Milli Məclisdə 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi davam etdirilir

Milli Məclisin noyabrın 19-da keçirilən iclasında “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib.

Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra deputatlar qanun layihəsi ətrafında müzakirələrə başlayıblar. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi iqtisadi strategiyanın həyata keçirilməsində hökumət ciddi uğurlar qazanıb. Dünyada və regionda baş verən maliyyə böhranı ölkə iqtisadiyyatından yan keçib. Azərbaycanda bütün sahələrdə tarazlı inkişaf gedir. Deputatlar əminliklə bildiriblər ki, 2015-ci il dövlət büdcəsində nəzərdə tutulan bütün məqsədlərə nail olunacaq.

Qeyd edilib ki, dünyada baş verən sosial-iqtisadi, siyasi, hərbi proseslərin nəticəsində yaranmış xaosun yaşandığı bir zamanda  2015-ci il dövlət büdcəsi ciddi şəkildə əsaslandırılıb, əvvəlki illərdəki varislik davam etdirilib. Gələn ilin büdcəsi də ölkəmizin inkişafına və vətəndaşlarımızın həyat şəraitinin daha da  yaxşılaşdırılmasına  yönəlib. 2015-ci ildə əhalinin gəlirlərinin cari illə müqayisədə 5,8 faiz artırılmasının nəzərdə tutulması müsbət hal kimi qiymətləndirilib. Sosial problemləri həll etmək yenə də dövlət büdcəsinin əsas prioritetidir. Yəni, büdcə layihəsi sosialyönümlü və investisiya tutumludur. Bu layihənin tərtibində şəffaflıq əsas meyar kimi götürülüb.

Müzakirələr zamanı çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, iqtisadi tərəqqinin, tolerantlığın Azərbaycan modeli olduğu kimi, vətəndaş cəmiyyətinin inkişafı ilə də bağlı bir Azərbaycan modeli var. Biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə yaymaqda bu modelin üstün cəhətlərindən istifadə etməliyik. Bu həm də QHT əməkdaşlığının yeni aspektlərinin müəyyənləşməsi ilə nəticələnə bilər.

Bahar Muradova deyib: “Bilirik ki, bu gün separatizm meyilləri, ərazi iddiaları və digər problemlər artıq bütün dünyanı əhatə edir. Beynəlxalq hüququn prinsiplərinə bu hüququn yaradılmasında bilavasitə iştirak etmiş dövlətlərin özləri saymazyana münasibət göstərirlər. Qarşıdakı illərdə nələrin baş verəcəyini proqnozlaşdırmaq olmur. Mən Azərbaycana qarşı ləkələmə kampaniyası, ölkəmizin uğurlarına qısqanclıqla yanaşma, hərbi qüdrətinin artmasından ciddi narahatlıq keçirmə hallarının törətdiyi fəsadları qeyd etmək istəyirəm. Bu hallar çox zaman Azərbaycana qarşı mövqelərdə özünü daha aydın göstərir. Biz beynəlxalq təşkilatlara öz mövqeyimizin düzgünlüyünü isbat etmək üçün çox əmək sərf etməli oluruq. Bəzi hallarda isə onlar özlərini haqlı kimi qələmə verməyə çalışırlar. Artıq biz beynəlxalq aləmə çıxmaq işində böyük nailiyyətlər əldə etmişik. Azərbaycan dövləti QHT-lərin müxtəlif beynəlxalq layihələrdə iştirakını təmin edir, eyni zamanda, beynəlxalq təşkilatların da ölkəmizdə fəaliyyətinə qanunla lazımi şərait yaradılıb. Düzdür, bəzi hallarda onların bu fəaliyyəti Azərbaycanın milli maraqlarına qarşı yönəlmiş olur. Biz beynəlxalq maliyyə qaynaqlarının Azərbaycanda öz maraqlarını reallaşdırmasının şahidi oluruq”.

Bahar Muradova Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinin daha yüksək səviyyədə təşkilinin önəmini qeyd edib. Milli Məclis sədrinin müavini deyib: “Bizim beynəlxalq layihələrə çıxışımız üçün daha böyük maliyyə vəsaitinə ehtiyacımız var. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası beynəlxalq miqyasda bir sıra tədbirlər keçirib. Bu tədbirlər Avropa İttifaqı, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla birgə həyata keçirilmiş layihələrdir. Buna görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, Azərbaycanın üzləşdiyi problemlərin dünyada daha geniş yayılması üçün QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsaitin məbləğinin artırılması məqsədəuyğun olardı”.

Çıxış edən deputatlar bildiriblər ki, 2015-ci il dövlət büdcəsi Azərbaycan cəmiyyətinin reallıqlarına uyğun tərtib olunub və gələn il görüləcək işlər düzgün proqnozlaşdırılıb. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmiz regionun lider dövlətinə çevrilib və dünyada sürətli inkişaf tempinə görə diqqəti cəlb edir. Büdcənin bu cür müfəssəl formalaşması da məhz ölkəmizdə aparılan düzgün iqtisadi siyasətin nəticəsidir. Bildirilib ki, dövlət büdcəsinə göstərilən bu münasibət dövlətə, xalqa, Vətənə olan münasibətdir. Bu, dövlətimizin inkişafına güclü təkandır.

Deputatlar iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, yeni iş yerlərinin açılması, ümumi daxili məhsulun artırılmasının real yollarından biri olan vergi ödəyicilərinin sayının çoxaldılması, təhsilin, elmin inkişafı ilə bağlı rəy və təkliflərini də bildiriblər.

Müzakirələr Milli Məclisin noyabrın 20-də keçiriləcək iclasında  davam etdiriləcək. İclasda “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında”, “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında” qanun layihələrinin də müzakirəsi nəzərdə tutulub.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında