Sosial-iqtisadi göstəricilər sübut edir ki, Gədəbəy son vaxtlar sürətlə inkişaf edib. Ən ucqar kəndlərə belə gedib çıxan rahat asfalt yollar, körpülər, müxtəlif sösialyönümlü obyektlər, inzibati binalar, park və xiyabanlar bu ucqar dağ rayonunun simasını tanınmaz dərəcədə dəyişdirib.
Rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovla bu mövzuda söhbət edərkən maraqlı bir məsələyə toxundu. Dedi ki, hər bir inkişaf sabitliyə, əmin-amanlığa söykənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət bizə imkan verir ki, qurub— yaratmaqla məşğul olaq, hər cür dedi-qodudan uzaq düşək, məmur-vətəndaş münasibətlərində qarşılıqlı anlaşmaya nail olaq.
İcra hakimiyyəti başçısının dediklərində böyük həqiqət var. O yerdə ki, vətəndaş süründürməçiliyi var, məmur özbaşınalığı, diqqətsizliyi mövcuddur, münasibətlərdə, necə deyərlər, istilik yoxdur, o zaman heç bir inkişafdan, tərəqqidən, yenilikdən söhbət gedə bilməz. Qeyd etmək lazımdır ki, bu məsələdə rayon rəhbəri özü nümunə göstərir və bunu Gədəbəydə hamı görür, eşidir. Qarşısındakını səbrlə dinləmək bacarığı, vətəndaşın qaldırdığı obyektiv məsələyə operativ müdaxilə, nəzarət, diqqət, qayğı Ramiz müəllimin iş üsuludur desək, yanılmarıq. Bax bütün bunlar adamların yerli icra orqanlarına olan inamını artırır, bütövlükdə isə dövlətə və dövlətçiliyə hədsiz məhəbbət hissi formalaşdırır.
Təbii ki, iş olan yerdə nöqsan da var, giley-güzar da. Amma baxır onun obyektiv və ya qeyri—obyektiv olmasına. Müşahidələr göstərir ki, əksər hallarda düzgün və obyektiv cavab alan şikayətçi yenidən qələmə əl atmır. Faktlara nəzər salaq. Rayon icra hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Cəlal Xıdırovun bizə təqdim etdiyi arayışdan da görünür ki, RİH-ə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olan müraciətlərin sayı nəzərəçarpacaq dərəcədə azalmışdır. Əgər bir il əvvəl müvafiq dövrdə Prezident Administrasiyasından 616 müraciət daxil olmuşdusa, indi həmin rəqəm 207 ədəd azalmışdır. Əslində, bu, təqdirəlayiq haldır və məmur-vətəndaş münasibətlərinin tədricən normallaşdığının, qaldırılan məsələlərə obyektiv yanaşmanın göstəricisidir.
Rayonda səyyar qəbullara daha çox üstünlük verilir. Nəticədə, insanlar kabinetlərdən fərqli olaraq öz kəndində, el-obasında daha cəsarətli olur, daha çox fərdi xahişlərə, şəxsi məsələlərə deyil, camaatın problemlərinə toxunur və onların həllini tələb edirlər. Elə son vaxtlarda rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri məhz bu görüşlərdən, məmur-vətəndaş münasibətlərinin getdikcə daha da yaxşılaşdırılmasından sonra baş vermişdir. Əvvəlki illərə qayıtmaq istəmirik. Çünki keçən il, ondan əvvəlki dövrlərdə də Gədəbəydə baş verən müsbət dəyişikliklər haqqında qəzetimizin səhifələrində müntəzəm yazılar vermişik. Yeni salınan yollardan, körpülərdən, ən ucqar kəndlərin qazlaşdırılmasından, elektrik təchizatından, park və xiyabanların, digər sosial obyektlərin, o cümlədən məktəblərin , səhiyyə ocaqlarının, mədəni-maarif müəssisələrinin tikintisindən geniş informasiyalar dərc olunub. Təkcə bu il istifadəyə verilən obyektlərin siyahısına baxmaq kifayətdir ki, yuxarıda dediklərimizi bir daha təsdiq edək:yerli icra orqanları ilə əhali arasında olan sıx, isti münasibət inkişafın təməlidir.
Maraqlı, həm də təqdirəlayiq haldır ki, rayon icra hakimiyyətinin başçısı belə görüşlər, qəbullar zamanı irəli sürülən bütün faydalı təklifləri və təşəbbüsləri özü nəzarətə götürür və ilboyu onların işdə həyata keçirilməsinə nail olmağa çalışır. Ona görə “çalışır” sözünü işlədirik ki, hələlik Gədəbəy də bir sıra digər rayonlar kimi, dotasiya ilə işləyir. Yəni qlobal layihələrin həyata keçirilməsi üçün dövlətin köməyinə, təbii ki, ehtiyac olur. Dövlət səviyyəsində isə Gədəbəyə müntəzəm diqqət, qayğı və kömək var. Xüsüsilə, son illər bu ucqar dağ rayonuna daha çox diqqət yetirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özü bir neçə dəfə Gədəbəydə olub, mühüm əhəmiyyətli obyektlərin təməlqoyma mərasimlərində iştirak edib, açılışlarında olub. Vaxt var idi qonşu Şəmkirdən bura gəlmək üçün az qala bir gün vaxt keçirdi. Çünki normal yol yox idi. Ona görə də Prezidentin göstərişi və müvafiq sərəncamı ilə ilk olaraq gözəl bir yol çəkildi. Əvvəllər bir sutkaya gedilən yola indi 40-50 dəqiqə vaxt sərf olunur. Ucqar kəndlərin, sərhədyanı bölgənin də yollarının asfaltlaşdırılmasına başlanıldı. Qaz, elektrik enerjisi problemləri aradan qaldırıldı, sənaye inkişaf etdirildi, qızıl emalı müəssisəsi , digər müəssisələr işə düşdü, yeni iş yerləri yaradıldı. Əlbəttə, bütün bunlar dövlətin, ilk növbədə, ölkə rəhbərinin yaxından köməyi sayəsində mümkün olub.
Yuxarıda toxunduğumuz fikrə qayıdaq: əhalinin müraciətlərinə və məmur-vətəndaş münasibətlərinə. Qeyd etdik ki, indi Gədəbəydə insanların çoxu ümumi problemləri daha çox qabardır, nəinki şəxsi məsələlərini. Nəticədə yollar, körpülər düzəldilir, su çəkilir, ayrı-ayrı sahələr inkişaf etdirilir. Təəssüf ki, az da olsa, hələ də öz şəxsi mənafeyini üstün tutan, qanuni yola dəvət edərkən, necə deyərlər, aləmi bir-birinə qatanlar, şərə-böhtana əl atanlar da var.
Qüdrət Paşayev, rayon icra hakimiyyəti başçısının birinci müavini:
– Gədəbəy tezliklə ən uzaq ölkələrin belə diqqətini cəlb edəcək. Rayonda turizmin inkişafı üçün gözəl şərait var. İnfrastruktur yenilənir, adamların yaşayış tərzi yüksəlir. Bütün bunlar həm də icra strukturlarının əhali ilə yaxından təmasda olması, onların problemlərinin özününküləşdirilməsi ilə bilavasitə bağlıdır. Bu, xüsusilə son vaxtlar özünü daha çox qabardır. Yuxarı orqanlara göndərilən məktubların sayında nəzərəçarpacaq azalma müşahidə olunur.
Haqsız yazanların isə cavabını əhali özü verir. Məsələn, Plankənd kəndinin Oktay Əliyev adlı bir sakini yazmadığı təşkilat, kütləvi informasiya vasitəsi qalmayıb. Çünki meşədə qeyri–qanuni tikinti apardığı üçün ondan bunu dayandırmaq tələb olunub. Qəribədir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin onunla bağladığı 26 iyun 2013-cü il tarixli və özünün də imzaladığı müqavilədə yazılan “istifadəçi öhdəsinə götürür: istifadə üçün müəyyən olunmuş sahədə və onun əhatəsində heç bir əsaslı tikinti aparmadan, Meşə Fondu torpaqlarının vəziyyətini pisləşdirmədən. . . ” öhdəliyini qətiyyən saya salmır və rayon rəhbərlərinə şər-böhtan yağdırır. Yaxşı ki, belələri azdır və Gədəbəydə kimin – kim olduğunu hamı yaxşı tanıyır.
Ramiz Pirverdiyev, Mərkəzi Xəstəxananın baş həkimi:
– Məmurun vəzifəsi vətəndaşı təmkinlə dinləmək, konkret məsələdə ona kömək göstərməkdən ibarətdir. Təbii ki, haqsız olmayanlara da rast gəlirik. Amma bütün hallarda təmkini qoruyub saxlamalıyıq. Bir vaxtlar xəstəxanamızda şərait yox idi və giley-güzar da əskik olmurdu. Amma indi ucqar bir dağ rayonunda xəstələr üçün heç də şəhərdən geri qalmayan şərait yaradılıb. Gəncəyə, Bakıya, digər yerlərə müalicəyə gedənlərin sayı azalıb. Kəndlərdə müasir həkim məntəqələri tikilib istifadəyə verilib. Nazirliyimiz hər cür tibbi avadanlığın və dərman preparatlarının alınmasında bizə yaxından kömək göstərir. Rayon icra hakimiyyətinin, şəxsən Ramiz Yediyarovun qayğısını, dəstəyini hiss edirik.
Keçən il bizə ayrı-ayrı vətəndaşlardan 38 şikayət ərizəsi daxil olub. Cari ilin ötən dövrü ərzində 27 müraciət almışıq. Hamısını diqqətlə araşdırmışıq. Kimisinə əlillik dərəcəsi almaqda, kimisinə anadangəlmə qüsurlu uşaqlarına köməklik göstərilməsində, bir başqasına maddi yardım edilməsində köməyimiz dəyib. Qaynar xəttə də müraciət edənlər olub. Lakin biz bunlardan narahat deyilik və bütün bunları normal hal kimi qəbul edirik. Əsas odur ki , əhali ilə münasibətlərimiz isti və səmimidir. Bəhmən Nağıyev, Təhsil Şöbəsinin müdiri:
–Biz bütün ərizələri mütləq yerində araşdırırıq. Vətəndaş onun nəticəsi barədə ətraflı məlumat alır. Onsuz da tez-tez məktəblərdə oluruq, müəllimlərlə, texniki işçilərlə görüşürük, problemlərini öyrənirik. Amma yazanlar, şikayət edənlər yenə də olur və biz bunlara təbii hal kimi baxırıq. Məsələn, keçən il rayon təhsil şöbəsinə 30 yazılı ərizə daxil olub. Bu il isə onların sayı artıq 36-ya çatıb.
Ərizələrin əksəriyyəti dərs tələbi və müəllim təyin olunması ilə əlaqədardır. Qaynar xəttə də keçən il 5, bu il 3 müraciət olub. Nə qədər ki, iş var, müraciət də, xahiş də, şikayət də olacaq. Gədəbəy məktəbləri 5-10 il əvvəlki məktəblər deyil. Əksəriyyəti müasir, hər cür şəraiti olan binalara köçüb. İndi tələb də başqadır. Müəllim müasir dərs üsulu ilə ayaqlaşmalıdır.
Gədəbəydə kiminlə görüşdüksə, söhbət etdiksə adamların əhval-ruhiyyəsinin dəyişdiyini hiss etdik, duyduq. Açıq-aşkar hiss olunur ki , yerli orqanlara, daha dəqiq desək məmurlara inam xeyli artıb, qarşılıqlı anlaşma yaranıb. Bu, özlüyündə çox müsbət haldır. Çünki dövlətə, dövlətçiliyə inam, etibar belə yaranır.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.