Azərbaycan mühüm tranzit daşımalarının əsas tərəfdaşıdır

Dünən Bakıda Xəzər beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat “Road&Traffic 2017” sərgisi öz işinə başladı.

Tədbirin açılış mərasimində çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sərgi iştirakçılarını salamlayaraq bildirdi ki, son illər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nəqliyyat sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində dəmir yolu, su və hava nəqliyyatı vasitələri ilə yükdaşımaların həcmi artıb. Qeyd olundu ki, Şərq və Qərb arasında körpü rolunu oynayan Azərbaycan hazırda mühüm tranzit daşımalarının əsas tərəfdaşı kimi qəbul edilir. Xəzər dənizinin sahilində ən böyük liman-- Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin davam etdirildiyini diqqətə çatdıran nazir qeyd etdi ki, sözügedən ərazidə azad ticarət zonası yaradılır ki, bu da ölkəmizə investisiya qoyulması üçün geniş imkanlar yaradır. R. Quluzadə dövlət başçısının xüsusi diqqət və qayğısı nəticəsində bu sahədə qarşıda duran  vəzifələrin layiqincə yerinə yetiriləcəyinə əminliyini bildirdi.

Nazir daha sonra qeyd etdi ki, ənənəvi olaraq hər il keçirilən Xəzər beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat sərgisinə  maraq ildən-ilə artmaqdadır. Qeyd olundu ki, ən son texnologiyaların və yeniliklərin nümayiş olunduğu builki sərgi də, həmişə olduğu kimi, təcrübə mübadiləsinə və yeni əməkdaşlığın qurulmasına xidmət edəcək.

“ITE Group” şirkətinin icraçı direktoru Edvard Stroon sərgi haqqında məlumat verərək bildirdi ki, Bakı şəhərində keçirilən ənənəvi Xəzər beynəlxalq yol infrastrukturu və ictimai nəqliyyat sərgisi müxtəlif sektorları əhatə etdiyindən maraqla qarşılanır.  Məhz buna görə də əməkdaşlıq baxımından xüsusi əhəmiyyət kəsb edən sərgidə hər il yeni-yeni iştirakçılara rast gəlmək mümkündür. Qeyd olundu ki, builki sərgidə dünyanın 14 ölkəsini təmsil edən 88 şirkət iştirak edir ki, onların da üçdə biri yeni şirkətlərdir. E. Stroon sonda sərginin keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycan hökumətinə və ayrı-ayrı şirkətlərə minnətdarlığını bildirdi.

Xatırladaq ki, aprelin 28-dək davam edəcək “Road&Traffic 2017” sərgisinin məqsədi yol-tunel inşaatı, yol hərəkətinin idarə edilməsi sahəsində müasir informasiya texnologiyalarının tətbiqi və ictimai nəqliyyat sahəsi üzrə istehsalçı və operatorların görüşü üçün şərait yaratmaq, eləcə də yol təhlükəsizliyi ilə bağlı problemlərin həlli yolları üzrə əldə olunan ən son nailiyyətləri nümayiş etdirməkdir. “Road&Traffic” sərgisi biznes strukturlarının Azərbaycan və region ölkələrinin dövlət yol-nəqliyyat orqanlarının mütəxəssisləri ilə görüşməsi üçün unikal platformadır.

Builki sərgidə Azərbaycan, Almaniya, ABŞ, Rusiya, Türkiyə, Çexiya və digər ölkələri təmsil edən şirkətlər yol-tunel layihələndirməsi və inşaatı üzrə xidmətlər, habelə yol təhlükəsizliyi vasitələri, yol maneələri, yolların işarələnməsi üçün avadanlıqlar, yol monitorları, şəhər infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı, nəqliyyatı intellektual idarəetmə sistemləri, avtobuslar və bir sıra digər məhsullar təqdim olunur. Bu il ilk dəfə olaraq sərgidə Bakı Nəqliyyat Agentliyi də iştirak edir.

“Road&Traffic 2017” sərgisi regionun aparıcı yol-inşaat şirkətlərinin rəhbər və mütəxəssisləri ilə görüşlər keçirmək və Bakı şəhərində, eləcə də Azərbaycanın digər şəhərlərində ictimai nəqliyyatın optimallaşdırılması sahəsində hökumətin cari və gələcək planları ilə tanış olmaq, eləcə də bu layihələrdə iştirak imkanlarını nəzərdən keçirmək üçün əlverişli imkanlar yaradır. Ənənəvi olaraq, sərgidə yeni məhsullar, o cümlədən yolların işıqlandırılması üçün “Urban” və “Kordoba” məhsulları, eləcə də “Novoplast-praymer” qruntu təqdim olunur.

“Road&Traffic” sərgisi XVI Xəzər beynəlxalq nəqliyyat, tranzit və logistika “TransCaspian/Translogistica” və IV Xəzər beynəlxalq kater və yaxtalar “CIBS 2017”sərgiləri ilə eyni meydançada keçirilir.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında