Bakı şəhərinin Yasamal rayonunda ilin yekununa həsr olunmuş yığıncaq keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev hesabat dövründə görülmüş yenidənqurma və abadlıq, sosial-iqtisadi sahənin sürətli inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlər barədə geniş məlumat vermişdir.
Qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair iclasında, həmçinin regionların 2014-2018-ci illərdə sosiai-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransında respublikamızın əldə etdiyi nailiyyətlərdən geniş bəhs olunmuş və qarşıda duran vəzifələrin icrası ilə əlaqədar müzakirələr aparılmışdır. Dövlətimizin başçısı bildirmişdir ki, ötən il iqtisadi, siyasi və mədəni sahələrdə böyük uğurlar əldə olunmuş, dünyanı bürümüş iqtisadi və maliyyə böhranı ölkəmizin inkişafına təsir etməmişdir. Bunun başlıca səbəbi ictimai-siyasi vəziyyətin sabit olması, xalqla iqtidar arasındakı birlik və bütün proqramların icrasıdır. Ötən il ümumi daxili məhsul 3,4 dəfə artmışdır ki, bu da dünya miqyasında rekord göstəricidir. Ümumiyyətlə, yola saldığımız il də uğurlar ili kimi yadda qalmışdır. Ötən il qazanılan uğurlarda, təbii ki, Yasamal rayonun da zəhmət payı az olmamışdır. Rayonda aparılan yenidənqurma və abadlıq işləri sürətli sosial-iqtisadi inkişafın yeni nümunəsini yaradır.
2014-cü ildə Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” ölkəmizin bütün bölgələrinin hərtərəfli inkişafı sahəsində məqsədyönlü siyasətin davamı olmaqla, yeni müəssisələrin və iş yerlərinin yaranmasında müstəsna rol oynayır. Respublika iqtisadiyyatının dinamik inkişafı Yasamal rayonunun da sosial-iqtisadi həyatında müsbət təsirini göstərməkdədir. Son illər rayonda aparılan yenidənqurma və abadlıq işlərinin geniş vüsət alması da bunu təsdiqləyir. Rayonun ildən-ilə inkişafı özünü 2014-cü ildə daha qabarıq şəkildə büruzə vermişdir. Bunu faktlar da təsdiqləyir.
Faktlar göstərir ki, ötən il Yasamal rayonunda sənaye məhsulunun ümumi həcmi 77 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 1 milyard 478 milyon manat olmuşdur. Rabitə xidmətlərinin həcmi 488 milyon manat, ümumi investisiyadan tikinti-quraşdırma işləri 636 milyon manata çatmışdır. Bu da 2013-cü illə müqayisədə müvafiq olaraq149 və 130 faiz təşkil edir. Pərakəndə ticarət dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlər də əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 10,3 faiz artaraq 600 manata çatmışdır.
Rayonda yeni iş yerlərinin açılması qarşıya qoyulan prioritet vəzifələrdən olmuşdur. Bu sahəyə xüsusi diqqətin nəticəsidir ki, 2014-cü ildə rayonda 4755 yeni iş yeri açılmışdır ki, onlardan 1130-u yeni yaradılmış müəssisə və təşkilatlarda, 284-ü mövcud və bərpa olunmuş müəssisələrdə, 3341-i isə fiziki şəxslərdən ibarət olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, Yasamal rayonu üzrə 17 tədbirin icrası nəzərdə tutulmuşdur. Artıq onlardan 8-nin icrasına başlanılmışdır. Rayon ərazisində irihəcmli abadlıq-quruculuq və yaşıllaşdırma işlərinin həyata keçirilməsi əsas vəzifə kimi daim diqqət mərkəzində olmuşdur. Yaşayış binalarının fasadlarında aparılan yenidənqurma və bərpa işləri rayonun görünüşünü xeyli dəyişmişdir. Sakinlərin, xüsusilə, uşaqların asudə vaxtlarını səmərəli keçirmələri və istirahət etmələri üçün parkların və böyük yaşayış massivlərində “nümunəvi məhəllə”lərin salınması artıq ənənə halını alıb. Prezident İlham Əliyevin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin su anbarının ərazisində salınacaq parkın layihəsi ilə tanış olarkən verdiyi göstərişlər artıq icra olunmuş, Dənizkənarı Milli Parkdan sonra Bakı şəhərində ərazisinə görə ikinci olan 6,5 hektar ərazisi olan parkın salınması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Parkın ötən ilin sonlarında keçirilmiş açılış mərasimində Prezident İlham Əliyev də iştirak etmişdir. Rayonun əksər ərazilərində intensiv surətdə abadlıq-quruculuq işləri aparılmış, yaşıllıqların qorunması və artırılması diqqət mərkəzində saxlanılmış və yeni yaşıllıq zolaqları salınmışdır. Bütün bunlarla yanaşı, hələ də, rayonun ərazisində bir çox məhəllələrdə abadlıq işlərinin aparılmasına, bəzi küçələrin asfaltlaşdırılmasına, yeni yaşıllıq zolaqlarının yaradılmasına ehtiyac duyulur. Bu istiqamətdə işlər davam etdirilir.
Bu ilin yayında dünyanın diqqəti yenidən Azərbaycana—Bakıya yönələcək. Yəni, indiyədək ölkəmizdə keçirilmiş nüfuzlu tədbirlərə daha möhtəşəmi əlavə olunacaq. Söhbət, təbii ki, ilk Avropa Oyunlarından gedir. Bu mötəbər tədbirin mütəşəkkilliklə keçirilməsi üçün ciddi hazırlıq işləri görülür. Şəhərin görkəminin yaxşılaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Yasamal rayonunda da bu möhtəşəm tədbirə ciddi hazırlıq görülür. Hazırda rayon ərazisində yaşayış məntəqələrini mərkəzi yoldan ayıran, hündürlüyü 4 metr olan ayırıcı divarın quraşdırılması işlərinə başlanılmışdır. Dekorativ hasarların çəkilməsi ilə yanaşı, binaların fasad hissələri də yenilənir. Bunlarla bərabər, əsas hərəkət marşrutuna daxil olan ərazilərdə yaşıllaşdırma və abadlıq işləri artıq başa çatmışdır.
“Bakı-2015" Avropa Oyunları ilə əlaqədar xüsusi diqqət yetirilən, bizim üçün zəruri olan məsələlərdən biri də mövcud reklam lövhələrinin ”Dövlət dili haqqında" və “Reklam haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə cavab verməsinin təmin edilməsidir. Bu istiqamətdə aidiyyəti qurumlarla görülən işlər sakinlər tərəfindən böyük razılıqla qarşılanır. Ana dilimiz milli-mənəvi sərvətimizdir. Bu sərvəti qorumaq hər birimizin müqəddəs borcudur.
Rayon sakinlərini daha çox narahat edən problemlərdən biri də ərazidə körpələr evi-uşaq bağçalarında körpə və uşaqların sıxlığı idi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və tövsiyəsi ilə əhalinin daha çox yaşadığı ərazidə qısa müddətdə yeni bir körpələr evi-uşaq bağçasının tikintisi başa çatdırılmışdır. Bu ərazi bütünlüklə abadlaşdırılmış, yol və meydançalara yeni asfalt örtük salınmış, günlüklər, oturacaqlar, uşaq əyləncə elementləri, suvarma və işıqlandırma sistemləri quraşdırılmış, yeni ağaclar və güllər əkilmişdir. Beş qrup və 100 yerlik ikimərtəbəli uşaq bağçası bütün kommunal xidmətlərlə, o cümlədən, istilik sistemi və su anbarı ilə təmin edilmişdir. Uşaq bağçasında monitorla müşahidə edilən kameralar quraşdırılmışdır. Orada ən müasir avadanlıqla təchiz edilmiş mətbəx, musiqi, idman zalı, rəsm otağı və yeməkxana fəaliyyət göstərir.
2014-cü il oktyabrın 3-də uşaq bağçasının açılış mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak etmişlər. Mehriban xanım Əliyeva körpələr evi-uşaq bağçasında görülmüş işləri yüksək dəyərləndirmişdir. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Yeni Yasamal yaşayış massivində salınmış idman kompleksinin inşası davam etdirilir. 153 saylı tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Qürurverici haldır ki, məktəbin açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Yeni Yasamal yaşayış massivində yeni uşaq bağçası yaradılmaqdadır. Yaxın gələcəkdə rayonun digər ərazilərində də uşaq bağçalarının tikintisi üçün yerlərin müəyyən olunması istiqamətində işlər aparılır. Belə zəruri tədbirlər uşaq bağçalarındakı sıxlığın aradan qaldırılmasına, bununla da ən aktual problemlərdən birinin həllinə imkan yaradacaqdır.
Bakı şəhərində abadlıq-quruculuq işlərinin daha da sürətlənməsinə, yol-nəqliyyat infrastrukturunun təkmilləşməsinə, həmçinin, sosial məsələlərin həlli istiqamətində irimiqyaslı layihələrin həyata keçirilməsi ilə əlaqədar olaraq, Yasamal rayonunda ötən ildən belə bir irimiqyaslı tədbirin icrasına artıq başlanılmışdır. Bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti başçısının 20 dekabr 2013-cü il tarixli 518 saylı sərəncamı ilə komissiya yaradılmışdır. Bu vaxta qədər 6676 təsərrüfatda tam ölçü və inventarlaşdırma işlərinin aparılması təmin edilmiş, əhali arasında geniş izahat işləri aparılmışdır. Köçürülmə işlərinin yalnız könüllülük əsasında, hər kvadratmetr sahəyə 1500 manat verilməsi şərti ilə aparılacağı bəyan edilmişdir. Çox pis şəraitdə yaşayan 2300 ailənin köçürülməsi təmin edilmiş, 2280 ev sökülmüşdür.
Rayon sakinlərinə xidmət səviyyəsinin yüksəldilməsi və onların ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi, yerli sahibkarlığın dəstəklənməsi və süni qiymət artımının qarşısının alınması məqsədilə ərazidə yarmarkanın fəaliyyəti davam etdirilmişdir. Beş kənd rayonunun təhkim olunduğu bu yarmarkada şənbə və bazar günləri 60-75 ton kənd təsərrüfatı məhsulları satışa çıxarılır və bazar qiymətlərindən 15-20 faiz ucuz satılır. Ölkə rəhbərliyinin əhalinin sosial problemlərinin həlli istiqamətində tədbirlərin həyata keçirilməsi daim rayon icra hakimiyyətinin diqqət mərkəzində olmuş və bu sahədəki problemlər öz həllini tapmışdır. Bu sahəyə əhalinin sağlamlığının qorunması istiqamətdə görülən işlərin də daxil edilməsi vacibdir. Prezident İlham Əliyevin tapşırığına əsasən 2014-cü il fevralın 17-dən başlayaraq may ayının 1-dək rayon əhalisinin ümumi profilaktik tibbi müayinə tədbirləri keçirilməsi xüsusi qeyd olunmalıdır. Tədbirin rayonda yüksək səviyyədə və mütəşəkkilliklə keçirilməsini təmin etmək məqsədilə zəruri olan bütün təşkilati məsələlər öz həllini tapmışdır. 18 yaşından yuxarı təxminən 182 min nəfərədək rayon sakininin 160 min nəfərinin, yəni, əhalinin 88 faizinin tibbi müayinədən keçməsi yüksək səviyyədə təmin olunmuşdur.
Rayondakı Heydər Əliyev mərkəzlərində ulu öndər Heydər Əliyevin siyasi irsinin daha dərindən öyrənilməsinə xidmət edən dərslərin mütəmadi keçirilməsi təmin olunmuş və həmin tədbirlər bu gün də davam etdirilir. Bu dərslərin tədrisində fərqlənən müəllimlər rayon icra hakimiyyəti başçısının fəxri fərmanları və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.
Yarandığı gündən rayon ictimaiyyətinin, xüsusilə gənclərin mütəmadi üz tutduqları, artıq məbədgaha çevrilmiş Yasamal rayonundakı Heydər Əliyev Mərkəzinin fəaliyyəti ayrıca qeyd olunmalıdır. Mərkəzdə, mütəmadi olaraq, müxtəlif tarixi və əlamətdar günlərlə bağlı çoxsaylı tədbirlər keçirilmiş və bü gün də keçirilməkdədir. Ötən ildən başlayaraq Heydər Əliyev Mərkəzində nikaha daxil olan gənclərin, onların valideynlərinin arzu və istəkləri nəzərə alınaraq Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən nikah mərasimləri təşkil olunmağa başlanmışdır. Bu mərasimlər müasir gəncliyin ulu öndər Heydər Əliyev siyasi irsinə, ümummilli liderimizin tarixi xidmətlərinə verdiyi sonsuz dəyərin təzahürlərindən biridir.
Hər il əlamətdar günlərdə keçirilən tədbirlər rəngarəngliyi ilə sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Şübhəsiz ki, bu tədbirlərin ən möhtəşəmi və yaddaqalanı ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş silsilə tədbirlər və “Gül bayramı” olmuşdur. Müxtəlif nominasiyalar üzrə təqdim edilən kompozisiyaların dolğun və yüksək səviyyədə tərtibat işlərinə görə rayonun orta ümumtəhsil məktəbləri və məktəbəqədər müəssisələrin şagirdləri müxtəlif mükafatlarla təltif olunmuşdur.
“20 Yanvar” faciəsinə, 2 fevral - Ümumrespublika Gənclər Gününə, 9 may - Qələbə Gününə, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə və 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş müxtəlif tədbirlərin də yüksək səviyyədə keçirilməsi artıq ənənə halını almışdır.
Əhalinin müraciətlərinə, ərizə və şikayətlərinə baxılması prioritet vəzifələrdən biridir. Rayon icra hakimiyyətinin başçısının təşəbbüsü ilə hüquq-mühafizə orqanları, idarə və müəssisələrin rəhbərlərinin iştirakı ilə səyyar qəbullar təşkil olunur və sakinləri narahat edən məsələlər yerindəcə həll olunur. Fakt üçün qeyd edək ki, ötən il ərzində rayon icra hakimiyyəti başçısının 23 səyyar qəbul görüşündə 3027 nəfərdən çox rayon sakini iştirak etmişdir. Məhz buna görə də vətəndaşlardan rayon icra hakimiyyəti başçısının aparatına və yuxarı instansiyalara ünvanlanmış müraciətlərin sayı getdikcə azalır.
Təhlillər göstərir ki, müraciətlərin sayının kəskin şəkildə artmasının əsas səbəbi “Sovetski” adlanan ərazidə istifadəyə yararsız evlərin, Qanlı Gölün Qərb sahilindəki özbaşına tikililərin, İncəsənət Gimnaziyasının yataqxanasının və Bakı Dövlət Universitetinin yataqxanalarının sökülməsi ilə əlaqədar vətəndaşların onları maraqlandıran suallarla bağlı rayon rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinə müraciət etmələri olmuşdur.
Rayonda yenidənqurma və abadlıq işlərinin geniş vüsət almasını həyata keçirilən işlər də təsdiqləyir. Qarşıda daha ciddi vəzifələr durur. Bunlardan biri də bu il Milli Məclisə keçiriləcək seçkilərdir. Onu da qeyd edək ki, rayonda hər seçkilərin mütəşəkkil və demokratik şəraitdə keçirilməsi üçün bütün imkanlardan səmərəli istifadə olunur. Bu məqsədlə rayonun “Sovetski” adlanan ərazisindən köçürülmə prosesi ilə əlaqədar dislokasiyaya yenidən baxılmalıdır. Bu da bilavasitə daimi seçici siyahılarının bir daha dəqiqləşdirilməsini aktual edir. Bütün bunlar göstərir ki, Milli Məclisə seçkilərə çox ciddi şəkildə, özü də elə indidən hazırlaşmaq lazımdır. Bu, seçki qanunvericiliyinin də tələbidir. Milli Məclisə seçkilərə hazırlıq rayon rəhbərliyinin qarşıya qoyduğu prioritet vəzifələrdən biridir.
Qarşıda heç də az əhəmiyyətli olmayan digər mühüm vəzifələr durur. Rayon rəhbərliyi, ilk növbədə, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrasının təmin olunması istiqamətində tədbirlər görməyi qərara alıb. Bunlardan başqa, Bakı-2015 Avropa Oyunlarına hazırlıqla əlaqədar tapşırıqların vaxtında, həm də yüksək keyfiyyətlə icra olunması da həlli vacib məsələlərdəndir. Ölkə rəhbərliyinin bu və digər sahələrdə qarşıya qoyduğu bütün vəzifələrin Yasamal rayonunda da layiqincə icrasına heç bir şübhə ola bilməz. Bunu indiyədək görülən yüksək səviyyəli işlər də təsdiqləyir.
Hesabat tədbirində səsləndirilən müzakirələrdə Milli Məclisin deputatı, BDU-nun rektoru, professor Abel Məhərrəmov, 53 saylı tam orta məktəbin direktoru Firəngiz Həsənova, Yasamal Rayon İcra Hakimiyyəti başçısının 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ramin Əliyev ötən il rayonda aparılan abadlıq və yenidənqurma işlərinin geniş vüsət aldığını bilidirdilər. Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Tağı Tağıyev ötən il ölkəmizin qazandığı uğurlardan söhbət açdı. Qeyd etdi ki, dünyanı bürüyən iqtisadi böhran respublikamıza bir o qədər də təsir göstərmir. Bunun əsas səbəbi dövlətimizin başçısının məntiqli siyasi və iqtisadi strategiyasıdır. T.Tağıyev ölkəmizdə əldə olunan uğurlarda Yasamal rayonunun da kifayət qədər payı olduğunu diqqətə çatdırdı.
Sonda qərar layihəsi oxundu və iclas iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olundu.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.