“Şahdağ” ES şimal bölgəsinin sosial-iqtisadi inkişafında mühüm rol oynayır

Son illər Azərbaycanda elektroenergetika sisteminin dayanıqlılığının artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, ən müasir texnologiyaların tətbiqi ilə yeni generasiya güçləri tikilib istifadəyə verilir. Enerjisistemin mühüm obyektlərindən sayılan “Şahdağ” elektrik stansiyası da bu baxımdan diqqəti cəlb edir. Xatırladaq ki, adıçəkilən obyekt “Xaçmaz” elektrik stansiyası ilə birlikdə ölkəmizin şimal bölgəsinin elektrik enerjisinə olan tələbatının daha dolğun şəkildə təmin edilməsində müstəsna rol oynayır.

 “Azərenerji” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, cari ilin aprel ayında “Şahdağ” elektrik stansiyasında 24,2 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilmişdir. Bütövlükdə isə ilin 4 ayı ərzində burada istehsal olunan elektrik enerjisinin həcmi   135,3 milyon kilovat-saatdan artıq olmuşdur. Ötən dövrdə stansiyada aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun olaraq vaxtında göstərilmişdir. Məhz bunun  nəticəsidir ki, ötən illərdə olduğu kimi, cari ilin 4 ayında da elektrik enerjisi istehsalında heç bir problem qeydə alınmamışdır.

Hazırda fəaliyyətini dispetçer qrafikinə uyğun davam etdirən stansiyada ilin ötən dövründə avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Nəticədə, ötən dövrlərdə olduğu kimi, cari ilin 4 ayı ərzində də elektrik stansiyasının bütün texniki-iqtisadi göstəriciləri qənaətbəxş olmuşdur.

Ölkənin bütün elektrik stansiyalarında olduğu kimi, burada da enerji bloklarında mövsümə hazırlıq məqsədilə müxtəlif təyinatlı təmir işləri tədbirlər planına uyğun olaraq aparılır. Eyni zamanda digər elektrik avadanlıqlarında da profilaktik təmir işləri icra edilir. İlin ötən dövründə stansiyada porşen tipli aqreqatlara istismar həddinə uyğun olaraq növbəti texniki qulluq göstərilmiş, aqreqatların soyutma və yağlama sistemlərində aşkar edilən qüsurlar aradan qaldırılmışdır. İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi  məqsədilə aparılan texniki xidmət işləri stansiyanın təmir briqadası tərəfindən yerinə yetirilir. Yeri gəlmişkən, stansiyada yanğın təhlükəsizliyi məsələsi də daima diqqət mərkəzində saxlanılmış, yanğınsöndürmə vasitələrinə, yanğına qarşı su təchizatına növbədənkənar baxış keçirilmişdir.

Xatırladaq ki, 12 aqreqatdan ibarət olan “Şahdağ” elektrik stansiyasının ümumi gücü  105 MVt təşkil edir. Stansiyanın işə qoşulması bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, o cümlədən sistemin dayanıqlığının artırılmasında böyük rol oynayır. Eyni zamanda, bölgənin sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən bu stansiya “Şahdağ” qış-yay turizm kompleksinin elektrik enerjisi təchizatını da həyata keçirir.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında