Elektroenergetika işçiləri peşə bayramlarını qeyd etdilər

Dünən Azərbaycan elektrik enerjisi sisteminin çoxsaylı kollektivi peşə bayramlarını qeyd etdilər. Bayram tədbiri Azərbaycanın müasir elektroenergetika sisteminin yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarının və Şəhidlər xiyabanının ziyarəti ilə başlandı.

“Azərenerji” ASC-də keçirilən tədbirdə çıxış edən səhmdar cəmiyyətin prezidenti Etibar Pirverdiyev Azərbaycanın elektrik enerjisi sistemində baş verən tərəqqidən və əldə edilən nailiyyətlərdən danışdı. Qeyd olundu ki, Azərbaycanda elektrik enerjisi sisteminin tərəqqisi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Azərenerji” ASC-nin prezidenti bildirdi ki, ulu öndərin respublikamıza rəhbərlik etdiyi dövrlərdə energetika sistemində 3500 meqavata yaxın generasiya gücləri, 70 min kilometrə yaxın elektrik ötürücü xətləri istifadəyə verilib və beləliklə də, enerji sisteminin real imkanları iki dəfədən çox artırılıb.

Azərbaycanın indiki dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə enerji sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində görülən işləri milli enerji sisteminin yeni inkişaf mərhələsi kimi dəyərləndirən E.Pirverdiyev bildirdi ki, 2003-2014-cü illərdə Azərbaycanın müxtəlif regionlarında ümumi gücü 2000 MVt-dən çox olan yeni elektrik stansiyaları istismara verilib, 10 min kilometrdən artıq elektrik verilişi xətləri, 1500-dək yarımstansiya inşa edilib və ya yenidən qurulub.  Hazırda həyata keçirilməkdə olan layihələr barədə məlumat verən “Azərenerji” ASC-nin prezidenti onu da qeyd etdi ki, “Şimal” elektrik stansiyasında 409 MVt-lıq II enerji blokunun, Lerik və Yardımlı rayonlarının dayanıqlı enerji təchizatı layihəsi üzrə 16,5 MVt-lıq elektrik stansiyasının tikintisi, Mingəçevir və Varvara su elektrik stansiyalarının yenidən qurulması başa çatmaq üzrədir. Bununla da 2014-2015-ci illərdə nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi nəticəsində əlavə 600 meqavata yaxın güc əldə ediləcək.

Bayram tədbirində çıxış edən Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev bildirdi ki, məqsədyönlü enerji siyasəti hər bir dövlətin milli təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyətə malikdir. Bu baxımdan dayanıqlı elektrik sisteminin də özünəməxsus rol oynadığını diqqətə çatdıran nazir qeyd etdi ki, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın energetika kompleksinə xüsusi diqqət yetirmiş, bu sahədə misilsiz quruculuq işləri həyata keçirmişdir. Energetikanın yeni inkişaf mərhələsinin Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı olduğunu vurğulayan nazir dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə müstəqil enerji siyasətinin uğurla həyata keçirilməsindən, Azərbaycanın reallaşdırdığı regional və beynəlxalq enerji layihələrindən danışdı.

Tədbirdə çıxış edən digər natiqlər də ölkənin energetika sistemində görülmüş işlər və əldə olunmuş nailiyyətlərdən söhbət açdılar, energetiklərin əməyinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.

Bayram tədbirində “Azərenerji” ASC-nin kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul olundu.

Sonda bu il yüksək bal toplayaraq ali məktəblərin energetika fakültələrinə qəbul olunmuş tələbələrə hədiyyələr təqdim olundu. Bayram tədbiri çərçivəsində tələbələrin “Sumqayıt” Elektrik Stansiyasına və Sumqayıt Texnologiya Parkına səfəri təşkil olundu.

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında