Vergilər Nazirliyində ölkənin aparıcı KİV nümayəndələrinin iştirakı ilə Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərə həsr olunmuş mətbuat konfransı keçirilib.
Konfransda çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov bildirib ki, Milli Məclis tərəfindən qəbul olunaraq ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanun vergi sistemində həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi dəyişikliklərə əsas verir. Bütövlükdə Vergi Məcəlləsində 201 dəyişikliyin aparıldığını qeyd edən nazir müavini məcəlləyə 115 yeni maddənin əlavə, 3 maddənin ləğv olunduğunu, 83 maddəyə isə dəyişiklik edildiyini bildirib.
Nazir müavini xatırladıb ki, edilmiş dəyişikliklərdən 123-ü vergi inzibatçılığının, o cümlədən, vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, 34-ü vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8-i isə vergi yükünün azaldılması, vergi güzəştləri, habelə vergidən azadolmalarla bağlıdır.
S.Ələkbərov vurğulayıb ki, ölkə Prezidentinin bu ilin avqust ayında imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən hazırlanan əlavə və dəyişikliklərin əsas məqsədi sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın formalaşdırılması, nağdsız əməliyyatların həcminin, eyni zamanda vergi mühitinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır.
Mətbuat konfransında çıxış edən Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi, baş vergi xidməti müşaviri Samirə Musayeva Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştləri və azadolmalarla bağlı dəyişikliklərin vergi ödəyicilərinin vergi yükünün azaldılmasına, onların dövriyyə vəsaitlərindən səmərəli istifadə etmələrinə şərait yaradacağını, sahibkarlığın inkişafına dəstək verəcəyini vurğulayıb. Qeyd edib ki, icbari tibbi sığorta və səhiyyə (tibb) xidmətləri göstərən qurumların gəlirləri mənfəət vergisindən müddətsiz, buğdanın idxalının və satışı, buğda unu və çörəyin istehsalı və satışı, quş ətinin satışı isə 3 il müddətində ƏDV-dən azad edilib. Bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərinin təqdim edilməsi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin, diskont və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 2023-cü ilin fevral ayınadək artırılıb. Sahibkarların vergi yükünün azaldılması ilə yanaşı, onların dövriyyə vəsaitlərinə qənaət edilməsi, habelə ixracı stimullaşdırmaq məqsədilə ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları əməliyyatlardan yaranan ƏDV üzrə artıq ödənilmiş vergilərin qaytarılması müddətləri də azaldılıb.
Məcəlləyə edilmiş mühüm dəyişikliklərdən biri də sahibkarlıq fəaliyyəti subyektləri arasında malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimə-fakturadan istifadə olunmasıdır. Bu tələb ƏDV ödəyiciləri və vergi tutulan əməliyatların həcmi 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün 2017-ci ilin aprelindən, bütün digər vergi ödəyiciləri üçün isə 2018-ci ilin yanvarından qüvvəyə minəcək. Vergi Məcəlləsinə edilən bu dəyişikliklər sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşməsi prosedurunun sadələşməsinə, operativliyinin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın təmin olunmasına xidmət edəcək.
Məcəlləyə güzəştli vergi tutulan ölkələrdə təsis olunan (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə həyata keçirilən ödənişlərin Azərbaycan mənbəyindən gəlirlərə aid edilməsini və həmin ödənişlərdən ödəmə mənbəyində əlavə 10 faiz dərəcə ilə verginin tutulmasını nəzərdə tutan müddəalar daxil edilib.
Elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı qanunvericiliyə edilən əlavə və dəyişikliklərdan danışan S.Musayeva biildirib ki, elektron ticarət qaydasında qeyri-rezidentlərdən işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV alıcısının olduğu yerdə tətbiq ediləcək. Bu dəyişikliyin əsas məqsədi rəqabət şərtlərinin eyniləşdirilməsindən və uçot sisteminin qurulmasından ibarətdir.
Məcəlləyə edilən dəyişikliklərdən biri də kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması ilə bağlıdır. Kənd təsərrüfatı məhsullarının istehsalçıları vergilərdən azad edilsə də, onların məhsulları ticarət şəbəkələri tərəfindən pərakəndə qaydada satılarkən bu məhsulların da tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilir, bu da pərakəndə satış qiymətində bahalaşmaya səbəb olurdu. Qeyd edilənləri nəzərə alaraq, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanacaq.
Vergi Məcəlləsində yer alan daha bir yenilik sabit verginin tətbiqi ilə bağlıdır. Xatırladılıb ki, sabit vergi fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərə tətbiq ediləcək. Belə ödəyicilər kiçik həcmdə gəlirlərə malik şəxslərdir. Bəzi fəaliyyət növlərinin sabit vergiyə cəlb olunması ilə bağlı Vergi Məcəlləsinə edilən dəyişikliyin əsas məqsədi bu sahədəki uçotun təkmilləşdirilməsi və belə şəxslərin vergi yükünün minimallaşdırılması məqsədini daşıyır. Bu fəaliyyətlə məşğul olan fiziki şəxslər vergi öhdəliklərini bəyannamə təqdim etmədən, az bir sabit məbləğ ödəməklə həyata keçirəcəklər.
Mətbuat konfransında nazirliyin rəhbər vəzifəli şəxsləri KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırıblar.
V. BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.