Rayon icra hakimiyyətinin konfrans zalında payız-qış mövsümünə hazırlıqla bağlı icra hakimiyyəti başçısı yanında şuranın iclası keçirilib.
İclası giriş sözü ilə açan başçı İlqar Abbasov bildirib ki, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi yönümlü tədbirlər, ölkə əhalisinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi, qaz, su və digər kommunal xidmətlərə olan tələbatının ödənilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Əldə edilmiş nailiyyətlər son illər ölkədə aparılan uğurlu iqtisadi siyasətin, həyata keçirilmiş irimiqyaslı infrastruktur layihələrinin məntiqi nəticəsidir. Bütün bunlar Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, həyat səviyyəsinin yüksəlməsinə, eləcə də əhalinin mənzil-kommunal xidmətləri sahəsindəki mövcud problemlərinin həll olunmasına xidmət edir.
Şura iclasında çıxış edən icra hakimiyyəti başçısının birinci müavini Rəşad Hacıyev deyib ki, rayon təsərrüfatının payız-qış mövsümünə hazırlığını təmin etmək məqsədi ilə başçının 27 sentyabr 2014-cü il tarixli sərəncamı ilə qərargah yaradılıb. Tədbirlər planına müvafiq olaraq istilik qazanxanalarının enerji daşıyıcıları ilə fasiləsiz təmin olunması, mərkəzi istilik sisteminə qoşulan yaşayış binalarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin keyfiyyətli istiliklə təchiz edilməsi, mənzil-kommunal təsərrüfatında zəruri təmir işlərinin aparılması, qış mövsümündə nəqliyyatın normal fəaliyyət göstərməsi üçün küçə və yolların işlək vəziyyətdə saxlanılması, yanğın törədə biləcək amillərin qarşısının alınması istiqamətində nəzərdə tutulan işlərin hamısı yerinə yetirilib.
R. Hacıyev daha sonra qeyd edib ki, “Azəristiliktəchizat” ASC-nin rayonda fəaliyyət göstərən 9, 12 və 17 saylı istilik sistemləri istismar sahələri üzrə 9 istilik məntəqəsində və 36 müasir tipli məhəllədaxili qazanxanada nasos və mühərriklər təmir olunaraq işçi vəziyyətə gətirilib, istilik kəmərləri yuyularaq təzyiqlə yoxlanılıb. Bundan başqa, “Azəristiliktəchizat” ASC tərəfindən Qaraçuxur qəsəbəsi, Hacınski 100 ünvanda yeni qazanxana tikilib, 125 mənzil mərkəzləşdirilmiş istilik sisteminə qoşulub. Rayonda fəaliyyət göstərən 35 məktəb, 35 uşaq bağçası və 13 səhiyyə obyektinin əksəriyyətinin 2014-2015-ci illərin payız-qış mövsümündə istiliklə təmin olunması üçün problemlər həll edilib.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı"na əsasən hazırda əsaslı təmir olunan təhsil və səhiyyə müəssisələrində yeni istilik mənbələri yaradılır, məhəllədaxili və binadaxili istilik sistemləri yenidən qurulur.
Hazırda rayon üzrə 37 kooperativ bina, MKTB-nin balansında 349 bina və Xüsusi təyinatlı MKTB-nin balansında 705 bina, ümumilikdə 1091 ədəd yaşayış binası var. Onlardan 330-ədədi (30 faiz) istilik sisteminə qoşulub. 2013-2014-cü illərin payız-qış mövsümündə 303 bina (91,8 faiz) istilik alırdısa, görülmüş tədbirlər nəticəsində 2014-2015-ci illərin payız-qış mövsümündə artıq 322 yaşayış binası (97,5 faiz) istiliklə təmin olunacaq.
Mənzil-kommunal idarələri tərəfindən cari il ərzində xidməti ərazilərdəki yaşayış binalarında 36 min kvadratmetr ölçüdə dam örtüyü, zirzəmilərdə müxtəlif diametrli 190 metr su xətti, 212 metr kanalizasiya xətti, 174 metr istilik xətti, yağış sularının axıdılması üçün 60 metr su xətti təmir edilmiş, 450 metr tüstü bacaları təmizlənmiş, 48 ədəd yeni qapı quraşdırılmış, binaların girişlərində mövcud 63 ədəd qapı təmir edilib.
Rayon Su-kanal İdarəsi tərəfindən rayonda 71 min abonentin 27 mini, yəni 38,5 faizi 24 saat fasiləsiz su ilə təmin edilib, müxtəlif ünvanlarda 2448 metr su və 1100 metr kanalizasiya borusu çəkilib və ya təmir edilib, 8389 ədəd yeni su sayğacı və 57 ədəd lük quraşdırılıb.
Rayonun elektrik enerjisi şəbəkəsində 1 Kompleks Transformator Məntəqəsi quraşdırılıb, 4 Transformator Məntəqəsi əsaslı təmir olunub, 5 yeni Transformator Məntəqəsinin tikintisi başa çatdırılıb və avadanlıqların quraşdırılmasına başlanılıb. Qaz təchizatının yaxşılaşdırılması məqsədilə 1942 metr yeni qaz xətti çəkilib, 1043 ədəd “Smart-kart” tipli elektron qaz sayğacı quraşdırılıb, 1387 ədəd mexaniki qaz sayğacı yeni “Smart-kart” tipli elektron qaz sayğacı ilə əvəzlənib, 8 ədəd yeni tənzimləyici quraşdırılıb, 4 ədəd tənzimləyici əsaslı təmir olunub.
Zığ-Hövsan yolunda yenidənqurma işlərinə başlanılıb, rayonda 120 min kvadratmetr asfalt örtüyü salınmış, 204 ədəd işıq dirəyi və 344 ədəd çılçıraq quraşdırılıb. Qaraçuxur və Zığ qəsəbələrində, Yeni Günəşli “D” və “Q” yaşayış sahələrində mövcud olan qəzalı istinad divarlarında bərpa-gücləndirmə işləri aparılıb
Məruzə ətrafında çıxış edənlər görülmüş işlərlə yanaşı, qarşıya çıxan müəyyən çatışmazlıqları da qeyd edərək tezliklə həll olunmasının vacibliyini diqqətə çatdırıblar.
İclası yekunlaşdıran başçı İlqar Abbasov Suraxanının inkişafına diqqət və qayğı göstərən Prezident İlham Əliyevə rayon sakinləri adından dərin minnətdarlığını bildirərək, dövlət başçısını əmin edib ki, Azərbaycanın tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi naminə bundan sonra da nəzərdə tutulan vəzifələr layiqincə yerinə yetiriləcək.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.