Bakı metropoliteni ən yüksək standartların tətbiqi erasına keçir 8 noyabr - Bakı metropoliteni işçilərinin peşə bayramı günüdür

Azərbaycan iqtidsadiyyatının özünəməxsus modelinin daha bir nümunəsi 2014-cü il fevralın 27-də dövlət başçısının sərəncamı ilə Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması oldu. Elə həmin gün növbəti sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zaur Mir Tofiq oğlu Hüseynovu “Bakı Metropoliteni” QSC-nin sədri təyin etdi.

Metropolitenin qapalı statuslu səhmdar cəmiyyətə çevrilməsi zamanın tələbi idi. Çünki təşkilatın bazar iqtisadiyyatının əsas tələblərinə cavab verməyən əvvəlki formatının daha çevik variantla əvəzlənməsinə ehtiyac yaranmışdı. Eyni zamanda, 2011-ci ildə imzalanmış sərəncamlarla başlayan böyük inkişaf perspektivini əngəlləyə biləcək səbəblər vaxtında aradan qaldırılmalı idi. Axı, qarşıdakı 20 il ərzində nəzərdə tutulmuş inkişaf planına əsasən, yeraltı dəmiryol xətlərinin ümumi şəbəkəsinin 2 mövcud və 3 əlavə yeni xətdən ibarət olması müəyyənləşdirilib, depoların sayı 5-ə, stansiyaların sayı 76-ya çatdırılmalı, xətlərin ümumi uzunluğu 119 kilometr olmalıdır. Bir sözlə, 53 yeni stansiya, 4 yeni depo və 84,3 kilometr metro xətləri inşa edilməlidir. Buna görə inkişaf sürətlə aparılmalı və ən müasir standartlara uyğun texnologiyalar tətbiq edilməlidir. İndi metronun inkişafı ilə bağlı bütün məsələləri vahid mərkəzdən kompleks şəkildə idarə etmək və yönəltmək, eyni zamanda dünya təcrübəsinin ən yaxşı nümunələrini birbaşa və maneəsiz tətbiq etmək, sosial yönümlü qərarları rahatlıqla vermək mümkün olacaq.

Yeni infrastrukturun yaradılması ilə bağlı verilmiş qərardan ötən 9 aya yaxın müddət də bunu əyani surətdə nümayiş etdirir. 9 ay böyük işləri həyata keçirmək üçün çox qısa müddət olsa da, ölkə başçısı İlham Əliyevin verdiyi konkret tapşırıq və tövsiyələrə uyğun olaraq  prinsipial mahiyyət yenilikləri edilərək, bu gün metropolitenin sabit inkişafı üçün zəmin yaradılıb. Bu cəhətdən  həm iqtisadi, həm də sosial tədbirlərin həyata keçirilməsi baxımından ötən 9 ay ərzində metropolitenin fəaliyyətində iki vacib istiqamət qabarıq şəkildə özünü göstərir. Bunlardan birincisi, texnoloji innovativ yeniləşmənin sürətləndirilməsi, ikincisi isə sosial  tədbirlərin dərinləşdirilməsidir. Onların hər birini xüsusi qeyd etmək lazımdır.

Metropolitenin inkişafı dedikdə, əlbəttə, ilk növbədə metro tikintisindən də söz açmaq lazımdır. “Bu gün yeni texnologiyalar tətbiq olunur. Biz Azərbaycanda, Bakıda bu texnologiyalardan istifadə etməliyik. Əvvəlki təcrübə çox qiymətlidir. Ancaq bugünkü təcrübə,  əlbəttə ki, həm işlərin daha da böyük səmərə ilə görülməsinə xidmət göstərəcək, həm də maksimum keyfiyyət təmin olunacaqdır” deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri hazırda metronun həm tikintisində, həm də istismarında ən müasir və qabaqcıl texnologiyaların tətbiqidir.

Məlumdur ki, birinci dövlət proqramının icra dövründə yeni bənövşəyi xəttin ilk 5 stansiyası təhvil verilməlidir. Əvvəlcə, xəttin ilk iki stansiyası - “Avtovağzal” və şərti adı “Memar Əcəmi-2” olan stansiyaları, sonrakı dövrdə isə digər 3 stansiyası istismara veriləcək.

Xəttin inşası zamanı metropolitendə ilk dəfə müasir tunelqazma qurğularının tətbiq edilməsi məlumdur.  Məhz bunun sayəsində qarşıya qoyulan vəzifənin sürətlə yerinə yetirilməsinə xüsusi təkan verilib. Stansiya tikintisində də yeni üsullar  artıq özünü tam doğrultmuşdur. “Memar Əcəmi-2” stansiyasında tətbiq edilən “Qruntda divar” üsulu iqtisadi səmərəsi ilə yanaşı, sosial mahiyyəti, texniki özəllikləri və uyğunluqları ilə seçilir, ekoloji üstünlükləri ilə fərqlənir. Belə tədbirlər və yeniliklər gələcəkdə yerindən və şəraitindən asılı olaraq  hər bir stansiyada tətbiq olunacaq.

Artıq yeni düşüncə tərzinin, müasir dünya standartlarının tələblərinə cavab verəcək, bu gün üçün ən yüksək təhlükəsizlik və sərnişin rahatlığı meyarlarının təmin olunduğu stansiyaların istifadəyə verilməsinə çox  qalmayıb. İstər “Avtovağzal”, istərsə də “Memar Əcəmi-2” stansiyalarında tikintinin əsas mərhələsi yekunlaşıb, quraşdırma və təchizat məsələləri uğurla davam etdirilir. Stansiyalarda müasir eskalator sistemləri ilə yanaşı, “Avtovağzal”da ilk dəfə uzun dəhlizləri, keçidlərdə hərəkəti asanlaşdıracaq travolatorlar tətbiq ediləcək. Onların quraşdırılması başa çatdırılıb. Yeni xətlərdə  əlillər və fiziki qüsurlu vətəndaşların istifadəsi üçün nəzərdə tutulmuş liftlər quraşdırılır. Bu təcrübəni nəzərə almaqla, ölkə başçısının tövsiyələrinə uyğun olaraq  əlillərin mövcud stansiyalardan da rahat istifadə etmələri üçün çıxış yollarının araşdırılmasına başlanılıb.

Yeni stansiyalarda təhlükəsizlik məsələləri optimal səviyyədə qurulacaq, sərnişin rahatlığı mümkün qədər yüksək səviyyəyə çatdırılacaq. Bu məqsədlə istər stansiyalarda, istərsə vaqonlarda kondisionerləşdirmənin tətbiqi, mikroiqlim sistemləri, havalandırmanın yeni üsullarından  istifadə olunması nəzərdə tutulub.

Metropoliten tarixində ilk dəfə müasir yanğın təhlükəsizliyi sistemləri tətbiq ediləcək. Onlar texniki imkanları ilə seçilməklə yanaşı, həm də yanğın siqnalizasiyası rolunu oynayaraq, xəbərdaredici vasitə kimi, məlumatlandırma, eyni zamanda, təxliyənin daha sürətlə aparılması  və s. kimi üstünlükləri ilə seçiləcək.

Əlbəttə, ən vacib məsələlərdən biri məhz sərnişinlərin metropolitendən rahat istifadə etmələrini təmin edən vasitələrin tətbiqidir. Bu mənada, hətta ilk dəfə metrodan istifadə edən sərnişinin səmti asanlıqla müəyyən etməsi, bir sıra informasiyalarla tanışlığı və s. nəzərdə tutan vasitələrlə təchizat mühüm yer tutur. Bu və digər informasiya təyinatlı elektron və digər vasitələrin tətbiqi geniş miqyasda təmin ediləcək.

Birbaşa əlaqəsi olmadığından sərnişin üçün bir qədər maraqlı görünməsə də, əlbəttə yeni xətlər və stansiyaların idarəetməsi də çox vacibdir. Metropolitendə qurulacaq SCADA sistemləri bu mənada yeni  nailiyyətlərdən sayılır və onun ən son modellərinin tətbiqi üzərində işlərə də artıq başlanılıb. Bununla əlaqədar məşhur “Thales” şirkəti ilə müqavilə imzalanıb. Bu isə sistemlər müasir proqramlaşdırma imkanları ilə stansiyada bütün şəbəkənin idarəetməsinin vahid mərkəzdə cəmlənməsinə kömək edir. Bu  həm də işin təşkili və yönləndirilməsini asanlaşdırır, sərnişinlərə xidmət səviyyəsini artırmağa kömək edir, həmçinin avadanlıqlara texniki xidməti də yüksək standartlar səviyyəsinə qaldırır.

İdarəetmə sistemlərindən söz düşmüşkən, metropoliten üçün ən vacib sahə olan qatarların hərəkətinin təşkili və idarə olunmasını qeyd etmək lazımdır. Onlar da mövcud sistemlərdən əsaslı şəkildə fərqlənəcək. Qatarların hərəkətinin idarəetməsi və ona nəzarət sistemləri müasir elmin ixtirası olan radiokanal idarəetməsi ilə təşkil ediləcək. CBTC adlanan bu sistemlər qatar hərəkətinin təhlükəsizliyi ilə yanaşı, intervalın ən optimal həddə çatdırılmasını, gələcəkdə idarəetmə təhlükəsizliyinin ən yüksək həddi sayılan maşinistsiz idarəetməni də təmin edəcək. Belə sistemlərin quraşdırılmasını da “Thales” şirkəti təmin edəcək.

Bu il mayın 12-də Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən Azərbaycan-Fransa biznes forumu “Bakı Metropoliteni” QSC üçün də əlamətdar olub. Forum çərçivəsində metropoliten Fransanın müxtəlif şirkətləri ilə 5 anlaşma memorandumu imzalayaraq onlarla gələcək əməkdaşlığın təməlini qoydu. Bu memorandumlar əsasında  göründüyü kimi, “Thales” şirkəti ilə metropolitendə müasir idarəetmə sistemlərinin tətbiqi sahəsində  əməkdaşlıq yüksək səviyyədə təşkil edilib.

Şübhəsiz,  metropolitenin yeni xətlərdə həyata keçirdiyi  yeniliklər müasir standartlara cavab verən vaqonlarsız natamam olar. Xəttin yeni tipli vaqonlarla təchizatını da Fransa şirkəti yerinə yetirəcək. Artıq məşhur vaqon istehsalçısı “Alstom”la müqavilə imzalanıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yeni xətlərdə stansiyaların platformalarının uzunluğu 7 vaqon üçün və ya 144 metr nəzərdə tutulub. Təzə xətlərdə  istismar olunacaq qatarlar ən yüksək və təhlükəsiz idarəetmə tələblərinə cavab verməsi ilə seçiləcək. Vaqonlar müxtəlif sosial qruplardan olan sərnişinlərin maraqlarını təmin edəcək müasir informasiya sistemləri ilə təchiz edilməklə yanaşı, həm də əlil  arabaları üçün yerlərlə də  təmin ediləcək. Beləliklə, metropolitendə əhalinin bu sosial qrupunun maraqları yeni xətlərin stansiyalarına daxil olandan onları tərk edənə qədər tam təmin edilmiş olacaq. Bundan savayı, bu vaqonlar kondisionerləşdirilməsi, mikroiqlim təminatı, havanın təmizlənməsi, germetikliyi və s. üstünlükləri ilə seçiləcək.

Əlbəttə, təkcə yeni xətlər deyil, dövlət proqramına uyğun olaraq  mövcud xətlərin inkişafı da unudulmayıb. Proqramın icra olunacağı müddətdə yaşıl xəttin daha 3 stansiyasının inşası da planlaşdırılıb. Hazırda şərti adı “Həzi Aslanov-2" olan stansiyanın, eləcə də Köhnə və Yeni Günəşli qəsəbələri istiqamətindəki tunellərin qazıntısı aparılır. Bir sözlə, qarşıdakı illərdə iki xətt üzrə, ən azı, 8 stansiya istismara veriləcək.

 2014-cü il oktyabrın 15-də  “BOUYGUES TRAVAUX PUBLİCS, LLS” ilə “Bakı Metropoliteni” QSC arasında “28 May” stansiyasında yeni tunelin tikintisi (qırmızı və yaşıl xətlərin ayrılması) işlərinin görülməsi ilə bağlı müqavilə imzalanıb. Qeyd edək ki, qırmızı xətlə (“Həzi Aslanov” - “İçərişəhər” stansiyaları arası) yaşıl xətt (“Dərnəgül” - “Xətai” stansiyaları arası) “28 may” stansiyasında kəsişir və bu da öz növbəsində qatarların hərəkət təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. İki xəttin bir-birindən ayrılması eyni zamanda qatarlar arası intervalın azaldılmasına xidmət edəcək. Nəzərə alaq ki, “Həzi Aslanov” stansiyasından hərəkət edən qatarlardan biri “İçərişəhər”, digəri isə “Dərnəgül” istiqamətinə hərəkət edir.  Bu baxımdan “Həzi Aslanov” - “28 May” stansiyaları arasında hərəkət intervalı 2 dəqiqə olsa da, bu özünü “28 May” - “Dərnəgül” stansiyaları arasında 4 dəqiqə kimi  göstərir. Xətlərin ayrılmasından sonra isə “28 May” – “Dərnəgül” istiqamətində hərəkət intervalını 2 dəfə azaltmaq imkanı yaranacaq.

Xətlərin ayrılması ilə yanaşı, sovet dövründən metropolitenin həllini gözləyən problemlərinin aradan qaldırılması istiqamətində əsaslı layihələrin həyata keçirilməsi də nəzərdə tutulur. Bu mənada dərin özüllü stansiyaların ikinci giriş-çıxışlarının istifadəyə verilməsi mühüm  əhəmiyyətə malikdir. 2009-cu ildə ölkə başçısının iştirakı ilə açılmış “28 May” stansiyasının ikinci giriş-çıxışından sonra daha birinin də istismara verilməsi istiqamətində fəal işlər aparılır. Sərnişin sıxlığı baxımından seçilən “Elmlər Akademiyası” stansiyasının ikinci giriş - çıxışı fərqli inşaat üsulunun tətbiqi ilə aparılır. Burada əsas yeraltı inşaat işləri demək olar ki, tamamlanıb. Qalan mərhələdə vestibülün, giriş-çıxışların inşası və təchizat işləri görüləcək.

Metropolitençilər üçün böyük əhəmiyyət kəsb edən yeni texnoloji korpusun istismara verilməsi xüsusi qeyd edilməlidir. Bu korpus metropolitenin müxtəlif xidmət və sahələrinin işini vahid mərkəz prinsipi ilə qurmağa şərait yaradıb. O, xətlərin fəaliyyətinin təmin edilməsi ilə bağlı bütün sistemlərin, o cümlədən hərəkətin təşkili və digər funksional sahələrin mərkəzləşmiş qaydada idarə olunmasını, fərqli dispetçer mərkəzləşməsini tətbiq etməyə imkan verəcək. Hazırda inşa olunan və gələcəkdə tikintisi nəzərdə tutulmuş xətlərin hər birinin müstəqil idarə olunması üçün lazım olan bütün şərait indidən qurulur. Dövlət başçısının tapşırığına əsasən  burada dünyada mövcud ən müasir sistemlər tətbiq olunacaq. Artıq enerji, eskalator və sanitar sahələrin dispetçer mərkəzlərinin işi buradan idarə olunur. Hərəkətin təşkili üzrə dispetçer mərkəzində sınaqlar və yoxlama işləri davam etdirilir.

“Metro tikintisi çox çətin məsələdir, çox böyük texniki imkanlar, peşəkarlıq və maliyyə resursları tələb edir. Biz isə bu işi görməklə şəhər sakinlərinin rahatlığını təmin etmək istəyirik. Yəqin, Bakı sakinləri onu da yaxşı bilirlər ki, metro tikintisi elə sahədir ki, oraya qoyulan vəsait, demək olar, geri qayıtmır. Birincisi, ona görə ki, metro tarifləri, yəni gediş haqları çox aşağıdır. Dünyada ən ucuz tariflər bizdədir. Digər tərəfdən, ona görə ki, metro tikintisi, demək olar, həmişə daha çox sosial xarakter daşıyır. Ona görə ki, buraya qoyulan vəsait və növbəti illərdə yeni stansiyaların tikilməsinə qoyulacaq vəsait insanların rahatlığı üçündür” deyən ölkə başçısının tövsiyələrinə uyğun olaraq ötən 9 ay ərzində müəssisənin fəaliyyətinin təmin edilməsi baxımından metropolitenin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli yeniliklər edilib. Böyük problemləri aşkarlanmış “Nərimanov” elektrik deposunda ehtiyat hissələrin tədarükündə, maşın və mexanizmlərlə təchizatında köklü dəyişikliklər edilərək, günün tələblərinə uyğun iş norması və prinsiplərinin qurulmasına başlanılıb. Bunun nəticəsində qatarların nasazlığına görə xətdən çıxarılması halları kəskin surətdə azalıb.

Ən mühüm işlər sırasında vaqon parkının müasir standartlar səviyyəsinə qaldırılmasıdır. Uzun müddət istismar olunan vaqonların əsaslı təmiri  vaxtının yetişməsi barədə qəbul edilmiş qərara əsasən onların modernləşdirilməsi də aparılır.  4 qatarı təşkil edən 20 vaqon Tbilisi eletrik qatarlarının təmiri zavodunda yeniləşdirilib. Onların əsas elektrik və mexaniki hissələri mümkün olan müasir standartlara uyğun tərzdə ən yeniləri ilə əvəzlənib və bununla istismar, qulluq və cari təmirlə bağlı əsas problemləri aradan qaldırılıb.

Təhlükəsizliyin təminatında əhəmiyyətli rol oynayan metroloji ölçü vasitələrinin yenilənməsi istiqamətində önəmli addımlar atılıb. Bu mənada yeraltı polad magistralımızın tarixi üçün ən əhəmiyyətli tədbirlərdən biri metropoliten infrastrukturunun diaqnostikası kompleksinin qurulması olacaq. Artıq bununla bağlı Rusiyanın “Tvema” şirkəti ilə müqavilə imzalanıb və işə başlanılıb. Müasir dünya metropelitenləri üçün də nadir yenilik olan bu kompleks 1935-ci ildə istehsal olunmuş və əvvəlcə Moskva metropolitenində istismar edildikdən sonra  Bakı metrosuna verilmiş və mənəvi cəhətdən ömrünü başa çatdırmış yolölçən vaqon anlayışını gündəlikdən çıxaracaq, yol təsərrüfatı əsas olmaqla daha bir neçə aparıcı sahədə yoxlamaların aparılaraq təhlükəsizliyin təminatında həlledici vasitəyə çevriləcək.

Metropoliten xətlərdə ən müasir sistemlərlə təchiz edilmiş daha bir motovozu istismara verməklə bu sahədə maddi-texniki bazanın əhəmiyyətli dərəcədə yenilənməsi ilə bağlı mühüm addım atılmış oldu. Həm də gündən-günə edilən yeniliklər sayəsində metropolitenin rəvan və təhlükəsiz fəaliyyətini təmin edən gecə növbəsində çalışanların əmək şəraitinə, tunellərə material və avadanlıqların daşınmasına daha bir töhfə verilmiş oldu.

 Sürətlə müasirləşən, ən yeni texnologiyaların geniş tətbiq edildiyi məkana çevrilmiş metropolitendə kadrların hazırlığı da aktuallıq kəsb edir. Buna görə də metropolitendə təlim-tədris mərkəzi yaradılıb. Artıq mərkəzdə “Thales” şirkətinin təlimləri başlayıb. Onu da əlavə edək ki, bu mərkəz ölkənin aparıcı elm və tədris ocaqları ilə sıx əməkdaşlıq qurmaqla, həm də kadr probleminin geniş miqyasda və əvvəlcədən  həllinə nail olmağa kömək edəcək, eyni zamanda müəssisəni metropolitendə tətbiqi mümkün olan elmi-texniki, texnoloji innovasiyaların mərkəzinə çevirməklə alimlərin, ixtiraçıların, səmərələşdiricilərin də marağına səbəb olaraq onların həvəsləndirilməsinə və çeşidli əməkdaşlığa yol açılmasına gətirib çıxaracaq. Bununla da metropoliten ölkə elmi, təhsili qarşısında əhəmiyyətli xidmət göstərmiş olacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrini əsas tutan QSC rəhbərliyi ilk günlərdən sərnişin rahatlığının təmin edilməsi ilə bağlı xüsusi addımlar atıb. Bu mənada əksər sərnişinlərin də bildirdiyi kimi  metropolitendə ticarətin ləğv edilməsi qeyd olunmalıdır. Həm sərnişinlərin, həm də metropolitençi mütəxəssislərin qeyd etdiyi kimi, məhz ticarət köşklərinin yığışdırılması ilə stansiyalarda hava sirkulyasiyasının normal təmin edilməsi mikroiqlim şərtlərini dəyişdirdi, havalandırmanın keyfiyyətinə əhəmiyyətli təsir göstərdi. Həmçinin ən vacib sahələrdə ventilyatorların yenilənməsi və modernləşdirilməsi işləri davam etdirilir.

Aparılan araşdırmalara görə, həm metropolitenin estetik görkəminə, həm də sərnişinlərin psixoloji ovqatına mənfi təsir göstərən rəngbərəng və məzmunsuz reklam lövhələrinin ləğvi də xususi qeyd oluna bilər. İndi metropolitenin stansiyaları istismara verildiyi illərdəki görkəminə qaytarılaraq sənət əsəri kimi diqqəti cəlb etməyə  başlayıb.

Ötən müddət ərzində işçilərin əmək şəraitinin yaxşılaşdırılması baxımından əhəmiyyətli dəyişikliklərə nail olunub.  “Nərimanov” elektrik deposu ərazisində yerləşən yeməkxana əsaslı təmir edilərək ən müasir məişət avadanlığı ilə təmin edilib, dizayn tərtibatında erqonomik təsirlərə xüsusi diqqət yetirilib. Lakin bu zahiri yeniləşmə ilə iş bitmir. Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyi ilə əldə olunmuş ümumi razılığa əsasən  naharın qiymətlərində əsaslı güzəştlər tətbiq edilib. Pulsuz yemək talonları təqdim edilən xüsusi ağır sahələrdə çalışanların sayı artırılıb. Eyni qayda yeni texnoloji korpusun yeməkxanalarında da tətbiq edilib.

 Metropolitenin elektrik deposu il ərzində simasını büsbütün dəyişib. Buradakı səliqəsiz çəpərlənmiş bağların yerində əsaslı yenidənqurma və abadlıq işləri aparılaraq yerində gözəl istirahət parkı salınıb. Parkın mərkəzi hissəsində ümummilli lider Heydər Əliyevin büstü qoyularaq ətrafında memarlıq və dekorativ işləri yerinə yetirilib. Quraşdırılmış fəvvarə fasilə vaxtı burada dincələnlərin zövqünü oxşayır.

Metropolitençilər Vətən uğrunda canlarını fəda etmiş həmkar-qəhrəmanlarını da heç vaxt unutmurlar.  QSC sədrinin təklifi ilə depo qarşısındakı ikinci parkda metropolitençi şəhidlərin xatirəsini əbədiləşdirən lövhənin yeni məzmunda tərtib edilməsi onların əziz xatirəsinə ehtiramın əlamətinə çevrilib.

Deponun girişində salınmış geniş, səliqə-sahmanlı avtomobil parklama sahəsi metropolitençilərin daha bir qayğısını aradan qaldırıb. Bütün bu addımlar yeni rəhbərliyin işə və işçiyə yaxşı münasibətinin təzahürü kimi rəğbətlə qarşılanıb.

Sosial rifah, mədəni istirahət dedikdə, metropolitençilər üçün  ilk növbədə, Bilgəhdəki sanatoriya-profilaktoriyada və istirahət zonasında yaradılan şərait daha maraqlıdır. İldən-ilə simasını dəyişən sanatoriyada bu il böyük yeniliklər edildi. Köhnə müalicəvi və tibbi avadanlıqların  yeni mövsümdən daha müasir avadanlıqlarla əvəz olunması  qərara alınıb. Kotteclərin  ardıcıl qaydada əsaslı təmir olunaraq yenidən qurulması prosesi bu il bir qədər fərqli olacaq. Gələn mövsüm istirahət zonasında yenidən qurulmamış kottec qalmayacaq. Bu isə işçilərə istirahət üçün daha yeni imkanlar açacaq. Ümumiyyətlə, həyata keçirilən sosial tədbirlər nəticəsində işçilərin sanatoriyadan istifadə müddəti xeyli artırılıb. Metropoliten tarixində ilk dəfə istirahət müddəti 6 aydan 8 aya qədər uzadılıb.

Daha bir yenilik də xüsusi qeyd olunmalıdır. Metropoliten rəhbərliyinin həmkarlar təşkilatı ilə birgə qərarına əsasən  cari ilin  yayında müstəqillik tarixində ilk dəfə metrpolitençilər qrup şəklində xarici ölkəyə turist səyahətinə göndərildilər. Gürcüstanın Kobuleti şəhərinə 376 nəfər turist səyahətinə göndərildi. Ölkə daxilində isə 468 nəfər Nabranda 3 günlük həftəsonu istirahət imkanı qazandı. Bilgəhdə yerləşən istirahət mərkəzindəki evlərdə 1000-dən artıq işçi istirahət edib. Sanatoriya-profilaktoriyada dincəlmək üçün 800-ə yaxın işçiyə yollayış verilib.

Əlbəttə, sosial rifahının yaxşılaşdırılmasından danışarkən  əməkhaqlarının artırılmasını da unutmaq olmaz. Metropolitendə aparılmış struktur islahatları nəticəsində işçilərin əmək haqlarında hiss olunacaq dəyişikliklər də nəzərə çarpmağa başlayıb. Bu artım qarşıdakı müddətdə də davam etdiriləcək. Metropoliten rəhbərliyinin əlamətdar günlərdə işçiləri mükafatlandırması təqdirəlayiq ənənələrin davamıdır.

Ümumiyyətlə, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla irəli aparılan iqtisadi-siyasi inkişaf kursunun təməlini məhz hər şeyin insanların, Azərbaycan xalqının rifahı və rahatlığı üçün olması təşkil edir.

Bütün bunlar ölkə başçısının qarşıya qoyduğu əsas vəzifələrin icrasında hələ ilk addımlardır. Qarşıda metropolitençiləri böyük işlər gözləyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeraltı magistralın inkişafı sahəsində qarşıya qoyduğu vəzifələr metropolitençilər üçün hər zaman yüksək ruh və etibarlılıq rəmzidir.

“Bakı Metropoliteni”

QSC-nin “Metro” qəzeti redaksiyası

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında