İmişli: hər bir yenilik əzmkarlığın bəhrəsidir

Nazirlər Kabineti 2014-cü ilin 9 ayına yekun vurdu. Yekun iclasında   qazanılmış uğurlara, sosial-iqtisadi inkişafın nəticələrinə  münasibətini bildirən ölkə başçısı həm də regionların sosial-iqtisadi inkişafının növbəti mərhələsini – 2014-2018-ci illəri əhatə edəcək üçüncü Dövlət Proqramına uyğun olaraq növbəti beş ildə də dinamik inkişaf tempinin davam etdirilməsi tapşırığını verdi.

Bu tapşırıqlar əsasən aşağıdakıları əhatə edir: qazlaşdırma işlərinin tam sona çatdırılmasını, elektrik enerjisi ilə təminatın daha da yaxşılaşdırılmasını, su, kanalizasiya, kənddaxili yolların tikintisini, yeni iş yerlərinin açılmasını, məktəblərin, xəstəxanaların, tibb məntəqələrinin tikintisinin davam etdirilməsini, milli valyuta ehtiyatlarının inkişaf etdirilməsini, makroiqtisadi sabitliyin qorunmasını, iri fermer təsərrüfatlarının yaradılmasını, turizmin inkişaf etdirilməsini, sənaye sahələrinin müasirləşdirilməsini, uşaq bağçalarının təmiri və maddi-texniki bazalarının  möhkəmləndirilməsini və s.

Bu dəfəki söhbətimiz son illər inkişaf tempinə görə xüsusilə seçilən İmişli rayonu barədədir. Bu inkişaf, necə deyərlər, gözlərimin önündə baş verdiyindən tam səmimi deyə bilərəm ki, buradakı zamanla yarışma əzmini, iradəsini olduğu kimi ifadə etməkdə söz də acizdir, qələm də. Çünki onillərə sığışdırılacaq işləri, bir-iki ildə gerçəkləşdirməyin yalnız bircə adı var: qəhrəmanlıq.

Buna görə də ən yaxşısı bəlağətli gəzişmə zəhmətinə qatlaşmadan, hər şeyi dəqiqliklə ifadə edən rəqəmlərin köməyindən istifadə etməkdir. Bəs rəqəmlər nə deyir?

2014-cü ilin 9 ayı ərzində İmişli rayonunda iqtisadiyyatın əsas sahələri üzrə 253163 700 manatlıq məhsul istehsal edilmiş və ya xidmət göstərilmişdir. Həmçinin ümumi daxili məhsul istehsalı sənaye üzrə 40,7 faiz, kənd təsərrüfatı üzrə 32,3 faiz, tikinti üzrə 9,4 faiz, ticarət üzrə 15,3 faiz, nəqliyyat üzrə 2,1 faiz, rabitə üzrə isə 0,2 faiz təşkil etmiş, rayon iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutmuşdur.

Abadlıq-quruculuq işlərindən danışarkən, ilk növbədə qeyd etmək lazımdır ki, həyata keçirilmiş tədbirlər nəticəsində şəhərin siması tamamilə dəyişərək son dərəcə müasirləşmişdir. Bu sahədə işlər eyni əzmkarlıqla davam etdirilir.

Bəhs etdiyimiz cari ilin ötən dövrü ərzində İmişli-Bəhrəmtəpə, İmişliyə giriş yolunda, İmişli-Mirili-Qaravəlili avtomobil yolunun bəzi yerlərində beş yüz səksən beş yüz min manatlıq təmir işləri aparılmışdır. Hazırda Türkiyənin “Kolin” şirkəti tərəfindən  respublika əhəmiyyətli Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunda əsaslı təmir işləri aparılır. Artıq İmişli rayonu ərazisindən keçən avtomobil yolunun 40 kilometri istifadəyə verilmişdir. Bundan əlavə, rayonun Sarıxanlı-Boşçalılar, Cəfərli-Əliqulular, Muradxanlı kəndlərini birləşdirən 23 kilometrlik asfalt-beton yol əsaslı təmir olunmuşdur. Hazırda Xoşçobanlı-Murğuzalılı, Xəlfəli, Qulubəyli, Qızılkənd, Aranlı avtomobil yollarında  təmir işləri davam etdirilir.

Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülmüş, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin kəllə qənd, qarışıq yem, bitki yağları, spirt emalı, çuğundur yemqurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz damazlıq quşçuluq” MMC istifadəyə verilmişdir.

9 ayda rayon üzrə sənaye məhsullarının həcmi 103. 095.900 manat olmuşdur. İstehsal olunan sənaye məhsullarının 90,7 faizi qeyri-dövlət sektorunun payına düşür.

Ötən dövr ərzində Muradxanlı iriləşdirilmiş neft mədənində neft hasilatına 100 faiz əməl olunmuş, 14700 ton neft dövlətə təhvil verilmişdir. Planda nəzərdə tutulan həcmdə – 4500 min kubmetr qaz hasil edilmiş və daxili ehtiyaclara sərf olunmuşdur. Mədən üzrə 5 quyuda əsaslı, 29 quyuda isə cari təmir işləri aparılmışdır.  

Məlumdur ki, İmişli  əsasən aqrar rayon kimi tanınıb. Ötən dövr ərzində burada aqrar sahənin inkişafı üçün müəyyən işlərin görülməsi də təsadüfi deyil, məhz bu amillə bağlıdır. Qeyd etmək lazımdır ki, təsərrüfat hesablı rayon Aqroservis filialı tərəfindən 9 ay ərzində 220 adda müxtəlif kənd təsərrüfatı texnikası və qoşquları ilə fermerlərə servis xidməti göstərilmiş, onlara güzəştli qiymətlərlə 491 ton amonium-nitrat kübrəsi satılmışdır.

Bundan başqa,  2014-cü ilin 9 ayı ərzində rayonun müxtəlif kəndlərində ümumi 586 min kubmetr kollektor-drenaj şəbəkəsində magistral SD və sol sahil kollektorlarında torpaqqazma və hamarlama işləri görülmüşdür.

 2014-cü ilin 9 ayı ərzində istismar planına uyğun olaraq 114 ədəd hidrotexniki qurğu, 20 ədəd hidrometrik post, 1,5 kilometr  nov kanalları, 6 kilometr beton kanal, 3 ədəd nasos stansiyası cari təmir  edilmiş, suvarma kanallarında 1187 kubmetr həcmdə 451,8 kilometr məsafədə lildən təmizlənmə və təmir işləri görülmüşdür. Həmçinin, hazırda rayonun bir çox kəndlərində əhalinin pay və həyətyanı torpaq sahələrinin suvarılmasına xidmət edən su arxlarında lildən təmizlənmə işləri davam etdirilir. Artıq tarixə çevrilmiş ötən 9 ay ərzində heyvandarlıq və quşçuluq sahələri də xeyli inkişaf etdirilmiş, rayon üzrə mal-qaranın sayı 90819 başa, qoyunların sayı 242977 başa, quşların sayı isə 1276231 başa çatmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 952 baş, qoyunlar 3860 baş, quşlar isə 1011 baş artmışdır. Ət istehsalı  8592,19 ton, süd istehsalı 35120,3 ton, yumurta  istehsalı 59975 min ədəd, yun istehsalı isə 362,2 ton olmuş, ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün heyvandarlıq məhsullarının istehsalı artmışdır. 2014-cü ilin oktyabr ayının 1-nə kimi  11652 hektar sahədə buğda, 5558 hektar sahədə arpa, 292 hektar sahədə kartof, 401 hektar sahədə bostan, 316 hektar sahədə tərəvəz, 180 hektar sahədə dən qarğıdalı, 3011 hektar sahədə pambıq, 620 hektar sahədə isə şəkər çuğunduru əkilmişdir. Sahələrdən 15002 ton arpa, 35541 ton buğda məhsulu yığılmış və məhsuldarlıq 29,4 sentner olmuşdur. Həmçinin  2873 ton kartof, 3674 ton tərəvəz, 1714 ton qarğıdalı, 250 ton şəkər çuğunduru, 2930,6 ton pambıq tədarük edilmişdir. İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün 10 hektar ərazidə yeni istixanaların inşa olunmasına başlanılmış, taxılçılığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə xarici investorları cəlb etməklə dövlət fondu torpaqlarından 7000 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulmuş, həmçinin, kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün “MKT” MMC-yə 3813 hektar torpaq sahəsi ayrılmışdır.

 Daha bir faktı qeyd etmək yerinə düşərdi. Belə ki, 2014-cü ilin 9 ayı ərzində bütün maliyyə mənbələri hesabına rayon iqtisadiyyatının və sosial sahənin inkişafı üçün 31.347.300 manat vəsait yönəldilmiş, onun 75,9 faizi və ya 23.781.900 manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.

Qeyd edək ki, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş insanlar da diqqət və qayğı ilə əhatə olunublar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisinə başlanılmışdır. Həmçinin bu təbəqədən olan insanlar üçün növbəti, ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi nəzərdə tutulmuşdur. Rayon məhkəməsinin və ərazi kənd təsərrüfatı idarəsinin inzibati binasının tikintisinə başlanılmış, hazırda tikinti işləri davam etdirilir.

Bu ilin  keçən dövründə rayon ərazisində 2210 metr məsafəyə SİP kabeli, 7308 metr məsafəyə AVVQ 2x10 mm 2  markalı naqil xətləri çəkilmiş, 1710 ədəd elektron tipli enerqomer sayğaclar quraşdırılmış və ya bərpa edilmişdir. Rüb ərzində 47 ədəd müxtəlif gücdə olan transformatorlar təmir edilmiş, 33 ədəd istismara yarasız ağac dayaq yeniləri ilə əvəz olunmuş, 141 ədəd dəmir-beton dayaq basdırılmışdır. Rayonun elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə Hacıbabalı kəndi ərazisində 04 kv-luq yeni dəmir beton dayaqların basdırılması, SİP kabellərin çəkilməsi başa çatmaqdadır. 22 kənddə əhalinin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün  SİP kabel xətlərinin çəkilməsi nəzərdə tutulmuşdur. Hazırda Bəhrəmtəpə qəsəbəsində “Azenko” ASC tərəfindən smart-kart tipli sayğacların quraşdırılması işləri tamamlanmaq üzrədir. Rayonun qazlaşdırılması işi də davam etdirilərək 1437 abonentə təbii qaz xətti çəkilmiş, bununla da 9898 abonentin təbii qazdan istifadəsi təmin edilmişdir. Həmçinin, qeyri-əhali sektoru üzrə 70 abonentin də təbii qazdan istifadəsi təmin edilmişdir. Hazırda bu sahədə  işlər davam etdirilir.

Bundan əlavə, şəhər ərazisində müxtəlif diametrlərdə korroziyaya uğramış dəmir borular təmir edilmişdir. İmişli şəhərinin su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar “Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində İmişli şəhərində və Yalavac kəndində layihədə nəzərdə tutulmuş 9320 ədəd öncədən ödəmə sistemli smart elektron su sayğacları quraşdırılmışdır.

  Təhsilin inkişafı da prioritet məsələ olaraq diqqətdə saxlanılmışdır.  Eyni zamanda, bu dövrdə 180 şagird yerlik Ölcələr kənd tam orta məktəbi və 40 yerlik Məzrəli kənd uşaq bağçası tikilərək istifadəyə verilmişdir. Bundan əlavə, Xəlfəli, Hacırüstəmli, Məzrəli, Qaraqaşlı kənd, şəhər 1,6 və 8 saylı tam orta məktəblərində təmir işləri görülmüşdür. 

Dövlət  Proqramına uyğun olaraq rayonda imtiyazlı təbəqələrin, eləcə də şəkərli diabet, vərəm və digər xəstələrin dərman preparatları ilə təminatı diqqət mərkəzində saxlanılmış, nəticədə 2014-cü ilin 9 ayında bu məqsədlə 303.106 manat vəsait xərclənmişdir. Bundan əlavə, Səhiyyə Nazirliyi tərəfindən şəkərli diabet xəstələrinə 250 ədəd qlükometr və 1200 qutu test çubuqları verilmişdir. Mərkəzi xəstəxanada böyrək çatışmazlığından əziyyət çəkən vətəndaşlar üçün dializ şöbəsi yaradılaraq müasir tibbi avadanlıqlarla təchiz edilmişdir. Hazırda şöbədə 34 xəstə dializ olunur. Bundan başqa, ötən müddətdə Qaragüvəndikli kəndində tibb məntəqəsi tikilmişdir. Muradxanlı kənd xəstəxanasının təmir olunması da nəzərdə tutulmuşdur.

 Bu ilin 9 ayında rayonun mədəniyyət müəssisələrində 65,6 min manatlıq cari təmir işləri aparılmışdır. Bundan əlavə, Aranlı kənd mədəniyyət evində də təmir işləri aparılır.

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, asudə vaxtlarının səmərəli təşkili, eləcə də müxtəlif idman növləri ilə məşğul olması məqsədilə bir sıra mədəni-kütləvi idman tədbirləri həyata keçirilmişdir. Heydər Əliyev adına istirahət parkında inşa edilən Gənclər Mərkəzində stolüstü oyunlar, atıcılıq, elektron kitabxana, internet klublar, 3D zalı və digər xidmət sahələri yeniyetmə və gənclərin istifadəsinə verilmişdir.

2014-cü ilin üç rübündə 228 abonent telefon xətti çəkilmişdir. Qaravəlili kənd  elektron avtomat telefon stansiyasında 24 portluq genişzolaqlı internet quraşdırılıb  istifadəyə verilmişdir. Əlavə olaraq Mərkəzi EATS-də 320, Bəhrəmtəpə EATS-də 64, Sarıxanlı EATS-də 96 nömrə, Qaradonlu EATS-də 64, Cəfərli EATS-də 64, Əliqulular EATS-də 48, Bəcirəvan EATS-də 64 portluq internet avadanlıqları quraşdırılmışdır.

Beləliklə, 2014-cü ilin 9 ayı ərzində İmişli rayonunda görülmüş işlərdən istənilən qədər danışmaq olar. Ancaq ən əsası odur ki, müəyyənləşdirilmiş vəzifələrin icrası eyni qətiyyətlə, eyni iradə və həvəslə həyata keçirilir. Burada artıq bir neçə ildir ki, formalaşmış “öhdənə düşən işə ləyaqətlə yanaş” prinsipinə sadiqlik nümayiş etdirilir. İmişlilər əmindirlər ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi inkişaf strategiyası doğma Azərbaycanımızın hər bir guşəsini, o cümlədən İmişlini həmişə daha xoş günlərə aparacaq.

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında