Oğuz - Qəbələ - Bakı su kəməri layihəsi ölkəmizin iqtisadi gücünün təntənəsidir

Bu su kəməri paytaxt sakinlərinə ən yaxşı Yeni il hədiyyəsi oldu
XXI əsrin daha bir ili tarixə qovuşdu. Yola saldığımız 2010-cu il ölkəmiz üçün əsaslı yüksəliş, sabit və davamlı inkişaf ili kimi yadda qaldı. Təqribən iki il əvvəl dünyanı bürümüş maliyyə böhranının hələ tam səngimədiyi bir şəraitdə belə Azərbaycanda sürətli inkişaf davam etmiş, çoxsaylı sosial və infratsruktur layihələri, ümummilli proqramlar reallaşdırılmışdır.
Artıq bir neçə ildir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində dövlət başçımız İlham Əliyevin iştirakı ilə paytaxt Bakıda, eləcə də ayrı-ayrı şəhər və rayonlarımızda yeni-yeni sosial obyektlər istifadəyə verilir. Ölkəmiz, xalqımız üçün mühüm əhəmiyyət kəsb edən həmin obyektlər, yeni infrastruktur layihələri vətəndaşların dərin rəğbətinə səbəb olur, onların bayram əhval-ruhiyyəsini bir qədər də yaxınlaşdırır. Bütün bunları əsl bayram töhfəsi kimi qəbul edən ölkə vətəndaşlarında sabaha inamı artırır.
Bu günlərdə paytaxt sakinlərin son illərin ən böyük infrastruktur layihələrindən biri-Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsini böyük sevinc və iftixar hissi ilə qeyd etdilər. Bu da təsadüfi deyil. Çünki Bakı şəhərində su qıtlığı sakinləri ən çox narahat edən problemlərdən sayılırdı. Bu problemin kökü isə çox-çox əvvəllərə gedib çıxır. Belə ki, bir neçə əsr bundan əvvəl qədim Bakının su təchizatı, əsasən, artezian quyularının hesabına həyata keçirilirdisə, sonradan şəhərin inkişafı, əhalinin artması ilə əlaqədar suya tələbat da xeyli dərəcədə çoxalır. Ötən əsrin əvvəllərində neft və milyonlar səltənəti - Bakıda içməli su ilə bağlı problem Şollar su kəmərinin tikilməsi ilə aradan qaldırılmışdır. Əsrin ortalarından etibarən həyata keçirilən quruculuq işləri ulu öndər Heydər Əliyevin respublikamıza rəhbər təyin olunması ilə əlaqədar xeyli intensivlənmiş, Bakı şəhəri sürətlə inkişaf etməyə başlamışdır. Belə bir şəraitdə paytaxtın içməli suya olan tələbatı daha da artmışdır. 1970-ci illərdə Bakının suya tələbatı ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Kür və Ceyranbatan su kəmərinin tikilib istifadəyə verilməsi nəticəsində həll edilmişdir. Lakin illər ötdükcə Bakıda yenidən su qıtılığı yaranmış, hətta ötən əsrin 30-cu illərində paytaxtın su təsərrüfatı sisteminin sıradan çıxması təhlükəsi meydana gəlmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin səyi ilə Dünya Bankından alınan güzəştli kredit hesabına həmin təhlükə aradan qaldırılmışdır.
Həyatının mənasını xalqına xidmətdə görən Heydər Əliyev Bakının su təchizatı sistemi üçün böyük bir inqilab sayıla biləcək Oğuz-Qəbələ-Bakı su kəmərinin də ideya müəllifidir. Paytaxtda mövcud olan su problemi ulu öndəri daim narahat etsə də, o böyük uzaqgörənliklə söyləyirdi ki, yaxın illərdə Bakıya bol su gətirəcəyik. Məhz bu məqsədlə ölkəmizin şimal-qərb bölgəsinin saf, təmiz bulaq sularının paytaxta gətirilməsinin vacibliyini dönə-dönə bəyan edirdi.
Nəhayət, ümummilli liderimiz Heydər Əliyevin, Oğuz - Qəbələ bölgəsinin bulaq sularının Bakıya gətirilməsi ilə bağlı arzusu gerçəkləşdi. Ulu öndərin həyata keçirə bilmədikləri bir çox arzuları, planları kimi bu missiyanı da onun siyasi kursunun ən layiqli davamçısı, özü qədər inandığı cənab İlham Əliyev böyük şərəflə yerinə yetirdi. Bunun üçün isə möhtərəm dövlət başçımız, İlham Əliyev böyük qətiyyət göstərdi, layihənin reallaşdırılmasına qayğı və diqqətini əsirgəmədi. Təsadüfi deyil ki, 2005-ci ildə ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə Bakı şəhərinin keyfiyyətli su ilə təmin edilməsi üçün çəkiləcək Oğuz-Qəbələ-Bakı su kəmərinin layihəsi hazırlandı. 2007-ci ilin mart ayında isə dövlət başçısının iştirakı ilə layihənin təməli qoyuldu və tikinti işlərinə start verildi.
Məlum olduğu kimi, hər bir layihənin həyata keçirilməsi üçün, ilk növbədə maliyyə vəsaiti tələb olunur. Son illər Azərbaycanın getdikcə artan iqtisadi \ücü, maliyyə resursları bu layihənin də uğurla reallaşdırılmasına imkan yaratdı. Təsadüfi deyil ki, artıq on ildən çoxdur ki, xalqımız ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft startegiyasının uğurlarının şahidi olur. Azərbaycanın neft və qaz ehtiyatlarının dünya bazarına çıxarılmasından əldə olunan gəlirlər iqtisadiyyatımızı gücləndirir, büdcə imkanlarımız artır. Ümummilli liderimiz Heydər Əliyevin düz 11 il əvvəl təsis etdiyi Dövlət Neft Fonduna toplanmış vəsaitlər hesabına ölkəmizdə prioritet sayılan layihələr həyata keçirilir. Elə bu günlərdə açılışını böyük sevinc hissi ilə qeyd etdiyimiz Oğuz-Qəbələ-Bakı su kəməri də ölkəmizin yeni neft strategiyasının təntənəsidir.
Oğuz-Qəbələ-Bakı su kəməri Azərbaycanın öz gücü ilə reallaşdırıdığı ən böyük sosial layihədir. Belə ki, bu layihə özündə magistral su kəmərinin və nəhəng suötürücü qurğular kompleksini birləşdirir. Layihənin texniki parametrlərinə gəlincə isə, uzunluğu 262 kilometr, boruların diametri 2000 millimetr, suburaxma qabiliyyəti saniyədə 5 kubmetr olan kəmər ölkənin 8 rayonunun ərazisindən keçir. Kəmərin təzyiqi 20 atmosferdən yuxarı olan, çay və yol keçidləri də daxil olmaqla 55 kilometrlik hissəsi polad borularla çəkilmişdir. Kəmər boyunca 25 metr enində sanitar-mühafizə zonası yaradılmışdır. Layihənin suötürücü quruğular kompleksi isə 25 kilometrə qədər ərazini əhatə edir. Burada cərgə üzrə 100 istismar və 20 müşahidə quyusu qazılmışdır. 170 metrə qədər dərinlikdə qazılmış hər bir quyudan saniyədə 70-120 litr su çıxarılır.
Paytaxtın su təsərrüfatı sisteminə mühüm töhfə sayılan bu kəmərin sakinlər üçün əhəmiyyəti isə olduqca böyükdür. Hər şeydən əvvəl, kəmər Bakı əhalisinin 75 faizini su ilə təmin edəcəkdir. Paytaxtın digər yerlərinə isə cədvəl əsasında su verilməsinin müddəti iki dəfəyə qədər arıtrılacaq. Şəhər əhalisinin su ilə təminatının yaxşılaşdırılması üçün isə yaxın vaxtlarda yeni kəmər çəkiləcək, kiçik diametrli borular iriləri ilə əvəz olunacaq.
Yeni su kəməri paytaxt sakinlərinin sağlamlıqlarının qorunması baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, dəniz səviyyəsindən 400 metrdən çox hündürlükdə yerləşən ərazidən gətirilən təbii bulaq suyu ekoloji cəhətdən tam təmiz və keyfiyyətlidir. Mütəxəssislərin rəyinə görə, Oğuz-Qəbələ-Bakı kəməri ilə gətirilən suyun keyfiyyəti Dünya Səhiyyə təşkilatının bütün tələblərinə tam uyğun olmaqla yanaşı, hətta dünyanın bir çox iri şəhərlərinə verilən içməli suların keyfiyyət göstəricilərindən üstündür.
Oğuz-Qəbələ-Bakı su kəməri paytaxt sakinlərinə əsl Yeni il hədiyyəsi kimi uzun illər yaddaşlarda qalacaq. Bu töhfəni sakinlərə bəxş etmiş möhtərəm Prezidentimiz İlham Əliyev bir daha sübut etdi ki, o, Azərbaycan xalqının firavan yaşayışının, həyat səviyyəsinin yaxşılaşdırılması üçün daim çalışır və bunun üçün daim məqsədli proqramlar qəbul edib reallaşdırır.
Su həyat, sağlamlıq, təmizlik və ruzi-bərəkət deməkdir. Yeni il ərəfəsində xalqımıza, xüsusən də paytaxt əhalisinə sağlam həyat, ruzi-bərəkət bəxş edən Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirir, ölkəmizin iqtisadi qüdrətinin artırılması və rifahlı cəmiyyət quruculuğu yolunda səmərəli fəaliyyətində ona yeni-yeni uğurlar arzulayıram.

{nl}

İsa ALIYEV, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisadi elmlər doktoru, professor

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında