Ölkə Prezidenti cənab İlham Əliyevin işləyib hazırladığı uzaqgörən inkişaf strategiyası nəticəsində son illərdə Azərbaycan dayanıqlı və davamlı iqtisadi inkişafını daha da sürətləndirmiş, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmişdir. Azərbaycan iqtisadiyyatının bir çox sahələrində, xüsusilə də qeyri-neft sektorunda nəzərə çarpan yüksəliş bir tərəfdən ölkəmizin geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən isə bu potensialdan tam istifadə olunması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi zərurətini ortaya qoyur.
Yaxın illərdə qarşıda duran əsas məsələlərdən biri iqtisadiyyatda karbohidrogen ehtiyatlarından asılılığı aradan qaldırmaq və iqtisadi artımı qeyri-neft sektorunun, o cümlədən onun aparıcı tərkib hissəsi olan sənayenin hesabına təmin etməkdir. Bu sahənin inkişafının innovasiyalar əsasında təmin olunması, texnoparkların sənayeləşmədə strateji layihələr kimi yer alması Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər sırasındadır.
Hazırda Azərbaycanda iri sənaye komplekslərinin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı ölkə iqtisadiyyatının sənayeləşməsini sürətləndirmək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsi üçün mövcud potensialdan daha səmərəli istifadə etmək məqsədilə 2014-cü ili “Sənaye ili” elan etmişdir. Bununla əlaqədar təsdiq olunan Tədbirlər Planı da hazırda uğurla reallaşdırılır. Həmin plana əsasən, bölgələrdə yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması istiqamətində geniş həcmli işlər görülür. Bununla bağlı sənaye müəssisələrində innovasiya yönümlü texnologiyaların tətbiqi stimullaşdırılır, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin, müasir texnoparkların yaradılması, iqtisadi rayonlar üzrə sənaye şəhərcikləri infrastrukturunun genişləndirilməsi istiqamətində tədbirlər reallaşdırılır. Bütün bunlarla yanaşı, standartlaşdırma siyasəti çərçivəsində sənaye sahələrində fəaliyyət göstərən müəssisələrdə beynəlxalq standartların tətbiqi təmin edilir.
İqtisadi İnkişaf Nazirliyindən aldığımız məlumata görə, yaxın gələcəkdə Azərbaycanda infrastruktur layihələrinin davam etdirilməsi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, qeyri-neft sektoruna investisiyaların cəlb olunması, rəqabət qabiliyyətli istehsalın dəstəklənməsi, istehsal prosesində müasir texnologiyaların istifadəsinin və intensiv metodların tətbiqinin stimullaşdırılması, maliyyə bazarlarına çıxış imkanlarının genişləndirilməsi, bazara çıxarılan məhsul və xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, qanunvericilik bazasının iqtisadi artımın stimullaşdırılmasını təmin edəcək şəkildə təkmilləşdirilməsi istiqamətində işlər və sahibkarlıq subyektlərinin maliyyə təminatının yaxşılaşdırılması məqsədilə güzəştli kreditlərin verilməsi kimi tədbirlər reallaşdırılacaqdır.
Sənayenin inkişafından danışarkən, bir məqama da diqqət yetirməyi zəruri sayırıq. Respublikamızda metallurgiya sənayesinin inkişafı üçün münbit şərait mövcuddur. Başqa sözlə, qarşıdakı illərdə yeni neft-qaz komplekslərinin, metro stansiyalarının tikintisi, I Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərinin inşası, yeni sənaye parklarının yaradılması metallurgiya sənayesinin sürətlə inkişafını sürətləndirməyə imkan verəcəkdir. Xatırladaq ki, hazırda polad məhsulları üzrə ölkədaxili bazarın həcmi təqribən 1 milyard manata bərabərdir və tələbatın böyük qismi, yəni 70 faizi idxal məhsulları hesabına ödənilir. Azərbaycanda isə qara metallurgiya sənayesi məhsullarına olan tələbat daim yüksələn xətlə artmaqdadır.
Azərbaycan iqtisadiyyatında əsas məqsədin qeyri-neft sənayesinin inkişaf etdirilməsi olduğunu deyən Prezident İlham Əliyev bildirmişdir ki, respublikada sənayeləşmə prosesi sürətlə getməlidir. Yaradılan və yaradılmaqda olan yeni sənaye müəssisələri uzunmüddətli inkişaf strategiyasını müəyyən edəcəkdir. Bu gün Azərbaycan dövləti öz üzərinə düşən bütün vəzifələri artıqlaması ilə icra edir. Respublikamızdakı kimi özəl sektora dəstək bəlkə heç bir ölkədə yoxdur. Bu dəstək, ilk növbədə siyasi dəstəkdir.
Azərbaycanda bu gün yaradılan yeni sənaye müəssisələri beynəlxalq standartlara uyğun qurulması ilə diqqəti cəlb edir. Məsələn, qeyri-neft sənayesi üçün böyük əhəmiyyət kəsb edən Bərk məişət tullantılarının yandırılması zavodu istehsal gücünə görə Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisədir. Dördüncü nəsil (4G) texnologiyalarının tətbiqi ilə əlaqədar qurulmuş bu zavod Avropa Birliyinin ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə cavab verir. 20 hektar ərazidə inşa olunmuş və illik emal gücü 500 min ton məişət tullantısı və 10 min ton tibbi tullantı olan zavodun fəaliyyəti nəticəsində ildə 60 milyon kubmetrdən artıq təbii qaz ekvivalentində enerjiyə qənaət olunacaq, 231,5 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək.
Avropanın enerji təminatında ölkəmizin xüsusi çəkisi və strateji əhəmiyyəti getdikcə artır. Artıq Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir infrastruktur layihəsinin reallaşdırılması mümkünsüzdür. Çox mühüm coğrafi mövqedə yerləşən respublikamız regionda əsas enerji resurslarına malikdir. Bundan başqa, ölkəmiz Asiya ilə Avropa arasında həm də təbii körpü rolunu oynayır. Hazırda bu regionda qlobal əməkdaşlığa daha böyük maraq olduğu bir dövrdə nəqliyyat, təhlükəsiz enerji dəhlizləri daha çox əhəmiyyət daşımağa başlayır. Azərbaycan yalnız enerji daşıyıcılarının tranziti üçün təhlükəsiz ölkə deyil, həm də, bunları hasil edən dövlətdir. Eyni zamanda, nəhəng qaz potensialımız da mövcuddur. Buna görə də Azərbaycanın regionun lider dövlətinə çevrilməsi təbiidir.
Yaxın beş ildə ölkə üzrə neft hasilatının 50-55 milyon tona, qaz hasilatının isə 30 milyard kubmetrə çatacağı nəzərdə tutulur. Bu isə regionun və Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın rolunun qarşıdakı illərdə daha da artacağına zəmanət verir. TANAP-ı haqlı olaraq BTC-dən sonra regionda ən böyük layihə adlandırırlar. Bu kəmər Türkiyəni önəmli enerji dəhlizinə çevirəcəkdir. Həm də bu layihə iki qardaş dövlətin enerji sahəsində bundan əvvəl Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri ilə vüsət alan, “Petkim”lə davam etdirilən əməkdaşlıq və tərəfdaşlığını daha da möhkəmləndirəcəkdir. TANAP layihəsi reallaşdırıldıqdan sonra dünyanın yeni enerji qaynağına çevriləcəkdir.
TANAP Azərbaycanla Avropa ölkələri arasında bir körpü olacaqdır. Yəni, Avropaya istiqamətlənən yanacağı TAP-a (Trans Adriatik Qaz Boru Kəməri) məhz TANAP ötürəcəkdir. TAP başlanğıcını Türkiyə-Yunanıstan sərhədindən götürəcək və Albaniyanın ərazisindən, Adriatik dənizindən keçərək İtaliyaya çatdırılacaqdır. İtaliyada və Yunanıstanda kəmər həmin yerlərdə mövcud olan qaz infrastrukturu ilə birləşəcəkdir. Hazırda “Şahdəniz” konsorsiumu qaz satışı üzrə İtaliya və Yunanıstanda bir sıra şirkətlərlə şərtlərini razılaşdırmışdır. Bundan əlavə, Bolqarıstanda da satışı həyata keçirmək üçün danışıqlar aparılmışdır. Gələcəkdə TAP-dan ayrılan “qollar” Azərbaycanın qaz ixracını daha da şaxələndirəcək.
Müstəqillik illərində Azərbaycanda aparılan iqtisadi islahatlar ölkə iqtisadiyyatına qoyulan xarici investisiyanın həcmini qat-qat artırmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatına 160 milyard dollar investisiyanın cəlb edilməsi heç də adi fakt deyil. Sevindirici haldır ki, ölkəmizə yatırılan sərmayənin həcmi ilbəil artmaqdadır. Təkcə ötən il ölkə iqtisadiyyatına 28 milyard dollar, başqa sözlə, rekord həcmdə sərmayə yatırılmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu vacib məsələdən danışarkən demişdir: “Çalışmalıyıq ki, xarici investisiyaları sənaye inkişafının artırılmasına, kənd təsərrüfatına, turizm, xidmət, İKT sektorlarına cəlb edək. Əlbəttə ki, bu, o qədər də asas məsələ deyildir... Ancaq Azərbaycanda islahatlarla, biznes mühitinin yaxşılaşdırılması və ümumi inkişafla bağlı mənzərə çox müsbət olduğu üçün hesab edirəm ki, əgər bu məsələləri düzgün təşkil etsək, biz xarici investisiyaları daha çox lazım olan sahələrə yönəldə bilərik...”.
İqtisadiyyatın maliyyə dayanıqlığı və xarici sərmayənin ölkəyə cəlb edilməsi baxımından dövlətin valyuta ehtiyatlarının həcmi ciddi əhəmiyyətə malikdir. Məhz bu səbəbdəndir ki, Azərbaycan hökuməti valyuta ehtiyatlarının artırılması siyasətinin davamlılığını təmin etmişdir. Hazırda ölkənin strateji valyuta ehtiyatları ÜDM-in 70 faizinə bərabərdir. Halbuki 2003-cü ildə bu göstərici cəmi 22 faiz idi. Həmçinin qeyd etmək lazımdır ki, ölkəmizin valyuta ehtiyatları onun xarici borcundan 8 dəfə çoxdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev xüsusi vurğulamışdır ki, biz öz vəsaitimizdən qənaətlə istifadə etməliyik. Büdcəmizi elə tutmalıyıq ki, Azərbaycanda valyuta ehtiyatları daim artsın.
Azərbaycanda infrastrukturun yeniləşdirilməsi nəticəsində respublikamızın, Bakının, paytaxtətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, qaza, suya, elektrik enerjisinə olan tələbatın ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görülmüşdür.
Yuxarıda sadalananlardan da göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin bugünkü inkişafını təmin etmək, xoşbəxt gələcəyini qurmaq yolunda göstərdiyi xidmətlərinə görə xalqımızın dərin rəğbət və məhəbbətini qazanmışdır. Son illərdə dövlət başçısı ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı şəkildə məharətlə inkişaf və davam etdirmişdir. Elə bunun nəticəsidir ki, Azərbaycanın yaxın gələcəkdə dünyanın nüfuzlu iqtisadi və siyasi güc mərkəzlərindən birinə çevriləcəyi heç kimdə şübhə doğurmur.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.