Dünya bazarlarında neftin qiyməti uçuzlaşır. “Qara qızıl”a tələbatın azalması, həmçinin OPEK ölkələrində və ABŞ-da neft hasilatının həcminin artırılması neftin qiymətinə mənfi təsir göstərir. Amma mütəxəssislər digər səbəbləri də sadalayırlar.
“Qara qızıl”ın qiyməti antirekordlar vurur. Artıq dörd aydır neft ucuzlaşır. Beynəlxalq Energetika Agentliyinin (BEA) dünya iqtisadiyyatının artım tempinin azalmasını əsas götürərək neftə olan illik tələbatın az olacağını proqnozlaşdırması da “qara qızıl”ın qiymətinə təsir göstərir. Dünya bazarına daha çox neft çıxarılması qiymətləri aşağı salır.
Məlumatlarda OPEK ölkələrində gündəlik neft hasilatının sutkada 402 min barel artdığı bildirilir. ABŞ-da da neft hasilatı artır. Ölkənin Energetika Nazirliyinin məlumatlarına görə, ABŞ-da sutkada 9 milyon barrel neft hasil edilir ki, bu da son 30 ildə ən yüksək göstəricidir. Rəqabətin artması da neft istehsalçılarını qiymətləri aşağı salmağa vadar edir. Məsələn, İraq hökuməti Asiya ölkələrinə satdığı neftin qiymətini aşağı saldığını bildirir. Qətər də eyni addımı atır. Yaxın Şərq regionunun digər ölkələri də analoji qiymət endirimlərinə üz tutur.
Amma istənilən halda belə bir sual yaranır: neft niyə ucuzlaşır? Axı Yaxın Şərq və digər regionlarda silah səsləri hələ də eşidilir, ümumi geosiyasi mənzərə də ürəkaçan deyil, amma dünya bazarlarında neftin qiyməti ucuşlaşır. Halbuki bir neçə il öncə neft ölkələrində vəziyyətin gərginləşməsi “qara qızıl”ın qiymətini artırırdı. İndisə tam başqa mənzərə müşahidə edilir.
Neft geosiyasi gərginliyi sanki “sezmədən” uçuzlaşır. Məsələ ilə bağlı müxtəlif ehtimallar irəli sürülür. Məsələn, ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzeti yazır ki, neft ucuzlaşması Səudiyyə Ərəbistanı Krallığının yürütdüyü siyasətlə bağlıdır. Belə ki, rəsmi əl-Riyadın dekabr ayında Birləşmiş Ştatlara satdığı neftin qiymətini aşağı saldığını elan etdiyi bildirilir. Qəzet iddia edir ki, Səudiyyə Ərəbistanı bazar payı uğrunda mübarizə aparır və buna görə də, qiymətləri aşağı salır. Digər səbəb kimi ABŞ-da şist neftinin hasilatı sahəsində yaşanan bum göstərilir. Birləşmiş Ştatların şist neft və qazının istehsalı sahəsində müəyyən irəliləyişlərə nail olması artıq heç kimə sirr deyil və “şist inqilabı” sayəsində yaranmış karbohidrogen bolluğu rəsmi Vaşinqtonu OPEK ölkələrindən neft idxalını azaltmağa vadar edir. Hətta bəzi mütəxəssislər deyirlər ki, Birləşmiş Ştatlar strateji münasibətlərini nəzərə alaraq ərəb ölkələrindən neft alınmasını dayandırmır.
Təbii ki, neft “siyasi” və spekulyativ məhsuldur və siyasətdə neftin ucuzlaşmasını tələb edən məqsədlər yarana bilər. Belə məqsədlərin də yarandığını iddia edirlər. Amma bu da bir həqiqətdir ki, “qara qızıl”ın kəskin ucuzlaşması Səudiyyə Ərəbistanı Krallığının da marağında deyil. Belə ki, krallığın büdcə layihəsində neftin bir barrelinin 82 dollardan götürüldüyü bildirilir. Neftin ucuzlaşmasından Latın Amerikası və Afrika ölkələri də zərər görür. Rusiya da qiymət ucuzlaşmasından narahat olduğunu açıqlayır. Doğrudur, prezident Vladimir Putin qiymət ucuzlaşmasını bazar konyukturası ilə izah edir və qiymətlərin sabitləşəcəyinə inandığını bildirir. Amma “qara qızıl”ın surətlə ucuzlaşmasının şimal qonşumuzun büdcə gəlirlərinə ciddi zərbə vuracağı sirr deyil.
İndi bütün nəzərlərin OPEK-in noyabrın 27-də keçiriləcək iclasına yönəldiyi bildirilir. Avstriyanın paytaxtı Vyanada baş tutacaq illik görüşdə neft qiymətləri müzakirə olunacaq. Mütəxəssislər düşünürlər ki, “qara qızıl”ın qiymətinin 80 dollardan aşağı düşməsi OPEK ölkələrini gündəlik neft hasilatını azaltmağa vadar edəcək. Bazar iştirakçıları bildirirlər ki, OPEK gündəlik hasilatı azaltmasa, “qara qızıl”ın qiyməti daha 10-11 dollar ucuzlaşacaq. Belə bir ucuzlaşmanın da iri neft ölkələrinin maraqlarına uyğun olmadığı aydındır.
ABŞ-ın Energetika Nazirliyinin tərkibində fəaliyyət göstərən energetika məlumatı agentliyinin rəhbəri Adam Seminiski də hesab edir ki, bir barel neftin 50 dollaradək ucuzlaşması mümkündür. Mütəxəssisin sözlərinə görə, bazarda həddən artıq neft var və 2015-ci ilin ortalarında bir barel neftin qiyməti 62 dollaradək ucuzlaşa bilər. Birləşmiş Ştatlar rəsmisinin belə bir proqnozla çıxış etməsinin, əlbəttə ki, iri neft istehsalçılarını, xüsusilə də OPEK üzvlərini “qara qızıl” bazarında vəziyyətin daha da pisləşməməsi üçün zəruri addımlar atmağa vadar edəcəyini düşünmək olar.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.