Neft strategiyasının uğurları Azərbaycanın beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artırır “Əsrin müqaviləsi” – 20

 

 

1994-cü il sentyabrın 20-də dünyanın 11 transmilli neft şirkəti ilə ARDNŞ arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsünə dair saziş imzalandı. Bununla da, Xəzər dənizində beynəlxalq əməkdaşlığın bünövrəsi qoyuldu. Xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının reallaşdırılmasına başlanıldı. Tarixə “Əsrin müqaviləsi” adı ilə düşmüş bu saziş Odlar yurdu, qədim neft-qaz ölkəsi olan Azərbaycana əvvəlki şan-şöhrətini qaytardı, dünyanın nəzərlərini yenidən ölkəmizə cəlb etdi.

“Əsrin müqaviləsi” təkcə dünya bazarının yüksək keyfiyyətli neftlə təminatına deyil, eyni zamanda, ölkəmizin və bütövlükdə Cənubi Qafqazın makroiqtisadi dirçəlişinə imkan yaratmış, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Mərkəzi Asiya regionu dövlətləri üçün strateji əhəmiyyət daşımışdır. Ən əsası isə bu saziş Azərbaycan Respublikasının dövlət müstəqilliyinin mühüm təminatına çevrilmiş, onun dünya birliyinə sıx inteqrasiyasını təmin etmişdir. Bu mənada “Əsrin müqaviləsi” artıq beynəlxalq aləmdə böyük nüfuz qazanmış, regionun lider ölkəsi kimi dünyada yaxşı tanınan Azərbaycan dövlətinin sosial-iqtisadi yüksəlişinin təməl daşına çevrilmişdir. Təsadüfi deyil ki, Azərbaycanın yeni neft strategiyasının uğurlarından bəhs edən Prezident İlham Əliyev demişdir: “1994-cü ildə biz yeni siyasətə qədəm qoyduq və o ildən başlayaraq bu günə qədər Azərbaycan neft-qaz sektorunda böyük uğurlara imza atmışdır. Deyə bilərəm ki, kontrakt imzalanandan sonra dünya tarixində bəlkə də ən qısa müddət ərzində ilk neftin çıxarılmasına qədər cəmi üç il vaxt keçmişdir. Bu da dünya miqyasında rekord göstəricidir. 1997-ci ildə “Çıraq” platformasından ilk neft çıxarılmışdır. Mən o günü yaxşı xatırlayıram. O gün doğrudan da, bir bayram günü idi. Bəlkə də çoxları o vaxt anlamırdı ki, bu nəyə gətirib çıxaracaqdır. Ancaq bugünkü reallıq, Azərbaycanın bugünkü uğurlu inkişafı məhz o ildən, o gündən başlamışdır”.

Ötən 20 il ərzində “Əsrin müqaviləsi”çərçivəsində həyata keçirilən tədbirlər, mühüm infrastruktur layihələrinin reallaşdırılması ölkəmizin dinamik sosial-iqtisadi inkişafı üçün möhkəm zəmin yaratmışdır. Belə ki, özünün zəngin karbohidrogen ehtiyatlarından düzgün, səmərəli şəkildə istifadə edən Azərbaycan Respublikası regionun ən sabit və dinamik inkişaf edən ölkəsinə çevrilmişdir. Artıq bir neçə ildir ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatında yaxından iştirak edir. Eyni zamanda, neft və qaz ixracından əldə edilən gəlirlər hesabına Azərbaycanın iqtisadi imkanları xeyli artmış, ölkəmiz bir sıra regional layihələrin təşəbbüskarı və əsas iştirakçısına çevrilmişdir. “Əsrin müqaviləsi”nin uğurla reallaşdırılması ilə əsası qoyulmuş Azərbaycanın yeni neft strategiyası iqtisadiyyatın şaxələndirilməsi, xüsusən də qeyri-neft sektorunun inkişafı üçün də əlverişli imkan yaratmışdır. Bu da öz növbəsində ölkənin neftdən asılılığının azalmasına və yeni iş yerlərinin yaradılmasına səbəb olmuşdur. Bununla belə, Azərbaycanda neft-qaz sektoru hələ uzun illər iqtisadiyyatın aparıcı sahəsi olaraq qalacaqdır.

Əvvəlki illərdə olduğu kimi, yubiley ilinin ötən dövründə də Azərbaycanın yeni neft strategiyasının əsasını qoymuş “Əsrin müqaviləsi” çərçivəsində bir sıra mühüm nailiyyətlər əldə olunmuşdur. Cari ilin yanvar ayının 28-də “Qərbi Çıraq” platformasından hasilata başlanılması Azərbaycanın neft strategiyası üçün növbəti əlamətdar hadisələrdən sayıla bilər. O vaxtdan bəri sözügedən platformadan dörd quyu istismara daxil edilmişdir. “Azəri-Çıraq-Günəşli” layihəsinin operatoru olan bp-Azərbaycan şirkətinin 2014-cü ilin birinci yarısının nəticələrinə dair hesabatına əsasən, yanvar-iyun aylarında konsorsium iştirakçıları tərəfindən “Azəri-Çıraq-Günəşli” layihəsinin əməliyyat tədbirlərinə 479 milyon dollar, əsaslı məsrəflərinə isə 1 milyard 231 milyon dollar xərclənmişdir.

2014-cü ilin ilk yarısında konsorsium iştirakçıları tərəfindən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda istismar edilən altı hasilat platformasından ümumilikdə 16 milyon ton neft çıxarılmışdır. Həmin platformalar üzrə ümumi orta gündəlik neft hasilatı isə 656 min 100 barrel təşkil etmişdir. Bunun da 65 min 800 barreli “Çıraq”, 167 min 600 barreli “Mərkəzi Azəri”, 165 min 100 barreli “Qərbi Azəri”, 83 min 200 barreli “Şərqi Azəri”, 148 min 500 barreli “Dərinsulu Günəşli” və 25 min 900 barreli “Qərbi Çıraq” platformalarının payına düşür. Bütövlükdə isə 1997-ci ilin noyabr ayında “Əsrin müqaviləsi” çərçivəsində ilkin neftin hasilatına başlanıldığı vaxtdan 2014-cü ilin avqust ayınadək “Azəri-Çıraq-Günəşli ”yataqlar blokundan 338 milyon tondan artıq neft hasil edilmişdir.

Cari ilin ötən dövründə müqavilə sahəsində 85 hasilat quyusundan neft çıxarılmışdır. Bundan əlavə, daha 36 quyudan texniki məqsədlər üçün istifadə olunmuşdur ki, bu da hasilat quyularının sabit rejimdə işləməsini təmin etmişdir.

Konsorsium iştirakçıları 2014-cü ilin əvvəlindən “Dərinsulu Günəşli” və “Azəri” yatağındakı üç hasilat platformasından hasil edilən səmt qazını 28 düyməlik sualtı kəmər vasitəsilə Səngəçal terminalına, oradan isə Azərbaycanın daxili istifadəsi üçün ölkənin qaz şəbəkəsinə göndərməkdə davam etmişdir. Bununla yanaşı, “Qərbi Çıraq”da qaz kondensasiya və kompressiya sistemlərinin istismar sınaqları başa çatdırıldıqdan sonra burada hasil edilən səmt qazının da bütövlükdə Səngəçal terminalına göndərilməsi təmin olunmuşdur. 2014-cü ilin birinci yarısı ərzində konsorsium iştirakçıları tərəfindən Azərbaycanın qazpaylayıcı şəbəkəsinə gündə təxminən 6,6 milyon kubmetr olmaqla 1,2 milyard kubmetr səmt qazı təhvil verilmişdir. Yeri gəlmişkən, “Əsrin müqaviləsi”nin şərtlərinə əsasən, “Azəri”, “Çıraq” və “Günəşli” (dərinsulu hissəsi) yataqlarında neftlə bərabər çıxarılan səmt qazı təmənnasız olaraq Azərbaycan hökumətinə təhvil verilir, “Azəri” yatağından çıxarılan səmt qazının qalan hissəsi isə təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmaq üçün yataqdaxili sualtı boru kəmərləri ilə “Mərkəzi Azəri” platformasına körpü vasitəsilə birləşdirilmiş kompressor və suvurma platformasına göndərilmişdir. Hazırda adıçəkilən platforma vasitəsilə altı quyudan laya qazvurma əməliyyatları davam edir. “Çıraq” platformasında hasil edilmiş səmt qazının bir hissəsi isə mövcud 16 düyməlik sualtı qaz boru kəməri vasitəsilə ARDNŞ-in “Neft Daşları”ndakı kompressor stansiyasına göndərilmişdir. Konsorsium iştirakçıları “Çıraq” platformasında qazın məşəldə yandırılmasını azaltmaq və Azərbaycanın qazpaylama şəbəkəsinə çatdırılan səmt qazının həcmini maksimum dərəcədə artırmaq üçün Dövlət Neft Şirkəti ilə sıx əməkdaşlığını davam etdirir. Məhz bu əməkdaşlığın nəticəsidir ki, 2014-cü ilin ikinci rübündə buxarlanan qaz kompressoru və boru kəməri üçün nəzərdə tutulmuş təkmilləşdirmə işləri başa çatdırılmışdır. Bu da məşəldə yandırılan qazın həcmini azaltmağa imkan yaratmışdır.

Bu ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində qazma işləri uğurla davam etdirilmişdir. Belə ki, hesabat dövrü ərzində müqavilə sahəsində 8 hasilat və 1 suvurma quyusu qazılaraq istismara verilmişdir. 2013-cü il dekabr ayının sonunda “Çıraq” platformasından qazıntısına başlanılmış yeni hasilat quyusu bu ilin mart ayında istismara verilmişdir. Aprel ayında isə platformada bir sıra planlaşdırılmış texniki əməliyyatlar aparıldıqdan sonra daha bir hasilat quyusunda qazma işlərinə start verilmişdir. Həmin quyunun isə ilin son rübündə istismara verilməsi planlaşdırılır.

May ayında “Mərkəzi Azəri” platformasında B28 hasilat quyusu istismara verildikdən sonra üç quyuda intervensiya əməliyyatları və dörd ötürücünün quraşdırılması əməliyyatları aparılmışdır. Hazırda isə daha bir quyuda qazma əməliyyatları davam etdirilir. 2013-cü ilin dekabr ayında “Qərbi Azəri” platformasından qazıntısına başlanılmış C28 hasilat quyusu tamamlanaraq bu ilin mart ayında istismara verilmişdir. Sonra isə bir sıra quyularda intervensiya və texniki əməliyyatlar aparılmışdır. Bu qəbildən olan işlər hazırda da davam etdirilir. “Şərqi Azəri” platformasındakı bir quyuda intervensiya və təmizləmə əməliyyatları tamamlandıqdan sonra D25 quyusunun qazılmasına başlanmışdır. Həmin quyunun da ilin son rübündə istismara verilməsi planlaşdırılır.

“Dərinsulu Günəşli” platformasında yanvar ayında E02Y quyusunda qazlift quraşdırmaq üçün intervensiya əməliyyatları başa çatdırıldıqdan sonra bir sıra quyularda yoxlama, yanaqazma və tamamlama işləri aparılmışdır. Hazırda isə burada yeni bir quyuda qazma əməliyyatları aparılır. Dörd öncədən qazılmış hasilat quyusunun işə salındığı “Qərbi Çıraq” platformasında isə hazırda yeni bir quyunun qazıntısı davam etdirilir. 2014-cü ilin ötən dövründə “Dədə Qorqud” qazma qurğusu vasitəsilə bir sualtı suvurma quyusu qazılıb istismara verilmiş, hazırda isə daha biri qazılır.

Bu ilin əvvəlindən “Əsrin müqaviləsi” çərçivəsində ixrac əməliyyatları da uğurla davam etdirilmişdir. Xatırladaq ki, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan çıxarılan neft və səmt qazı sualtı boru kəmərləri vasitəsilə Səngəçal sahil terminalına nəql olunur. Terminalın texniki emal sistemlərinin gücü isə gün ərzində 1,2 milyon barrel nefti qəbul edib ixraca yönəltməyə imkan verir. 2014-cü ilin birinci yarısında Səngəçal terminalından 157 milyon barrel neft ixrac olunmuşdur. Xam neftin 133 milyon barreli Bakı-Tbilisi-Ceyhan, 15,4 milyon barreli Bakı-Supsa kəmərləri, 2,6 milyon barreli isə dəmir yolu vasitəsilə daşınmışdır. Bundan əlavə, ötən dövrdə Azərbaycandan 1,9 milyon barrel kondensat ixrac edilmişdir. Hesabat dövründə Səngəçal terminalından dünya bazarına 0,9 milyon barrel kondensat ixrac olunmuşdur.

Yeri gəlmişkən, Azərbaycan neftini dünya bazarına daşıyan Bakı-Tbilisi-Ceyhan boru kəmərinin uğurlu fəaliyyəti nəticəsində ölkəmizin ixrac imkanları getdikcə genişlənir. Artıq adıçəkilən kəmərin gündəlik ötürmə gücü 1,2 milyon barrelə çatdırılmışdır. Bu ilin altı ayı ərzində Bakı-Tbilisi-Ceyhan kəməri üzrə əməliyyat xərclərinə 100 milyon dollar, əsaslı xərclərə isə 61,3 milyon dollar sərf olunmuşdur. Cari ilin altı ayında adıçəkilən kəmər vasitəsilə 17,8 milyon ton neft ixrac olunmuşdur. 2014-cü il avqust ayının 11-də Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunmuş neftin həcmi 263 milyon tona çatdırılmışdır. Bütövlükdə isə 2006-cı il iyun ayının 4-dən ötən müddətdə Türkiyənin Ceyhan limanından Azərbaycan nefti ilə yüklənmiş 2617 tanker dünya bazarlarına yola salınmışdır. Bakı-Tbilisi-Ceyhan kəmərinin bir gün üçün ən yüksək ötürmə gücü isə 1 milyon 44 min barrel təşkil etmişdir.

Hazırda Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycandan, əsasən, “Əsrin müqaviləsi” çərçivəsində çıxarılan nefti və “Şahdəniz” kondensatını daşıyır. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan nefti nəql olunur. 2013-cü ilin oktyabrından başlayaraq müəyyən həcmlərdə “Tengiz” neftinin nəqli də bərpa olunub. Cari ilin fevral ayında ARDNŞ-in əməliyyatçısı olduğu Şimal marşrutu ixrac boru kəmərinin axın istiqaməti uğurla dəyişdirildi. Bu isə bp ilə ARDNŞ-in adıçəkilən boru kəməri boyunca bir neçə obyektin yenidən işə salınması üçün birgə səylərinin nəticəsi idi. Kommersiya razılaşmalarının yekunlaşması Şimal boru kəmərindən neft həcmlərinin Bakı-Tbilisi-Ceyhan vasitəsilə ixracına imkan yaratmışdır. Göründüyü kimi, Azərbaycanda “Əsrin müqaviləsi” çərçivəsində hasil olunan neftin dünya bazarına çıxarılması üçün son dərəcə etibarlı və geniş imkanlara malik ixrac sistemi mövcuddur. Bu isə ölkəmizin dünya arenasında etibarlı tərəfdaş kimi mövqeyinin ilbəil möhkəmlənməsinə geniş imkanlar yaradır.

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında