Cənub bölgəsinin mərkəzi sayılan Lənkəran sürətlə inkişaf edir və gözəlləşir. Şəhər icra hakimiyyəti başçısı yanında şuranın geniş tərkibli iclasında 2014-cü ilin doqquz ayının yekunları ətraflı müzakirə olunub və nailiyyətlərlə arxayınlaşmamaq əzmi ifadə edilib.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin doqquz ayının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələri və bu yöndə görülmüş işləri nəzərə çatdıran icra hakimiyyətinin başçısı Taleh Qaraşov bildirdi ki, ilin əvvəlindən ölkədə makroiqtisadi vəziyyət sabit olub, ümumi daxili məhsul 2,5 faiz, qeyri-neft sektorunda istehsal 6 faiz artıb. Ölkədə böyük tikinti layihələri icra olunub, çoxlu sayda istehsal və sosial obyektlər istifadəyə verilib, yeni iş yerləri açılıb. Həmişə olduğu kimi, hökumətin fəaliyyətində sosial siyasət öndə olub. Əhalinin yaşayış səviyyəsi xeyli yüksəlib, pul gəlirləri 5,4 faiz çoxalıb.
Sonra icra hakimiyyəti başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov məruzə etdi. Bildirdi ki, rayonda bir çox sahələr üzrə yüksək nəticələr əldə olunub. Ümumi məhsul buraxılışı 3,1 faiz artaraq 291,4 milyon manat təşkil edib. Sənayedə 14,8 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 5,6 faiz çox məhsul istehsal olunub. Doqquz ayda 2024 yeni iş yeri açılıb ki, bunun da 1583-ü daimidir.
Məruzəçi ayrı-ayrılıqda rayonun nəqliyyat, telekommunikasiya və poçt sahələrində görülmüş işlər barədə məlumat verdi, aqrar sahədə həyata keçirilən tədbirlərdən danışdı, sahibkarlığın inkişafından bəhs etdi. Qeyd olundu ki, rayonda geniş abadlıq və quruculuq işləri aparılıb.
Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə ayrılmış vəsaitə uyğun olaraq üç yaşayış məntəqəsini birləşdirən 18,8 kilometrlik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu yüksək səviyyədə çəkilib. Şəhər rəhbərliyinin müraciətinə əsasən “Azəryolservis” ASC tərəfindən 2-ci dərəcəli Ələt-Astara magistral avtomobil yolunun Lənkəran ərazisindən keçən hissəsinin dörddə-biri əsaslı təmir olunaraq istifadəyə verilib, bu yolun daha 3,5 kilometr hissəsinin təmiri nəzərdə tutulur. Bundan başqa, icra hakimiyyəti tərəfindən dövlət vəsaiti hesabına şəhər daxilində 39,2 min kvadratmetr yol əsaslı təmir edilib, Məruzəçi həmçinin tikinti-quraşdırma işlərindən, əhaliyə göstərilən ticarət xidmətindən danışdı. Əmək pensiyalarının, sosial müavinətlərin, aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımlarının vaxtlı-vaxtında verilməsinin daim diqqətdə olduğunu vurğuladı. Bildirdi ki, əhalinin normal işıq və qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması və digər kommunal xidmətlər üzrə də zəruri tədbirlər həyata keçirilib.
Doqquz ayda 42 saylı yol istismar idarəsinin balansında olan avtomobil yollarında cari təmir işləri aparılıb. Tükəvilə-Diryan-Gəgiran, Hirkan-Daşdatük-Biləsər avtomobil yollarında körpülər tikilib, Daşdatük kəndi ərazisində Bəşəru çayın üzərində yeni körpünün inşası başa çatdırılıb. Qumbaşı kəndində isə avtomobil körpüsü əsaslı təmir edilib. Şəhər icra hakimiyyətinin daxili imkanları hesabına Günəhir-Türkəncil kəndarası yolunun 4 kilometri əsaslı təmir edilib, Göhnəgəgir və Biləsər kəndarası yollarında təmir aparılıb.
Rayonda təhsilin səviyyəsinin yüksəldilməsi də prioritet vəzifə sayılır. Ötən tədris ilində orta məktəbi bitirən 1699 məzundan 900-ü ali məktəblərə sənəd verib, onların 473 nəfəri tələbə adını qazanıb. 33 nəfər 600-dən yuxarı bal toplayıb, 1 nəfər məzun Prezident təqaüdünə layiq görülüb. Təhsilin maddi-texniki bazasının gücləndirilməsi üçün də tədbirlər davam etdirilib. Cari tədris ilinin əvvəlində şəhər 8 saylı, Qurumba, Yuxarı Nüvədi, Daştalığjar, Tütəpeştə, Xanbulan, Bəliton, Şağlaser, Separadi, Tükəvilə məktəbləri üçün tikilən yeni binalar istifadəyə verilib və şəhər 2 saylı orta məktəbi əsaslı təmir olunub. Darquba kənd tam orta məktəbinin inşası davam etdirilir. Sahibkar tərəfindən 120 yerlik uşaq bağçasının tikintisinə başlanıb.
Lənkəran Mərkəzi Rayon Xəstəxanasının müəssisələrində əhaliyə xidmətinin səviyyəsini yaxşılaşdırmaq üçün tədbirlər həyata keçirilib. Cənab Prezidentin göstərişinə əsasən, yazda əhalinin ümumi profilaktik müayinələri uğurla sona çatdırılıb. Ümumilikdə, 144104 nəfər müayinədən keçib. Hazırda 18 yaşadək uşaqların müayinədən keçirilməsi davam etdirilir. Səhiyyə ocaqlarında bir sıra təmir işləri də aparılıb. Ağ ciyər xəstəlikləri müalicəxanası cari təmir olunub. Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasında əsaslı təmir işləri görülüb. Biləsər kənd tibb məntəqəsi üçün yeni bina tikilərək istifadəyə verilib. Ruhi əsəb xəstəlikləri klinikası üçün yeni binanın tikintisinə başlanıb.
Hazırda rayonda 1 teatr, 4 muzey, 71 kənd kitabxanası və 76 klub fəaliyyət göstərir. Mədəniyyət obyektləri təmir olunur. Lənkəran şəhərində Q.Vəliyev adına Mədəniyyət Mərkəzində əsaslı təmir və yenidənqurma işləri görülüb. Tarix-diyarşünaslıq muzeyində ilk dəfə olaraq aparılan əsaslı təmir və bərpa işləri başa çatmaqdadır. Həqiqət Rzayeva adına 2 saylı musiqi məktəbində təmir işləri aparılıb. Rayonda gənclər siyasətinin uğurla davam etdirildiyini diqqətə çatdıran məruzəçi gənclərlə əlaqədar keçirilmiş tədbirlərdən, gənc idmançıların respublika və beynəlxalq yarışlarda rayonu uğurla təmsil etməsindən söhbət açdı, Lənkəran şəhərində müasir Olimpiya Kompleksinin tikintisinə başlanıldığını diqqətə çatdırdı.
Yeni istifadəyə verilmiş Gənclər Mərkəzi asudə vaxtın səmərəli keçirildiyi əsas ünvana çevrilib. Mərkəzdə idman dərnəkləri fəaliyyət göstərir, milli intellektual oyunlar keçirilir.
Məruzəçi daha sonra gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi yönümündə görülən tədbirlər barədə məlumat verdi, rayonun hüquq-mühafizə orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin mühafizəsi və ictimai təhlükəsizliyin təmin olunması sahəsində görülən ardıcıl tədbirlərdən danışdı.
Lənkəranda vətəndaş müraciətlərinə həssaslıqla yanaşılır. Doqquz ay ərzində şəhər icra hakimiyyəti başçısının 36 qəbulu keçirilib və 3823 vətəndaş qəbul edilib. Həmin dövrdə icra hakimiyyətinin başçısı tərəfindən ayrı-ayrı yaşayış yerlərində 28 səyyar qəbul-görüş keçirilib və bu görüşlərdə 9870 nəfər iştirak edib, 245 vətəndaş dinlənilib və onlar tərəfindən 288 məsələ qaldırılıb. Vətəndaşların müraciətlərinə əsasən icra hakimiyyəti tərəfindən əhaliyə 96 min manat dəyərində tikinti materialı, 130 min manatlıq ərzaq və maddi yardım verilib.
Məlum olduğu kimi, 2014-cü il ölkəmizdə “Sənaye ili” elan edilib. Bununla əlaqədar Lənkəran sahibkarları və iş adamları ilə söhbət aparılıb, onlara rayonun iqtisadi tələbatına uyğun istehsal və emal müəssisələrinin yaradılması tövsiyə edilib. Bunun nəticəsində şəhərdə 1 çörək zavodu, 1 yem fabriki tikilərək istifadəyə verilib, digər 2 çörək zavodunda və “Lənkəran Mexanikiləşdirmə” MMC-də yeni istehsalat sexlərinin tikintisi davam etdirilir. Bu sahələr fəaliyyətə başladıqdan sonra daha 420 nəfər işlə təmin olunacaq. Dövlət idarə və müəssisələrində iş şəraitinin yaxşılaşdırılması üzrə də tədbirlər görülür.
Turizmin inkişafı ilə əlaqədar şəhərdə 11 mərtəbəli, 5 ulduzlu otel-kottec kompleksinin tikintisi davam etdirilir.
Məruzə ətrafında müzakirələrdə bir sıra sahə kollektivlərinin işləri barədə məlumatlar verildi.
Şura iclasını yekunlaşdıran icra hakimiyyətinin başçısı Taleh Qaraşov qeyd etdi ki, lənkəranlılar görülmüş işlərlə kifayətlənməməli, uğurların sayını artırmalı, bütün imkanları səfərbər etməlidirlər. Payız-qış mövsümünü nümunəvi keçirmək üçün müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi. Eyni zamanda şəhər, qəsəbə və kəndlərdə səliqə-sahmanın daim diqqət mərkəzində saxlanılması vacibliyi önə çəkildi. Yaşıllaşdırma və ağacəkmə kampaniyasının mütəşəkkil yerinə yetirilməsi üçün tövsiyələr verildi.
Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.