Şriftin ölçüsü:
07.01.2011 04:17 | Oxunma sayı: 680
Gömrük xidməti ilə biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərən "Məsləhət şurası"nın xarici iqtisadi fəaliyyət iştirakçıları ilə növbəti görüşü keçirilmişdir.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, tədbiri giriş sözü ilə açan Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı üçün yaradılan münbit şəraitdən danışmışdır. Qeyd etmişdir ki, muxtar respublikada iqtisadi təhlükəsizliyin təmin edilməsi, daxili bazarın qorunması, ixracın stimullaşdırılması iqtisadi inkişafın əsas istiqamətləri kimi müəyyənləşdirilmişdir.
Gömrük orqanları tərəfindən bu sahədə görülən işlər regionda yeni istehsal sahələrinin yaradılması və inkişafını, əhalinin sosial rifah halının yüksəlməsini, daxili bazarın xarici təsirlərdən müdafiəsi ilə stimullaşdırılmasını təmin etmişdir. Komitə sədri qarşıya çıxan problemlərin qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində həll oluna biləcəyini önə çəkmişdir. Vurğulamışdır ki, gömrük sistemində qanunvericiliyin təkmilləşdirilməsi, infrastrukturun yenilənməsi, "bir pəncərə" prinsipinin tətbiqi ilə Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminə (VAİS) keçid, yeni proqram təminatlarından istifadə rəsmiləşdirməni asanlaşdırmaqla yanaşı, həm də sürətləndirmişdir. A.Məmmədov xarici iqtisadi fəaliyyət iştirakçılarına dövlətimizin iqtisadi maraqlarını, muxtar respublikanın coğrafi, iqtisadi xüsusiyyətlərini daha dərindən təhlil etməyi, qanunvericiliyin tələblərini öyrənməyi, gömrük əməkdaşları ilə məsləhətləşmələr aparmağı tövsiyə etmişdir.
Tədbirdə çıxış edən Komitənin Gömrük nəzarətinin təşkili şöbəsinin rəisi, gömrük xidməti mayoru Zaur Bağırov daxili bazarın qorunmasının gömrük işinin prioritet istiqamətlərindən biri olduğunu demişdir. Bildirmişdir ki, daxili bazarın qorunması regionda uzunmüddətli olmaqla sistemli və iqtisadi əsaslara söykənən formada həyata keçirilir. Bunun nəticəsidir ki, muxtar respublika iqtisadiyyatı daxili resurslardan maksimum şəkildə yararlanmaqla yeni və mütərəqqi istehsal sahələrinin yaradılması ilə inkişaf edir. İxracın stimullaşdırılması həyata keçirilir.
Daxili bazarın qorunması, muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində il ərzində görülən işlərdən danışan Z.Bağırov bu sahədə daha ciddi irəliləyişin əldə olunması məqsədi ilə bir neçə təkliflə çıxış etmişdir. Vurğulamışdır ki, iş adamları daxili bazarın konyunkturunu dərindən və müntəzəm izləyərək bazarda xüsusilə xalq istehlakı məhsullarının qıtlaşmasına və qiymət qalxmalarına yol verməməli, daxili tələbatın ödənilməsi üçün lazımi malların xarici ölkələrdən birbaşa muxtar respublikaya idxal edilməsini təşkil etməlidirlər.
Üstəlik, xarici ölkələrdən mal idxal etməzdən əvvəl gömrük orqanları ilə məsləhətləşmələr aparılmalıdır. Z.Bağırovun sözlərinə görə, iş adamları tərəfindən idxal olunan malların istehlak müddətinə, gigiyenik vəziyyətinə, keyfiyyət göstəricilərinə ciddi nəzarət olunmalı, muxtar respublikada istehsal olunan məhsulların gətirilməsi minimuma endirilməli, üzərində erməni dilində istehlakçı məlumatları olan malların daxili bazara yol tapmasına imkan verilməməlidir.
Digər bir vacib məsələ isə idxal edilən yeyinti məhsullarının üzərində Azərbaycan dilində tərcümənin olmasıdır ki, bu da xarici iqtisadi fəaliyyət iştirakçılarının diqqətinə çatdırılmışdır. Komitənin Audit şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Tofiq Hüseynov rəsmiləşdirmə əməliyyatlarının təkmilləşdirilməsi və qarşıya çıxan problemlərin aradan qaldırılması yollarından danışmışdır. Bildirmişdir ki, müəssisə və təşkilatlar rəsmiləşdirmə prosesinə daha ciddi yanaşmalı, bu işdə öz məsuliyyətlərini artırmalıdırlar. Eyni zamanda, xarici təşkilat və firmalarla bağlanmış müqavilələr beynəlxalq norma və prinsiplərə uyğun olmalı, mallar idxal olunmazdan əvvəl tələb olunan sənədlər gömrük orqanları ilə aydınlaşdırılmalıdır. Bu ildən rəsmiləşdirmə elektron formada aparılacaq ki, bu da iş adamlarından daha diqqətli olmağı, vaxt amilinə, sənədlərin dəqiqliyinə ciddi fikir verməyi tələb edir.
Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Abbas Babayev gömrük orqanları tərəfindən iş adamlarına göstərilən diqqət və qayğının muxtar respublikanın iqtisadi imkanlarının genişlənməsinə stimul verdiyini vurğulamışdır.
Sonra diskussiya aparılmışdır. İş adamlarının problem və qayğıları dinlənilmiş, təkliflər səsləndirilmiş, tövsiyələr verilmişdir.
Tədbirə yekun vuran komitə sədri mövcud problemlərin aradan qaldırılması, yerli istehsal müəssisələrinin fəaliyyətinə dəstək göstərilməsi, ixracın stimullaşdırılması və daxili bazarın qorunması ilə bağlı konkret tapşırıqlar vermişdir.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.