Şriftin ölçüsü:
23.12.2010 05:39 | Oxunma sayı: 729
Dekabrın 22-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində "İnkişafın Azərbaycan modeli" kitabının müzakirəsinə həsr olunmuş "Neftdən sonrakı inkişaf" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbiri "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov açaraq "İnkişafın Azərbaycan modeli" kitabı haqqında məlumat vermişdir. Bildirilmişdir ki, bu günlərdə "Azərbaycan" qəzeti tərəfindən ideya və ön sözün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev olan "İnkişafın Azərbaycan modeli" kitabı nəşr olunmuşdur. Kitabın redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, buraxılışa məsul "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovdur.
Kitabın məziyyətlərindən danışan B.Sadıqov bildirmişdir ki, silsilə məqalələr toplusundan ibarət olan kitab iqtisadi sahədə keçid dövrünün strateji istiqamətlərini, milli inkişaf strategiyasının əsas nəticələrini müfəssəl şəkildə əks etdirir.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf olunan, "Oskar" nəşriyyat-poliqrafiya mərkəzində nəfis tərtibatda, yüksək zövqlə hazırlanan kitab ön söz və üç fəsildən ibarətdir. Burada son 17 ildə Azərbaycanda elmi əsaslarla hazırlanıb həyata keçirilən sosial-iqtisadi siyasət, reallaşdırılan islahatlar milli inkişaf modelini səciyyələndirən məsələlər kimi önə çəkilir.
Qeyd edilmişdir ki, respublikamızın dinamik sosial-iqtisadi inkişafı fonunda dövlətimizin başçısı tərəfindən informasiya və kommunikasiya texnologiyalarının neftdən sonra ikinci prioritet sahə elan edilməsi, ölkəmizdə İKT sektorunun uzunmüddətli inkişafına təminat verir. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda İKT sektoru dayanıqlı və dinamik inkişaf mərhələsindədir. Konkret fəaliyyət proqramının müəyyənləşdirilməsi və iqtisadiyyatın tarazlı inkişafına yönəlmiş tədbirlərin həyata keçirilməsi məqsədilə qəbul olunmuş Dövlət proqramları, Prezident İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar İKT sektorunun uzunmüddətli inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
"Dəyirmi masa"da çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov kitabın əhəmiyyətini yüksək qiymətləndirmiş, ölkəmizdə İKT sahəsində həyata keçirilən işlərlə bağlı ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, müstəqilliyin ilk illərində xaos, ərazilərin işğalı, vətəndaş müharibəsi ilə üzləşən xalqımız çıxış yolunun ümummilli lider Heydər Əliyevdə olduğunu düzgün başa düşərək onu hakimiyyətə dəvət etmiş və ulu öndər qısa zaman kəsiyində bütün çətinlikləri dəf edərək Azərbaycanı sürətli inkişaf yoluna çıxarmışdır. Dahi rəhbərin layiqli davamçısı Prezident İlham Əliyev hakimiyyətdə olduğu dövrdə həmin siyasəti uğurla davam etdirmiş, bu inkişafı irəliyə aparmaq və sürətləndirmək missiyasını reallaşdırmışdır. Kitabda haqqında geniş bəhs olunan inkişafın Azərbaycan modeli artıq beynəlxalq səviyyədə yüksək qiymətləndirilir və bir çox ölkələr üçün nümunə rolunu oynayır.
Azərbaycanda İKT səhəsində əldə edilmiş nailiyyətlərdən danışan nazir bildirmişdir ki, son illər müasir telekommunikasiya şəbəkəsinin inkişaf etdirilməsi, ATS-lərin elektronlaşdırılması, rəqəmli televiziya xidmətlərinin göstərilməsi istiqamətində infrastruktur layihələr həyata keçirilmişdir. Bunlarla yanaşı, ilk telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi istiqamətində də məqsədyönlü fəaliyyət davam etdirilir. Nazir bu sahədə əldə olunmuş uğurları təsdiq edən faktlara müraciət etmiş, sahənin inkişaf perspektivləri barədə geniş məlumat vermişdir.
Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları nazirinin müavinləri İltimas Məmmədov, Elmir Vəlizadə, maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Rəşad Nəbiyev, beynəlxalq əlaqələr və qeyri-hökumət qurumları ilə iş şöbəsinin müdiri Ayaz Bayramov, informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsbəndiyar Əliyev İKT sektorunda həyata keçirilən işlər, İKT-nin cəmiyyətdə tətbiqi və bu səhədə əhalinin biliklərinin artırılması, Şərqlə Qərb arasında informasiya magistralı rolunu oynayan "Trans-Avrasiya Super İnformasiya Magistralı" layihəsinin reallaşdırılması, RİTN-in beynəlxalq əlaqələri, "Xalq kompyuteri" və digər sosialyönümlü layihələr barəsində ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, nazirliyin kollektivi Azərbaycanda İKT sektorunun inkişafı və dünya standartları səviyyəsinə qaldırılması, bu sahənin ölkə iqtisadiyyatının lokomotivinə çevrilməsi istiqamətində səylə çalışacaqdır.
AzərTAc{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.