Zərdablılar yeni zirvələrə doğru inamla irəliləyirlər

Zərdab şəhərindəki Heydər Əliyev Mərkəzində  keçirilən hesabat yığıncağında rayonun 9 aylıq sosial- iqtisadi inkişafının yekunları ətraflı təhlil olundu, qarşıda duran vəzifələr Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin səsləndirdiyi tələblər baxımından konkretləşdirildi.

Yığıncağın əvvəlində nümayiş etdirilən videofilmdə 9 ayda rayonda görülən mühüm işlər əksini tapmışdı. Daha sonra hesabat məruzəsi ilə çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev respublikamızda gedən sürətli və davamlı inkişaf fonunda rayonda qazanılmış uğurlar barədə geniş məlumat verdi, diqqəti həlli vacib məsələlərə yönəltdi.

Rayon rəhbəri bildirdi ki, 2014-cü ilin 9 ayında iqtisadiyyatın əsas sahələrində 82 milyon 78 min manatlıq məhsul istehsal edilmişdir. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 2 milyon manat çoxdur. Hesabat dövründə istehsal olunmuş məhsul və xidmətlərin 48 milyon 500 min manatlığı kənd təsərrüfatının, 9 milyon 255 min manatlığı tikintinin, 12 milyon 306 min  manatlığı ticarət şəbəkəsinin, 1 milyon 99 min manatlığı sənayenin, 827 min 300 manatlığı nəqliyyatın, 280 min 700 manatlığı poçt və rabitə xidmətlərinin payına düşür.

Həyata keçirilən tədbirlər nəticəsində 9 ay ərzində rayonda 246 daimi iş yeri yaradılmışdır. Əmək yarmarkasında 48 nəfər işlə təmin olunmuşdur.

Hesabat dövründə rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatında inkişaf və irəliləyiş davam etdirilmişdir. Bu ilin məhsulu üçün əkilən 18031 hektar taxıl sahəsindən 49732 ton arpa və buğda istehsal edilmişdir ki, bu da ötən ildəkindən 2700 ton çox olmaqla, adambaşına 1 tona yaxın məhsul deməkdir. 4 ixtisaslaşmış fermer təsərrüfatı 246 hektardan 708 ton toxumluq taxıl götürmüşdür. Yeni alınan kombaynlar hesabına biçin zamanı əvvəlki illərdəki problemlər olmamışdır. 2015-ci ilin məhsulu üçün şumlanmış 10826 hektar sahənin 981 hektarında səpin aparılmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 950 hektar çoxdur.

Bu vaxtadək 485 hektar sahədən 220 ton pambıq tədarük olunmuşdur.

Rayonda iri malın sayı 54136 başa, qoyun-keçilərin sayı isə 112420 başa çatmışdır ki, bu da keçən ilin eyni dövrünə nisbətən 125  və 1452 baş çoxdur. Hesabat dövründə rayonda 32868 ton ət, 165315 ton süd, 6093 min ədəd yumurta, 165 ton yun istehsal edilərək, proqnoz tapşırığa artıqlaması ilə əməl edilmişdir. “Turac-2008" Məhdud Məsuliyyətli Cəmiyyət 9 ayda 11650 baş cücə inkubasiya edərək əhaliyə satmışdır.

Mal-qaranın yemə olan tələbatını ödəmək məqsədilə bu il 2353 hektarda təzə yoncalıq salınmışdır. İndiyədək 114355 ton qaba yem tədarük olunmuşdur ki, bu da keçən ilin eyni dövründəkindən 1973 ton çoxdur.

Əkinlərin suvarılmasını daha da yaxşılaşdırmaq üçün xeyli iş görülmüşdür. 18031 hektar taxıl, 16575,5 hektar yonca, 1168 hektar çoxillik əkmələr və meşə, 1932 hektar həyətyanı və 620 hektar bostan-tərəvəz sahəsi, 13 hektar pambıq və 75 hektar qarğıdalı sahəsinin suvarılması təmin edilmişdir. Bələdiyyələrin daxili imkanları hesabına 100,7 kilometr təsərrüfatdaxili kanal lildən təmizlənmiş, 18,1 kilometr əsas kanal, 13,4 kilometr şirə kanalı qazılmışdır.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Zərdab aqroservis filialı bu il fermerlərə güzəştli şərtlərlə 766,9 ton azot gübrəsi, 200 litr amin duzu, 17 litr pestisid, 9 kombayn, 2 traktor, 2 kotan satmışdır. Fermerlərə lizinq yolu ilə 5  traktor, 5 taxılsəpən, 5 kotan satmışdır. 212,5 hektar yoncalıq və 3304,6 hektar taxıl zəmisi biçilmiş, 273,3 hektarda şum aparılmışdır. İstehsalçılara 1,6 milyon manata yaxın subsidiya verilmişdir.

Təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı istiqamətində də müəyyən işlər görülmüşdür. Otmanoba və Körpükənd kənd orta məktəblərində, Böyük Dəkkə və Dəkkəoba kənd körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri aparılmışdır. Hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonda iki 50 yerlik körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilir. Dövlət Proqramına uyğun olaraq, Zərdab Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri işləri sürətlə davam etdirilir. Yerli büdcə vəsaiti hesabına Qoruqbağı kənd həkim məntəqəsinin, Sarıqaya və Pərvanlı kənd tibb məntəqələrinin hər birində cari təmir işləri aparılmışdır. Rayon mədəniyyət evində 20430 manatlıq cari təmir işləri aparılmış, mədəniyyət ocaqlarına 167990 manatlıq inventar və avadanlıq alınmışdır.

Məruzəçi daha sonra dedi ki, hesabat dövründə rayonda tikinti-quruculuq, abadlıq işləri də sürətlə davam etdirilmişdir. Milli Təhlükəsizlik Nazirliyi Zərdab Rayon Şöbəsinin inzibati binasının tikintisində hazırda tamamlama işləri başa çatmaq üzrədir. Vergilər Nazirliyinin Vergi Ödəyicilərinə Regional Xidmət Mərkəzinin və Kənd Təsərrüfatı Nazirliyinin rayonda yaradılacaq idarəsi üçün yeni binalar tikilir. 32 saylı Yol İstismar İdarəsi orta və cari təmir, yolların saxlanılması, körpülərin mühafizəsi istiqamətində 985,8 min manatlıq iş görmüşdür. Bələdiyyələrin daxili imkanları hesabına rayon kəndlərinin ərazisində 53,6 kilometr məsafədə yollara qreyder çəkilmiş, kəndarası yollara 2140 tondan çox çınqıl döşənmişdir.

Rayon ərazisindəki 0,4 və 10 kv-luq elektrik verilişi xətlərində istismara yararsız dayaqlar bərpa edilmiş, 42,1 min manatlıq təmir- bərpa işləri görülmüşdür. Gəlmə, Salahlı, İsaqbağı, Böyük Dəkkə kəndlərinə 55777,29 metr qaz xətləri çəkilmiş, sakinlər  “mavi yanacaq”la təmin edilmislər. Hüseynxanlı, Xanməmmədli, Yarməmmədbağı, Lələağacı kəndlərində qaz çəkilişi başa çatmışdır. Digər kəndlərə də qaz xətləri çəkilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi əvvəlki illərdə istifadəyə verdiyi 17 modul tipli sutəmizləyici qurğuda və bulaqlarda xarab olmuş hissələri dəyişdirmiş, lazım olan minerallarla, filtrlərlə təmin etmişdir.

 Bu il magistral yol kənarlarında və digər ərazilərdə 25 minə yaxın şam, küknar, iydə, türk qovağı və s. ağac əkilmişdir. Regional Meşəsalma Müəssisəsi 30 hektarda yeni meşəlik salmışdır.

Vətəndaşların ərizə və müraciətlərinə baxılması işi də xeyli yaxşılaşmışdır.

 Məruzə ətrafında müzakirələrdə Zərdab Suvarma Sistemləri İdarəsinin rəisi Soltan Sadıqov, Çallı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Ramiz Məmmədov və digərləri çıxış edərək ayrı- ayrı sahələrdəki uğurlardan, problemlərdən danışdılar və bildirdilər ki, zərdablılar bundan sonra da Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin layiqincə həyata keçirilməsinə çalışacaq, ölkə rəhbərinin diqqət və qayğısına əməli işlərlə cavab verəcəklər.

 

Ziyəddin SULTANOV,

“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında