Noyabrın 18-də Milli Məclisdə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlayıb.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə layihənin müzakirə olunduğu plenar iclasda iştirak edib.
Gündəlik təsdiqlənəndən sonra Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək bildirib ki, büdcə sənədlərindən göründüyü kimi, 2015-ci il dövlət büdcəsinin layihəsi qarşıdakı dövrdə də Azərbaycan iqtisadiyyatının davamlı inkişafına, icra olunan dövlət proqramlarının reallaşdırılmasına zəmin yaradır.
Bildirilib ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 5,7 faiz artırılaraq 19,4 milyard manat, xərcləri isə 5,2 faiz artırılaraq 21,1 milyard manat məbləğində nəzərdə tutulur. Dünyada və bölgədə hökm sürən siyasi qeyri-sabitlik şəraitində bu proqnoz göstəricilərini məqbul hesab etmək olar. On ildən artıqdır ki, Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələri arasında yerini qoruyub saxlaya bilib. Bütün müsbət iqtisadi göstəricilər 2015-ci il dövlət büdcəsi zərfi sənədlərinə də öz təsirini göstərib.
Sədr bildirib ki, 2015-ci ilin dövlət büdcəsinin layihəsi Azərbaycanda real inkişaf səviyyəsi, dünyada gedən siyasi-iqtisadi proseslərin təsiri, baş verə biləcək mənfi təzahürlər nəzərə alınmaqla hazırlanıb.
Oqtay Əsədov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə təşəkkül tapmış makroiqtisadi sabitliyi daha da möhkəmləndirib. Büdcə zərfinə daxil olan 2015-ci il və sonrakı üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri, 2015-ci ildə büdcə vergi siyasətinin və 2015-2018-ci illər üçün dövlət investisiya proqramlarının əsas istiqamətləri və digər sənədlər vaxtında Milli Məclisə təqdim olunub. Sədr deyib: “Cari ilin 9 ayına əsasən bütövlükdə ölkə iqtisadiyyatında 2,5 faiz artım əldə olunub. Makroiqtisadi proqnozlara görə 2014-cü ildə ölkədə ümumi daxili məhsul istehsalının 59 milyard manat olacağı gözlənilir. Bu, əvvəlki illə müqayisədə 3,6 faiz artım deməkdir”.
Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Azərbaycan dövlətinin maliyyə sabitliyini qoruması artıq ənənəvi hal alıb. Son illərdə Azərbaycanın büdcə gəlirləri əhəmiyyətli dərəcədə artıb. Ötən on ildə qlobal maliyyə sarsıntılarına baxmayaraq, Azərbaycan dövləti özünün maliyyə resurslarını artırıb, sosial-iqtisadi layihələrin həyata keçirilməsi zamanı heç bir maliyyə sıxıntısı hiss etməyib. Çünki Azərbaycanda milli maraqlara, ölkənin iqtisadi qüdrətinin artmasına xidmət edən vergi, maliyyə, gömrük, bank siyasəti həyata keçirilir. Azərbaycan dövlətinin apardığı düzgün siyasətin nəticəsidir ki, büdcə xərcləri artıq 20 milyard manatı keçib.
Qeyd edilib ki, bu gün Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib. Azərbaycanın heç bir borc problemi yoxdur.
Diqqətə çatdırılıb ki, bu ilin büdcəsində də sosial proqramlara böyük yer ayrılıb. Bütün bunlar Azərbaycanın 2015-ci il üzrə dövlət büdcəsinin reallığa əsaslandığını təsdiqləyir.
Büdcə layihəsini təqdim edən maliyyə naziri Samir Şərifov bildirib ki, gələn ilin dövlət büdcəsinin əsas göstəricilərini özündə əks etdirən Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsi Azərbaycan Respublikasının Konstitusiyasına və büdcə qanunvericiliyinə uyğun olaraq Prezident İlham Əliyev tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilib.
Nazir qeyd edib ki, 2015-ci il üzrə dövlət büdcəsinin layihəsi Milli Məclisin bütün komitələrində hökumət nümayəndələrinin iştirakı ilə müzakirə edilib və qanun layihəsinin plenar iclasa çıxarılması təklif edilib.
Diqqətə çatdırılıb ki, 2015-ci il dövlət və icmal büdcələrinin layihələrinin tərtibi zamanı “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn vəzifələr, 2015-2018-ci illər üzrə Azərbaycan Respublikasının makroiqtisadi proqnoz göstəriciləri əsas götürülüb. Həmçinin cari ilin doqquz ayında ölkənin makroiqtisadi durumunun, iqtisadiyyatın əsas meyilləri və nəticələrinin, 2013-cü və 2014-cü illərin dövlət büdcələrinin gözlənilən icra vəziyyətinin, dünyada artan geosiyasi gərginliyin yerləşdiyimiz regiona, ölkəmizə və onun sosial-iqtisadi inkişafına ehtimal olunan riskləri və mənfi təsirlərinin qiymətləndirilməsindən gözlənilən nəticələr nəzərə alınıb.
Bildirilib ki, 2015-ci il dövlət büdcəsinin xərcləri 21 milyard 100 milyon manat olacaq. Bu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi strategiyanın davamlılığını təmin edir. Bu rəqəm cari illə müqayisədə 5,2 faiz çoxdur.
Nazir qeyd edib ki, 2015-ci ilin büdcəsi cari ilin büdcəsi kimi investisiya yönümlü olaraq qalır. Büdcənin əsaslı xərcləri ümumi dövlət büdcəsi xərclərinin 44,4 faizi səviyyəsindədir.
Gələn il dövlət büdcəsinin sosial yönümlülüyü ənənəvi olaraq saxlanılır. Növbəti ildə əsas maliyyə təminatı rolunu oynayan dövlət büdcəsinin sosial yönümlü xərclərinin büdcədəki xüsusi çəkisi 27,6 faizdir. Növbəti ildə sosial yönümlü tədbirlər üzrə xərclərin məbləği 5 milyard 826 milyon manat nəzərdə tutulub. Bu, cari illə müqayisədə 9,2 faiz artıqdır. Əhalinin ən həssas və aztəminatlı hissəsinin yaşayışı üçün mühüm maliyyə təminatı rolunu oynayan pensiya, təqaüd və sosial müavinətlərin ödənişi üçün 1 milyard 845 milyon manat və yaxud cari ilə nisbətən 75 milyon manat çox vəsait ayrılacaq.
Samir Şərifov bildirib ki, növbəti il büdcədən müdafiə xərclərinə 3 milyard 783 milyon manat vəsait ayrılacaq. Bu, 2014-cü illə müqayisədə 809 milyon manat çoxdur.
Nazir diqqətə çatdırıb ki, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətini, cəbhə xəttində təxribatlarını davam etdirdiyi bir vaxtda Azərbaycan Silahlı Qüvvələrinin təminatının daha da yaxşılaşdırılması ilə bağlı əlavə əsaslandırmalara ehtiyac yoxdur.
Qeyd edilib ki, 2015-ci il dövlət büdcəsindən elm xərclərinə 143 milyon manat vəsait nəzərdə tutulub.
Samir Şərifov deyib ki, 2015-ci il dövlət büdcəsi layihəsi dövlətimizin qarşıya qoyduğu əsas vəzifələrin yerinə yetirilməsi, prioritet hədəf kimi əhalinin sosial müdafiəsinin və yaşayış səviyyəsinin yüksəldilməsi, ölkəmizin hərtərəfli təhlükəsizliyinin möhkəmləndirilməsi və iqtisadi inkişafının stimullaşdırılması üçün maliyyə təminatı yaradır.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ulu öndər Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan, liberal bazar iqtisadiyyatı prinsiplərinə söykənən, insan amilini əsas tutan çevik iqtisadi siyasəti nəticəsində davamlı iqtisadi artıma nail olunub, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsində, sahibkarlığın və regionların inkişafında, əhalinin rifah halının yüksəldilməsində uğurlar əldə edilib.
Diqqətə çatdırılıb ki, son illərdə yaradılmış iqtisadi potensiala əsaslanaraq 2015-ci ildə iqtisadi artım 4,4 faiz, növbəti 3 ildə isə orta illik iqtisadi artım 5 faiz proqnozlaşdırılır. Neft sektorunda gələn il hasilatın 40,6 milyon ton, növbəti illərdə isə orta hesabla sabit olaraq 40 milyon ton olması gözlənilir. Bununla da sabit neft hasilatı və dinamik inkişaf edən qeyri-neft sektoru hesabına neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin 2013-cü ildəki 43,4 faizdən 2018-ci ildə 28,7 faizədək azalması gözlənilir. Neftin 1 barrelinin qiymətinin gələn il və növbəti üç il üçün 90 dollar olması proqnozlaşdırılıb.
Bildirilib ki, 2015-ci ildə investisiya qoyuluşlarının 5 faiz artaraq 19,8 milyard manat olacağı proqnozlaşdırılır. Xarici investisiyaların gələn il 5.4 milyard manat olması gözlənilir. Gələn il neft sektoruna 5.8 milyard, qeyri-neft sektoruna isə 14 milyard manat investisiya yatırılacağı proqnozlaşdırılır.
Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov deyib ki, bu gün Azərbaycanda məzənnə tam sabitdir. Manat çox güclü regional valyuta kimi özünü təqdim edir. Hesab edirik ki, bundan sonra da respublikamızda valyutanın sabitliyi təmin ediləcək. Mərkəzi Bank inflyasiya səviyyəsini nəzərə alaraq pulun qiymətinin, faiz dərəcəsinin aşağısalma siyasətini həyata keçirir. Cari ildə Mərkəzi Bank uçot dərəcəsini 4,75 faizdən 3,25 faizə endirib.
Qeyd edilib ki, Azərbaycanın strateci valyuta ehtiyatları 2014-cü ilin 9 ayında 3,5 milyard dollar artaraq təxminən 54 milyard dollara çatıb. Əgər Azərbaycan iqtisadiyyatı 3 il ərzində heç nə ixrac etməsə bu, həmin müddətdə ölkəmizi idxalla təmin edəcək.
Bildirilib ki, ölkəmizin strateci ehtiyatlarının ümumi daxili məhsula olan nisbəti 70 faizdir. Bu göstəriciyə görə Azərbaycan dünyada 20 ölkədən biridir. Bu dövrdə Mərkəzi Bankda valyuta ehtiyatları da 6 faizdən çox artıb. Bu gün bu rəqəm 15 milyard dollara yaxındır.
Mərkəzi Bankın idarə heyətinin sədri deyib ki, ölkəmizin iqtisadiyyatının sağlamlığının əsas göstəricisi onun xarici iqtisadi mövqeyidir. Mürəkkəb qlobal mühitə baxmayaraq, ölkəmizin xarici iqtisadi mövqeyi hələ də əlverişlidir. Azərbaycan ixracı öz idxalını 2,7 dəfə üstələyib. Bu gün Azərbaycan iqtisadiyyatın həcminə görə dünyanın 70 dövlətindən biridir. Azərbaycan həm də yoxsulluğun ən aşağı səviyyədə olduğu 25 ölkədən biridir.
Sonra Hesablama Palatasının 2015-ci il büdcə layihəsi və bu layihənin formalaşmasına təsir edən makro amillərlə bağlı ümumiləşdirilmiş rəyi dinlənilib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, 2015-ci il üçün ölkəmizdə ümumi daxili məhsulun real artım tempinin Beynəlxalq Valyuta Fondu tərəfindən 3,5, Dünya Bankı tərəfindən 4,1 faiz səviyyəsində planlaşdırıldığını nəzərə alaraq, büdcə zərfində növbəti ilin real iqtisadi artım tempinin 4,4 faiz nəzərdə tutulması aparılan uğurlu iqtisadi siyasətin nəticələrinin beynəlxalq miqyasda qəbul edilməsinin ifadəsidir.
Bildirilib ki, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun dominantlıq təşkil edəcəyi iqtisadi modelə transformasiya prosesi dövlətin məqsədyönlü siyasəti nəticəsində uğurla reallaşdırılmaqdadır. Belə ki, qeyri-neft gəlirlərinin ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artırılması ilə bağlı tədbirlərin, respublikanın şəhər və rayonları üzrə yerli gəlir və xərclərin tarazlaşdırılması istiqamətində işlərin davam etdirilməsi, dövlət büdcəsinə neft sektorundan gələn gəlirlərin artım tempinin tədricən aşağı düşməsi, qeyri-neft sahələrindən gələn gəlirlərin isə müsbət dinamikasının qorunması növbəti ilin dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında prioritet olaraq müəyyən edilib.
Bildirilib ki, növbəti ilin büdcəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını, həyata keçirilən genişmiqyaslı islahatların və tədbirlərin uğurlu davamlılığını təmin edəcək maliyyə təminatının yaradıldığını nəzərə alaraq Azərbaycan Respublikasının Hesablama Palatası 2015-ci ilin dövlət büdcəsi ilə bağlı müsbət rəyini Milli Məclisə təqdim edib.
Çıxışlardan sonra “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi başlanılıb.
Müzakirələr zamanı çıxış edən deputatlar bildiriblər ki, 2015-ci ilin büdcə layihəsi təkmil sənəddir. Layihədə bütün sahələrin davamlı inkişafı üçün maliyyə təminatının yaradılması nəzərdə tutulur. 2015-ci il üçün dövlət və icmal büdcələrinin parametrləri Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi kursun növbəti ildə də uğurla davam etdirilməsinə maliyyə təminatı yaradacaq. Deputatlar çıxışlarında bir sıra təkliflər də səsləndiriblər.
Üç gün davam edəcək müzakirələrdə “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında”, “Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında” qanun layihələri də müzakirə olunacaq.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.