Azərbaycanda qeyri-neft sektorunun dinamik inkişafı bu sahəyə göstərilən diqqətin nəticəsidir

Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan rəqabətədavamlılıq indeksinə görə MDB ölkələri arasında 1-ci yeri tutur
Azərbaycanda islahatların uğurla aparılması, sosial-iqtisadi sahələrdə yüksək inkişaf və tərəqqinin müşahidə edilməsi şübhəsiz ki, dövlət başçımızın reallaşdırdığı düzgün və məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Bu fakt hazırda əksər beynəlxalq təşkilatlar tərəfindən də birmənalı şəkildə təsdiqlənir. Məsələn, bu yaxınlarda Ümumdünya İqtisadi Forumunun yaydığı hesabatda Azərbaycan ən rəqabətədavamlı ölkələr siyahısında MDB-də birinci yerdə qərarlaşmışdır.
Xatırladaq ki, sözügedən hesabat hazırlanarkən ölkələrdəki infrastruktur, əmtəə və əmtəə bazarlarının səmərəliliyi, səhiyyə və təhsilin keyfiyyəti, makroiqtisadi vəziyyət, innovasiya, maliyyə bazarının inkişafı kimi çox mühüm amillər nəzərə alınmışdır.
Bu, əlbəttə, təsadüfi deyil. Yeri gəlmişkən, bir faktı xatırladaq. Bir müddət bundan əvvəl - bu il iyunun 16-da ABŞ-ın Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun "Qlobal maliyyə böhranının Mərkəzi Asiya və Qafqaz dövlətlərinə təsiri" mövzusunda keçirdiyi konfransda Azərbaycanın qlobal iqtisadi böhrandan ən az zərər çəkən ölkə olması bir daha təsdiqlənmişdir. Bu, yuxarıda göstərdiyimiz kimi, Azərbaycanda həyata keçirilən düzgün və məqsədyönlü sosial-iqtisadi siyasətin nəticəsidir.
Azərbaycanın əldə etdiyi uğurları bəziləri neft amili ilə əlaqələndirməyə cəhd göstərirlər. Amma dövlətimizin başçısı da dəfələrlə bəyan etmişdir ki, ölkəmizin iqtisadiyyatı neftdən tam asılı deyil və bizdə artıq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox ciddi işlər görülür, qeyri-neft sektoru sürətlə inkişaf edir. Bununla bağlı Prezident İlham Əliyev demişdir: "Azərbaycan qarşıda duran əsas vəzifələrdən biri olan iqtisadiyyatın şaxələndirilməsi məsələlərini uğurla icra edir. Əgər iqtisadiyyatımız artıq şaxələndirilmiş iqtisadiyyat olmasaydı, Azərbaycan rəqabət qabiliyyətinə görə mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən MDB məkanında birinci yeri tutmazdı...".
Bəli, ölkəmiz sosial-iqtisadi sahələrdə aparılmış əsaslı islahatlar, eləcə də iqtisadiyyatın şaxələndirilməsi nəticəsində qısa müddət ərzində böyük inkişaf yolu keçmiş, iqtisadi artım templərinə görə dünyanın aparıcı dövlətlərindən birinə çevrilmişdir. Belə ki, 2004-2009-cu illərdə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2,8 dəfə, xarici ticarət dövriyyəsi 2,8 dəfə, o cümlədən ixrac 3,9 dəfə, dövlət büdcəsinin gəlirləri 7 dəfə artmışdır.
İqtisadiyyatın şaxələndirilməsi, özəl bölmənin canlandırılması insanların həyat səviyyəsinin yaxşılaşmasına müsbət təsir göstərmişdir. Son 5 ildə 840 mindən çox yeni iş yerinin açılması, əhalinin gəlirlərinin 2 dəfə, orta aylıq əmək haqqının 3 dəfə artması, yoxsulluğun səviyyəsinin isə 4 dəfə azalaraq 11 faiz təşkil etməsi bunun bariz ifadəsidir.
Son illər sosial obyektlərin, o cümlədən xəstəxanaların, məktəblərin tikilib istifadəyə verilməsi, köhnələrinin əsaslı şəkildə bərpa edilməsi də diqqət mərkəzində olmuşdur. Təkcə bir faktı xatırlatmaq yerinə düşər: 5 il ərzində 1800 yeni məktəb binası şagirdlərin ixtiyarına verilmişdir ki, bu da ölkədəki məktəblərin 40 faizini təşkil edir.
Ulu öndər Heydər Əliyevin uzaqgörən islahatlar strategiyasının ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qlobal maliyyə böhranının ən yüksək həddə çatdığı 2009-cu ildə belə Azərbaycanın bir sıra təhlükəli meyillərlə üzləşməsinin qarşısı alınmaqla yanaşı, əhalinin gəlirləri 6,7 faiz, orta aylıq əmək haqqı isə 8,6 faiz artmışdır. Beləliklə, böhranın Azərbaycan iqtisadiyyatına mənfi təsiri demək olar ki, tam neytrallaşdırılmışdır.
Azərbaycanda son illər əldə edilən uğurlar əvvəldə qeyd etdiyimiz kimi, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, 2009-2010-cu illər üçün hazırlanmış "Qlobal rəqabətlilik hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Dünya Bankının hazırladığı "Doinq Business" hesabatında Azərbaycan ötən il ən islahatçı ölkə elan olunmuş, bu il isə öz mövqelərini qoruyub saxlamışdır. Bu yaxınlarda "Fitch" beynəlxalq reytinq agentliyi ilk dəfə olaraq Azərbaycana investisiya səviyyəli reytinq vermişdir.
Azərbaycanın sosial-iqtisadi uğurları bu ilin ötən aylarında da öz ifadəsini tapmışdır. Bu barədə ölkə Prezidenti İlham Əliyev demişdir: "Ölkəmiz uğurla inkişaf etməyə davam edəcəkdir. Bizim təbii resurslarımız var, iqtisadi siyasətimiz var və bu, uğurlu siyasətdir. Beynəlxalq maliyyə qurumları Azərbaycanda bu sahədə aparılan işlərə çox yüksək qiymət verirlər. Yəni, bu, həqiqəti əks etdirən qiymətdir və beləliklə, biz ölkəmizin uzunmüddətli inkişaf strategiyasını təmin edəcəyik".
Azərbaycanın iqtisadi inkişafı əhalinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına gətirib çıxarmışdır. Bunu statistik göstəricilər də təsdiq edir. Belə ki, 2010-cu ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 9,7 faiz artaraq 11,5 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 8,4 faiz artaraq 1290 manata (orta hesabla ayda 215 manata) çatmışdır. Gəlirlərin 70 faizi son istehlaka, 9,7 faizi vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18,6 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilmişdir.
Əhalinin gəlirlərinin artması onların ticarət şəbəkəsindən daha çox istehlak malları almasına və xidmətlərdən daha geniş istifadə etməsinə şərait yaradır. Məhz belə şəraitin yaranması nəticəsində ötən ilin birinci yarısına nisbətən pərakəndə əmtəə dövriyyəsi 8,4 faiz artaraq 6,3 milyard manata, pullu xidmətlərin həcmi isə 10,5 faiz çoxalaraq 2 milyard manata çatmışdır. Realizə olunmuş əmtəələrin 65,7 faizini ərzaq məhsulları, 34,3 faizini isə qeyri-ərzaq malları təşkil etmiş və onların satışı müvafiq olaraq, 7,6 və 11,1 faiz artmışdır.
Azərbaycanın dinamik inkişafı eyni zamanda əhalinin rifah halının, maddi təminatının yaxşılaşdırılmasına, onun aztəminatlı qruplarına dövlət qayğısının artırılması istiqamətində sistemli tədbirlərin həyata keçirilməsinə müsbət təsir göstərir. Bu baxımdan dövlət başçımızın "Minimum aylıq əməkhaqqının artırılması haqqında", habelə müəllimlərin, səhiyyə işçilərinin maaşlarının artırılması ilə bağlı və "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" sərəncamları mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısı İlham Əliyevin əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə imzaladığı sərəncamlar sosial sahədə həyata keçirilən kompleks tədbirlərin daha bir təzahürü kimi qiymətləndirilə bilər. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən bu sənədlər ümumilikdə sosialyönümlü iqtisadiyyatın inkişafı ilə bağlı mükəmməl siyasətin tərkib hissəsidir. Qeyd edək ki, Prezidentin imzaladığı sərəncama əsasən, sentyabr ayının 1-dən minimum aylıq əməkhaqqının məbləği 85 manat müəyyən edilib.
Minimum əməkhaqqının artırılması bütün iqtisadi və sosial bölmələrdə çalışan insanların sosial vəziyyətinə öz mühüm təsirini göstərmiş olacaq. Bu qərar makroiqtisadi sabitliyin təmin edilməsi ilə bərabər, fiskal və monetar tədbirlərin sürətlənməsinə, eyni zamanda, sosial siyasətin kompleks şəkildə koordinasiyası ilə bağlı tədbirlərin gücləndirilməsinə təkan verəcək.
Hazırda sosial siyasətin əsas istiqamətlərindən biri olan minimum əməkhaqqının artırılması hökumətin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. Ümumiyyətlə, respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətləri vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud olan bütün problemlərin aradan qaldırılması ilə tədbirlərin gücləndirilməsinə yönəlib.
Ölkəmizdə bir sıra əsas investisiya və infrastruktur layihələri də uğurla icra edilir. Bakı-Gürcüstan, Bakı-Rusiya sərhədi, Bakı-Şamaxı və Şamaxı-Qəbələ yolu kimi mühüm əhəmiyyət kəsb edən magistral yolları, habelə Oğuz-Qəbələ -Bakı su kəməri buna misal ola bilər.
Azərbaycanın bölgələri də son illər tanınmaz dərəcədə dəyişmişdir. Rayonlarda yerləşən sənaye potensialı hərəkətə gətirilmiş, emal sahəsi yenidən qurulmuş, infrastruktur yeniləşdirilmişdir. Əlbəttə, burada dövlət başçısı tərəfindən təsdiq edilən və nəzarətdə saxlanılan "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı"nın mühüm əhəmiyyəti danılmazdır.
Azərbaycanın iqtisadi inkişafının dinamik xarakter almasında büdcə gəlirlərinin, ölkənin valyuta ehtiyatlarının artması da əsas səbəblərdən biridir. Təkcə onu demək kifayətdir ki, bu gün ölkəmizin strateji valyuta ehtiyatları təqribən 26 milyard dollara çatmışdır ki, bu da qarşıya qoyulan istənilən məsələni həll etməyə, qəbul olunmuş sosial-iqtisadi proqramları uğurla reallaşdırmağa imkan yaradır.{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında