Regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını və aqrar sektorda islahatları sürətləndirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi vəzifəsini irəli sürən birinci və ikinci dövlət proqramları ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini – neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla Azərbaycanın uzunmüddətli və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırmışdır.
Həmin regional proqramlar Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcını qoymuş, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırmışdır. Böyük uzaqgörənliklə müəyyənləşdirilmiş bu strategiyanın düzgünlüyü ötən 10 il müddətdə öz bariz təsdiqini tapmış, respublikamızın şəhər və kəndlərinin siması köklü şəkildə dəyişmiş, əhalinin paytaxta axını səngiyərək əks proses başlanmış, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı isə artmışdır. Hazırda hər bir ailə, hər bir vətəndaş sözügedən proqramların real nəticələrini öz gündəlik həyatında hiss etməkdədir.
Regional dövlət proqramlarının icrası ilə ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, davamlı sosial-iqtisadi inkişafa nail olunması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində mühüm uğurlar əldə edilmişdir.
Haqqında danışdığımız iki proqramın həyata keçirilməsi nəticəsində ümumi daxili məhsul 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, kənd təsərrüfatı istehsalı 3,3 dəfə artmışdır. İnvestisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə artmış, ölkədə 1 milyon 240 min yeni iş yeri yaradılmışdır ki, bunun da 71 faizi, yəni 882 mini regionların payına düşür.
Bütövlükdə 2004-2013-cü illərdə ölkənin bütün regionları üzrə-55 min 615 yeni müəssisə açılmışdır. Yeni iş yerlərinin və müəssisələrin yaradılması hesabına yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2008-ci ildə 13,2 faizə, 2013-cü ildə isə 5,3 faizə enmişdir.
Hazırda isə üçüncü dövlət proqramı uğurla reallaşdırılır. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı demişdir: “Bu il üçüncü regional inkişaf proqramı qəbul edilmişdir. Bu proqramın icrası nəticəsində artıq ilin altı ayında 65 min yeni iş yeri açılmışdır ki, onlardan 52 mini daimi iş yeridir. 2003-cü ildən bugünə qədər - bu proqramlar icra edilməyə başlayandan sonra 1 milyon 300 min iş yeri açılmışdır ki, onlardan təqribən 1 milyonu daimi iş yeridir. Demək olar ki, işsizlik böyük dərəcədə aradan qaldırılmışdır, çox aşağı səviyyədədir. Ancaq onu nəzərə almalıyıq ki, bizim uğurlu iqtisadi və siyasi addımlar nəticəsində Azərbaycanda, - bu da çox sevindirici bir haldır, - əhali sürətlə artır. İldən-ilə artan əhali hökuməti də, əlbəttə ki, daha da fəal olmağa çağırmalıdır. Eyni zamanda, bu, onu deməyə əsas verir ki, yeni iş yerlərinin açılması daimi proses olmalıdır. Biz deyə bilmərik ki, artıq bir milyon daimi iş yeri açılıbdır, gəlin, indi bu məsələyə diqqət yetirməyək. Yox, bu, daimi proses olmalıdır. Sənayeləşmə, kənd təsərrüfatı, yüksək texnologiyalar, digər sahələr sürətlə inkişaf etməlidir ki, biz insanlarımızı gələcəkdə də iş yerləri ilə təmin edə bilək”.
Regionların inkişafında özəl sektor mühüm rol oynayır. Ölkə Prezidentinin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji xəttinə uyğun olaraq biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektorun genişləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmişdir. Bu baxımdan qanunvericilik bazasının təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi, 400-dən çox xidmətin elektron qaydada göstərilməsi, “bir pəncərə” prinsipinin tətbiqi və digər tədbirlər nəticəsində regionlarda güclü özəl sektor formalaşmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, 2014-cü ilin ötən ayları ərzində ölkə üzrə 2982 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 153,9 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 6600-dan çox yeni iş yerinin yaradılmasına şərait yaratmışdır. Sözügedən dövrdə verilmiş kreditlərin 79 faizi regionların, 21 faizi Bakı qəsəbələrinin payına düşməklə, 84 faizi aqrar sahənin, 16 faizi isə sənaye və digər sahələrin inkişafına yönəldilmişdir. Maliyyələşdirilmiş 20 istehsal, emal və infrastruktur müəssisəsi artıq istifadəyə verilmiş və ilin sonunadək 60 belə müəssisənin işə salınması planlaşdırılır. İl ərzində sahibkarlara ümumilikdə 280 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulur.
Böyük potensiala malik olan və regionların iqtisadiyyatının əsasını təşkil edən aqrar sektorun inkişafının dəstəklənməsi siyasəti, o cümlədən bu sahənin vergilərdən azad olunması, fermerlərə subsidiyaların verilməsi, “Aqrolizinq” xətti ilə onların güzəştli şərtlərlə kənd təsərrüfatı texnikası, avadanlıq, toxum, gübrə və cins mal-qara ilə təmin edilməsi, dövlətin dəstəyi ilə regionlarda aqroservislərin və logistik mərkəzlərin yaradılması da regionların inkişafının mühüm istiqamətlərindəndir.
Həyata keçirilən aqrar siyasəti və ərzaq təhlükəsizliyi proqramı nəticəsində bu gün regionlarda iri quşçuluq, heyvandarlıq, taxılçılıq, üzümçülük təsərrüfatları, kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, saxlanması, emalı və satışı kompleksləri yaradılmış, bir sıra ərzaq məhsulları üzrə daxili istehsal artmışdır.
Son illərdə inşa edilmiş və ya əsaslı təmir olunmuş yüzlərlə su anbarı, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, subartezian quyuları aqrar sektorun, sahibkarlığın inkişafını sürətləndirmiş, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli su və enerji təchizatının daha da yaxşılaşdırılmasına imkan yaratmışdır.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının uğurlu icrası əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuşdur.
Bu gün regionlarda infrastrukturun yenidən qurulması, o cümlədən, yol tikintisinin genişləndirilməsi də diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki, hazırda ölkə və yerli əhəmiyyətli yolların əsaslı təmiri, yeni körpülərin inşası üzrə layihələr uğurla həyata keçirilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: “Son illər infrastruktur layihələrinə, xüsusilə yol tikintisi, elektrik enerjisi, qazlaşdırma ilə bağlı böyük investisiyalar qoyulmuşdur. Ancaq bu sahədə vəziyyət hələ bizi tam şəkildə qane etmir. Buna baxmayaraq, müəyyən uğurlu addımlar atılmışdır. Kənd yolları isə hər bir insanı əlbəttə ki, narahat edən məsələdir. Bütövlükdə son illərdə kənd yollarının tikintisinə ayrılan vəsait artır və əhalimizin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan əhali yaxşı yollarla artıq təmin edilibdir. Ancaq hələ ki, bərbad vəziyyətdə olan yollar çoxdur. Mənim bölgələrə səfərlərim zamanı bu məsələ daim müzakirə edilir. Yerlərdən gələn təkliflər sonra dövlət investisiya proqramına salınır. Üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisi xüsusi yer tutur. Eyni zamanda, vətəndaşlar tərəfindən il ərzində də müraciətlər olur. İl ərzində çalışıram ki, Prezidentin Ehtiyat Fondundan da kənd yollarının tikintisinə vəsait ayırım. Bəlkə də Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitin böyük hissəsi kənd yollarının tikintisinə gedir. Çünki bu məsələ öz həllini tapmalıdır. Hesab edirəm ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaqdır. Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər”.
Sosial sahələrin inkişafı da diqqət mərkəzində saxlanılır. Bu ilin birinci yarısında regionlarda 32 məktəb, 15 bağça, 12 səhiyyə, 6 gənclər və idman, 20 mədəniyyət və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir olunmuşdur. Hazırda 300-dən çox sosial obyektin təmir-tikintisi davam etdirilir.
Dövlət başçısının tapşırığına uyğun olaraq, bu gün ümumilikdə 12 rayonun ərazisində 30 min hektaradək sahədə 15 sahibkarlıq subyektinə məxsus 19 iri fermer təsərrüfatının yaradılması və zəruri infrastrukturla təmin olunması istiqamətində də işlər davam etdirilir.
Burada bir məqamı da diqqətə çatdırmaq istərdik. Azərbaycan Prezidentinin vaxtaşırı bölgələrə səfərləri çərçivəsində çoxsaylı müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində şəxsən iştirakı, müəssisələrin fəaliyyəti ilə yaxından tanış olması, eləcə də ictimaiyyətlə keçirilən görüşlərdə qaldırılmış məsələlərin həlli məqsədilə əlavə olaraq vəsait ayrılması barədə imzaladığı 250-dən çox sərəncam regionların inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.
İndiyədək regional dövlət proqramlarının icrasına bütün mənbələr hesabına 50,7 milyard, o cümlədən birinci proqramın icrasına 16 milyard, ikinci proqramın icrasına isə 34,7 milyard manat vəsait yönəldilmişdir.
Regionların inkişafının mühüm amillərindən olan infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə son illərdə elektrik, qaz və su təchizatının yenilənməsi işləri aparılmış, nəticədə regionlarda kommunal xidmətlərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir. Bundan əlavə, su anbarları, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, yüzlərlə subartezian quyusu inşa və ya əsaslı təmir olunmuşdur. Bu obyektlər aqrar sektorun, sahibkarlığın inkişafını sürətləndirir, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli su və enerji təchizatının daha da yaxşılaşmasına imkan yaradır.
Regionlarda “ASAN xidmət”in fəaliyyətə başlaması da göstərilən xidmətlərin keyfiyyətini, şəffaflığını və operativliyini artırmış və əhalinin gündəlik həyatını asanlaşdırmışdır.
Bir müddət bundan əvvəl Avropanın “Neurope.eu” informasiya portalına müsahibə verən Prezident İlham Əliyev demişdir: “2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı, bu proqramlara əlavə olaraq 250 sənədin imzalanması və həyata keçirilməsi regionların inkişafında dönüş nöqtəsi olmuş və bölgələrimizn sosial-iqtisadi mənzərəsini dəyişmişdir. Nəticədə regionlardakı ictimai xidmətlərin keyfiyyəti və sosial infrastruktur əsaslı dərəcədə təkmilləşmiş, biznes mühiti daha əlverişli olmuş, sərmayələr artmış, minlərlə yeni müəssisə istifadəyə verilmiş və 900 mini daimi olmaqla, 1,2 milyondan artıq yeni iş yeri yaradılmışdır. Son 10 ildə regionlarda məhsul buraxılışı 3,2 dəfə, sənaye istehsalı isə 3,1 dəfə artmışdır. Azərbaycanın bütün regionları və qəsəbələri abadlaşmış və müasirləşmişdir. İnamla qeyd edə bilərəm ki, həyata keçirilmiş proqramlar ölkəmizin regionlarının, ümumilikdə Azərbaycanın iqtisadi potensialının inkişafına böyük töhfə vermişdir...”
Son illər regionların inkişafı, əhalinin sosial müdafiəsinin beynəlxalq standartlara uyğunlaşdırılması və maddi rifah halının yaxşılaşması, neft gəlirlərini qeyri-neft sektoruna yönəltməklə və modern texnologiyalara əsaslanmaqla yeni və qabaqcıl sənaye sahələrinin yaradılması istiqamətində mühüm uğurlar əldə edilmişdir. Ölkə boyu nəhəng tikinti-quruculuq və abadlıq işləri davam etdirilmiş, bir sıra sosial obyektlər tikilmiş, təhsil, mədəniyyət, səhiyyə, idman, turizm, ekologiya sahələrində böyük irəliləyiş baş vermişdir. Görülən işlər və nəticələr deməyə əsas verir ki, Azərbaycan dünyaya özünün uğurlu inkişaf modelini təqdim edə bilmiş və qısa zaman kəsiyində ölkəmizdə, sözün əsl mənasında, inqilabi yeniləşmə və tərəqqiyə nail olunmuşdur.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.