Azərbaycanda “Elektron hökumət” layihəsi “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Hazırda “ağıllı hökumət” (“smart government”), “rəqəmsal hökumət” kimi də adlandırılan “Elektron hökumət” dövlət strukturlarının informasiya texnologiyalarından yararlanmaqla vətəndaşlar, eləcə də ayrı-ayrı qurumlar arasında əlaqələrin təmin edilməsi anlamında işlədilir. Başqa sözlə, “Elektron hökumət”in qarşısında duran əsas vəzifə idarəetmənin səmərəliliyini artırmaqla dövlət strukturlarında bürokratik əngəlləri aradan qaldırmaq, uyğun əməliyyatları daha operativ, az xərclə reallaşdırmaqdır.
“Elektron hökumət”ə demokratik dəyərlərin üstünlük verildiyi, insan amilinin önə çəkildiyi, informasiya-kommunikasiya texnologiyalarının formalaşdığı, inkişaf etdiyi ölkələrdə daha çox diqqət yetirilir. Bu, həm də inkişaf etməkdə olan dövlətlərin prioritet sahələrinin tərəqqisinə öz müsbət təsirini göstərir. Birləşmiş Millətlər Təşkilatının “Qlobal “Elektron hökumət” hesabatında informasiya texnologiyalarının inkişaf etməkdə olan ölkələrin keçməli olduğu uzun və əziyyətli mərhələləri ixtisar etməyə imkan yaratması vurğulanır. Məhz elə buna görə də ekspertlər tərəfindən dövlət strukturlarında müvafiq xidmətlərin internetə uyğunlaşdırılması və “onlayn” vəziyyətinə gətirilməsinin sosial-iqtisadi islahatların uğurla həyata keçirilməsinə həlledici təsir göstərdiyi bildirilir.
Dövlət idarəçiliyinin yeni mərhələsi olan “Elektron hökumət”in əsası ulu öndər Heydər Əliyevin 2003-cü il fevral ayının 17-də imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) üzrə (2003-2012-ci illər) Milli Strategiya” ilə qoyulmuşdur. Xatırladaq ki, həmin sənəddə 10 ilə yaxın bir müddətdə müasir informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində prioritet sahələr müəyyənləşdirilmiş, “Elektron hökumət”in yaradılması vacib məsələlərdən biri kimi önə çəkilmişdir. Proqramın əsas məqsədi ölkəni informasiya cəmiyyətinə keçidə hazırlamağa, İKT-nin inkişafını və tətbiqini təmin etməyə, insanları informasiya biliklərinə alışdırmağa, habelə rəqabətə davamlı iqtisadiyyat qurmağa zəmin yaratmaq olmuşdur.
Həyata keçirilən geniş miqyaslı tədbirlərin nəticəsidir ki, hazırda Azərbaycan qlobal informasiya cəmiyyətinin qurulmasında ən öndə gedən ölkələrdən biridir. Hələ 2005-ci ilin noyabrında Tunisdə informasiya cəmiyyətinin inkişafı üzrə keçirilən ümumdünya sammitində Prezident İlham Əliyev çıxış edərək informasiya cəmiyyəti ideyasını dəstəkləmiş, texnoloji biliklərə əsaslanan cəmiyyətin yaradılması üçün Azərbaycanın güclü elmi potensialının mövcudluğunu xatırlatmışdır.
Həmin vaxtdan ötən müddətdə respublikamızda normal rəqabət mühitinə malik İKT bazarı formalaşmış, ölkəmizin regional və beynəlxalq İKT layihələrində iştirakı reallaşmış, Avrasiya Transmilli İnformasiya Magistralı və Avropa-Yaxın Şərq Yüksəksürətli İnformasiya Şəbəkəsi, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı”, “Elektron kargüzarlıq”, “Azərbaycan dilinin informasiya məkanında işlədilməsi”, “Milli informasiya resurslarının yaradılması”, “İKT sahəsində kadr hazırlığı”, “Rəqəmli bərabərsizliyin ləğvi” kimi layihələr gerçəkləşdirilmişdir. Bununla yanaşı, gömrük sistemində idarəetmənin və prosedurların təkmilləşdirilməsi məqsədilə “Məlumatların ötürülmə şəbəkəsi və avtomatlaşdırılmş nəzarət sistemi” yaradılmış, Azərbaycan Dövlət Neft Şirkətində “İnformasiyanın ötürülmə şəbəkəsi” və “Avtomatlaşdırılmış nəzarət sistemi” layihələri reallaşdırılmışdır. Eyni zamanda, “Elektron imza və elektron sənəd haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya və informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlar qüvvəyə minmişdir. Ölkə Prezidenti İlham Əliyevin 2011-ci il mayın 23-də imzaladığı “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərman “Elektron hökumət”in inkişafına müsbət təsir göstərmişdir. Fikrimizi bir faktla əsaslandırmaq istərdik. Adıçəkilən sənədin icrası istiqamətində Vergilər Nazirliyi “Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı” layihəsini həyata keçirmişdir. Nəticədə bu, adı çəkilən nazirlikdə məmur-vətəndaş təmaslarının minimuma endirilməsinə, korrupsiya hallarına qarşı mübarizənin gücləndirilməsinə öz müsbət təsirini göstərmişdir.
“Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” “Elektron hökumət”in inkişafında mühüm mərhələ təşkil etmişdir. Adı çəkilən Dövlət proqramının məqsədi milli strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidinin təmin edilməsi, informasiya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi olmuşdur. Bununla yanaşı, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının ödənilməsi qarşıya mühüm vəzifə kimi qoyulmuşdur.
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” ölkə Prezidentinin 23 may 2011-ci il tarixli fərmanında vurğulandığı kimi, respublikamızda “Elektron Azərbaycan”, eləcə də İKT-nin inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara müvafiq elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza artıq formalaşmışdır. Bu istiqamətdə modern və mobil idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə əhaliyə elektron xidmətlərin göstərilməsi diqqət mərkəzində saxlanılmışdır.
Yeri gəlmişkən, “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə Prezident İlham Əliyevin 5 fevral 2013-cü il tarixli fərmanı da “Elektron hökumət”in inkişafına müsbət təsir göstərmişdir. Belə ki, həmin fərmanla Azərbaycan Respublikasında dövlət orqanlarının elektron xidmətlərindən “bir pəncərə” prinsipi əsasında istifadənin təşkili üçün “Elektron hökumət” portalının təkmilləşdirilməsi, elektron xidmətlərin təşkili sahəsində görülən işlərin səmərəliliyinin artırılması, dövlət orqanlarının elektron xidmətlərindən geniş istifadə edilməsi qarşıya mühüm vəzifə kimi qoyulmuşdur.
Hazırda respublikamızda “Elektron hökumət”ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında elektron xidmətlərin tətbiqi getdikcə genişlənir. Bu isə modern və çevik idarəetmənin təmin edilməsinə, işin səmərəli təşkilinə və vaxt itkisinin qarşısının alınmasına şübhəsiz ki, öz müsbət təsirini göstərir.
Azərbaycanda son 5 ildə İKT sektorunda əlavə dəyər 2,1 dəfə artmış və bu göstəriciyə görə, ölkəmiz bir sıra inkişaf etmiş dövlətləri geridə qoymuşdur. Bu il Ümumdünya İqtisadi Forumu informasiya texnologiyalarının inkişafı haqqında (Global Information Technology Report) hesabatında Azərbaycan ötənilki göstəricisini 5 pillə yaxşılaşdıraraq 56-cı yerdə qərarlaşmışdır.
Hazırda uğurla fəaliyyət göstərən “Elektron hökumət” portalına (www.e-gov.az) əhali tərəfindən diqqət gündən-günə artır. Bu gün 40 mərkəzi icra hakimiyyəti orqanı bu portala qoşularaq, 217 növ elektron xidmət göstərilir.
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında göstərilir ki, “Elektron hökumət”in formalaşdırılması məqsədilə ardıcıl və mərhələli qaydada müvafiq tədbirlər görülməsi, dövlət orqanlarında müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, dövlət orqanlarının öz aralarında vahid infrastruktur əsasında təhlükəsiz informasiya mübadiləsi aparması, onların funksional vəzifələr üzrə əhaliyə elektron xidmətlər göstərməsinin təmin edilməsi, informasiya təhlükəsizliyinin yüksəldilməsi, səriştəli istifadəçi və mütəxəssislər hazırlanması kimi məsələlər prioritet vəzifələrdəndir. Adı çəkilən sənəddə həmçinin, 2020-ci ilədək elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsi, bu xidmətlərə mobil rabitə, məlumat köşkləri və digər müasir vasitələrlə çıxışın reallaşdırılması, dövlət informasiya resurslarının və sistemlərinin vahid texnoloji standartlar əsasında inteqrasiyasının təmin olunması nəzərdə tutulmuşdur.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.