. Heç də təsadüfi deyildir ki, Dünya İqtisadi Forumunun 2016-cı il üçün Qlobal Rəqabət Qabiliyyətliliyi İndeksinə görə Azərbaycan öz mövqeyini daha da yaxşılaşdıraraq 37-ci yerdə (MDB ölkələri sırasında 1-ci yerdə) qərarlaşmışdır. Bu ölkəmizdə həyata keçirilən strateji kursa, aparılan iqtisadi islahatlara verilən ən yüksək dəyər kimi qiymətləndirilməlidir.

Beləliklə, inkişafın keyfiyyətcə yeni iqtisadi modelə keçid uğurları olaraq ölkəmizin qlobal böhran risklərindən qorunmasını təmin edəcək və davamlı inkişafın istinadına çevriləcəkdir.

 

Sadıq SALAHOV,
Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun direktoru,
iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında