Pambıqçılıq Azərbaycan iqtisadiyyatının ən gəlirli sahələrindəndir

Pambıq geniş əhatəli, universal texniki bitkidir. Onun əhəmiyyəti əvəzolunmaz lifə malik olması ilə bağlıdır. İqtisadiyyatın elə bir sahəsi yoxdur ki, orada pambıqdan istifadə olunmasın. Pambıq lifi toxuculuq sənayesi üçün əsas xammal sayılır. Ondan müxtəlif növ parçalar, iplik və geyimlər alınır, eləcə də müxtəlif texniki məmulatların hazırlanmasında istifadə olunur. Pambıq bitkisindən 250-dən artıq adda məhsul istehsal edilir. O, maşınqayırma və təyyarə sənayesində, kimya sənayesində, heyvandarlıqda və s. sahələrdə çox qiymətli xammaldır.

 Martın 28-də Saatlıda ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə həsr olunan respublika müşavirəsində dövlətimizin başçısı demişdir: “Pambıqçılığın Azərbaycanda qədim ənənələri vardır. Əsrlər boyu xalqımız pambıqçılıqla məşğul olubdur. Ancaq pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1970-ci illərdə və eyni zamanda, 1980-ci illərin əvvəllərində Azərbaycanda pambıqçılıq sürətlə inkişaf edib. Əgər biz statistikaya nəzər salsaq görərik ki, ulu öndərin dövründə Azərbaycanda pambıq tədarükü bir neçə dəfə artıb. 1980-ci illərin əvvəllərində 800 min ton –1 milyon tona qədər pambıq tədarük edilirdi. Hesab edirəm ki, bu gün pambıqçılığın inkişafı artıq reallıqdır və 2016-cı il dönüş ili olmuşdur. Keçən il biz 51 min hektarda pambıq əkmişdik və nəticədə 90 min tona yaxın məhsul götürülmüşdür. Yəni, bu, 2015-ci illə müqayisədə üç dəfə çoxdur. Bu il 22 rayonda pambıq əkiləcək və əkin sahələri 136 min hektar olacaq. Əgər biz hektardan orta hesabla 20 sentner götürsək, bu, 270 min ton pambıq tədarükü deməkdir.”

Pambıq dünyanın 80-ə yaxın ölkəsində becərilir. Bu ölkələrdən biri də Azərbaycandır. Pambıq bitkisi bioloji xüsusiyyətləri ilə əlaqədar olaraq yer kürəsinin az bir hissəsində becərilir və ölkəmizin iqtisadiyyatında zaman-zaman aparıcı sahələrdən birini tutur. Məhz bu baxımdan strateji əhəmiyyət daşıyan pambıq bitkisi Azərbaycan xalqının milli sərvətlərindən biri sayılır. Ölkəmizin yerləşdiyi iqtisadi-coğrafi məkan burada kənd təsərrüfatının bir sıra sahələrinin, eləcə də pambıqçılığın stabil inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Respublikanın pambıqçılıq bölgələrində bu bitkinin becərilməsi ilə əlaqədar  böyük təcrübə toplanmış, yüksək əkinçilik mədəniyyəti formalaşmışdır. Arxeoloji qazıntılar göstərir ki, Azərbaycanda pambıqçılıqla hələ eramızdan əvvəl 3-4-cü əsrlərdə məşğul olmuşlar.

Statistik məlumatlara əsasən, 1913-cü ildə Azərbaycanda 100 min hektardan çox sahədə pambıq əkilmiş və 65 min ton xam pambıq istehsal edilmişdir. 1925-1926-cı illərdə hər hektardan məhsuldarlıq 6-7 sentner, ümumi məhsul istehsalı isə 58-60 min ton idi. Böyük Vətən müharibəsindən sonra, xüsusilə də 50-60-cı illərdə respublikada pambıqçılığa diqqət olduqca zəifləmişdi. Nəticədə pambıq istehsalı ildən-ilə azalırdı. Çoxları pambığı perspektivsiz bitki hesab edirdi.

1969-cu ildə ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra həmin ilin avqustunda və 1970-ci ilin avqustunda Azərbaycan KP MK-nın plenumlarında əkinçiliyi və heyvandarlığı, birinci növbədə pambıqçılığı inkişaf etdirmək üçün konkret tədbirlər planı işlənib hazırlandı. 1970-ci ildən başlayaraq pambıq istehsalı və dövlətə satışı planları artıqlaması ilə yerinə yetirilməyə başlandı. 1969-cu ildə 162 min ton pambıq təhvil verildiyi halda, 1976-cı ildə bu göstərici 412 min ton oldu. Ulu öndərimiz tərəfindən pambıqçılığın inkişaf etdirilməsi kolxoz və sovxozların iqtisadiyyatının möhkəmlənməsinə, kənd əhalisinin maddi rifah halının yaxşılaşdırılmasına böyük təsir göstərdi. 1969-cu ildə pambıqçılıqdan 150 milyon manat gəlir götürüldüyü halda, 1976-cı ildə bu rəqəm 350 milyon manata çatdırıldı. 1970-1976-cı illərdə kolxoz və sovxozlar pambıqdan 2 milyard manat gəlir əldə etmişlər.

1981-ci ildə respublikada pambıqçılıq sahəsində ən yüksək nəticə əldə olunmuş, 1 milyon tondan artıq məhsul istehsal edilmişdir. Hektarın məhsuldarlığı 34 sentner, ayrı-ayrı təsərrüfat və briqadalarda isə 50 sentner olmuşdu. 1969-1982-ci illərdə 11 pambıqçılıq briqadiri Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri ada, onlarla istehsalat təşkilatçısı isə yüksək dövlət mükafatlarına layiq görülmüşdür.

Azərbaycanda pambıqçılığın tərəqqi dövrü 1969-cu ildən başlayaraq 1988-ci ilədək yüksələn xətlə inkişaf etdiyi dövrdür. 1988-ci ildən başlayaraq, pambığın ilbəil ümumi əkin sahəsi, məhsuldarlıq və ümumi məhsul istehsalı azalmışdır. 2015-ci ildə respublikamızda pambığın əkin sahəsi 18,8 min hektar, ümumi məhsul istehsalı 35 min ton olmuşdur. Keçən əsrin 80-ci illərində isə təkcə Bərdə rayonunda ildə 100 min tondan çox pambıq məhsulu tədarük olunurdu. Ölkə büdcəsinin 22-25 faizi pambıqçılıqdan əldə olunan vəsait hesabına formalaşırdı. Ümummilli liderimiz pambıqçılığa yüksək qiymət verərək deyirdi: “Pambıqçılıq çox faydalı sahədir, bu sahə yaşamalı və inkişaf etdirilməlidir”.

Pambıqçılıq aran rayonlarında əhalinin başlıca məşğuliyyəti və əsas gəlir mənbəyi idi. Bu strateji sahədən əldə olunan gəlir hesabına o illərdə kəndlərimizdə geniş abadlıq və quruculuq işləri aparılmış, əhalinin maddi rifah halı xeyli yüksəlmişdi.

Ümummilli liderimiz Heydər Əliyev respublikamızda pambıqçılığın inkişafına daim qayğı göstərirdi. O,  1977-ci il noyabrın 25-də Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun 50 illik yubileyində demişdir: “Pambıqçılıq sahəsində aparılan tədqiqatlar məhsulun azı 80-90 faizini sentyabr ayında açan yüksək məhsuldar və tezyetişən sortlar yaradılmasına yönəldilməlidir. Respublikanın pambıq tarlaları seleksiya və aqrotexnika, aqrokimya və fitopotologiya, iqtisad və mexanikləşdirmə, irriqasiya və meşə meliorasiyası alimlərindən səmərəli tədqiqatlar gözləyir. Torpağın münbitliyini yüksəltməkdə birinci söz onlarındır, münbitliyin açarı elmin əlindədir. Elmi surətdə əsaslandırılmış növbəli pambıq-yonca əkininin işlənib hazırlanmasını və tətbiq olunmasını təmin etmək lazımdır. Bu, Azərbaycan şəraitində pambığın məhsuldarlığını 30-40 faiz yüksəltməyə imkan verər”.

 Artıq Heydər Əliyevin o dövrdə alimlərimizin qarşısına qoyduğu hədəfə nail olunmuş və vegetasiya müddəti 110-120 gün olan tezyetişən, məhsuldar pambıq sortları yaradılmışdır. Bu gün hər bir təsərrüfat adamı çalışır ki, pambığı sahədən tez və vaxtında–itkisiz yığsın, sahəni vaxtında şumlasın və ya yerinə digər dənli-paxlalı bitkilər əksin. Çünki hər bir bitkinin optimal səpin müddəti var və bu müddətin gecikdirilməsi məhsuldarlığın ən azı 25-30 faiz azalması deməkdir.  

Son 20 ildə respublikamızda yüksək potensialı olan, sələflərinə nisbətən əlverişsiz mühitə daha davamlı, tez yetişən yeni sortlar yaradılmışdır. Məhsuldarlığı hər hektardan 50-55 sentner olan 8 yeni pambıq sortu (AzNİXİ-195, Gəncə-2, Gəncə-8, Gəncə-78, Gəncə-80, Gəncə-103, Gəncə-110, Gəncə-114, Gəncə-160) rayonlaşdırılmış və bu sortların ilkin toxumçuluq işləri qurulmuşdur. Rayonlaşma ərəfəsində həmin sortların Mil, Muğan və Mərkəzi Aran rayonlarının fermer təsərrüfatlarındakı sınaq əkinlərindən hər hektardan 45-55 sentner məhsul götürülmüşdür. Hazırda pambıqçılıq bölgələrində bu sortlardan normal aqrotexniki şəraitdə hektardan 40-45 sentner məhsul yığılır.

Bol və keyfiyyətli məhsul əldə etmək üçün ilk növbədə, yüksək reproduksiyalı toxum yetişdirmək lazımdır. Respublikamızda aparılan aqrar islahata qədər fəaliyyət göstərən elit toxumçuluq təsərrüfatları, birinci, ikinci reproduksiyalı toxumluq xam pambıq istehsalı üçün seçilmiş toxumçuluq təsərrüfatları, bölgələrdə toxumluq xam pambıq emalı üzrə ixtisaslaşdırılmış pambıq zavodları ləğv edildikdən sonra pambıq toxumçuluğu işinin qüvvədə olan təlimat əsasında sistemli işləməsi təmin olunmamışdır. Odur ki, bu gün bilavasitə pambıq toxumçuluğu ilə məşğul olan təsərrüfatlar yaradılmalıdır. 

Hər il bioloji xüsusiyyətlərinə görə vahid sahədə eyni və ya bir-birinə yaxın kənd təsərrüfatı bitkilərinin becərilməsi, özünəməxsus monokultura yaratmaqla torpaq ehtiyatlarının həddən artıq az olduğu şəraitdə əkin sahələrinin məhsuldarlığı kəskin surətdə azalır, xəstəlik və zərərvericilərin yayılmasına, ekoloji tarazlığın pozulmasına gətirib çıxarır. Son illərdə torpaqların fasiləsiz istifadə olunması, mineral və üzvi gübrələrin kifayət qədər verilməməsi torpaqların münbitliyinin azalmasına səbəb olmuşdur. Pambıq növbəli əkin sistemində ən yaxşı sələf bitkisidir. Belə ki, pambıq əkini sahələri dənli-paxlalı bitkiləri, tərəvəz, bostan və s. üçün əlverişli sələf bitkisi sayılır. Pambıqçılıq bölgələrində təmiz toxumluq taxıl əkinləri üçün pambıq altından çıxmış sahələr daha əlverişli sayılır.

Azərbayсan Prezidenti сənab İlham Əliyev Nazirlər Kabinetinin ilin birinсi rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iсlasında ölkədə kənd təsərrüfatının, o сümlədən pambıqçılığın inkişafının sürətləndirilməsinin vaсibliyindən danışarkən demişdir: “Kənd təsərrüfatı məhsullarının həсmi  artmalıdır,  daxili tələbatı tam təmin etməliyik. İxraсyönümlü məhsulların həсmini artırmalıyıq, məhsuldarlıq yüksəldilməlidir, ən  müasir texnologiyalar tətbiq olunmalıdır”.

Hazırda dövlətimizin başçısının aqrar sahənin, o cümlədən pambıq istehsalının artırılması istiqamətində qarşıya qoyduğu əlverişli idarəetmə və müvafiq təşkilati məsələlər yüksək səviyyədə yerinə yetirilməkdədir. Ölkəmizdə pambıqçılığın klasterlər əsasında inkişaf strukturunun qurulması öz həllini tapmaqdadır. Yəni, pambıqdan alınan məhsullara, ilk növbədə, ölkədaxili tələbatın olduğu üçün bu sahə üzrə müştərək sənaye sahələrinin - emal, əyiricilik, toxuculuq və tikiş müəssisələrinin yaradılması həyata keçirilməkdədir. Bir sözlə, pambıq respublikamızda son məhsula qədər emal olunmalıdır. Biz xaricə xammal deyil, hazır məhsul satmalıyıq.

Xaricə valyuta axınının qarşısını almaq və toxumdan asılılığı aradan qaldırmaq üçün pambıq toxumçuluğu işi sistemli şəkildə qurulmalıdır. Əgər xaricdən gətirilən pambıq sortlarının məhsuldarlığı və keyfiyyət göstəriciləri bizim sortlardan üstün olarsa, gətirilən sortların ilkin toxumçuluq işini respublikamızda qurmaq lazımdır.

Artıq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin verdiyi tövsiyə və göstərişlər əsasında 2016-cı ildən başlayaraq pambıqçılıqda böyük dönüş yaranmışdır. Pambıqçılığın inkişafı ilə bağlı aşağıdakı təkliflərin yerinə yetirilməsini məqsədəuyğun hesab edirik:

- Pambıq istehsalçılarına xüsusi subsidiyalar və güzəştli kreditlər verilməlidir;

-xam pambığın satınalma qiymətləri artırılmalıdır (çünki bugünkü qiymət dollarla müqayisdə xeyli aşağıdır);

- pambıq istehsalçılarının ­assosiasiyası yaradılmalıdır;

- torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün irriqasiya sistemləri yenidən qurulmalıdır;

- torpaqların münbitliyini və məsuldarlığını artırmaq üçün pambıq – taxıl – yonca növbəli əkin sisteminə keçilməli, aqrokimyəvi xidmətlərdən geniş istifadə edilməlidir;

- bu gün pambıq zavodları özəldir. Buna alternatv olaraq dövlət tərəfindən pambıq emalı zavodları və pilot pambıqçılıq təsərrüfatları yaradılmalıdır;

- pambıq son məhsula respublikamızda keçməli və emal sənayesi (toxuculuq-trikotaj, yem, yağ və s.) yaradılmalı, dünya bazarına hazır məhsul çıxarılmalıdır;

- pambıqçılıqla məşğul olan xarici investorların ölkəyə gəlmələri üçün daha əlverişli şərait yaradılmalıdır; 

- pambıqçılığın inkişafına dair Dövlət Proqramı qəbul edilməlidir;

- Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq ixtisasına və digər  zəruri ehtiyac olan ixtisaslara kənd yerlərindən güzəştli şərtlərlə tələbələr qəbul edilməli, kollec və texniki peşə məktəbləri yaradılmalıdır;

- pambıq istehsalçılarını yüksək reproduksiyalı toxumla təmin etmək üçün elit toxumçuluq təsərrüfatları yaradılmalıdır;

- tezyetişən yerli pambıq sortlarına üstünlük verilməlidir;

- suvarma suyu çatmayan rayonlarda birinci növbədə su problemi həll edilməlidir;

- üzvi və mineral gübrələr torpağın aqrokimyəvi göstəriciləri əsasında bitkinin tələbatına uyğun olaraq verilməlidir;

- kənd təsərrüfatı çox riskli sahə olduğundan əkin sahələri sığorta edilməlidir;

- pambığın becərilməsində tələb olunan aqrotexniki qaydalara düzgün əməl olunmalıdır.

Beləliklə, Azərbaycanda pambıqçılığın inkişafı, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına aid Dövlət Proqramındakı mövcud problemlərin həllində, xüsusilə, kənd əhalisinin daimi işlə təmin olunmasında, heyvandarlığın yem bazasının möhkəmləndirilməsində və dövlət büdcəsinə külli miqdarda vəsaitin daxil olmasında əhəmiyyətli nəticələr verməsi gözlənilir. Bu baxımdan “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi (14 iyul 2010-cu il), “Pambıqçılıq haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” (3 mart 2011-ci il), aqrar sahənin və pambıqçılığın inkişafı ilə bağlı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin verdiyi fərman, sərancam və tövsiyələr bu sahənin davamlı inkişaf etdirilməsi üçün əsas proqram kimi nəzərə alınmalıdır.

Həsənəli Aslanov,
Bitki Mühafizə və Texniki Bitkilər 
Elmi-Tədqiqat İnstitutun direktorunun müavini,
aqrar elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında