Azərbaycanın makroiqtisadi və maliyyə sabitliyi müsbət qiymətləndirilir

Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının yüksək vəzifəli şəxsləri  Azərbaycanda müşahidə edilən makroiqtisadi və maliyyə sabitliyi haqqında müsbət fikirdədirlər.

Dünyada demoqrafiya, qeyri-bərabərlik, işsizlik və ekologiya ilə bağlı problemlər daha da kəskinləşib. Odur ki, 2008-ci ildəki dünya maliyyə böhranından sonrakı bərpa prosesinə dəstəyin davam etdirilməsi, həmçinin fiskal siyasətin mümkün qədər çox iş yerlərinin yaradılması və iqtisadi artıma yönəldilməsi vacibdir.

Maliyyə Nazirliyindən AzərTAc-a verilən məlumata görə, bu fikirləri Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının illik toplantısında fondun icraçı direktoru Kristin Laqard çıxışı zamanı səsləndirib.

Toplantıda Azərbaycanı maliyyə nazirinin müavini Azər Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə dünya iqtisadiyyatının cari vəziyyəti, gələcək siyasətin əsas istiqamətləri barədə müzakirələr aparılıb. Bildirilib ki, cari ildə qlobal iqtisadi artım 3,3 faiz təşkil edəcək, növbəti ildə bu göstəricinin 4 faizdən aşağı olacağı gözlənilir.

Dünya Bankının prezidenti Cim Yen Kim ötən il bank tərəfindən ümumilikdə 60 milyard ABŞ dolları həcmində kredit və investisiya yatırıldığını, bunun 40 faizinin infrastrukturun maliyyələşdirilməsinə yönəldildiyini qeyd edib. O, inkişaf etməkdə olan ölkələrin infrastrukturla bağlı tələblərinin ildə 1-1,5 trilyon ABŞ dollarına yüksəldiyini və bunun müqabilində Dünya Bankının ayırdığı vəsaitin çox cüzi olduğunu diqqətə çatdırıb.

Toplantı çərçivəsində maliyyə nazirinin müavini A. Bayramov ölkəmizi Dünya Bankının və BVF-nin Direktorlar Şurasında təmsil edən isveçrəli direktorlar Yorq Friden və Daniel Heller ilə görüşüb. Görüş zamanı bu beynəlxalq qurumlarda Azərbaycanın təmsilçiliyinin genişləndirilməsi, əlaqələrin gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Görüşdə ölkəmizdə müşahidə olunan iqtisadi inkişaf, makroiqtisadi və maliyyə sabitliyi müsbət qiymətləndirilib, son illərdə əldə edilən uğurlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

A.Bayramov, həmçinin İsveçrənin təkrarsığorta şirkəti “Swiss Re”nin vitse-prezidenti Andreas Pristav və icraçı direktor Reto Şnarviller ilə görüşüb. Şirkət rəsmiləri Azərbaycanla əməkdaşlığın mümkün istiqamətləri barədə geniş təqdimatlar ediblər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında