Noyabrın 14-də Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvləri olan dövlətlərin VII Beynəlxalq Bank Konfransı işə başlayıb.
İki gün davam edəcək konfransın təşkilatçıları MDB-nin Maliyyə-Bank Şurası və Azərbaycan Beynəlxalq Bankıdır (ABB).
MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev tədbiri açaraq qeyd edib ki, konfransa çox böyük maraq var. Konfransın artıq yeddinci dəfə keçirilməsi onun əhəmiyyətinin aşkar göstəricisidir. S. Lebedev deyib: “Bu konfrans MDB-nin maraqlarına cavab verən nüfuzlu işgüzar məkandır”.
Azərbaycanı MDB məkanında dövlətlərarası əməkdaşlığın birliyin möhkəmlənməsinə xidmət edən fəal iştirakçısı adlandıran S.Lebedev Azərbaycan Prezidenti İlham Əliyevin bu il oktyabrın 10-da MDB-nin Minsk sammitində dediyi sözləri sitat gətirib: “MDB-nin potensialı tükənməyib. Bu, əməkdaşlıq, qarşılıqlı fəaliyyət, regional və beynəlxalq həyatın aktual məsələlərinin müzakirəsi məkanıdır”.
İcraiyyə Komitəsinin sədri Bakı Beynəlxalq Bank Konfransının keçirilməsi üçün gözəl şəraitin yaradılmasına görə Azərbaycan rəhbərliyinə təşəkkür edib. O əmin olduğunu bildirib ki, konfrans MDB maliyyə bazarlarının qarşılıqlı fəaliyyəti üçün yeni yanaşmalar işləyib hazırlamağa kömək edəcək.
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri, MDB-nin Maliyyə-Bank Şurasının birinci vitse-prezidenti Cahangir Hacıyev bildirib ki, konfransda dünyada siyasi və iqtisadi turbulentlik şəraitində MDB maliyyə bazarlarının qarşılıqlı fəaliyyətinə dair ən aktual məsələlər: Avropa İqtisadi Məkanı çərçivəsində milli tədiyə sistemlərinin inkişafı; inteqrasiya edilmiş maliyyə bazarlarının formalaşmasında MDB ölkələrinin mərkəzi bankların və inkişaf təsisatlarının rolu; bazarlarında ixracın maliyyələşdirilməsinin inkişafı məqsədilə bankların qarşılıqlı fəaliyyəti və başqa məsələlər müzakirə olunacaq.
O qeyd edib ki, konfransın işində MDB üzvü olan dövlətlərin 200-dən çox təmsilçisi - hökumətlərin və nazirliklərin, beynəlxalq inkişaf təsisatlarının nümayəndələri, habelə milli bankların, iri biznes strukturlarının rəhbərləri iştirak edir.
“MDB ölkələri arasında strateji maliyyə-investisiya əməkdaşlığının inkişafı” mövzusunda plenar iclasın moderatoru, MDB Maliyyə-Bank Şurasının Əlaqələndirmə Şurasının sədri Anatoli Kazakov plenar iclasda maliyyə-iqtisadi əməkdaşlığın yeni strategiyalarının axtarılmasının zəruriliyindən danışıb. O bildirib ki, Rusiya Federasiyasının Xəzəryanı ölkələr ilə əmtəə dövriyyəsi 2013-cü ildə 33 milyard dollar təşkil edib ki, bu da mövcud potensiala cavab vermir. A.Kazakovun sözlərinə görə, Xəzər İqtisadi İttifaqının yaradılmasının vaxtı çatıb.
Mərkəzi və Şərqi Avropa ölkələri Bank Assosiasiyasının baş katibi İştvan Lendyel panel iclasında çıxış edərək bildirib ki, təmsil etdiyi assosiasiya 1996-cı ildə banklararası biznesi dəstəkləmək üçün yaradılıb. Quruma 20 ölkədən 30 bank, o cümlədən Azərbaycan Beynəlxalq Bankı daxildir. O deyib: “Biz rəqabət aparmırıq, maliyyə bazarının inkişafı naminə əməkdaşlıq edirik”. İ.Lendyel əməkdaşlığın bir sıra zəruri elementləri barədə məlumat verərək bildirib ki, bu elementlər arasında ən əhəmiyyətlisi təcrübə mübadiləsidir. Əməkdaşlığı inkişaf etdirməyə çağıran İ.Lendyel ümidvar olduğunu bildirib ki, Bakı konfransı bu işə sanballı töhfə verəcək.
Bank VTB ASC-nin böyük vitse-prezidenti, Törəmə şirkətlər departamentinin rəhbəri Mixail Yakunin VTB-nin MDB məkanında fəaliyyətinin inkişafından, yeni filiallarının, o cümlədən Azərbaycanda filialının açılmasından söz açaraq deyib: “Azərbaycan ilə əməkdaşlığımız çoxşaxəlidir, müştərək müəssisə mövcuddur, biz AtaHoldinq ilə qarşılıqlı fəaliyyətimizi inkişaf etdiririk, onunla birlikdə yetərincə iri layihələr planlaşdırırıq”. M. Yakunin qarşılıqlı fəaliyyətin bəzi aspektləri üzərində dayanıb.
Rusiya Federasiyasının Ticarət-Sənaye Palatasının vitse-prezidenti Dmitri Kuroçkin “Avrasiya iqtisadi İttifaqı çərçivəsində investisiya fəaliyyətinin inkişafında ticarət-sənaye palatalarının rolu haqqında” məruzə ilə çıxış edib, Qazaxıstan Respublikası Milli Bankının sədr müavini Kuat Kojaxmetov Qazaxıstanın maliyyə-bank sistemindən danışıb. “Rus-Reytinq” QSC-nin baş direktoru Aleksandr Zaytsev reytinq xidmətləri bazarı haqqında informasiya ilə çıxış edib.
Sonra konfrans “MDB-nin maliyyə bazarları: dünya siyasi burulğanlarında inteqrasiya problemləri və perspektivləri. MDB məkanında inteqrasiya proseslərinin inkişafında elektron kommersiyanın rolu” mövzusunda panel iclası ilə işini davam etdirib.
Müstəqil Dövlətlər Birliyinin üzvləri olan dövlətlərin VII Beynəlxalq Bank Konfransı çərçivəsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti ilə “Roseksimbank” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.
İki bank arasında xarici iqtisadi sahədə əməkdaşlığı nəzərdə tutan sənədi Azərbaycan tərəfdən Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Cahangir Hacıyev, Rusiya tərəfdən “Roseksimbank”ın idarə heyətinin sədri Dmitri Qolovanov imzalayıblar.
Sabah konfrans “Xəzəryanı regionda infrastruktur layihələri Birlik məkanında islam maliyyələşdirməsinin inkişafı üçün yeni imkandır” mövzusunda panel iclası ilə işini davam etdirəcək.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.