Azərbaycan turistlər üçün cəlbedici ölkəyə çevrilir

Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilmişdir. Müşavirədə cənab Prezidentin proqram xarakterli çıxışını diqqətlə izlədim. Mən turizm sahəsində çalışıram və ölkə başçısının çıxışında turizmlə bağlı məqamlar diqqətimi daha çox cəlb etdi. Prezident çıxışlarında həmişə turizm sahəsinin inkişafına böyük diqqət yetirir. Elə bu müşavirədə də qeyri-neft sektorundan danışarkən turizmi proritet sahə kimi təqdim etmişdir.

Müşavirədə ölkə başçısı demişdir: “Azərbaycanda turizm sürətlə inkişaf edir. Keçən il turistlərin sayı 11 faiz, bu ilin 3 ayında 25 faiz artmışdır. Bunu indi gözlə görmək olar. Həm Bakıda, həm müxtəlif bölgələrdə turistlərin sayı kəskin artır. Bunun, əlbəttə ki, səbəbləri var. Bu, elə öz-özünə yaranan məsələ deyil. Son illər ərzində görülmüş işlər bax, bu vəziyyətə gətirib çıxarıb. İlk növbədə, Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş, əlbəttə ki, Azərbaycanı turistlər üçün çox cəlbedici ölkəyə çevirir.” Doğrudan da, son illər turizm iqtisadiyyatın əsas sektorlarından birinə çevrilərək sürətlə inkişaf etməkdədir. Cənab Prezidentin imzaladığı fərman və sərəncamlar, eləcə də qəbul olunmuş ixtisaslaşmış turizm sənayesi üzrə strateji yol xəritəsi bu inkişafa güclü stimul vermişdir.

Ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılması, eləcə də bu sahədə koordinasiyanın gücləndirilməsi məqsədilə “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2016-cı il tarixli sərəncamı imzalanmışdır. Sərəncamda turizmin inkişafı ilə bağlı Azərbaycan Respublikası Turizm Şurasının yaradılması, ticarət festivalının keçirilməsi, əlverişli yeni beynəlxalq uçuşların təşkili ilə bağlı tədbirlərin görülməsi, çimərlik turizminin inkişafı, vergi və gömrük güzəştlərinin və imtiyazlarının verilməsi, turizm nümayəndəliklərinin yaradılması, sərhəd-buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi ilə bağlı konkret tapşırıqlar verilmişdir.

Bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdən biri kimi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ni qeyd etmək istərdim.

Strateji Yol Xəritəsi özündə 2020-ci ilədək iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı əhatə edir.

Nəzərdə tutulmuş müddətlər ərzində Strateji Yol Xəritəsi turizm sektorunun inkişafının dəstəklənməsi, beynəlxalq və yerli bazarlarda yüksək keyfiyyətli və rəqabətədavamlı turizm xidmətlərinin təmin edilməsi, milli dəyərlərə uyğun turizm təcrübəsinin formalaşdırılması, müasir ideya və innovasiyalara əsaslanan yeni investisiya layihələrinin cəlb edilməsi, eləcə də Azərbaycanın turizm brendinin yaradılması kimi tədbirləri özündə ehtiva edir.

“Azərbaycan ­Res­pub­­l­i­ka­sına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2017-ci il tarixli sərəncamına uyğun olaraq bütün sərhəd buraxılış məntəqələrində turistlərin sürətli keçidi üçün xüsusi ayrılmış hərəkət zolaqlarının yaradılması və bununla bağlı müvafiq təşkilati işlərin görülməsi nəzərdə tutulmuşdur.

Turizmin inkişafı ilə bağlı dövlət başçısının fərman və sərəncamlarında verilən tapşırıqların icrası çərçivəsində elektron vizanın tətbiqi daha da təkmilləşdirilmiş və 2017-ci ildən etibarən “ASAN viza” sistemi yaradılmışdır. Hazırda 81 ölkənin vətəndaşı “ASAN viza” sistemi vasitəsilə elektron viza əldə edə bilər.

Bununla yanaşı, 2015-ci ildən BƏƏ və 2016-cı il fevralın 1-dən isə Bəhreyn, Qətər, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, Malayziya, Çin və Yaponiya vətəndaşları üçün hava limanında viza əldə etmək imkanı yaradılmışdır.

Ölkədə turizm biznesinin inkişaf etdirilməsinə göstərilən diqqət və qayğının davamı olaraq Azərbaycan Respublikası Prezidenti 31 yanvar 2017-ci ildə “İnvestisiya təşviqi sənədinin verilməsi qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalamışdır. Fərmana əsasən, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri siyahısına turizm sahəsi əlavə edilmişdir. Dəyişiklik nəticəsində turizm sahəsinə sərmayə qoyacaq daxili və ya xarici investorlara qanunla müəyyən edilmiş müvafiq miqdarda gömrük və vergi güzəştləri tətbiq olunur.

Çimərlik turizminin inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 mart tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı” təsdiq olunmuşdur. Tədbirlər planında çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, infrastrukturun qurulması, bu sahədə fəaliyyət göstərən operatorların işinin tənzimlənməsi, ətraf mühitin mühafizəsi, təhlükəsizlik və s. kimi mühüm tədbirlər yer almışdır.

Bununla yanaşı, çimərlik sahibkarlarına metodiki kömək xarakterli ərazilərin planlaşdırma və idarəetmə modeli yaradılmışdır. Tövsiyə və metodiki xarakterli dəstəkverici layihələr turizmin digər sahələri üzrə də həyata keçirilmişdir.

Ona görə dövlət siyasəti, sahibkarlığa göstərilən həm siyasi dəstək, mənəvi dəstək, maliyyə dəstəyi və sahibkarlığın inkişafı üçün aparılan ciddi islahatlar və onlara edilən güzəştlər bu gün turizmin inkişafına təkan verən əsas amillərdən biridir. Əbəs yerə deyil ki, Dünya İqtisadi Forumunun (DİF) 2017-ci il üçün tərtib etdiyi “Səyahət və turizm rəqabətliliyi hesabatı”nda Azərbaycan Gürcüstanı 6 müxtəlif göstərici üzrə qabaqlayır, eləcə də turizm üzrə həyata keçirilən islahatlar göstəricisinə görə Yaponiyadan sonra Azərbaycan ikinci yerdədir. Azərbaycan həqiqətən inkişaf etmiş turizm ölkəsinə çevrilməkdədir. Aparılan islahatların və sahibkarlara göstərilən dəstəyin nəticəsi olaraq yaxin gələcəkdə ölkə iqtisadiyyatında turizmin çəkisinin daha da artacağı şübhəsizdir.

Mahir QƏHRƏMANOV,
Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin
planlaşdırma və inkişaf sektorunun müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında