Şriftin ölçüsü:
07.01.2011 01:06 | Oxunma sayı: 666
Azərbaycan Respublikasında informasiya cəmiyyətinin formalaşdırılması üzrə fəaliyyətin əsası ümummilli lider Heydər Əliyevin 2003-cü il fevral ayının 17-də imzaladığı "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)" təsdiqi ilə qoyulmuşdur.
Bu strategiyanın ilkin mərhələsindən irəli gələn vəzifələrin reallaşdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində 2005-2008-ci illərdə İKT-nin inkişaf etdirilməsi ilə informasiya cəmiyyətinə keçidin təmin olunması istiqamətində mühüm tədbirlər nəzərdə tutulmuşdur. Həmin tədbirlər vaxtında müvəffəqiyyətlə icra edilmiş və növbəti işlər üçün zəmin yaratmışdır.
Görülən işlərin davam etdirilməsi və genişləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev informasiya cəmiyyətinə keçidin 2010-2012-ci illəri əhatə edən növbəti mərhələsinin tədbirlərini özündə cəmləşdirən yeni "Elektron Azərbaycan" Dövlət Proqramını təsdiq etmişdir. Hazırda dövlət orqanları bu Dövlət Proqramının icra edilməsi üzrə fəaliyyət göstərirlər. Bu istiqamətdə görülən işlərin əsas tərkib hissələrindən biri "Elektron hökumət"in formalaşdırılması ilə bağlıdır.
Son illərdə müxtəlif dövlət qurumları "elektron hökumət" layihələri həyata keçirirlər və bu sahədə müəyyən nailiyyətlər əldə olunmuşdur. Hazırkı mərhələdə isə başlıca vəzifə bu layihələrin inteqrasiyasını, sistemli fəaliyyətini təmin etmək üçün lazımi işlərin görülməsidir. Nazirlər Kabinetinin 2010-cu il 14 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2010-2011-ci illərdə "Elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramı"nda nəzərdə tutulmuş tədbirlər məhz bu istiqamətdə görülməli işlərin əsasını qoyur. Aydındır ki, "Elektron hökumət" formalaşdırılması təkamül prosesi olduğu üçün növbəti dövrlərdə də bu işlərin davam etdirilməsi, genişləndirilməsi, təkmilləşdirilməsi nəzərdə tutulur. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat vermişdir. Məlumatda deyilir ki, "Elektron hökumət"in formalaşdırılması dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi ilə yanaşı, vətəndaşlarla əlaqələrin inkişaf etdirilməsi, daha münasib və sadə formalarda həyata keçirilməsinə, onların dövlət orqanları ilə ünsiyyətinin asanlaşdırılmasına, etimadın yüksəlməsinə şərait yaradacaqdır. Dövlət orqanlarının indi həyata keçirdiyi fəaliyyətin elektron xidmətlər şəklində reallaşdırılması məhz buna xidmət edəcəkdir.
Hazırda dövlət idarəçiliyində İKT-nin geniş tətbiqi, e-imza və e-sənədin istifadəsini təmin edən infrastrukturun yaradılması üzrə işlər görülür, bir sıra dövlət xidmətləri elektron üsullarla həyata keçirilir. Vergi bəyannamələri və hesab-fakturaların elektron şəkildə təqdim olunması, tələbə qəbulu üzrə ərizələrin internet vasitəsilə doldurulması, milli ödəniş sisteminin, vətəndaşlar üçün e-sağlamlıq kartlarının, gömrük prosedurlarında elektron xidmətlərin tətbiqi və s. bunlara əyani misaldır. Dövlət orqanları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsini təmin etmək üçün vahid multiservis şəbəkə qurulmuş, vergilər, səhiyyə, ədliyyə, gömrük, təhsil, sosial müdafiə sahələrində vətəndaşların hökumət orqanları ilə əlaqələrinin sadələşdirilməsinə xidmət edən informasiya sistemləri qurulmuş, bir çox digər orqanlarda isə qurulmaqdadır.
Nazir bildirmişdir ki, ölkədə "e-hökumət"in fəaliyyəti üçün vacib sayılan dövlət reyestrləri yaradılmaqdadır. Əhalinin reyestri, daşınmaz və daşınan əmlakın reyestrləri, normativ aktların reyestri, ünvan reyestri, inzibati-ərazi bölgü reyestri, hüquqi şəxslərin reyestri və s. mühüm reyestrlərin formalaşdırılması dövlət orqanlarında göstərilən e-xidmətlərin sayını daha da artıracaqdır.
"E-hökumət" mühitində mühüm əhəmiyyət kəsb edən informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə əməli tədbirlər görülür, standartlar işlənilir, milli informasiya sistemlərində tətbiq olunacaq təsnifatlar hazırlanır. "E-hökumət"in formalaşdırılması üzrə işlərə təkan vermək məqsədilə "Elektron hökumət" haqqında qanun layihəsi işlənməkdədir. Bu qanun layihəsində dövlət orqanı-vətəndaş-biznes əlaqələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və istifadəsi zamanı yaranan münasibətlərin hüquqi-təşkilati baxımdan tənzimlənməsi, tərəflərin hüquq və vəzifələrinin dəqiqləşdirilməsi və sair məsələlər nəzərdə tutulacaqdır.{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.