Dünən Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında şura iclası keçirildi. Tədbirdə ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında irəli sürülmüş vəzifələrdən geniş bəhs edildi, hesabat dövründə Nərimanov rayonunun sosial-iqtisadi inkişaf istiqamətləri və qarşıda duran vəzifələr geniş təhlil olundu.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon icra hakimiyyəti binasının foyesindəki büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev açaraq Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələrin ölkənin bütün şəhər və rayonlarında geniş müzakirə edildiyini diqqətə çatdırdı. A. Fərzəliyev ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görüldüyünü və bu işlərin hazırda da uğurla davam etdirildiyini bildirdi.
Daha sonra Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, 2014-cü ilin doqquz ayının yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmiş və bu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 941,2 milyon manatlıq məhsul istehsal olunmuş, ötən ilin müvafiq dövrünə nisbətən 1,1 faiz artım əldə edilmişdir. Hesabat dövründə istehlakçılara 1 milyard 886,1 manatlıq sənaye malları göndərilmiş, məhsulun həcmində dövlət sektorunun xüsusi çəkisi 85,8 faiz təşkil etmişdir. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 3842 daimi iş yeri açılmışdır.
Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilin ötən dövründə ölkəmizin ən iri səhiyyə müəssisəsi olan Bakı Sağlamlıq Mərkəzinin və Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun açılış mərasimlərində iştirak etmiş, Nərimanov rayonunda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yolötürücülərində, eləcə də Akademik Həsən Əliyev küçəsi ilə Ziya Bünyadov prospekti – Bakı Olimpiya Stadionu avtomobil yolunun birinci hissəsində həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işlərindən söhbət açan Ş. İbadov bildirdi ki, “Gənclik” metrostansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşa olunması, Vaqif prospektinin genişləndirilməsi və Əhməd bəy Ağaoğlu küçəsi ilə birləşdirilməsi, Ziya Bünyadov küçəsinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrinin həyata keçirilməsi işləri uğurla davam etdirilmişdir. Bundan əlavə, Heydər Əliyev prospekti, Koroğlu Rəhimov, Akademik Həsən Əliyev küçələrində istismar müddətini keçmiş, yararsız hala düşmüş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində müvafiq işlər aparılmışdır.
Rayonun təhsil və səhiyyə müəssisələrində həyata keçirilən təmir və yenidənqurma işlərindən bəhs edən natiq bildirdi ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində yay mövsümündə 47 nömrəli tam orta məktəb əsaslı təmir olunmuş, 207 nömrəli tam orta məktəb üçün 280 şagird yerlik əlavə tədris korpusu inşa edilmiş, əsalı təmirdən sonra 180 və 89 nömrəli uşaq bağçaları istifadəyə verilmişdir. 2014-cü ilin ilk yarısında əsaslı təmirdən sonra Nərimanov rayonu ərazisində yerləşən Bakı Şəhər Uşaq Bərpa Müalicə Mərkəzi istifadəyə verilmiş, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa və Təbii Amillərlə Müalicə İnstitutunda əsaslı təmir işləri isə hazırda sürətlə davam etdirilir. Bu il, həmçinin 6 saylı uşaq xəstəxanasında və 7 saylı qadın məsləhətxanasında yenidənqurma və bərpa işlərinin aparılması nəzərdə tutulmuşdur.
Ş. İbadov rayonun abadlaşdırılması, mənzil-kommunal obyektlərinin istismarı vəziyyətinin yaxşılaşdırılması sahəsində 2014-cü ilin 9 ayı ərzində görülmüş işləri konkret faktlarla əsaslandıraraq növbəti payız-qış mövsümünə hazırlıqla bağlı görülmüş işləri diqqətə çatdırdı. Cari ilin doqquz ayında rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində dövlət başçısının müvafiq fərman, sərəncam və tapşırıqları rəhbər tutularaq rayonun xidmət sahələri və idarələri tərəfindən ardıcıl tədbirlərin görüldüyünü bildirdi.
Məruzə ətrafında çıxış edən digər natiiqlər cari ilin ötən doqquz ayında rayonun sosial-iqtisadi inkişafı sahəsində uğurlu göstəricələrin əldə olunmasını son illər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı işlərin məntiqi nəticəsi kimi dəyərləndirdilər. Ölkəmizin davamlı inkişafının təmin olunması istiqamətində səylərini bundan sonra da davam etdirəcəklərini bildirdilər. Nərimanov rayonunda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə fikirlərini bildirən Milli Məclisin deputatı Rasim Musabəyov sakinlərin problemlərinin həlli istiqamətində görülən işləri yüksək dəyərləndirdi.
Hesabat iclasına yekun vuran icra hakimiyyətinin başçısı A.Fərzəliyev Nərimanov rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması, onlara göstərilən kommunal və digər xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində doqquz ay ərzində çox böyük işlərin görüldüyünü və hazırda bu istiqamətdə həyata keçirilən tədbirlərin uğurla davam etdirildiyini diqqətə çatdırdı, 2014-cü il üçün nəzərdə tutulmuş bütün tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetiriləcəyinə əminlik ifadə etdi.
Sonda ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə rayonun təhsil, eləcə də sosial-iqtisadi və ictimai-mədəni həyatında fərqlənən şəxslərə Nərimanov Rayon İcra Hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olundu.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.