Dünya qida sənayesində qənnadı məmulatı: şokolad və karamel istehsalı

Bu gün yaşından asılı olmayaraq insanların ən çox arzuladığı qida məhsulları arasında şokoladın xüsusi yeri var. Hazırda bu məhsul dünyanın bir çox ölkələrində istehsal olunsa da, şokolad günümüzə qədər müxtəlif mərhələlərdən keçmişdir. Şokoladın ilk dəfə ərsəyə gəlməsi və təşəkkül tapması haqqında mənbələrdə dəqiq məlumat yoxdur.

 Təxminən üç min il əvvəl Cənubi Amerika qitəsidə yaşamış olmeklər kakaodan qaynar içki hazırlayırmışlar. Bu ən qədim isti şokolad növü sayılır. İlk dəfə “kakao” sözünün “kakawa” kimi tələffüz edilməsi də, ehtimallara görə, olmeklərin dövründə meydana gəlmişdir. Olmeklərdən sonra həmin ərazilərdə yaşamış mayyalar ilk dəfə kakao bitkisindən istifadə etməyə başlamış və bir müddətdən sonra kakao onların həyatlarının ayrılmaz hissəsinə çevrilmişdir. Hətta mayyalar öz inancları sıralarına kakao Tanrısını da daxil edərək ona sitayiş etməyə başlamışdılar.

Bu da mayyaların bu sahədə nə dərəcədə inkişafından xəbər verirdi. Lakin onların klassik mədəniyyətlərinin inkişafı IX əsrdən sonra tənəzzülə uğradı. Eramızın 1000-ci illərindən etibarən estafeti tolteklər ələ aldılar. Amma tolteklərin mədəniyyətləri də təşəkkül tapa bilmədi və XII əsrdə daxili çəkişmələr onların varlığına son qoydu. XII əsrdə Meksika körfəzi sahillərində asteklərin diqtəsi ilə yeni bir mədəniyyət formalaşmağa başladı. Qədim astek əfsanələrinə görə, kakao onlara cənnətdən göndərilmişdir. Kakao ağacı mərdlik və güc təcəssümü sayılırdı. Kakao paxlaları Astek imperiyası üçün pul mənasını kəsb edirdi. Hətta,  imperiyanın anbarlarında kakao paxlaları xüsusi qorunurdu. Hər il anbarlarda 4 min kisə kakao yığılırdı.

Təxminən 400 il mövcud olan asteklərin mədəniyyətləri isə on altıncı əsrdə Xiristofor Kolumbun Cənubi Amerika torpaqlarını kəşf etməsindən sonra görkəmli sərkərdə Ernan Kortesin rəhbərliyi ilə 1521-ci ildə ispanlar məhv etdilər.

Xristofor Kolumb kakao paxlalarını Avropaya - kral Ferdinanda özünün yeni dünyaya dördüncü səfəri zamanı gətirmişdir. Lakin qiymətli hədiyyələr arasında kakao bitkisinə əhəmiyyət verən olmamışdır. Yalnız Kolumbdan 100 il sonra şokolad Avropada yayılmağa başlamışdır. XVI əsrdə ispan tarixçilərindən Oviedo yazırdı: “Yalnız varlılar və hörmətli şəxslər özünə şokolad içkisi içməyə icazə verə bilərdi, çünki bunu içmək pulu içmək kimi bir hərəkət idi”. Həmin dövrlərdə artıq bir çox ölkələrdə kakao paxlalarından pul kimi istifadə edirdilər. O vaxt 100 kakao toxumuna bir yaxşı kölə almaq mümkün idi.

İllər keçdikcə şokolad daha geniş ərazidə məşhurlaşdı və nəticədə onun tərkibinə əlavələr edilməyə başlanıldı. İspaniya kralı III Filippin qızı Anna Avstriskayanın 1616-cı ildə kakaonu Fransaya gətirdiyi vaxtdan dərhal sonra bu içki Avropada geniş yayılmağa başladı. Belə ki, şokoladın tərkibinə süd, müxtəlif məmulat, içki və hətta pivə də qatılırdı. 1674-cü ildən şokoladdan müxtəlif şirniyyatların tərkibində də istifadə etməyə başlamışdılar.

Dünyada ilk dəfə şokoladın hazırlanması üçün lisenziyanı italyanlar əldə etmişdir. 1700-ci ildə ingilislər kiçik kulinariya inqilabını həyata keçirdilər və ilk dəfə olaraq şokolada süd əlavə etdilər. Sonralar Avropada Meksikadan fərqli olaraq şokoladın tərkibinə şəkər tozu və vanil də əlavə edilirdi. İspaniya Avropada ilk dövlətdir ki, şokoladın bütün gözəlliklərini dadıb. Şirniyyat istehsalı üçün ilk maşın məhz Barselonada 1780-ci ildə yaradılıb. Bu şəhərdə şokoladdan hazırlanmış memarlıq nümunələrinin nümayiş olunduğu böyük muzey də fəaliyyət göstərir.

XIX əsrin əvvəlinə kimi şokoladı içirdilər. Yalnız XIX əsrdə ilk dəfə olaraq şokolad pilitələri yaradılır. Jan Neaus isə ilk içərisi doldurulmuş konfetin yaradıcısı hesab olunur. 1819-cu ildə isveçrəli Frasua Lui Kaye ilk dəfə dünyada nisbi çətin ərimə xüsusiyyətinə görə məhşur olan təmiz kakao yağı əldə etmişdir. Bu, Kayeyə dünyada ilk dəfə bərk şokolad plitəsi yaratmağa imkan vermişdir. Artıq 1820-ci ildə Vivi şəhərinin yaxınlığında dünyada ilk şokolad fabriki açılmışdır. 1875-ci ildə isə isveçrəli Daniel Peter daha bir şokolad inqilabı etmişdir. O, şokolada süd tozu əlavə etmişdir. XIX əsrin fransız əzcaçısı şokolad haqqında yazırdı: “Bu, ilahi cənnət içikisidir, bu, əsl panaseyadır- bütün xəstəliklərin universal dərmanıdır”.

 Helsinki Universitetinin alimləri uzun müddət apardıqları tədqiqatlar nəticəsində aşkar etmişlər ki, hamiləlik dövründə şokoladın yeyilməsi gələcək uşağın sağlamlağına müsbət təsir göstərir. Məlum olmuşdur ki, şirin şeyləri xoşlayanların uşaqları daha şən, fəal və zirək böyüyürlər. Onlar çətin məqamlarda daha az qorxuya məruz qalırlar. Bu, ehtimal etməyə əsas verir ki, şokolad təkcə gələcək anada deyil, hətta körpədə də stresi çıxarır. Burada ən əsası şokalad yeyərkən həddini aşmamaqdır.

Tünd şokolad dünyanın bir çox ölkələrində təyyarəçilərn, qütbçülərin və eləcə də hərbçilərin qida rasionunnun ayrılmaz  hissəsidir. Şokolad plitə, müxtəlif fiqurlar, medal, trüfel formasında və şokolad məmulatları isə batonlar və asorti konfetlər şəklində istehsal edilir. Təbii şokoladın saxlama müddəti 6 ay, əlavələri olan şokoladın isə 3 aydır.

Almaniyalı aşbaz Qreqor Pfaff və onun heyəti müqəddəs Valentin gününə dünyada şokoladdan və pryanik xəmirindən ən böyük ürək düzəltmişlər. Şokolad ürəyinin çəkisi 922 kiloqramdır, hündürlüyü və eni isə 5 metrdir. Şokoladın şah əsəri Banqonkun mehmanxanalarının birində yerləşdirilmişdir.

1991-ci ilin fevralında isə Barselonada qənnadı ustaları hündürlüyü 8,5 metr olan ən yüksək şokolad modelini hazırlamışlar. Brüsseli Avropanı şokalad paytaxtı da adlandırırlar. Belçikanın paytaxtı 1912-ci ildən - məşhur şokolad istehsalçısı olan Jan Neyqauzun burada şokolad konfetləri kəşf etdiyi vaxtdan bu adı daşıyır.

Hazırda dünyada ən çox şokoladı isveçrəlilər yeyirlər. Orta hesabla bu ölkənin əhalisinin hər bir nəfəri il ərzində 12 kiloqram şokolad yeyir. İsveçrə və dünyada şokolad istehsalı mərkəzləri arasında öncül yerlərdən birini məhz Sürix tutur. Həyat səviyyəsi ən yüksək olan bu şəhər həm də 3 böyük şokolad fabrikinin fəaliyyət göstərməsi ilə fəxr edə bilər. İsveçlilərin Nestle, Lindt, Toblerone brendləri bütün dünyada məşhurdur. İngiltərənin cənubunda La Manş boğazı sahillərində yerləşən Bormunt şəhərində dünyada yeganə mahiyyəti şokolad olan otel yerləşir. Otel 19-cu əsrdə inşa edilmiş və müxtəlif kakao növləri istehsal edən bir mülkün ərazisindədir. Oteldə hər bir nömrə müxtəlif şokolad növlərinin adını daşıyır. Buraya gələn qonaqlar “60 faiz”, “Kortes”, “Mayya” və ya “Ağ şokolad” nömrələrini sifariş edə bilərlər. Britaniya qənnadı ustaları çəkisi 6 ton olan 4 metr eni, 4 metr uzunu olan şokald hazırlayaraq Ginnesin rekordlar kitabına düşüblər.

Xatırladaq ki, 1995-ci ildən sentyabrın 13-ü beynəlxalq Şokolad Günü kimi bütün dünyada qeyd edilir.

 XVII əsrdən başlayaraq sənayenin sürətli inkişafı nəticəsində bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da şokolad məhsulları tanınmağa başladı. Lakin yerli istehsal olmadığı və gətirilməsi çox baha başa gəldiyi üçün ölkəmizə şokolad məhsulları nadir hallarda, xüsusilə xarici ölkələrə gedən varlı insanlar tərəfindən gətirilirdi. Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu zamanlarda da bu hal bir müddət davam etmişdir. Çünki Moskvada və digər şəhərlərdə istehsal edilən şokoladlar respublikamıza gəlib çıxmırdı. Sonralar Rusiya və ittifaqın digər dövlətləri ilə əlaqələrin sıx olması, gediş-gəlişin asanlaşması, iqtisadi münasibətlərin genişlənməsi şokolad məhsullarının Azərbaycanda bir qədər yayılmasına səbəb olmuşdur.

Lakin bu əlaqələr Azərbaycanın hər bir alıcısının şokoladdan asanlıqla istifadə etməsi demək deyildi. Çünki ittifaq iqtisadiyyatı inzibati-amirlik sistemi ilə idarə olunduğundan bütün məhsullar kimi şokolad da dövlətin idarəçiliyində idi. Təbii ki, bu da digər məhsullar kimi, şokolad məhsullarının da geniş yayılmasında heç bir maraq doğurmurdu. Azərbaycanda şokoladın geniş vüsət alması XX əsrin ikinci yarısına təsadüf edir. Uzun əsrlərdən sonra artıq Bakıda və Gəncədəa bu məhsulun istehsalına başlanıldı. Yerli istehsalın olması artıq hər bir azərbaycanlının şokoladı dadmasına şərait yaratdı. Qısa bir müddətdə şokolad azərbaycanlı ailəsinin ən sevimli təamına çevrildi. Artıq çay süfrələrində, məclislərdə, qonaqlıqlarda, şənliklərdə, bayramlarda, toylarda və bir sözlə, hər yerdə yerli şokolad məhsullarına rast gəlinirdi. Azərbaycanda öz keyfiyyət və dadı ilə məşhurlaşan yerli istehsaldan biri də “Çinar” şokoladları idi. Gəncədəki qənnadı fabrikinin istehsalı olan bu şokoladlar keçmiş ittifaqda da geniş yayılaraq istehlakçıların rəğbətini qazanmışdır.

İyirminci əsrin 90-cı illərində Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, şokolad məhsullarının istehsalında da tənəzzül baş vermişdir. Artıq köhnəlmiş avadanlıqlarda istehsal edilən məhsullar alıcıların tələblərinə cavab vermirdi. Digər tərəfdən, müstəqillik əldə etdikdən sonra dünyanın bir çox şokalad istehsal edən ölkələri ilə əlaqələr yaradan iş adamları daha keyfiyyətli məhsullar idxal etməyə başlamışdılar. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyunundan Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən sonra apardığı radikal islahatlar, həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində dövlət əmlakının özəlləşdirilməsinə, sahibkarlığın inkişafına şərait yarandı. İlk vaxtlar yerli istehsalın olmaması xaricdən gətirilən qənnadı məhsullarının istənilən qiymətə satılmasına zəmin yaradırdı. Ölkəmizdə iqtisadi islahatların uğurla aparılması, sahibkarlığın inkişafına münbit şəraitin yaradılması iş adamların fəaliyyətinə geniş üfüqlər açdı.

2001-ci ildən Azərbaycanda  şokolad məhsullarının istehsalında yeni mərhələ başlandı. Həmin vaxtdan “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “Ulduz” şokolad fabriki bu tarixi ənənəni layiqincə davam etdirir. 

 “Ulduz” şokolad fabriki fəaliyyətə başladığı müddətdən bir çox uğurlara imza atıb. Müəssisə hazırda  Rusiya Federasiyasının iri şəhərlərinə, eləcə də Ukrayna, Belarus, Gürcüstan, Latviya, Litva, Estoniya, Qırğızıstan, Türkmənistan, Tacikistan, Yəmən, Fələstin, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə Azərbaycan məhsullarını ixrac edir. Avropanın ən müasir avadanlıqları ilə təchiz olunmuş fabrikdə istehsal edilən məhsullar, ümumiyyətlə, dünyanın 20-dən çox ölkəsinə göndərilir. Fabrikin təmsilçiləri hər il Almaniya, Rusiya, Hollandiya, İran və Birləşmiş Ərəb Əmirliklərində keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil edirlər. Tamamilə avtomatlaşdırılmış müasir qurğuların istismara verilməsi sayəsində məhsul istehsalı artırılıb və fabrikdə dünyanın ən qabaqcıl müəssisələri ilə rəqabət apara biləcək modern iş şəraiti qurulub.  Hazırda fabrikin istehsal gücü saatda 3200 kiloqramdır. Qeyd edək ki, fabrik “Ritm”, “Rocky”, “Tango”, “Xonça”, “Seasons”, “Sema”, “Wedding” və digər məhsulların müxtəlif çeşidləri ilə xarici bazarlarda da böyük nüfuz qazanıb.  “Ulduz” şokolad fabriki istehsal etdiyi məhsullsrın keyfiyyətinə görə bir sıra beynəlxalq mükafatlara da layiq görülüb. Fabrik cari ilin əvvəlindən daha iki yeni xəttin  - “Topnut” markalı “Draje” və “Çırtdan”, “Freş”, “Alpinmilk”, “Villi” markalı “Karamel” xətlərinin işə salınması ilə öz fəaliyyət sahəsini daha da genişləndirib.

Yaxın illərdə fabrikdə yeni istehsal sexlərinin yaradıması hesabına  istehlakçılara daha çox çeşiddə məhsul təqdim edilməsi nəzərdə tutulur. Fabrikin iş prinsipləri arasında keyfiyyət ön planda dayanır. İstehsal prosesi gigiyenik qaydalara yüksək səviyyədə əməl edilməklə aparılır. Fabrikin rəhbərliyi yerli və xarici bazarlarda beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və geniş çeşidli məhsullar təqdim edərək öz nüfuzunu  qorumaq və artırmaq, fəaliyyət sahəsini yerli və beynəlxalq qanunvericiliyin tələbləri, Keyfiyyəti İdarəetmə və Qida Təhlükəsizliyi Sistemlərinə uyğun olaraq qurmaq və halal qida  qanunlarına riayət edərək, istehlakçıya tam təhlükəsiz, etibar etdiyi qidanı təqdim etməyi qarşısına məqsəd qoyumuşdur. “Ulduz” fabriki beynəlxalq İSO 9001:2008-Keyfiyyət İdarəetmə Sistemi, İFS (Beynəlxalq Qida Standartı), BRC (İngilis Pərakəndəcilər Birliyi Standartı), İSO 22000:2005 (Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Standartı), İSO 10002:2004  (Müştəri Məmnuniyyəti Standartı), OHSAS 18001:2007 (Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik)  və digər sertifikatları almış özəl şirkətdir. Hazırda “Ulduz” şokolad fabrikinin fəaliyyəti FSSC 22000 (Qida Təhlükəsizliyi Sistemi Standartı), PAS 220 (Qida İstehsalçıları üçün Yeni Qida Təhlükəsizliyi Standartı) standartlarına tam uyğundur.

Qeyd etmək lazımdır ki, FSSC 22000 və PAS 220 standartları dünyanın qabaqcıl şirkətləri olan NESTLE, UNILEVER, DANONE ve KRAFT tərəfindən hazırlanıb və həmin standartların tətbiqinə görə, “Ulduz” fabriki Azərbaycanda ilk olaraq bu sertifikata layiq görülüb.

Fabrikdə bu gün müxtəlif sahələrdə 600-ə yaxın işçi çalışır. Fabrik Almaniya, İtaliya və bir çox Avropa ölkələrində fəaliyyət göstərən məşhur şirkətlərin istehsalı olan və beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz olunmuşdur. Fabrikdə istehsal olunan müxtəlif çeşidli şokolad məhsulları Azərbaycanın bütün bölgələrinə çatdırılır və istehlakçıların böyük rəğbətini qazanıb. Müəssisədə tez-tez “açıq qapı” günləri keirilir. Məktəblilər, media nümayəndələri fabrikdə istehsal prosesləri, yaradıan iş şəraiti ilə yaxından tanış olurlar. Eyni zamanda fabrikin kollektivi uşaqlar arasında yaradıcılıq müsabiqələri, müxtəlif kampaniyalar təşkil edir. Bu il fabrikdə talassemiyalı xəstələrə kömək məqsədilə “Qan ver, xilas et” devizi altında aksiya keçirildi. Müəssisənin yüzlərlə işçisi bu aksiyada könüllü şəkildə iştirak etdi. İnkişafdakı dinamikliyi möhkəmləndirmək, ixrac potensialını genişləndirmək məqsədi ilə beynəlxalq standartların tələblərinə uyğun təkmilləşdirmə siyasəti həyata keçirən “Ulduz” şokolad fabrikinin kollektivi əhalinin bütün təbəqələrinin zövqünə uyğun yeni məhsullar istehsal etməklə yaxın gələcəkdə daha böyük uğurlara imza atmağı qarşısına məqsəd qoymuşdur. Bunun üçün isə ölkəmizdə hər cür şərait yaradılıb.

 Qabil YUSİFOĞLU,

“Xalq qəzeti”

 

Məqalə Azərbaycan Mətbuat Şurası və “Ulduz” şokolad fabrikinin “Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru” mövzusundakı müsabiqəsinə təqdim olunur. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında