Dünyada baş verən qlobal iqlim dəyişiklikləri XXI əsrdə su ehtiyatlarının səmərəli istifadəsinə və mühafizəsinə olan marağı artırmış, su ilə bağlı yaranan problemlərin həlli bəşəriyyət qarşısında duran ən vacib məsələlərdən birinə çevrilmişdir. Beynəlxalq təşkilatların məlumatına görə, hazırda dünyada 2 milyard nəfərdən artıq insan su çatışmazlığından əziyyət çəkir. Proqnoz məlumatlar əsasında bu göstərici getdikcə kəskinləşəcək və 2025- ci ildə dünya əhalisinin 65-70 faizinini əhatə edəcəkdir. Birləşmiş Millətlər Təşkilatı su sahəsində gözlənilən təhlükənin qarşısını qismən almaq məqsədilə dünya ölkələrinin səylərinin birləşdirilməsini vacib sayaraq, 2005- 2015-ci illəri “Su həyat üçündür” Beynəlxalq onilliyi elan etmişdir.
Yerüstü su ehtiyatlarının 70 faizdən çoxu ölkədən kənarda formalaşan, öz daxili çaylarının isə ərazi üzrə qeyri - bərabər paylanan Azərbaycanda son dövrlərdə bu problemlə, onun həlli yolları ilə bağlı kütləvi informasiya vasitələrində qaldırılan məsələlər aktual əhəmiyyətə malik olan təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq olunmuş dövlət proqramları çərçivəsində respublikamızda su ehtiyatlarının səmərəli istifadəsi, onların idarə edilməsi, monitorinqi, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi, baş verən su itkilərinin qarşısının alınması sahəsində aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq geniş həcmli tədbirlər həyata keçirilir.Ölkəmizdə su idarəçiliyi ilə məşğul olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti səlahiyyətləri daxilində əlaqəli şəkildə fəaliyyət göstərirlər.
Hazırda Azərbaycanda 1 milyon 435 min hektar suvarılan sahə var. Kənd təsərrüfatı məhsullarının 90 faizə qədəri bu sahələrdən əldə edilir. Suvarılan torpaq sahələrinin artırılaraq 1,6 milyon. hektara çatdırmaq imkanı olsa da, su ehtiyatlarının çatışmaması bu tədbirin həyata keçirilməsinə mane olur.
Su ehtiyatlarının məhdudluğu, daxili çayların ərazi üzrə qeyri- bərabər yerləşməsi, yerüstü suların 70 faizinin ölkə hüdudlarından kənarda formalaşması və transsərhəd çayların hədsiz dərəcədə çirklənməsi də bu məqsədə çatmaqda əngələ çevrilmişdir.
Dünya şöhrətli siyasətçi, müdrik, qüdrətli tarixi şəxsiyyət olan Heydər Əliyev ölkədə meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən bol kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin mümkün olmadığını uzaq görənliklə qeyd etmiş, bu sahənin yüksək səviyyədə olmasına, xüsusi əhəmiyyət vermiş, onun inkişafını daim diqqətdə saxlamış, aparılan bütün işlərlə şəxsən maraqlanmışdır. Ölkəmizdə meliorasiya və irriqasiya işlərinin geniş miqyasda vüsət tapması 1969-1982-ci illərə, ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir.
Həmin dövrdə meliorasiya və su təsərrüfatı sahəsinin inkişafına qoyulan vəsait əvvəlki 50 ildəkindən 2 dəfədən çox olmuşdur. O illərdə min kilometrlərlə suvarma kanalları, kollektor-drenaj şəbəkələri, güclü nasos stansiyaları, hidroqovşaqlar, ümumi su tutumu 3 milyard. kubmetr olan su anbarları və s. tikilib istifadəyə verilmiş, meliorativ fondların həcmi 2 dəfədən çox artmışdır. Bütün bunların hesabına torpaqların məhsuldarlığı qat-qat yüksəlmiş, suvarma əkinçiliyi özünü doğrultmuş, böyük səmərə vermişdir. Konkret desək, həmin illərdə 400 min hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurulmuş, 460 min hektar sahədə hamarlama, 150 min hektar sahədə isə əsaslı yuma işləri görülmüşdür.
Xüsusi vurğulamaq lazımdır ki, ulu öndərin ikinci dəfə respublika rəhbərliyinə qayıdışı meliorasiya və su təsərrüfatını məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, meliorasiya potensialından daha dolğun istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə, respublikamıza yatırılan xarici investisiyaların xeyli hissəsi bu sahənin inkişafına yönəldildi. Müstəqil Azərbaycan bazar iqtisadiyyatına üstünlük verəndən sonra aqrar sahə ilə yanaşı, meliorasiya və su təsərrüfatı komleksində də islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı, bu istiqamətdə 40-dan artıq normativ-hüquqi sənəd hazırlandı ki, bunlardan da ən mühümü 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanunu oldu. Dövlət əhəmiyyətli su anbarları, magistral kanallar və kollektorlar, iri nasos stansiyaları, hidroqovşaqlar, qışlaqların su təminatı sistemləri, Kür-Araz və dağ çayları boyunca mühafizə bəndləri, digər mühüm meliorasiya və su təsərrüfatı obyektləri özəlləşdirilməsi qadağan olunan müəssisələr sırasına daxil edildilər.
Kənd təsərüfatında aparılan aqrar islahatlarla əlaqədar çoxsaylı su istfadəçilərinin yaranması suvarma suyunun paylanmasında torpaq mülkiyyətçiləri tərəfindən növbəli əkin sisteminin tətbiq olunması üzündən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsində ciddi çətinliklər yaratmışdı.
Suvarma suyunun paylanılmasını, sudan səmərəli istifadə olunmasını, su ödənişlərinin toplanılmasını təmin etmək, sudan istifadə zamanı meydana çıxan mübahisələri və digər məsələləri həll etmək məqsədilə könüllülük prinsipləri əsasında torpaq mülkiyyətçiləri tərəfindən yerlərdə Sudan İstifadəedənlər birliklərinin (SİB) yaradılmasına başlanıldı. SİB-lərin yaradılmasına və onların dayanıqlı inkişafına metodik köməkliyi gücləndirmək üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mərkəzi Aparatında və onun yerli idarələrində dəstək qrupları yaradıldı. Yeni qurumun fəaliyyətinin hüquqi tənzimlənməsi məqsədi ilə 1996-cı ildə qəbul edilmiş “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanuna 2004-cü ildə müəyyən əlavələr və dəyişikliklər edildi. Hazırda respublikamızda bütün suvarılan sahələri əhatə edən 547 SİB fəaliyyət göstərir.
Məlumdur ki, aqrar islahatlar nəticəsində ləğv olunan kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin balanslarındakı təsərrüfatdaxili suvarma kanalları, kollektor- drenaj şəbəkələri baxımsızlıq üzündən istismara yararsız vəziyyətə düşmüşdü. Bir çox şəbəkələr, xüsusilə dəmir-beton novlu və qapalı suvarma şəbəkələri dağılıb sıradan çıxmışdı. Nazirlər Kabinetinin qərarına əsasən, bu şəbəkələr 2000-ci ildən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə verildi və onların təmir- bərpasına başlanıldı.
Ümummilli lider Heydər Əliyevin meliorasiya və su təsərrüfatının inkişafı sahəsindəki siyasəti və ideyaları hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, təməli ulu öndər tərəfindən qoyulan bir çox layihələr hörmətli Prezidentimizin yaxından köməyi sayəsində başa çatdırılıb, bəziləri isə uğurla həyata keçirilir. Dövlət başçımız meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatındakı, regionların sosial-iqtisadi inkişafındakı və ölkənin ərzaq probleminin həllindəki rolunu nəzərə alaraq sahənin inkişafini daim diqqət mərkəzində saxlayır, meliorasiya və su təsərrüfatı obyektlərində tikinti işləri ilə vaxtaşırı tanış olur, yeni obyektlərin təməlqoyma və istifadəyə verilməsi mərasimlərində iştirak edir.
Ölkə başçısının 2007-ci il noyabr ayının 8-də Taxtakörpü su anbarının, 2009-cu ilin may ayının 25-də Şəmkirçay su anbarının SES-lə birlikdə təməlqoyma, 2010-cu ilin aprel ayının 29-da Cəlilabad rayonunda tikintisi başa çatdırılmış Göytəpə su anbarının və 15 avqust 2011-ci il tarixində Vəlvələçay-Taxtakörpü kanalının 10,7 kilometrlik birinci mərhələsinin açılış mərasimlərində iştirak etməsi, Taxtakörpü su anbarında tikintinin gedişi ilə tanış olaraq inşaat işlərinin yüksək keyfiyyətlə başa çatdırılması üçün tapşırıq və tövsiyələrini verməsi bunun bariz sübutudur. 2011-ci il noyabr ayının 16-da Qax rayonunda Hamamçay üzərində tikilmiş körpünün açılış mərasimlərində iştirak etməsi və İlisu kəndinin sel və daşqın sularından mühafizəsi üzrə aparılan sahilbərkitmə işləri ilə tanış olması, 2013-cü il iyulun 19-da Dövlət Neft Fondunun vəsaiti hesabına tikintisi başa çatdırılmış Vəlvələçay-Taxtakörpü kanalının ikinci mərhələsinin istifadəyə verilməsi və Taxtakörpü su anbarının su ilə doldurulmasına başlanılması, iyul ayının 18-də Siyəzən,19-da Şabran şəhərlərində, 14 avqust tarixində İsmayıllı və 4 sentyabr tarixində Yardımlı şəhərlərində içməli su xətlərnin və kanalizasiya şəbəkələrinin bərpası və tikintisi işlərinin birinci mərhələsinin, sentyabr ayının 28-də Taxtakörpü su anbarının (su elektrik stansiyası ilə birlikdə) və ondan su götürən Taxtakörpü- Ceyranbatan kanalının istifadəyə verilməsi mərasimlərində iştirak etməsi də cənab Prezidentin ölkədə meliorasiya və su təsərrüfatı sisteminin inkişafına olan ardıcıl diqqət və qayğısından xəbər verir.
Müstəqillik illərində meliorasiya və su təsərrüfatı kompleksinə yönəldilən əsaslı kapital qoyuluşu 48 dəfəyə yaxın artmışdır. Bunun da sayəsində mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşmış, sistem üzrə işçilərin əmək haqqı 9,3 dəfə artmış, sahənin maddi-texniki bazası gücləndirilmiş, 2000-dən artıq yeni maşın və mexanizm alınmış, onların məhsuldarlığı 2001-ci illə müqayisədə 2 dəfəyə yaxın yüksəlmişdir. 2565 kilometr uzunluğunda suvarma kanallarının, 1719 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi işləri həyata keçirilmiş, 171,4 min hektar suvarılan torpaqların su təminatı və 178,2 min hektar sahədə torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 30 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1194 ədəd subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı dağ çaylarında 191,4 kilometr sahilbərkitmə işləri, Kür- Araz çaylarında isə 876 kilometr uzunluğunda bəndlərin möhkəmləndirilməsi və hündürləndirilməsi işləri yerinə yetirilmişdir. Hər il 11-12 min kilometr suvarma kanallarında, 3-3,5 min kilometr kollektor- drenaj şəbəkələrində 50- 55 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılır.
“Samur- Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi tərkibində 67,2 kilometr uzunluğunda Xanarx kanalının tikintisi İslam İnkişaf Bankının maliyyələşdirməsi ilə 2006-cı ildə başa çatdırılmışdır. Xanarx kanalının istifadəyə verilməsi ilə respublikanın şimal zonasında yerləşən Qusar, Xaçmaz və Şabran rayonlarında 62,6 min hektar ərazidə sahələrin suvarma suyu ilə təminatı yaxşılaşdırılmışdır. Eyni zamanda, Dünya Bankının krediti ilə Samur çayı üzərində yerləşən baş suqəbuledici qurğunun bərpası, baş sudurulducunun tikintisi, Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsinin və uzunluğu 185,7 kilometr olan təsərrüfatlararası kanalların yenidənqurulması işləri 2007-ci ildə başa çatdırılmışdır.
İslam İnkişaf Bankının, Səudiyyə İnkişaf və OPEK Beynəlxalq İnkişaf fondlarının kreditləri hesabına Samur-Abşeron kanalının 50-ci kilometrdən suyun Taxtakörpü su anbarına verilməsi məqsədilə ümumi uzunluğu 31,77 kilometr, suburaxma qabiliyyəti saniyədə 75 kubmetr olan Vəlvələçay-Taxtakörpü kanalının tikintisinə 2008-ci ildə başlanılmış, kanalın 10,74 kilometr uzunluğunda birinci hissəsinin tikintisi 2011-ci ildə, Dövlət Neft Fondunun vəsaiti hesabına isə kanalın 21,03 kilometrlik ikinci hissəsinin tikintisi 2013-cü ildə tamamlanaraq istifadəyə verilmişdir. Eyni zamanda ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edən, ümumi sututumu 268,4 milyon kubmetr olan və Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən, sutkalıq gücü 25 MVt olan SES-lə birlikdə ümumi uzunluğu 107,93 kilometr su sərfi saniyədə 40 kubmetr olan Taxtakörpü-Ceyranbatan kanalının tikintisi də keçən il başa çatdırılmışdır.
Möhtərəm Prezidentimiz İlham Əliyev Taxtakörpü su anbarının SES-lə birlikdə və Taxtakörpü-Ceyranbatan kanalının açılış mərasimində çıxış edərkən, respublikamızın iqtisadiyyatında, ölkənin su təhlükəsizliyinin təminatında Taxtakörpü və Şəmkirçay su anbarlarının və bu istiqamətdə həyata keçirilən digər layihələrin əhəmiyyətini xüsusi vurğulayaraq demişdir: “Bu gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir. Amma vaxt gələcək su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir. Taxtakörpü su anbarı və Samur- Abşeron suvarma sistemi, Şəmkirçay su anbarı, ölkədə icra edilən su layihələri bu məqsədə xidmət edir.”.
Ölkə başçısının belə inamı 2014-cü ildə dünyada, o cümlədən respublikamızda baş vermiş quraqlıq zamanı özünü tam doğrultmuşdur. Belə ki, Taxtakörpü su anbarından qış dövründə yığılan su hesabına Ceyranbatan anbarına 224 milyon kubmetr su verilmişdir ki, bu da Bakı, Sumqayıt şəhərlərinin, Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su ilə təminatının ödənilməsində mühüm rol oynamışdır.
Dövlət Neft Fondunun vəsaiti hesabına Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin əsas vacib mərhələlərindən olan şimal zonasının 6 çayından kanala əlavə su verilməsi məqsədilə cari ildə Qusarçay və Caqacuqçay çaylarında sugötürücü qurğuların və nəqledici kanalların tikintisi, Qudyalçay çayında isə nəqledici kanalın yenidən qurulması işlərinə başlanılmışdır. Bununla bərabər, Şabran, Siyəzən, Xızı rayonlarında 30 min hektara yaxın yeni suvarılacaq və 25 min hektara yaxın mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması üçün layihə sənədləri də hazırlanır. Artıq Xızı rayonunda 9609 hektar yeni və 2970 hektar mövcud suvarılan torpaqlarda meliorativ tədbirlərin layihə sənədləri isə hazırlanaraq tikinti işlərinə başlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari il iyulun 22-də Xızı rayonuna səfəri zamanı Taxtakörpü-Ceyranbatan kanalından buraya suyun verilməsi üçün suburaxıcı qurğunun təməlqoyma mərasimində iştirak etmişdir.
Qeyd edim ki, Şəmkirçayı üzərində ümumi tutumu 164,5 milyon kubmetr olan su anbarının və sutkalıq gücü 24,438 MVt olan Su Elektrik Stansiyasının tikintisinə 2009-cu ildə başlanılmış, bu günlərdə isə inşaat işləri müvəffəqiyyətlə başa çatdırılmışdır. Möhtərəm Prezidentimizin iştirak etdiyi açılış mərasimində qeyd olundu ki, bu möhtəşəm layihənin həyata keçirilməsi ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 54 min hektara yaxın suvarılan torpaqlarının su təminatı yaxşılaşdırılmış, 17 min hektara yaxın yeni sahələrin istifadəyə verilmiş, eləcə də, Gəncə və Şəmkir şəhərlərinin, Samux rayonundakı Nəbiağalı qəsəbəsinin əhalisinin saniyədə 1,6 kubmetr içməli su ilə təmin edilmişdir.
Asiya İnkişaf Bankının krediti ilə həyata keçirilən “Selə qarşı tədbirlər” layihəsi çərçivəsində 2006-2008-ci illərdə 11 rayonda sel və daşqın təhlükəli çaylarda, Naxçıvan MR-in Şərur rayonu ərazisindən keçən Araz çayında 34089 metr uzunluğunda sahilbərkitmə işləri yerinə yetirilmişdir. Bundan əlavə Dünya Bankının krediti hesabına 140 min hektar suvarılan sahələrə xidmət edən Bəhrəmtəpə hidroqovşağının, 9 rayonun, Naxçıvan MR-in (Babək və Şərur rayonları) 52 min hektara yaxın ərazisində suvarma- drenaj şəbəkələrinin təmir- bərpası işləri 2010-cu ildə başa çatdırılmışdır. 2011-ci ildən isə daha 15 rayonda 85 min hektar ərazidə SİB-lərin inkişafına dəstək məqsədi ilə təsərrüfatdaxili suvarma- drenaj şəbəkələrinin təmir- bərpasına başlanılmış, artıq 48948 hektar sahədə bu işlər tamamlanmışdır. Yenə də Dünya Bankının krediti hesabına Səhmdar Cəmiyyəti tərəfindən respublikanın 8 rayonunda içməli su təchizatı, kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri hazırda uğurla davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin sərəncamları əsasında səhmdar cəmiyyətimizə ayrılmış vəsait hesabına son 2 ildə respublikanın 33 rayonunun 320 yaşayış məntəqəsində əkin və həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 427 ədəd subartezian quyusu qazılaraq istifadəyə verilmişdir, 40 ədəd quyuda isə bu işlər cari ilin sonuna qədər qurtaracaqdır. Nəticədə 7440 hektar torpaq sahəsinin su təminatı yaxşılaşmış, əhalinin içməli və kommunal-məişət suyuna olan tələbatı ödənilmişdir.
Ölkə əhalisinin daxili istehsal hesabına çörək və çörək məhsulları ilə təmin edilməsi məqsədilə iri taxılçılıq təsərrüfatlarının yaradılması barədə Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi tapşırıqların icrası üçün 2012-ci ildə Yuxarı Mil kanalının 10,7 kilometrlik hissəsinin tikintisi hesabına Beyləqan və Ağcabədi rayonları ərazilərində 4800 hektar, 2013-cü ildə həmin kanalın 4,75 kilometrlik hissəsinin nasos stansiyası ilə birlikdə tikintisi, 2,3 kilometrlik hissəsinin yenidənqurulması ilə Füzuli və Ağcabədi rayonlarının ərazilərində 4000 hektar sahədə, eyni zamanda Hacıqabul magistral kanalının 4,3 kilometrlik hissəsinin tikintisi ilə Hacıqabul rayonu ərazisində 1625 hektar sahədə iri taxılçılıq təsərrüfatları yaradılmışdır. Cari ildə isə Sabirabad (14397 hektar) və ona bitişik ərazidə Biləsuvar (1682 hektar) rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması üçün layihə sənədlərinin hazırlanmasına başlanılmışdır. Hazırda bu istiqamətdə işlər uğurla davam etdirilir.
Eyni zamanda, Neftçala rayonunda kompleks taxılçılıq təsərrüfatının yaradılması və mövcud əkin sahələrinin su təminatını yaxşılaşdırmaq Kür çayından su götürəcək magistral kanalda tikinti işləri davam etdirilir, bununla bağlı cari ildə 967 hektar torpaq sahəsinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur.
“2011- 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalının 20 kilometrlik hissəsində yenidənqurma işləri aparılmış, Xəzər, Sabunçu, Suraxanı, Abşeron rayonlarının qəsəbə və kəndlərinin 2917 hektar əkin və həyətyanı sahələrinin su təminatının yaxşılaşdırılması, 2146 hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi üçün nasos stansiyalarının, suyığıcı hovuzların, suvarma boru kəmərlərinin tikintisi və təmir-bərpası üzrə işlər yerinə yetirilmişdir.
Cari ildə “2014- 2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalında yenidənqurma işləri davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə təsdiq edilmiş Dövlət proqramları haqqında tədbirlər planlarında meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş məsələlər nəzərdə tutulmuşdur. Hazırda “2008- 2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda, “Azərbaycan Respublikası regionlarının 2014-2018 -ci illərdə sosial- iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nda icrası Səhmdar Cəmiyyətimizə aid olan tədbirlərin bir hissəsi artıq yerinə yetirilmiş, digərləri də müvəffəqiyyətlə həyata keçirilməkdədir.
Prezident İlham Əliyevin tapşırığı əsasında meliorasiya və su təsərrüfat kompleksi ilə bağlı xüsusi Dövlət Proqramının qəbul edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar səhmdar cəmiyyəti ölkə əhalisinin ərzaqla təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq üçün kənd təsərrüfatı məhsulları istehsalının artırılması, xüsusilə də taxılçılığın və heyvandarlığın inkişafı üzrə müasir tələblərə uyğun iri təsərrüfatların yaradılması üçün az məhsuldar qış otlaq sahələrində kompleks meliorativ tədbirlərin aparılması, suvarılan torpaqların genişləndirilməsi, su ehtiyatlarından daha səmərəli istifadə edilməsi, mövcud suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, yaşayış məntəqələrinin, torpaqların və infrastruktur obyektlərin sel və daşqınlardan daha etibarlı mühafizəsi və sahənin gələcək inkişafının təmin edilməsi məqsədilə hazırladığı “Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatının 2014-2020-ci illərdə inkişafına dair Proqram”ı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmişdir.
Bütün bunlarla yanaşı, öz səciyyəvi xüsusiyyətlərinə və mürəkkəbliyinə görə digər sahələrdən xeyli fərqlənən meliorasiya və su təsərrüfatı sahəsinin müasir tələblər səviyyəsində davamlı inkişafını təmin etmək, meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəsini artırmaq, suvarılan torpaqların su təminatını və meliorativ vəziyyətini yaxşılaşdırmaq məqsədilə həlli vacib olan aşağıdakı məsələlər hələ də qalmaqdadır:
- Su itkilərinin qarşısının alınması üçün 75 faizdən çoxu torpaq məcralı olan mövcud suvarma sistemlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması, onların beton üzlüyə alınması;
- müasir təsərrüfatçılıq prinsipləri nəzərə alınmaqla, suya qənaətedici mütərəqqi suvarma texnikası və texnologiyalarının (süni yağışyağdırma, damcı və sair üsullar) tətbiq edilməsi;
- su axımının əsas hissəsi qış-yaz dövrünə düşən və ayrı-ayrı bölgələr üzrə qeyri-bərabər paylanmış dağ çaylarının əksəriyyəti kənd təsərrüfatı bitkilərinin suya olan tələbatının daha çox olduğu yay aylarında quruyur.Buna görə gursulu dövrlərdə bu çayların su ehtiyatlarından səmərəli istifadə edilməsi və baş verə biləcək sel və daşqın təhlükəsinin qarşısının alınması üçün onların üzərində yeni su anbarlarının tikilməsi;
- sel və daşqınların zərərli təsirindən yaşayış məntəqələrinin, kənd təsərrüfatı ərazilərinin və infrastruktur obyektlərin mühafizəsi məqsədilə sel və daşqın təhlükəli çaylarda kompleks tədbirlərin, o cümlədən müdafiə bəndlərinin tikilməsi, çay məcralarının kanallaşdırılması kimi mütərəqqi tədbirlərlə yanaşı, çay hövzələrində meşəsalma və ot örtüyünün bərpası, xəbərdarlıq sisteminin yaradılması və digər tədbirlərin həyata keçirilməsi;
- ölkədə meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, tələb olunan təmir-bərpa işlərinin görülməsi, suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin daha geniş miqyasda davam etdirilməsi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizdə mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması və onların istismarının yaxşılaşdırılması və daha da inkişaf etdirilməsinə göstərdiyi diqqət və qayğı melioratorların məsuliyyətini artırır və bizi daha yaxşı işləməyə sövq edir.
Teymur OSMANOV,
Meliorasiya və Su Təsərrüfatı ASC-nin
elm, layihə, tikinti və xarici iqtisadi əlaqələr şöbəsi müdirinin müavini,
texniki elmlər üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.