“Şahdəniz-2” layihəsi çərçivəsində daha iki podrat müqaviləsi imzalanıb

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən zəngin-qaz kondensat yatağı olan “Şahdəniz”in tammiqyaslı işlənməsinə dair yekun investisiya qərarının verilməsi ilə Avropanın ən böyük “mavi yanacaq” təchizatı layihəsi həlledici mərhələyə qədəm qoymuşdur.

Artıq ötən ilin dekabr ayının 17-də Bakıda  layihə ilə bağlı qəbul edilmiş yekun investisiya qərarından sonra geniş miqyaslı inşaat işləri ilə bağlı bir sıra podrat müqavilələri də imzalanmışdır.  Bu da öz növbəsində “Şahdəniz-2” layihəsi çərçivəsində  tikinti-quraşdırma işlərinə başlamağa imkan yaratmışdır. Bununla yanaşı,  hazırda  Şahdəniz konsorsiumu ilə podratçı şirkətlər arasında  tikinti müqavilələrinin imzalanması da davam edir. 

Noyabrın 18-də “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində daha iki podrat müqaviləsi imzalanıb.  Xatırladaq ki, “Şahdəniz-2  layihəsinin irəliləyişi üçün son dərəcə vacib olan bu  müqavilələrin dəyəri  ümumilikdə 226 milyon dollar təşkil edir.  Həmin müqavilələr “Bredero Shaw” şirkətinin boru örtükləmə bölməsinin bir hissəsi olan “ShawCor Nederland B.V.” (Bredero) şirkəti ilə imzalanıb. Podrat müqavilələri üzrə işlərə isə “Şahdəniz” yatağını ikinci işlənmə mərhələsinin sualtı ixrac boru kəmərlərinin  korroziya əleyhinə və ağırlaşdırıcı betonla örtüklənməsi, həmçinin Bakıdakı boru-örtükləmə müəssisəsi  olan “Caspian Pipe Coatings” (CPC) zavodunun modernləşdirilməsi daxildir. Modernləşdirmə işləri sözügedən müəssisənin layihənin korroziya əleyhinə və ağırlaşdırıcı beton örtükləmə tələblərinə cavab verməsini təmin edəcək.

Müqavilələr çərçivəsində bütün tikinti və örtükləmə işləri yerli resurslardan istifadə etməklə Bakıdakı CPC müəssisəsində həyata keçiriləcək. Müqavilələrin icrasına təxminən 300 yerli işçi qüvvəsinin cəlb olunacağı gözlənilir. Bu da Şahdəniz konsorsiumunun Azərbaycanın yerli resurslarından istifadəni opimallaşdırmaqla bağlı götürdüyü öhdəliyi bir daha nümayiş etdirir.

Örtükləmə işlərinin CPC zavodundakı modernləşdirmə tədbirləri başa çatdıqdan sonra, 2015-ci ilin yanvar ayında başlanması gözlənilir. “Şahdəniz-2” layihəsi üzrə ilk qazın əldə edilməsi qrafikinə əməl etmək üçün əvvəlcə 16 düyməlik  boruların örtüklənərək borudüzmə işlərinə hazır olması gələn ilin ikinci rübünə, 32 düyməlik  boruların örtüklənməsi işlərinin başa çatdırılması isə oktyabr ayına planlaşdırılır.

bp-nin “Şahdəniz-2” layihəsi üzrə vitse-prezidenti Yuan Dramond demişdir: “Biz ötən ilin dekabr ayında verilmiş yekun investisiya qərarından bu vaxtadək layihənin irəliləyişindən məmnunuq. Əsas mühəndis-layihələndirmə, tikinti və təchizat işləri üzrə müqavilələrin əksəriyyəti artıq imzalanmış, “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi, eləcə də Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri qrafikə uyğun davam edir. Artıq təxminən 9,6 milyard dollar dəyərində müqavilələr imzalanmış, Azərbaycan və Gürcüstan ərazisindəki bir çox tikinti sahələrində işlər başlanmışdır. Azərbaycanda dayaq blokları və üst modulların tikinti-quraşdırma sahələrində, habelə terminalın genişləndirilməsi sahəsində aparılan işlər də irəliləyir. Mən xüsusilə  məmnunam ki, bütün tikinti sahələrində aparılan işlərdə əməyin təhlükəsizliyi  üzrə davamlı öhdəlik əsas diqqət mərkəzindədir. Dayaq bloklarının inşa edildiyi Bakı Dərin Özüllər Zavodunda artıq heç bir xəsarətə yol vermədən bir milyon adam-saat,  AMEC-Tekfen-Azfen tikinti quraşdırma sahəsində isə iki milyon adam-saat göstəricisinə nail olunub. Bu, çox yaxşı bir nailiyyətdir və biz gözləyirik ki, işlərimiz sahələrin hamısında və bütün tikinti müddəti ərzində belə davam edəcək”/

Xatırladaq ki, Xəzər dənizinin Azərbaycan sektorunda sahildən təxminən 70 kilometr məsafədə yerləşən “Şahdəniz” yatağının ikinci işlənmə mərhələsi çərçivəsində körpü ilə birləşdirilən iki hasilat platforması, iki  yarımdalma qazma qurğusundan qazılacaq 26 sualtı quyu, dənizin 550 metrədək dərinliyində quraşdırılacaq 500 kilometr uzunluğunda sualtı boru kəmərləri, Cənubi Qafqaz boru kəmərinə ildə 16 milyard kubmetr nəql gücü əlavə olunması və Səngəçal terminalının genişləndirilməsi daxildir. 

 “Şahdəniz-2” layihəsi “Cənub” qaz dəhlizi vasitəsilə Xəzər dənizindən Türkiyə və Avropadakı bazarlara “mavi yanacağı” çatdıracaq dünya səviyyəli enerji layihəsidir. Layihənin  reallaşdırılması ilə dünyanın ən zəngin qaz-kondensat yataqlarından sayılan “Şahdəniz”də hasilat təqribən üç dəfəyədək artırılaraq 25 milyard kubmetrə çatdırılacaq. Şahdəniz qazı Türkiyə ərazisində Trans-Anadolu boru kəməri (TANAP), Türkiyə-Yunanıstan sərhədindən İtaliyaya  isə Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə nəql ediləcək. Bütövlükdə isə Şahdəniz qazı təxminən 3500 kilometr uzunluğunda boru kəməri vasitəsilə Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya nəql olunması nəzərdə tutulur. İlk qazın hasilatı, Gürcüstan və Türkiyəyə satışın başlanması 2018-ci ilə, Avropaya isə ilk qazın təxminən bir il sonra çatdırılması planlaşdırılır.

Yeri gəlmişkən, “Şahdəniz- 2” layihəsinin işlənməsi üçün 2013-cü il dekabr ayının 17-də Bakıda qəbul olunmuş yekun investisiya qərarı Azərbaycan və Gürcüstan ərazisi boyunca Cənubi Qafqaz boru kəmərinin  genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu və Yunanıstan, Albaniya ərazisindən keçərək İtaliyaya uzanan Trans-Adriatik boru kəmərlərinin tikintisi ilə bağlı planların gerçəkləşməsi üçün geniş imkanlar yaradıb.

Eyni zamanda, bu layihələr birlikdə, həmçinin “mavi yanacağı” Bolqarıstana ötürəcək infrastuktur və  Avropaya yeni bir “Cənub” qaz dəhlizini formalaşdıracaq. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolunu daha da artıracaq.

Mirbağır YAQUBZADƏ,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında