TANAP layihəsi beynəlxalq əməkdaşlığa mühüm töhfədir

Dünyanın enerji xəritəsini zənginləşdirən, Xəzər regionu ilə Avropanı birləşdirən “Cənub” qaz dəhlizinin reallaşdırılması istiqamətində işlər həlledici mərhələyə daxil olmuşdur. Məlum olduğu kimi, martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə Trans-Anadolu qaz boru kəmərinin (TANAP) təməli qoyuldu.

Azərbaycan Respublikası özünün karbohidrogen ehtiyatların dünya bazarlarına çıxarmaq üçün neft və qaz boru kəmərləri marşrutlarının şaxələndirilməsinə, alternativ ixrac istiqamətlərinə üstünlük verir. İlk dəfə bu təşəbbüslə xalqımızın ümummilli lideri Heydər Əliyev çıxış etmişdir. Xatırladaq ki, “Əsrin müqaviləsi” imzalanan zaman ulu öndər Azərbaycan neftini dünya bazarına çıxarmaq üçün şimal və qərb istiqamətləri ilə yanaşı, əsas ixrac marşrutunun-Bakı Tbilisi-Ceyhan boru kəmərinin də inşasının zəruriliyini bəyan etmişdi. Zaman bu uzaqgörən ideyanın həqiqiliyini sübut etmiş və Bakı-Tbilisi-Ceyhan layihəsi reallığa çevrilmişdir. Ulu öndərin müəyyənləşdirdiyi siyasi-iqtisadi strategiyanı Azərbaycanda uğurla davam etdirən Prezident İlham Əliyev də ölkəmizin qaz ehtiyatlarının dünya bazarına ixracı üçün şaxələndirilmiş boru kəməri sisteminin yaradılmasına xüsusi önəm verir. Hazırda Azərbaycan təbii qazını dörd istiqamətdə ixrac etmək imkanına malikdir. Bununla belə,  ölkəmizin zəngin qaz ehtiyatları daha geniş imkanlara malik ixrac boru kəməri marşrutunun yaradılmasını tələb edirdi. Təsadüfi deyil ki, uzun illər Azərbaycan qazının Avropaya çıxarılması üçün müxtəlif variantlar qızğın müzakirə obyekti olmuşdur. Nəhayət, bu sahədə uzun müddət davam edən müzakirələr öz müsbət həllini tapmış, Azərbaycan qazının Avropaya nəqli üçün ən etbarlı marşrut dəqiqləşdirilmişdir. Bu, Trans-Anadolu qaz kəməri (TANAP) marşrutu idi.

Xatırladaq ki, Türkiyə və Azərbaycan qardaşlığının növbəti təzahürü olan, ölkələrimizin birgə layihəsi kimi xalqlarımızın rifahına xidmət edəcək  Trans-Anadolu qaz kəməri ideyası 2011-ci ildə həyata vəsiqə almışdır. Belə ki, 2011-ci il oktyabr ayının 25-də Türkiyənin İzmir şəhərində “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında təbii qazın Türkiyə Respublikasına satışı və Azərbaycan Respublikasından gələn təbii qazın Türkiyə Respublikasının ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə Respublikasının ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” saziş imzalanmışdır. 2012-ci il iyun ayının 26-da isə qardaş ölkənin İstanbul şəhərində “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair” sazişə imza atılmışdır. 2012-ci il noyabr ayının 20-də Azərbaycan Respublikası Milli Məclisinin iclasında hər iki saziş  müzakirəyə çıxarılaraq təsdiqlənmişdir. Dövlətimizin başçısı  İlham Əliyev isə “Azərbaycan və Türkiyə hökumətləri arasında təbii qazın Türkiyəyə satışı və Azərbaycandan gələn təbii qazın Türkiyə ərazisi vasitəsilə tranziti haqqında və təbii qazın Türkiyə ərazisindən nəql edilməsi üçün müstəqil boru kəmərinin inşasına dair” sazişin təsdiq edilməsi haqqında qanunu imzalamışdır. Beləliklə də, yaxın illərdə Azərbaycanı Avropa ölkələrinin qaz bazarları ilə birləşdirəcək Trans-Anadolu ixrac boru kəməri ilə bağlı hüquqi bazanın  yaradılması təmin olunmuşdur.

Artıq “Cənub” qaz dəhlizinin əsas komponentlərindən sayılan TANAP layihəsi real fəaliyyət sahəsinə çevrilmiş, kəmərin inşasına faktiki olaraq start verilmişdir. Qarsda kəmərin təməlqoyma mərasiminə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Bu gün tarixi gündür-TANAP layihəsinə start verilir, təməl daşı qoyulur. Bu layihə enerji layihəsidir. Bu layihə enerji təhlükəsizliyi layihəsidir. Amma ilk növbədə, bu layihə Türkiyə-Azərbaycan birliyi, qardaşlığı layihəsidir”.  Dünya miqyasında böyük qaz yataqlarından olan “Şahdəniz”in “Cənub” qaz dəhlizi üçün yeganə resurs mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı qısa vaxtda dünyada böyük dəstək qazanan TANAP, 2013-cü ildə “Cənub” qaz dəhlizinin tərkib hissəsi kimi seçilən TAP layihələri üzrə işlərin cədvəl üzrə gedəcəyinə əminliyini ifadə etmişdir. “Cənub” qaz dəhlizini Avropanın ən böyük infrastruktur layihəsi kimi dəyərləndirən Prezident İlham Əliyev əminliklə bəyan etmişdir ki, Azərbaycanın malik olduğu nəhəng qaz ehtiyatları “Cənub” qaz dəhlizini təmin edəcək, bu layihə ölkələr arasında yeni əməkdaşlıq formatlarının yaranmasına səbəb olacaq.

Elə ötən illərdə Azərbaycanın öz karbohidrogen ehtiyatlarının müstəqil, sərbəst şəkildə dünya bazarına çıxarması ilə bağlı irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarların uğurla həyata keçirilməsi və ölkəmizin regionda nüfuz sahibi olması da bir daha sübuta yetirilmişdir. Prezident İlham Əliyevin  qeyd etdiyi kimi, Türkiyə, Azərbaycan və Gürcüstanın birgə təşəbbüsü ilə həyata keçirilən layihələr hər zaman uğur qazanmışdır.  Bu layihənin də eyni taleyi yaşayacağına əminliyini bildirən Prezident İlham Əliyev Avropanın qaza olan tələbatının ödənilməsində Azərbaycanın mühüm rolunu vurğulamışdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihənin sülhə və rifaha xidmət etməsini arzulayaraq “Şahdəniz” qazını Avropaya çatdıracaq bu kəmərin əhəmiyyətindən danışmış, onun ilk növbədə, ölkələrimizin və bölgə xalqlarının rifahına xidmət edəcəyini bildirmişdir. Nəzərdə tutduğu hədəflərin özəlliyi baxımından TANAP-ın alternativinin olmadığını deyən Rəcəb Tayyib Ərdoğan onun Avropa ilə Xəzər bölgəsi arasında güclü əlaqə yaradacağını, layihənin nəzərdə tutulduğu vaxtda istismara veriləcəyinə əminliyini ifadə etmişdir.  Yeri gəlmişkən, İlham Əliyevin Qarsda bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşü zamanı da Azərbaycan ilə bp arasında uğurlu əməkdaşlıqdan və “Şahdəniz” qaz yatağının işlənməsi üzrə səmərəli birgə fəaliyyətdən məmnunluq ifadə edilmişdir. Ötən il sentyabrın 20-də Bakıda “Cənub” qaz dəhlizinin, eləcə də Qarsda TANAP layihəsinin təməlinin qoyulmasının önəmi vurğulanmış, “Cənub” qaz dəhlizi layihəsi üzrə işlərin uğurla davam etməsinin əhəmiyyəti qeyd olunmuşdur. “Cənub” qaz dəhlizi layihəsinin bir hissəsi kimi TANAP-ın önəmi vurğulanaraq bu layihələrdə bütün işlərin plan üzrə həyata keçirildiyi bildirilmişdir. Söhbət zamanı, həmçinin  Trans-Adriatik boru kəməri layihəsi üzrə də işlərin uğurla davam etdiyi vurğulanmış, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu yüksək qiymətləndirilmişdir.

Xatırladaq ki, Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən TANAP layihəsinin  beş il ərzində reallaşması nəzərdə tutulmuşdur. Azərbaycanı Avropa üçün əhəmiyyətli qaz ixracatçısına çevirəcək bu layihə 7 milyard ABŞ dollarına başa gələcək. Layihənin ilk mərhələsi 2018-ci ildə yekunlaşacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti 16 milyard kubmetrə, 2023-cü ildə 24 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılacaq.  Onu da deyək ki, ilk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr “Şahdəniz”qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. TANAP çərçivəsində Türkiyəyə ilk qazın nəqlinə 2018-ci ildə başlanması planlaşdırılır. 1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik təbii qaz boru xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz boru xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq. Boru xətti Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan vilayətindəki Posof mahalının Türkgözü kəndindən başlayaraq Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə vilayətlərindən, 67 mahal və 600 kənddən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında yekunlaşacaq və bu nöqtədən etibarən TAP ilə bağlanacaq. Ötən ilin oktyabr ayında imzalanan ana xətt boruları satınalma sövdələşmələri çərçivəsində ümumi boru həcminin 80 faizinin Türkiyə istehsalçıları tərəfindən tədarük edilməsinə və dekabr ayında imzalanan quru sahəsi üzrə boru xətti inşaat sövdələşmələri çərçivəsində boru xəttinin Gürcüstan-Türkiyə sərhədindən Eskişehirə qədər olan 56 düym diametrindəki 1334 kilometrlik hissəsinin üç lot halında, aralarında Türkiyə və Azərbaycan podratçılarının çoxluq təşkil etdiyi şirkətlər tərəfindən inşa edilməsinə qərar verilmişdir.

Azərbaycan və Türkiyə arasında enerji sahəsindəki əməkdaşlığın ənənəvi xarakter daşıdığını dəfələrlə bəyan edən dövlətimizin başçısı İlham Əliyev XXI əsrin nəhəng qaz ixracı layihəsinin əhəmiyyəti barədə danışarkən demişdir: “ Artıq TANAP layihəsi dünyada böyük səs salmışdır və dünyada enerji siyasətinin yenidən formalaşması istiqamətində atılan mühüm addımdır. Beynəlxalq aləmdə TANAP layihəsinə olan diqqət onu göstərir ki, Türkiyə və Azərbaycan həmişə olduğu kimi, lazım olan vaxtda birgə təşəbbüs göstərərək, bütün məsuliyyəti öz üzərinə götürərək bu böyük layihəyə start verdi. Ümid edirəm ki, danışdığımız kimi, yaxın  beş ildə biz TANAP layihəsinin icrasına nail olacağıq və beləliklə, Azərbaycan Türkiyə üçün önəmli qaz təminatçısı olacaqdır və eyni zamanda, Azərbaycan qazı Türkiyə vasitəsilə Avropaya nəql ediləcək... TANAP-ın üstünlüyü ondan ibarətdir ki, bu layihəni biz ikimiz icra edəcəyik. Üçüncü tərəflər üçün də bu layihə açıqdır. Yerdə qalan müəyyən faizlər bizim tərəfdaş olan şirkətlərə verilə bilər. Beləliklə, TANAP layihəsinə beynəlxalq status da verilə bilər”. Göründüyü kimi, Azərbaycan öz ərazisində reallaşdırılan bütün enerji layihələri üçün açıq ölkə olması ilə bağlı vədinə sadiqliyini bir daha nümayiş etdirdi. Xatırladaq  ki, hələ 1994-cü ildə Bakıda “Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə ulu öndər Heydər Əliyev  demişdir:  “...Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq”.

Yeri  gəlmişkən, martın 13-də Ankarada Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq təbii qazı Türkiyəyə və Türkiyə üzərindən Avropaya nəql edəcək TANAP layihəsi üzrə ortaqlıq anlaşma sazişi imzalanmışdır. Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldızın, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin, TANAP-ın baş direktoru Saltuk Düzyolun, “bp-Azerbaijan” şirkətinin rəhbəri Qordon Birrellin və BOTAŞ-ın baş direktoru Mehmet Konukun imzaladıqları sazişə əsasən, ortaqlar müəyyənləşdirilmiş,  “Cənub Qaz Dəhlizi” şirkəti 58 faiz, BOTAŞ 30 faiz və  bp 12 faiz olaraq iştirak payları əldə etmişlər.

Azərbaycanın bilavasitə təşəbbüsü ilə həyata vəsiqə alan və dövlətimizin, xüsusən də onun rəhbəri Prezident İlham Əliyevin gərgin əməyi sayəsində reallaşdırılan qlobal enerji layihələri bu gün dünyanın əksər ölkələri və beynəlxalq təşkilatlar tərəfindən birmənalı olaraq bəyənilir, dəstəklənir. Təsadüfi deyil ki, Qarsda TANAP-ın təməlqoyma mərasimində çıxış edən ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hoxstayn bildirmişdir ki, ABŞ “Cənub” qaz dəhlizini 20 il bundan əvvəl başlayan Bakı-Tbilisi-Ceyhan boru xətti prosesinin tamamlanması kimi görür. Eyni zamanda, TANAP layihəsinin həyata keçirilməsinin ABŞ hökuməti üçün çox önəmli olduğunu deyən A.Hoxstayn “Cənub” qaz dəhlizi layihəsinin icrası ilə bağlı Birləşmiş Ştatların dəstəyini bir daha bəyan etmişdir.

2014-cü ildə Bakıda “Cənub” qaz dəhlizinin, 6 ay sonra isə Qarsda TANAP layihəsinin təməlinin qoyulmasını mühüm hadisə kimi dəyərləndirən Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şefçoviç də öz növbəsində “Cənub” qaz dəhlizinin əsas hissələrindən olan TANAP-ın reallaşmasına göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmiş,  layihəyə böyük əhəmiyyət verən Avropa İttifaqının işlərin yüksək səviyyədə həyata keçirilməsi üçün bundan sonra da əlindən gələni edəcəyini vurğulamışdır.

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Avropa İttifaqı ölkələrinin təbii qaza olan ehtiyacının ödənilməsi istiqamətində mühüm layihə olan TANAP-ı “Cənub” qaz dəhlizinin əsas hissəsi adlandırmış, böyük siyasi əhəmiyyətə malik bu layihənin ölkələrimizdəki iqtisadi inkişafın təminatçısı olacağını demişdir. Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili isə “Cənub” qaz dəhlizinin ölkəsi üçün də çox önəmli olduğunu qeyd etmiş, bu layihənin regionun inkişafında mühüm rol oynayacağını bildirmiş, TANAP layihəsinin Asiya ilə Avropa arasında enerji dəhlizi rolunu oynadığını, ticarət, turizm və digər layihələrin inkişafına xidmət edəcəyini, ölkələrimizin enerji təhlükəsizliyinin təmin olunmasına güclü dəstək verdiyini diqqətə çatdırmışdır.

XXI əsrin layihəsi sayılan “Cənub” qaz dəhlizi Trans-Adriatik boru kəməri (TAP) ilə tamamlanır. Trans-Adriatik boru kəməri Azərbaycana məxsus “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi üzrə konsorsium tərəfindən Azərbaycan qazının Avropaya nəqli üçün marşrut kimi seçilmişdir. Seçim haqqında qərar konsorsium tərəfindən 2013-cü ilin yayında elan edilmişdir. TAP layihəsi Xəzər regionundan qazın Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə İtaliyanın cənubuna, oradan isə Qərbi Avropaya nəqlini nəzərdə tutur. İlkin olaraq TAP boru kəmərinin gücü il ərzində 10 milyard kubmetr təşkil edəcək. Onu il ərzində 20 milyard kubmetrədək artırmaq imkanı da mövcuddur. TAP layihəsinin səhmdarları İsveçrənin “AXPO” (42,5 faiz), Norveçin “Statoil” (42,5 faiz) və Almaniyanın “E.ON Ruhrgas” (15 faiz) şirkətləridir. TAP-ın tikintisinin 2015-ci ildə başlanacağı gözlənilir.  

Yeri gəlmişkən, Avropanın enerji xəritəsinin zənginləşdirməsinə mühüm töhfələr verən “Şahdəniz-2", TANAP və TAP dünyanın ən iri enerji layihələrindəndir. Layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək, marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır.

TANAP layihəsi regionda qarşılıqlı əməkdaşlığın növbəti təzahürüdür. Bu, iki qardaş, dost ölkə olan Azərbaycan və Türkiyənin birgə səyi və gücü ilə  reallaşdırılacaq daha bir  enerji layihəsidir. Gələcəkdə Azərbaycan qazını Türkiyə vasitəsilə dünya bazarına çıxaracaq Trans-Anadolu boru kəməri hər iki ölkənin  iqtisadi vəziyyətinin daha da  yaxşılaşdırılmasına, bu sahədə tərəfdaşlıq münasibətlərinin bir qədər də  möhkəmləndirilməsinə səbəb olacaq. Bununla da, Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığının tarixində yeni mərhələ başlanacaq. Eyni zamanda, dünyada enerji təhlükəsizliyinin təmin olunmasında, Cənubi Qafqazın, o cümlədən Xəzər hövzəsində Azərbaycanın Türkiyə və Gürcüstan, Tükmənistan və digər ölkələrin əməkdaşlıq sahəsinin genişləndirilməsi, dünyada qaz ixracı marşrutlarının şaxələndirilməsi, qaz bazarlarına daha çox maye qazın çıxarılması və üçüncü minillikdə dünyada enerji təhlükəsizliyinə töhfənin verilməsidir. TANAP layihəsi, həmçinin Trans-Xəzər qaz kəmərinin gerçəkləşməsi üçün də yeni imkanlar yaradacaq. Belə ki, gələcəkdə Qazaxıstan və Türkmənistanın bu layihəyə qoşulacağı təqdirdə Azərbaycan həm də qaz nəqlində tranzit ölkəyə çevrilmək imkanı əldə edəcəkdir.

Yeri gəlmişkən,  “Şahdəniz” yatağı ilə yanaşı, Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” və “Abşeron” yataqlarının da qaz ehtiyatları ilə zəngin olması ölkəmizin bu sahədəki potensialı barədə tam təsəvvür yaradır. Belə ki, mütəxəssislərin ən son proqnozlarına görə, hazırda ölkəmizin təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Bu da “mavi yanacağa” kəskin tələbatın artdığı müasir dövrdə  Azərbaycanın  dünyanın potensial qaz alan ölkələrinin maraq dairəsinə daxil olmasına səbəb olmuşdur.  Üstəlik, ölkəmizin regionda və dünyada etibarlı tərəfdaş kimi mövqeyinin xeyli möhkəmlənməsi, eləcə də beynəlxalq enerji layihələrinin reallaşdırılması sahəsindəki zəngin təcrübəsi də bu marağı getdikcə artırır.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında