"Əsrin müqaviləsi" ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.
Heydər ƏLİYEV Ümummilli lider
{nl}
Qloballaşma və transformasiya proseslərinin sürətləndiyi müasir dövrdə beynəlxalq aləmə yaxından inteqrasiya olunmaq, dünyada cərəyan edən sosial-iqtisadi proseslərdə fəal iştirak etmək, milli iqtisadiyyatın millətçilik və dövlətçilik prinsiplərini rəhbər tutmaqla beynəlmiləlləşməsinə nail olmaq kimi məsələlər ayrı-ayrı milli təsərrüfatların davamlı və dinamik inkişafının zəruri şərtinə çevrilmişdir. Təbii ki, belə bir şəraitdə bir çox ölkələr, xüsusilə keçmiş SSRİ məkanındakı yeni müstəqil dövlətlər dünya iqtisadiyyatına daha çox xammal ixracatçısı kimi daxil olurlar. Tədricən isə bu inteqrasiyadan bəhrələnərək ölkənin başlıca məqsədlərinə nail olur, iqtisadiyyatın proporsional inkişafını, xalqın sosial-iqtisadi problemlərinin həllini təmin edirlər.
Bu baxımdan müstəqillik yaşı o qədər də çox olmayan Azərbaycan Respublikasının da, mövcud neft yataqlarından və ehtiyatlarından birgə istifadə ilə bağlı xarici şirkətlərlə yaxından əməkdaşlıq etməsi dövrün zəruri tələbatına çevrilmişdir. Bu gün ölkəmizin dinamik inkişafını təmin edən, milli iqtisadiyyatı bütün dünyanı bürüyən böhrandan maksimum qoruyan, ölkədə xalqın, eləcə də ayrı-ayrı əhali qruplarının maddi-sosial rifahının yaxşılaşmasında əvəzsiz rolu olan, bir sözlə, müstəqil Azərbaycan Respublikasının davamlı sosial-iqtisadi inkişafının qarantı olan "Əsrin müqaviləsi"ndən 16 il ötür. Bu möhtəşəm müqavilənin reallaşma prosesi də müqavilənin özü qədər maraqlı və əhəmiyyətli idi, eləcə də həyati əhəmiyyət kəsb edirdi.
Tarixi proseslərdən və beynəlxalq təcrübədən məlumdur ki, əgər dövlətin, xalqın strateji, perspektiv mənafeyi baxımından onun daxili və xarici siyasətinin ümumiləşmiş konsepsiyasını müəyyən edə bilən şəxsiyyət yoxdursa, bu mənafeyi beynəlxalq forumlarda, yüksək tribunalardan müdafiə edə bilən, dövlətin strateji xəttini xalqa sadə şəkildə çatdıran və dövlətçiliyi ümumxalq işinə çevirməyi, xalqı öz arxasınca aparmağı bacaran şəxsiyyət və nəhayət, dövlətçiliyi qorumağı, onun müdafiəsini təşkil etməyi əməli surətdə həyata keçirən praktik siyasətçi-diplomat, sərkərdə və komandan yoxdursa, daxildə əmin-amanlığı, ölkənin iqtisadi inkişafını təmin etməyi üzərinə götürə bilən qurucu, yaradıcı təsərrüfat rəhbəri yetişməyibsə, həmin ölkənin nikbin gələcəyindən danışmaq çətindir. Məhz belə yüksək keyfiyyətlərə malik olan dahi rəhbər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı, xalqının səsinə səs verməsi Azərbaycan dövlətinin və xalqının xoşbəxt gələcəyinin başlanğıcı idi.
Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün də təcili tədbirlər görməyə başladı. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Belə bir taleyüklü məqamda Azərbaycanın zəngin neft ehtiyatlarının mövcudluğunu nəzərə alan ümummilli lider Heydər Əliyev ilk vaxtlardan başlayaraq danışıqlar prosesinə ARDNŞ-in vitse-prezidenti, millət vəkili İlham Əliyevi də cəlb etdi. Beləliklə də cənab İlham Əliyev yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün dəfələrlə vurğuladığı bir ideya dururdu: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir".
Bütün bu işlərin əsas məqsədi SSRİ-nin süqutundan sonra iflic vəziyyətə düşmüş Azərbaycan iqtisadiyyatını dirçəltmək, dünya iqtisadiyyatına daha geniş inteqrasiya etməklə beynəlxalq aləmdə ölkənin nüfuzunu artırmaq və doğma Azərbaycan dövlətini dünyəvi bir dövlətə çevirməkdən ibarət idi. Təbii ki, burada ölkənin sosial-iqtisadi inkişafı, xarici əlaqələrin genişləndirilməsi, istehsal sferasının fəaliyyətinin bərpası və genişləndirilməsi, insanların maddi rifah halının yaxşılaşdırılması, ölkədə həyat səviyyəsinin yüksəldilməsi və s. qarşıda duran mühüm vəzifələrdən idi. Ümummilli lider Heydər Əliyev deyirdi: "Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycanın iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır".
Qeyd olunduğu kimi, bu yaxınlarda Azərbaycan Respublikasının müstəqil dövlət kimi öz yeraltı və yerüstü sərvətlərinin şəriksiz sahibi olduğunun rəmzi sayılan "Əsrin müqaviləsi"nin imzalanmasının on altıncı ili tamam oldu. Bu müqavilənin imzalanmasından ötən 16 il ərzində yaranan siyasi və iqtisadi vəziyyət nəinki Azərbaycanda, həm də Qafqaz regionunda, eləcə də müqavilənin iştirakçısı olan digər dövlətlərdə ciddi və mütərəqqi dəyişikliklərə səbəb olmuşdur. "Əsrin müqaviləsi"ndən keçən müddəti xronoloji təhlil etdikdə və bu müddət ərzində ölkənin iqtisadi göstəricilərinə nəzər saldıqda, müqavilənin əhəmiyyətliliyi bir daha aydın olur.
Hamımıza məlumdur ki, 20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalanmışdır ki, bununla da yeni neft strategiyası uğurla həyata keçirilməyə başlandı. Bağlanmış müqavilələr Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü il tarixdə qüvvəyə mindi. Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan və sonradan "Əsrin müqaviləsi" adlandırılan bu iri layihə üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib idi.
Eyni zamanda, "Əsrin müqaviləsi"nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 26 sazişin də imzalanmasına şərait yaratdı. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları həcmində vəsait qoyuluşunun 57,6 milyard dolları dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda kəşfiyyat-axtarış işlərinin aparılmasına yönəldilmişdir.
Ümumilikdə isə "Əsrin müqaviləsi"nin həyata keçirilməsilə Azərbaycan iqtisadiyyatında dönüş yarandı, böyük işlərə və iri layihələrə start verildi. Görülən operativ tədbirlər nəticəsində artıq 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarına çıxarıldı. Yuxarıda qeyd edildiyi kimi, başlıca məqsəd milli iqtisadiyyatın dirçəldilməsi olan neft strategiyasının reallaşmasından əldə edilən valyuta isə ümummilli lider Heydər Əliyev tərəfindən yaradılmış Dövlət Neft Fondunda toplanaraq ölkənin taleyüklü məsələlərinin həllinə və sosial problemlərin aradan qaldırılmasına yönəldildi.
Araşdırmalardan aydın olur ki, "Əsrin müqaviləsi" üzrə hasil edilən Azərbaycan neftinin dünya bazarlarına ixracı üçün ilkin dövrlərdə Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən istifadə edilmişdir. Lakin yaxın illərdə müqaviləyə daxil olan yataqlar üzrə illik hasilatın 50 milyon tona çatdırılacağını nəzərə alan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə daha böyük nəqletmə imkanına malik ixrac marşrutları araşdırıldı və optimal variant kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri seçildi. Məhz buna görə də layihənin həyata keçirilməsində fenomen siyasətçi Heydər Əliyevin əvəzsiz xidmətlərini nəzərə alan layihə iştirakçıları 2004-cü ildə BTC əsas ixrac boru kəmərinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etdilər.
Artıq Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə ümumi işlər, demək olar ki, tamamlanmış və kəmər tam gücü ilə istifadəyə verilmişdir. Təbii ki, gələcəkdə daha böyük və geniş imkanlı terminalların yaradılması istiqamətində də işlər davam etdirilir. Onu da qeyd edək ki, hələ 2005-ci ilin mayında Bakıda BTC-yə ilk neft vurulmuş və bu neft 2006-cı ilin I rübündə Ceyhan limanına çatmışdır. Ümumilikdə isə "Əsrin müqaviləsi" üzrə ilkin neftin hasilatına başlandığı 1997-ci ilin noyabrından bu günə qədər 50 milyon tona yaxın xam neft hasil edilərək öz alıcısına çatdırılmışdır.
Hazırda ulu öndər Heydər Əliyevin adını daşıyan bu kəmər Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasına imkan verməklə yanaşı, həm də "İpək yolu"nun və türkdilli ölkələrin əsas magistral kəməri statusunu qazanmış, neft kəmərləri sisteminə dünya "arteriya"sı kimi daxil olmuşdur. Onu da qeyd edək ki, minbir əziyyətlə başa gələn bu əsas ixrac neft kəmərinin texniki-iqtisadi əhəmiyyətindən başqa, onun siyasi rolu da danılmazdır. Belə ki, bu neft kəməri dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin yaranmasına, dünya xalqları ilə əlaqələrinin yenidən qurulmasına təkan verərək, Azərbaycan dövlətinin xarici siyasətinin güclənməsinə, beynəlxalq aləmdə nüfuzunun artmasına, eləcə də onun siyasi və iqtisadi baxımdan inkişaf etməsinə səbəb olmuşdur. Eyni zamanda, BTC təkcə Azərbaycan üçün deyil, ümumilikdə beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən bütün dövlətlər üçün müstəsna əhəmiyyət kəsb edən bir layihədir.
16 il öncə çoxlarına qeyri-real, xəyal kimi görünən bu layihə artıq bütün dünyanın qəbul etdiyi əzəmətli bir gerçəklikdir. Burada "Əsrin müqaviləsi"nin 10-cu ildönümündə ölkə başçısı cənab İlham Əliyevin səsləndirdiyi bir fikri yada salmaq yerinə düşərdi: ""Əsrin müqaviləsi" imzalanarkən bəziləri bunun uğuruna inanmırdı və hesab edirdilər ki, müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və geosiyasi məsələlər öz həllini tapmalı idi. Heydər Əliyevin neft strategiyası və Heydər Əliyev diplomatiyası bunların həllini təmin etdi".
Zaman keçdikcə Heydər Əliyevin neft strategiyasının davamlı uğurları Azərbaycan dövlətinin dinamik iqtisadi tərəqqisinə çevrildi. Başqa sözlə desək, neft strategiyası əsas məqsədinə nail olmağa başladı. Çünki həyata keçirilən neft siyasətinin də əsasını məhz ölkənin proporsional iqtisadi inkişafı, sosial problemlərin həlli, vətəndaş azadlığının və digər demokratik dəyərlərin təmin olunması təşkil edirdi. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan iqtisadiyyatı öz inkişafının çox mühüm mərhələsinə qədəm qoyub. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin prezident seçildiyi 15 oktyabr 2003-cü ildən ötən 7 il ərzində ölkəmizdə siyasi, iqtisadi, mədəni sahədə daha böyük uğurlar əldə edilib. Möhtərəm İlham Əliyev tərəfindən həyata keçirilən irimiqyaslı islahatlar, imzalanan fərman və sərəncamlar, qəbul edilən qərarlar, reallaşan dövlət proqramları sayəsində Azərbaycan iqtisadi artım göstəriciləri ilə dünyanın lider dövlətləri sırasındadır. Bu gün ölkəmiz nəinki Qafqazda, həm də bütün bölgədə söz sahibidir. Azərbaycanın iştirakı olmadan bölgədə qlobal layihələrin həyata keçirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikasının coğrafi mövqeyindən irəli gələn bu imkanları ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlar daha da artırır. Aparılan islahatlar nəticəsində son illər Azərbaycan iqtisadiyyatı dünyada analoqu olmayan sürətlə artmışdır.
Yeni neft strategiyası bir daha Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu bəyan etdi. Neft müqavilələrini imzalamaqla Azərbaycan Respublikası suveren hüquqlarının bərqərar olduğunu, tam müstəqil dövlət olduğunu bütün dünyaya bəyan etdi. Son dövrlər isə BTC-nin tam gücü ilə fəaliyyətə başlaması ölkəmizin inkişafında daha önəmli rol oynamışdır.
Bəli, Azərbaycan iqtisadiyyatı ümummilli lider Heydər Əliyevin yaratdığı təməl üzərində hərtərəfli və dinamik inkişaf edir. Bu gün ölkədə mühüm qlobal proqramlar, irimiqyaslı layihələr, müxtəlif sahələri əhatə edən çoxsaylı dövlət proqramları həyata keçirilməkdədir ki, bütün bunlar da ən ümdə məqsədə - Azərbaycan dövlətinin iqtisadi qüdrətinin, nüfuzunun artmasına, beynəlxalq aləmdə ədalətli mövqeyinin təmin olunmasına və ən başlıcası, ölkədə həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası neft-qaz ölkəsi kimi bölgədə liderliyini inamla davam etdirir. Ölkə iqtisadiyyatındakı dinamik proseslər daha da güclənir, güclü sənaye potensialı yaranır, sosial problemlərin həlli istiqamətində görülən tədbirlər öz bəhrəsini verir. Dövlətimizin BTC və digər iri layihələrdəki iştirakdan əldə etdiyi uğurları, artıq hər bir vətəndaş hiss etməkdədir. Son dövrlər ölkəmizin sosial-iqtisadi, mədəni və digər sahələrdə əldə etdiyi uğurlar da məhz düşünülmüş fəaliyyətin nəticəsidir. Bütün bunlar, məlum olduğu kimi, mötəbər təşkilatlar tərəfindən də dəfələrlə təsdiq edilmiş, hətta Azərbaycanın Heydər Əliyev strategiyasına əsaslanan inkişaf mödeli digər ölkələrə nümunə göstərilmişdir.
Həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan dövlətinin əldə etdiyi inkişaf artıq qarşısıalınmaz bir prosesə çevrilmişdir. Nəzərə alsaq ki, dünyanın dövlətləri üzücü maliyyə böhranından sarsılırsa və bu böhran Azərbaycan iqtisadiyyatına, xalqın sosial həyatına elə bir ciddi təsir göstərə bilmirsə, onda əminliklə deyə bilərik ki, dahi şəxsiyyət, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən Azərbaycanın uzaq və parlaq gələcəyinə hesablanmış inkişaf strategiyası müasir dünya reallığından doğan tələblərə cavab verən bir formada uğurla davam etdirilir, eləcə də müstəqil dövlətimizin və xalqımızın maraqlarına tam cavab verir.
Qazanılan uğurları, əldə edilən nailiyyətləri, ölkədə həyata keçirilən irimiqyaslı tikinti-quruculuq işlərinin nəticələrini daha əyani təsvir edən statistik məlumatlara nəzər salaq. 2004-2009-cu illər ərzində ümumi daxili məhsulun həcmi 2,8 dəfə artaraq, onun adambaşına düşən həcmi 2009-cu ildə 4874,1 ABŞ dollarına çatmışdır. Eyni zamanda, ölkənin iqtisadi təhlükəsizliyini təmin edə biləcək həcmdə valyuta ehtiyatları formalaşdırılmışdır. 2010-cu ilin ilk yarısının statistik məlumatlarına görə Azərbaycanın valyuta ehtiyatları 24,7 milyard ABŞ dollarına çatmışdır ki, bu da ölkənin xarici dövlət borcunu 6 dəfə üstələyir. Məhz düşünülmüş siyasətin və ardıcıl addımların nəticəsidir ki, 2004-2009-cu illərdə əhalinin sosial müdafiəsınin gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün büdcə vəsaitlərinin həcmi 4,8 dəfə, ölkə üzrə orta aylıq əməkhaqqı 3 dəfə, əhalinin gəlirləri 3,4 dəfə, onun adambaşına düşən həcmi isə 3,2 dəfə, minimum pensiyanın məbləği 3,8 dəfə, minimum əməkhaqqı 6,3 dəfə artırılmışdır. Görülmüş məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində yoxsulluq səviyyəsi son 5 ildə 4,1 dəfə azalaraq 44,7 faizdən 11 faizədək enmiş, son 6 ildə 840 min yeni iş yeri yaradılmışdır. Eləcə də 2009-cu ildə əhalinin banklardakı əmanətləri 23 faiz, iqtisadiyyata banklar və kredit təşkilatları tərəfindən kredit qoyuluşunun həcmi isə 17 faiz artmışdır. 2009-cu ildə əvvəlki illə müqayisədə 12,5 faiz çox pullu xidmətlər göstərilmiş, 8,9 faiz çox istehlak malları satılmışdır. Adambaşına düşən nominal gəlirlər 2008-ci ilə nisbətən 6,7 faiz, ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əməkhaqqı 8,6 faiz artmışdır.
Statistik araşdırmalar göstərir ki, bütün bu uğurlar 2010-cu ildə də davam etdirilmişdir. Belə ki, 2010-cu ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM 3,7 faiz, yaxud müqayisəli qiymətlərlə 561,4 milyon manat artaraq 19,7 milyard manata çatmışdır. ÜDM-in 67,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 57,2 faizi sənayedə, 6,9 faizi inşaat kompleksində, 3,4 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 26,2 faiz, o cümlədən nəqliyyatda 6,3 faiz, ticarət və pullu xidmətdə 7,8 faiz, rabitədə 1,6 faiz, sosial və qeyri-formal xidmətlərdə 10,5 faiz təşkil etmişdir. ÜDM-in 6,3 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Keçən ilin birinci yarısına nisbətən adambaşına ümumi daxili məhsul istehsalı 2,5 faiz artaraq 2210,6 manat (2751,5 ABŞ dolları) olmuşdur. Əlavə dəyər istehsalı neft sektorunda ötən illə müqayisədə 2,4 faiz, qeyri-neft sektorunda isə 4,7 faiz artmışdır. Eyni zamanda, milli iqtisadiyyatın inkişafında xüsusi rol oynayan və ÜDM-in tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla keçən ilin bırinci yarısı ilə müqayisədə 3,5 faiz çox və ya 14,2 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Məhsulun 77,5 faizi mədənçıxarma bölməsində, 17,2 faizi emal bölməsində, 4,8 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat bölməsində, 0,5 faizi su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölməsində istehsal olunmuşdur.
Emal sektorunda qida məhsulları istehsalı 2,5 faiz, içki istehsalı 9,2 faiz, poliqrafiya fəaliyyəti və yazılmış məlumatların çoxaldılması 3,0 faiz, neft məhsulları istehsalı 9,7 faiz, kimya sənayesi məhsulları istehsalı 55,2 faiz, rezin və plastik məmulatlar istehsalı 15,5 faiz, metallurgiya sənayesi məhsulları istehsalı 39,4 faiz, hazır metal məmulatları istehsalı 1,0 faiz, elektrik avadanlıqları istehsalı 36,4 faiz, maşın və avadanlıqların istehsalı 98,1 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 42,4 dəfə artmışdır.
Hesabat dövründə nəqliyyat xidmətlərində də müvafiq irəliləyişlər nəzərə çarpmışdır. Belə ki, son altı ay ərzində nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 94,2 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 2,4 faiz çox yük, 656,6 milyon nəfər və ya 3,5 faiz çox sərnişin daşınmışdır. Digər bir xidmət sahəsi olan rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 514,0 milyon manat dəyərində və ya ötən ildə olduğundan 28,2 faiz çox rabitə xidməti göstərmişlər. Xidmətlərin 74,3 faizi bilavasitə əhaliyə xidmətlə bağlı olmuş və əldə edilmiş gəlirin 79,0 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Eləcə də, mobil telefon abonentlərinin sayı son bir il ərzində 1,4 milyon nömrə və ya 19,0 faiz artmışdır.
Göründüyü kimi, bünövrəsi "Əsrin müqaviləsi" ilə qoyulan inkişaf dinamikası nəticəsində sənayenin qeyri-neft sektoru, eləcə də nəqliyyat, rabitə və s. kimi sahələr sürətlə inkişaf edir ki, bu da digər sahələrin təkmilləşməsinə təkan verir. Bu baxımdan, reallaşmaqda olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, eləcə də ölkəmizin əlverişli coğrafi mövqeyi onu Avropa və Asiya dövlətləri arasında obyektiv olaraq iqtisadi və geosiyasi körpü rolunu oynamağa vadar edir və respublikamızın beynəlxalq tranzitdə yaxından iştirakına şərait yaradır. Eyni zamanda, bütün bunlar mühüm qeyri-neft sektoru olan turizm sektorunun sürətli inkişaf etdirilməsi, ölkənin turizm potensialından daha səmərəli istifadə olunması istiqamətində ciddi tədbirlər görməyə imkan verir.
Son illər Azərbaycan Respublikasında nəqliyyat sektorunun müasir səviyyədə qurulması, infrastruktur sahələrin təkmilləşdirilməsi, yeni yolların və yol ötürücülərinin tikintisi istiqamətində də iri beynəlxalq, regional və yerli layihələr həyata keçirilməkdədir. Respublikamızda magistral avtomobil yollarının beynəlxalq standartlara uyğun yenidən qurulması, qədim İpək Yolunun bərpası, regionlarda beynəlxalq səviyyəli hava limanlarının inşası, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi, Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolunun tikintisinə başlanılması, paytaxtımızda bir-birindən yaraşıqlı, möhtəşəm körpülərin və digər yol ötürücülərinin istifadəyə verilməsi nəqliyyat sektorunun imkanlarını xeyli genişləndirmişdir.
Bu gün infrastruktur layihələrinə dövlət büdcəsindən ayırmaların ilbəil yüksək templə artırılması Heydər Əliyev iqtisadi strategiyasının uğurla davam etdirilməsini və dövlət başçısı İlham Əliyevin bu məsələyə necə böyük həssaslıqla yanaşdığını göstərir. Əgər 2007-ci ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsinə 1,5 milyard manat ayrılmışdırsa, 2008-ci ildə bu rəqəm 3,5 milyard manat, 2009-cu ildə isə 4 milyard manatdan çox olmuşdur. "Bölgələrin inkişafı Azərbaycan dövlətinin inkişafıdır"- deyən dövlət başçısı ölkəmizin ən ucqar rayonlarından tutmuş, ən uzaq kənd və qəsəbələrində aparılan quruculuq işlərinin keyfiyyətlə yerinə yetirilməsini diqqətdə saxlayır.
Son illər Azərbaycanda dinamik inkişaf davam etməkdə və daha da sürətlənməkdədir. Təbii ki, milli iqtisadiyyatın ayrı-ayrı sahələrində uğurlu nəticələrin əldə edilməsinə, ilk növbədə, düzgün daxili siyasətin həyata keçirilməsi, ölkədə demokratik mühitin formalaşdırılması və iş adamları üçün münbit şəraitin yaradılması əsasında nail olunmuşdur. İş adamları ilə mütəmadi görüşlərin keçirilməsi, xüsusi razılıq tələb edən fəaliyyət növlərinin sayının azaldılması, sahibkarlığın inkişafına xidmət edən dövlət proqramlarının qəbulu, qeydiyyat-uçot məsələlərinin sadələşdirilməsi, ölkədə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin genişləndirilməsi, iş adamlarına güzəştli kreditlərin verilməsi, "bir pəncərə" sisteminin yaradılması dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının, xüsusilə özəl sektorun inkişafı istiqamətində atılan addımların cüzi bir hissəsidir.
"Əsrin müqaviləsi" müstəqil Azərbaycan Respublikasının mövcudluğu barədə dünyaya verdiyi ilk praktik, əməli işə dayanan bəyanatı idi. Biz bu müqaviləni imzalamaqla Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə sahib olduğunu dünyaya bir daha nümayiş etdirdik", - deyən ümummilli liderin bu sözləri 1994-cü ilin 20 sentyabrından sonra dəfələrlə təsdiqini tapmışdır. Təbii ki, həmin vaxtdan bu günədək "Əsrin müqaviləsi"ndən ötən illər Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin taleyüklü hissəsidir. Eyni zamanda, hər bir azərbaycanlıya məlumdur ki, bu illər heç də rəvan olmamışdır. Azərbaycanın müstəqillik yolunda saysız-hesabsız maneələr olub, müstəqilliyimizi hədəfə alan təxribatlar, qiyam və çevriliş cəhdləri həyata keçirilib.
Bütün bunlara baxmayaraq Azərbaycan dövləti və xalqı özünün dahi oğlu Heydər Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində bu əngəlləri birər-birər aşaraq sabitlik, inkişaf və rifah yoluna çıxdı. Heydər Əliyevin neft strategiyası da zamanın bütün sınaqlarından uğurla çıxaraq bu inkişaf və rifahın baş təminatçısına çevrildi. Ümummilli liderimiz Heydər Əliyev hələ o vaxt böyük uzaqgörənliklə deyirdi: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir".
{nl}
Aqil ƏSƏDOV, AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.