“BakuBuild” sərgisi keçirildiyi iyirmi il ərzində tikinti bazarında yerli və xarici istehsalçılar üçün mayak rolunu oynayıb.
Bu fikir “İTE Qrup” şirkətinin icraçı direktoru Edvard Stroona məxsusdur. Oktyabrın 22-də Bakı Ekspo Mərkəzində tikinti sahəsində 20-ci Azərbaycan Beynəlxalq inşaat sərgisinin (BakuBuild-2014) açılışında çıxış edən E.Stroon sözünə davam edərək bildirdi ki, müqavilələrin imzalandığı və tikinti xidmətləri bazarında təmayüllərin formalaşdığı səmərəli iş meydançası statusunu qazanan sərgi iyirmi il ərzində dünyanın 35 ölkəsindən 3200-dən artıq şirkəti və yüz mindən çox ziyarətçini qəbul edib.
Budəfəki yubiley sərgisi rekord göstəricilərlə seçilir. Belə ki, “BakuBuild”, “Aqua-Therm Baku” və “CIPS” kimi sərgiləri özündə birləşdirən “Xəzər inşaat həftəsi” dünyanın 29 ölkəsindən 490-dan artıq şirkəti təqdim edir. Sərginin ekspozisiyası Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarında, o cümlədən açıq meydançanda yerləşəcək. Burada Macarıstan, Almaniya, İtaliya, İran, İspaniya, Portuqaliya və BƏƏ milli qruplarla təmsil olunur. Ənənəvi olaraq, Türkiyə istehsalçıları 41 şirkətlə sərgidə böyük heyətə malikdir.
Sevindirici haldır ki, eksponentlərin təxminən 40 faizini yerli şirkətlər təşkil edir və bu şirkətlər arasında həm daimi iştirakçılar, həm də debütantlar var. Sərginin baş sponsoru “Corella” markası, qızıl sponsoru isə “AZPOL” markasıdır. Hər iki brend “BakuBuild” sərgisinin daimi iştirakçısı - “NB Group” şirkətlər qrupuna məxsusdur. “Holcim Azerbaijan” şirkəti sərginin qeydiyyat üzrə sponsorudur. Həmçinin Qazax sement zavodu da sərginin sponsorları arasındadır.
E.Stroon dedi ki, bu il sərgidə mebellərlə yanaşı, tikinti avadanlıqlarının geniş çeşidi, o cümlədən keramika, kafel (üzlük daşları), pəncərə və qapılar, interyer, eksklüziv santexnika avadanlıqları və dam örtükləri də nümayiş etdirilir. Bundan əlavə, Azərbaycanda landşaft dizaynına artan marağı nəzərə alaraq, bu sahədə ixtisaslaşan bir sıra italyan şirkətləri sərgidə öz orijinal həll variantlarını və layihələrini təqdim edirlər. “Amcador”, “Iveco”, “JCB”, “Hitachi”, “Hyundai”, “Manitou”, “Volvo”, “Caterpillar”, Hidromek və digər aparıcı brendlər üçün ayrılmış tikinti texnikası bölməsi də xüsusi diqqətə layiqdir.
Sərgi iştirakçılarını yubiley münasibətilə təbrik edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev və başqaları Azərbaycanın inşaat sənayesində ölkənin iqtisadi inkişafına və sərmayə axınına müsbət təsir edən irimiqyaslı dəyişikliklərin əhəmiyyətini vurğuladılar. Qeyd olundu ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bu günədək tikinti sektoru iqtisadiyyatının ən sabit və dinamik inkişaf edən sahələrindən biri olaraq qalır. “BakuBuild” sərgisi bunun əyani təcəssümüdür. Bu sərgi ölkəyə ən yeni texnologiyaları cəlb etməklə yanaşı, eyni zamanda, Azərbaycanın biznes baxımından müsbət imicinin yaradılmasında da mühüm rola malikdir. “BakuBuild” sərgisində iştirak edən şirkətlərin sayı ildən-ilə artır və onlar sonradan Azərbaycan haqqında müsbət informasiyanın özünəməxsus yayıcılarına və təbliğatçılarına çevrilirlər.
Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən sərgiyə rəsmi dəstək göstərilir.
Sərginin təşkilatçıları qismində “ITE Group Plc” (Böyük Britaniya) və “Iteca Caspian” şirkətləri çıxış edirlər. Burada on minlərlə mütəxəssisə tikinti sənayesinin yenilikləri ilə tanış olmağa, müqavilələr imzalamağa, sənayenin aparıcı istehsalçıları və distribüterlərinin tərəfdaşına çevrilməyə, beləliklə də, ölkənin sürətlə inkişaf edən tikinti sənayesində yeni texnologiyalar tətbiq etməyə imkan verəcəkdir.
“Xəzər inşaat həftəsi” öz işini oktyabr ayının 25-də yekunlaşdıracaq.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.